Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-5/2024 06.03.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənov Məhəmməd Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi- Qazax Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 və tərcüməçi Eldarı Alakverdovının iştirakları ilə, 06 mart 1978-ci ildə Gürcüstanın Xoni şəhərində anadan olmuş, Gürcüstan vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, sürücü işləmiş, Gürcüstan, Xoni şəhəri, Qvazauri kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 206.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 01 oktyabr 2023-cü il tarixədək olan müddət ərzində Gürcüstanda istintaqla müəyyən edilməmiş mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi dörd ədəd kağız bükümdə tütünlə qarışdırılmış halda ümumi təmiz çəkisi 6,487 qram və bir ədəd kağız bükümdə təmiz çəkisi 0,44 qram olmaqla, ümumilikdə beş ədəd kağız bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda, 6,927 qram qurudulmuş marixuana narkotik vasitəsini malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə üzərində «Camel» yazısı həkk olunmuş siqaret qutusunun içərisinə, həmin siqaret qutusunu isə özünə məxsus qara rəngli gödəkçənin sol iç çibinə yerləşdirib idarə etdiyi “DAF 105.406” markalı, CC629LL/BS907B qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinasının üst yataq yerində saxlamış, Gürcüstandan Azərbaycan Respublikasına daşıyaraq 01 oktyabr 2023-cü il tarixdə, saat 15 radələrində Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinin Qazax rayonunun inzibati ərazində yerləşən “Qırmızı Körpü” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və gömrük nəzarəti zamanı qeyd edilən narkotik vasitə gömrük əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı tərcüməçinin iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamlar üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Gürcüstan vətəndaşıdır, “DAF” markalı CC629LL/BS907B dövlət nömrə nişanlı yük avtomobilində sürücü işləmişdir. Sonuncu dəfə də Azərbaycan Respublikasına yük gətirmiş, 01 oktyabr 2023-cü il tarixdə o, Gürcüstandan Azərbaycan Respublikasına daxil olmuş, həmin gün, saat 15 radələrində gömrük postuna yaxınlaşmış, gömrük əməkdaşları ondan gömrük nəzarətindən gizlədilmiş qanunsuz əşya olub-olmamasını soruşmuşlar, o da olmamasını bildirmiş, sonra gömrük əməkdaşı idarə etdiyi yük avtomobilində yoxlanış aparmış, kabinənin içərisində, üst yatağın üzərində olan gödəkcənin iç cibində olan siqaret qutusunun içərisindən qurudulmuş marixuana aşkar edilmişdir. Qeyd olunan qurudulmuş marixuananı o, Azərbaycan Respublikasına gəlməmişdən təxminən 1 ay qabaq Gürcüstan ərazisində yabanı şəkildə bitən çətənə kollarından yığıb qurudaraq əldə etmiş və şəxsi istifadəsi üçün müxtəlif ölçülərə bölüb kağız parçalara bükmüşdür. Gürcüstanda qurudulmuş marixuana istifadəsi qadağan deyil, onun gömrük sərhədindən keçirməyin qanunsuz olduğunu bilməmişdir. Əməlindən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Tovuz Gömrük İdarəsinin “Qırmızı körpü” gömrük postunda inspektor işləyir. xx.xx.2023-cü il tarixdə, saat 15 radələrində inspektor Şahid2lə xidmətdə olarkən “Qırmızı körpü” gömrük postuna Gürcüstandan “Daf 105.460” markalı, CC629LL/BS907B nömrə nişanlı yük nəqliyyat vasitəsi daxil olmuş, sürücü sənədləri yoxlanış üçün ona vermiş, o, şifahi şəkildə sürücüdən idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və ya mütləq bəyan olunacaq hər hansı mal olub olmadığını soruşmuş, sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi sürücü gömrük nəzarətindən gizlədilmiş və ya mütləq bəyan olunacaq hər hansı malın olmadığını bildirmiş, lakin sonuncunun davranışı onda şübhə yaratmış, nəqliyyat vasitəsinə baxış keçirmək qərarına gəlmiş, iş yoldaşı Şahid2 məlumat vermiş, əvvəl sürücüyə bu barədə bildirib ona Azərbaycan və Gürcü dillərində nəqliyyat vasitəsi yoxlanılmaya məruz qalan şəxsə aid Gömrük Məcəlləsində nəzərdə tutulmuş əsas hüquq və vəzifələri barədə bildirişlər verilmiş, sürücü hüquq və vəzifələri ilə tanış olduqdan sonra nəqliyyat vasitəsinin yoxlanışının videoçəkilişlə keçiriləcəyinə dair etiraz etmədiyini bildirmiş və Şahid2 videoçəkiliş aparmağa başlamış, nəqliyyat vasitəsində olan yataq yerinin üzərindəki qara rəngli gödəkçənin sol iç cibində sarı rəngli siqaret qutusunu aşkar etmiş, qutunu açdıqda içərisində bir necə ədəd kağız bükümlərinin olmasını görmüş, bükümlərdən birini kabinədə olarkən açdıqda içərisində spesifik qoxuya malik olan, tünd yaşıl rəngli, qurudulmuş bitki kütləsi aşkar edilmiş, siqaret qutusunda olan digər kağız bükümləri çıxarmış və orada əlavə olaraq 4 kağız bükümün olduğunu müəyyən etmişdir. Bitki kütləsinin aşkar olunması faktı və sonuncunun şəxsi əşyaların götürülməsi ilə əlaqədar protokol tərtib olunmuş və iştiraçılar tərəfindən protokol imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs üzərinə hal-şahidlərinin iştirakları ilə baxış keçirilmiş, lakin üzərindən heç nə aşkar olunmamışdır. Aşkar olunmuş narkotik vasitəyə bənzər kütlə qablaşma və siqaret qutusu ilə birlikdə onların tərəfindən qablaşdırılıb toplanmış sənədlərlə birlikdə təhqiqat qurumuna təqdim edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş “Azərterminalkompleks” X2 İdarəsinin “Qırmızı körpü” gömrük postuna təhkim olunmuş inspektoru Şahid2 digər Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində bildirdikləri xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda tərtib olunan “baxış keçirilməsi və götürmə haqqında” 01 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 15:17-dən 15:45-dək olan müddətdə Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına yük gətirən “DAF 105.406” markalı, CC629LL/BS907B dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsini idarə edən Gürcüstan vətəndaşı Təqsirləndirilən şəxs gömrük əməkdaşı tərəfindən hüquq, vəzifələri və məsuliyyəti izah edilməklə gömrük orqanlarına bəyan edilməmiş və ya gömrük nəzarətindən gizlədilmiş predmetlərin könüllü olaraq təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və mütləq bəyan olunası heç bir predmetin olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsində videoçəkiliş aparılmaqla keçirilmiş gömrük baxışı zamanı həmin nəqliyyat vasitəsinin kabinəsinin içərisində üst yatağın üzərində olan gödəkçənin sol iç cibində olan boş siqaret qutusunun içərisindən beş büküm narkotik vasitəyə bənzər predmetlər aşkar olunub götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 11 oktyabr 2023-cü il tarixli “elektron məlumatların yazıldığı kompakt diskə baxış keçirilməsi barədə” protokoldan görünür ki, Tovuz Gömrük İdarəsindən təqdim edilərək həmin idarənin Əməliyyat və təhqiqat şöbəsində toplanmış 3-33/1-043892/2023 nömrəli materiala əlavə edilmiş üzərində “SOKCK” markalanma yazısı olan 1 ədəd kompakt diskdəki elektron məlumatlara baxış zamanı diskin yaddaşında “00082” adlı failin olması müşahidə edilir. “00082” adlı fail özündə videogörüntü əks etdirir. “00082” adlı fail açıldıqda görünür ki, failin həcmi ******* kilobayt təşkil edir. Videoçəkiliş 6 dəqiqə 33 saniyə müddətində dama edir. Çəkilişlər açıq ərazidə sutkanın gündüz vaxtı, təbii işıqla işıqlandırılmış şəraitdə апарылыр. Çəkilişlər kişi cinsinə mənsub diktorun məruzəsindən başlayır. Diktor 1 oktyabr 2023-cü il tarixdə saat 15:17 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi CC629LL nömrəli nəqliyyat vasitəsi ilə Gürcüstandan Azərbaycan Respublikasına gəldiyini, sürücünün şifahi sorğu-sual olunan zaman gömrük orqanına mütləq bəyan olunmalı hər hansı bir predmetin olmadığını söyləməsi, lakin sürücünün hərəkətlərinin şübhəli göründüyündən gömrük baöışının keçirildiyini söyləyir. Çəkiliş aparan kameranın obyektivi qarşısında DAF markalı CC629LL dövlət nömrə nişanlı ağ rəngli kabinası olan dartıcı və üzərində sarı rəngli dəmir kontener olan qoşqudan ibarət yük nəqliyyat vasitəsinin və onun önündə dayanan mülki geyimində olan kişi cinsinə mənsub şəxsin fonunda Gürcüstan vətəndaşı Təqsirləndirilən şəxs pasportun iç vərəqələri nümayiş etdirilir. Bundan sonra mülki geyimində olan şəxs, hərbi kamuflyaj geyinmiş kişi cinsinə mənsub digər şəxs və çəkiliş aparan diktor nəqliyyat vasitəsinin kabinəsinə sağ tərəfdən yaxınlaşır və kabinənin sağ qapısına nisbətdə sol tərəfdə olan saxlanc yerini açıb müayinəsini aparırlar. Həmin yerdə məişət təyinatlı predmetlər aşkar edilir. Bundan sonra müayinə aparan, mülki geyimli və çəkiliş aparan şəxslər nəqliyyat vasitəsinin ətrafında hərəkət edib kabinənin sol qapısına tərəf keçməklə nəqliyyat vsitəsinin dartıcısının və qoşqusunun vizual baxışını keçirir və diqqət çəkən hər hansı bir hal aşkar edilmədikdə kabinənin sol qapısının yanında olan saxlanc yerini açıb müayinəsini aparırlar. Orada həmçinin təsərrüfat təyinatlı predmetlərdən başqa diqqət çəkən predmet aşkar edilmir. Ardınca mülki geyimli və hərbi kamuflyaj geyinmiş şəxslər sol tərəfdən, çəkiliş aparan diktor isə sağ qapısından kabinəyə daxil olur. İdarəetmə cihazları olan ön panelin üzərindəki və alın şüşəsinin üst hissəsində olan saxlanc yerləri müayinə olunur, müayinə aparan şəxsin diqqətini çəkən predmet aşkar edilmir. Kabinənin yataq yerinin alt hissəsi müayinə edildikdə həmçinin əhəmiyyət kəsb edən predmetlər aşkar edilmir. Hərbi kamuflyaj geyinmiş şəxs yataq yerinin üzərində qara rəngli parçadan hazırlanmış gödəkçəni götürüb iç cibindən üzərində “Camel” yazısı həkk olumuş siqaret qutusunu aşkar edir. Siqaret qutusu aşkar açıldıqda içərisində ağ rəngli kağız parçasından ibarət olan bir büküm aşkar edilir. Həmin büküm açıldıqda içərisində tünd yaşıl rəngli, qurudulmuş və xırdalanmış halda bitki mənşəli kütlə aşkar edilir. Sonra həmin siqaret qutusundan əlavə olaraq 4 ədəd ağ və sarımtıl rəngli kağız parçasından ibarət olan bükümlər aşkar edilib götürülür. Bundan sonra kabinədə aşkar olunaraq götürülmüş ümumulikdə 5 ədəd büküm qeyd olunan şəxslərin iştirakı ilə nəqliyyat vasitəsindən kənarda olan elektron tərəzidə çəkilir və qblaşma ilə çəkisinin təxminən 17 qram müəyyən edilir. Ardınca 4 bükümlər də açıldıqda hər birinin içərisində birinci açılan bükümdəki kütləyə öarici əlamətlərə görə oxşar kütlələr aşkar edilir. 6-cı dəqiqənin 34-cü saniyəsində çəkilişlər bitir. “Sərhədkeçmə hesabatına baxış keçirilməsi haqqında” 10 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 15:00-də “Qırmızı Körpü” gömrük nəzarət məntəqəsindən keçməklə Gürcüstan istiqamətindən Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmuş və idarə etdiyi “DAF” markalı CC629LL dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin salonunda olan gödəkçənin cibində ümumi çəkisi 17 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülmüş, 49 saylı xx.xx.2023-cü il tarixli aktla QƏBGİ-nə təhvil verilmişdir. Məhkəmə-bioloji ekspertizasının 02 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-7/1365 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 4(dörd) ədəd kağız bükülüdə tütünlə qarışıqda təmiz çəkisi 6,487 qram və 1 (bir) ədəd kağız bükülüdə təmiz çəkisi 0,44 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır (qurudulmuş marixuananın ümumi çəkisi 6,927 qram olmuş, tədqiqata 0,1 qram sərf edilmiş, 6,827 qramqurudulmuş marixuana qalmışdır). Məhkəmə narkoloji ekspertizasının 10 oktyabr 2023-cü il tarixli, 6396 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 01 oktyabr 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs 01 oktyabr 2023-cü il tarixdə, saat 20:30-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 03 oktyabr 2023-cü il tarixli tutulmuş şəxsin MSY-dən buraxılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 03 oktyabr 2023-cü il tarixdə azad edilmişdir. 05 oktyabr 2023-cü il tarixli narkotik vasitənin maddi sübut kimi tanınması haqqında qərardan görünür ki, 6,927 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınmış və aparılmış tədqiqatlardan sonra qalıq qalmış 6,827 qram qurudulmuş marixuana DGK-nin Əməliyyat-İstintaq Baş idarəsinin maddi sübutların saxlanc otağına təhvil verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Odur ki, ona Azərbaycan Respublikası CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, səmimi peşman olaraq törətdiyi əməli etiraf etməsini iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətlərin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 206.2 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona qəti cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs kimi tutulduğu 02 gün müddət ona təyin ediləcək qəti cəzadan çıxılmalı, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 06 mart 2024-cü il tarixdən hesablanmalı, narkomaniyadan məcburi müalicə olunmalı, narkoloji dispanserdə qeydiyyata alınmalı, o, təyin edilmiş əsas cəzanı çəkib qurtardıqdan sonra Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli, o, məhkəmə iclas zalından dərhal həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan, DGK Əməliyyat-İstintaq Baş idarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 6,827 qram qurudulmuş marixuana məhv edilməli və iş üzrə məhkəmə xərci- aparılmış ekspertiza tədqiqatının dəyəri olan 72 manat məbləğində pul ondan alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE**********00020 88501, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 175, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci madəsinə əsasən təyin edilmiş az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət ona qəti olaraq təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 06 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyata alınsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərində saxlanılmış 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin o, məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və DGK Əməliyyat-İstintaq Baş idarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 6,827 qram qurudulmuş marixuana məhv edilsin. Cinayət işi üzrə məhkəmə xərci- aparılmış ekspertiza tədqiqatının dəyəri olan 72 (yetmiş iki) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən:Nemət Musayev
Məhkəmə qərarları › İş №1(023)-5/2024
Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-5/2024
06.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver