Məhkəmə qərarları › İş №1(023)-5/2025

Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-5/2025

30.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-5/2025 30.07.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Qazax Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü ildə Qazax rayonu Orta Salahlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Qazax rayonu Orta Salahlı kəndində qeydiyyatda və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 13 dekabr 2022-ci il tarixdə saat 23 radələrində Qazax rayonu, Orta Salahlı kəndində yerləşən qonşusu Zərərçəkmiş şəxs məxsus olan və həmin vaxt yaşayış olmayan fərdi yaşayış evinin 2-ci mərtəbəsinə qalxaraq giriş qapısının asma qıfılını əli ilə fiziki təsir göstərib açmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq qonaq otağından 250 (iki yüz əlli) manat dəyərində 01 ədəd “Swizer” markalı, 6 il istismara məruz qalmış, iki qapılı soyuducunu gizli talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs 250 (iki yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünü törətdiyi əmələ görə təqsirli bilmiş və əməlindən peşiman olmuşdur. Qazax rayonu, Orta Salahlı kəndində ailə üzvləri ilə birlikdə yaşamış, rəsmi qaydada işləməsədə günəmuzd fəhləlik edərək maddi qazanc əldə edib dolanmışdır. Zərərçəkmiş şəxs onun qapı bir qonşusudur. Onun və ailə üzvlərinin Zərərçəkmiş şəxs və ailəsi ilə münasibətləri yaxşı olmuşdur. Zərərçəkmiş şəxs 20 ilə yaxındır ki, ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüş və orada yaşayıb, işləmişdir. Eldəniz və ailə üzvləri yaşadığı fərdi yaşayış evinə bayram günlərində, kənddə toy, yas olanda bir neçə günlüyə gəlib, getmişlər. 2022-ci ilin noyabrdekabr aylarında Zərərçəkmiş şəxs və ailə üzvlərinin evinə baş çəkib, çəkməməsini görməmişdir. 2022-ci ilin əvvəllərində işləmədiyindən, pula ehtiyacı olmuş, ona görə də Zərərçəkmiş şəxs evindən oğurluq etmək qərarına gəlmişdir Qonşu kimi əvvəllər Zərərçəkmiş şəxs evinə gedib, gəldiyindən, eləcə də anası Dilarə vəfat etdiyi vaxt yas mərasimində iştirak edərkən onun fərdi yaşayış evinin ikinci mərtəbəsində yerləşən qonaq otağında işlək vəziyyətdə soyuducu olduğunu görmüşdür. Ona görə də həmin soyuducunu oğurlayıb satmaq və pul əldə etmək qərarına gəlmişdir. Lakin soyuducu iki qapılı və böyük olduğundan tək apara bilməyəcəyindən özünə bir nəfər köməkçi axtarmışdır. Bir müddət keçmiş 13 dekabr 2022-ci il tarixdə saat 18 radələrində tanışı Qazax şəhərində yaşayan Şahid1 ilə Ağstafa şəhərində görüşüb “Limonluq” adlanan yeməkxanada əyləşib yeməkiçmək sifariş vermiş və 2 saata yaxın orada yeyib- içmiş və 300 qrama yaxın araq içsə də sərxoş vəziyyətə düşməmişdir. Həmin vaxt qonşusu Zərərçəkmiş şəxs evindəki soyuducunun oğurlamaq üçün Şahid1 köməyindən istifadə etmək niyyətinə düşərək bu məqsədlə ona yaşadığı Qazax rayonu, Orta Salahlı kəndində biri öz evində, digəri isə qonşusu olan əmisi evində olan 2 ədəd işlənmiş soyuducusu olduğunu, həmin soyuduculardan əmisi evində saxladığı soyuducunu satmaq istədiyini və ona müştəri tapmaqda köməklik etməsini xahiş etmişdir. Şahid1 da bir az fikirləşərək evlərində soyuducu olmadığını, bu barədə atası Nəsiblə danışacağını, zərurət olsa ola bilsin atası soyuducunu ala biləcəyini demişdir. Bundan sonra Şahid1 əvvəlcə mobil telefonla atası Nəsiblə onun soyuducu alıb-almamasını soruşmuş, daha sonra danışığını davam etdirməsi üçün telefonu Nəsiblə danışmaq üçün ona vermişdir. Mobil telefonda Fərhadın atası Şahid2 işlənmiş, lakin saz vəziyyətdə soyuducusu olduğunu, pula ehtiyacı olduğundan satmaq istədiyini ona bildirmişdir. Şahid2 da evində soyuducu olmadığından onun təklif etdiyi soyuducunu almaq istədiyini, soyuducunu Qazax şəhərindəki ünvanına gətirməyini bildirmişdir. Bu söhbətdən sonra həmin gün saat 23 radələrində Ağstafa rayon sakini Paşa adlı taksi sürücüsünə Orta Salahlı kəndindən Qazax şəhərinə 1 ədəd soyuducu gətirib düşürmək lazım olduğunu bildirdikdə sürücü də taksisi ilə gediş, gəliş üçün 20 manat alacağını ona bildirmişdir. Sürücü ilə razılaşmış və Şahid1la birlikdə Paşanın idarə etdiyi “Opel” markalı avtomobilə əyləşib birbaşa yaşadığı Qazax rayonu Orta Salahlı kəndinə gəlmiş, sürücü kəndə nabələd olduğundan göstərişinə və istiqamət verməsinə əsasən avtomobili sürüb evlərinin çöl darvazasının qarşısına gəlmişlər. Fərhadla avtomibildən düşərək sürücü Paşaya onları 10-15 dəqiqə gözləməsini tapşırmışdır. Fərhadla çöl darvazanı açaraq həyətə keçmiş, əlindəki açarları və qonşusu Eldənizin evini göstərib ona yalandan soyuducunun əmisi evində saxladığını, onun burada yaşamadığını, çöl darvazasının qapısının açarını itirməyini, lakin əmisinin evlərinin açarının onda olduğunu bildirərək hasardan düşüb soyuducunu gətirib avtomaşına yükləmələrini təklif etmişdir. Fərhad da əlindəki öz evlərinə məxsus olan açarları görüb ona inanmış, belə ki, o, ilk dəfə idi ki, onların evinə gəlmiş, Eldənizin evindən oğurluq edəcəyini başa düşməmişdir. Həmin vaxt saat 23 radələri olduğundan hava qaranlıq, ətrafda heç kim olmamış, Eldənizin məhləsi ilə öz məhləsinin arasında olan mişar daşından tikilmiş daş hasarı aşaraq onun məhləsinə düşmüşdür. Fəhrad isə onların məhləsində qalmışdır. Bundan sonra pilləkənlə evin ikinci məhləsinə qalxmış və evin taxta materialdan olan giriş qapısının qıfılını cəftə qarışıq əli ilə özünə tərəf bərk dartdıqda qıfıl əlində gəlmişdir. Qıfılı yerə ataraq Fərhadı səsləmiş, o, da hasarı aşıb yanına gəlmiş qabaqda özü arxasıca da Fərhad zal olan otağa daxil olaraq oradan da sol tərəfdəki qonaq otağına daxil olaraq otağın sol tərəfindəki boz rəngli bir ədəd iki qapılı “Swizer” markalı soyuducunu Şahid1la birlikdə əlləri iləə götürüb əvvəlcə evdən balkona, oradan da pilləkən vasitəsi ilə həyətə düşürüb daş hasarın qarşısına yerə qoymuş, geri qayıdıb evin qapısının cəftəsini qıfılla bir yerdə yerinə bərpa etmiş, daha sonra soyuducunu qoyduğu yerə gəlmişdir. Fərhadla soyuducunu hasarın üzərinə qoymuş, daha sonra hasardan öz məhlələrinə aşıb soyuducunu məhlələrində yerə qoymuşdur. Daha sonra soyuducunu evlərinə gətirib işləyib, işləməməsini Şahid1 göstərmək üçün elektrik cərayanına qoşmuş, soyuducu işlək vəziyyətdə olmuşdur. Bundan sonra soyuducunu Paşanın idarə etdyi furqonu olan “Opel” markalı avtomobilin yük yerinə qoyaraq avtomobilə əyləşib Qazax şəhərində ünvanını xatırlamadığı Şahid1 atası yaşayan Şahid2 evinə gəlmişlər. Orada Şahid2la sövdələşib bir ədəd işlək vəziyyətdə olan “Swizer” markalı soyuducunu 200 manat nəğd pula ona satmışdır Şahid2 bir daha ona satdığı soyuducunun özünə məxsus olmasını və ehtiyacı olduğundan soyuducunu satdığını bildirmişdir O, da oğlu Fərhadın tanışı olduğunu bilib ona inanmışdır. Şahid2 evinin qarşısında əvvəllcədən razılaşdığı kimi taksi sürücüsü Paşa adlı şəxsə soyuducunun pulundan 20 manat nəğd pul vermiş və həmin günün səhəri Ağstafa şəhərinə gedərək orda “Limonluq” adlanan yeməkxanaya olan 50 manat nəğd borcunu ödəmişdir. Bundan başqa isə özünə məxsus “Samsunq” markalı mobil telefonun təmiri üçün bir gün əvvəl Qazax şəhəri, Bakı küçəsində yaşayan telefon təmiri ustası Samirə 30 manat nəğd pul verib telefonu ondan götürmüş, qalan pulları isə şəxsi ehtiyacları üçün xərcləmişdir. Şahid1la Zərərçəkmiş şəxs fərdi yaşayış evindən soyuducu və digər əşyalar oğurlamaq barədə ümumiyyətlə əvvəlcədən danışıb razılığa gəlməmiş, onun bu oğurluqda iştirakı olmamış, soyuducunu tək oğurlamışdır. Əməlindən peşmandır. Ona həbslə bağlı olmayan daha yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs Fürüdün oğlu ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında iştirak edə bilmədiyini, ondan oğurlanmış əşyaların qaytarılmasını və təqsirləndirilən şəxsdən şikayətçi olmadığını ona dəymiş ziyanın tam olaraq ödənildiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Qazax rayonu Dağkəsəmən kəndində ailəsi ilə birlikdə yaşayır. Ağstafa şəhəri, Heydər Əliyev prospektində yerləşən *0066 taksi xidmətində işləmiş və furqonlu ”Opel Astra H” markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobil idarə etmişdir. 13 dekabr 2022-ci il tarixdə axşam saatlarında Ağstafa şəhəri, “Dairə “ adlanan yerdə “Dərya” marketin qarşısında idarə etdiyi avtomobili ilə dayanaraq müştəri gözləmiş, bu zamandan şirkətin xidmətindən onun telefonua Ağsrafa şəhərində yerləşən “Limonluq” restoranına və oradan da Qazax rayonu, Orta Salahlı kəndinə sifariş verilmişdir. Ona görə də sifariş verən mobil telefon nömrəyə zəng etmiş, telefona cavab verən kişi müştəri “Limonluq” restoranın qarşısında olduğunu bildirmiş, ona görə də avtomobillə göstərilən ünvana gedəndə sərnişinlərin iki nəfər olduğunu və onlardan birini toy və nişan mərasimlərində zurna ifa edən, Şahid1 olduğunu, digərini isə ilk dəfə gördüyünü, sonradan həmin sərnişinin Qazax rayonu, Orta Salahlı kənd sakini Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Şahid1 və Təqsirləndirilən şəxs idarə etdiyi ”Opel Astra H” markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilinə götürmüş, Təqsirləndirilən şəxs ona Orta Salahlı kəndinə gedib oradan özünə məxsus soyuducunu avtomaşınına yükləyib Qazax şəhəri Bakı küçəsində “Təzə məhlələr” adlanan yerə gətirəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs sifaişlə bir yerdə taksinin gediş və gəliş haqqının 20 manat olmasını ona bildirmiş, o da onunla qiymətdə razılaşmışdır. Bundan sonra avtomobili idarə edib saat 23 radələrində Ağstafa şəhərindən, qabaq sol oturacaqda əyləşən Təqsirləndirilən şəxs istiqamət verməsinə əsasən Qazax rayonu, Orta Salahlı kəndinə gəlmiş və yaşadığı ikitaylı yaşıl qapısı olan evlərinin qarşısına gəlmişdir. Vüsalla, Fərhad avtomobildən düşmüşlər və Vüsal açarla dəmir darvazanı açmış və Fərhadla birlikdə hər ikisi həyətə daxil olmuşlar. O, isə avtomobildə düşmədən Vüsal və Fərhadı gözləmişdir. Təxminən 15-20 dəqiqədən sonra Vüsalla, Fərhad əllərində boz rəngli soyuducu gətirib onun avtomobilinin yük yerinə qoymuşlar. Vüsal evə qayıdıb işığı söndürərək darvazanı bağlayıb Fərhadla birlikdə avtomobildə əyləşmişlər. Bundan sonra avtomobilini işə salaraq Orta Salahlı kəndindən Fərhadın istiqamət verməsinə əsasən Qazax şəhəri, Bakı küçəsi 1 nömrəli evin qarşısına gəlmişdir. Fərhad atası Şahid2 çağırmış, atası gələrək avtomaşının yük yerində olan soyuducuya baxaraq soyuducunu düşürməyi bildirmişdir. Şahid2 cibindən 200 manat çıxarıb Vüsala vermiş, o, da öz növbəsində taksi xidməti göstərdiyinə və əvvəlcədən razılaşdıqları 20 manat pul vermişdir. Fərhadla, Vüsalı orada qoyub avtomobillə yaşadığı Qazax rayonu Dağkəsəmən kəndinə gəlmişdir. Evindən oğurluq edilmiş Zərərçəkmiş şəxs tanımamış, onun evindən oğurluq olmasını da görməmiş, Təqsirləndirilən şəxs yaşadığı evdən avtomobilinə ancaq bir ədəd soyuducu yükləmiş, başqa heç bir əşya və sair yük yükləməmişdir. Təqsirləndirilən şəxs evindən soyuducu oğurladığı Zərərçəkmiş şəxs tanımamış, onunla heç bir münasibəti olmamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş Şahid2 Fərhad oğlu ifadəsindən görünür ki, Qazax rayonu, Bağanis Ayrım kəndində qeydiyyatda olmuş, yaşadığı kənd erməni işğalına məruz qaldığından, Qazax şəhəri, Bakı küçəsi 1 nömrəli evdə ailə üzvləri: arvadı, oğlu Fərhad və oğlunun ailəsi ilə birlikdə yaşamışlar. Rəsmi olaraq heç bir yerdə işləməmiş, fərdi əməklə məşğul olmuşdur. Qazax rayonu Orta Salahlı kənd sakinləri: Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onlarla heç bir münasibəti olmamışdır. 2022-ci ilin dekabr ayının ortalarında axşam vaxtı əvvəlcə oğlu Fərhad ona mobil telefonla zəng vuraraq dostunun işlənmiş, lakin saz vəziyyətdə ucuz qiymətə soyuducu satmasını, daha sonra oğlu telefonu Təqsirləndirilən şəxs danışmaq üçün vermişdir. Daha sonra Vüsalla danışarkən Fərhadın dostu olduğunu və pula ehtiyacı olduğundan özünə məxsus işlənmiş soyuducusunu ucuz qiymətə satdığını bildirmişdir. Vüsalın ona ucuz qiymətə soyuducu satmaq təklifindən sonra yaşadığı evdə soyuducuya ehtiyacı olduğundan Vüsalın təklifinə etiraz etməmiş və həm də Vüsalın oğlu Fərhadın tanışı olduğundan soyuducunun oğurluq olmadığını, Vüsala məxsus olmasına inanmış və soyuducunu almaq istədiyini bildirmişdir. Həmin gün Təqsirləndirilən şəxs, Fərhadla birlikdə saat 23 radələrində taksi avtomaşını ilə bir ədəd soyuducunu onun evinin qarşısına gətirmişlər. Təqsirləndirilən şəxs ona satmaq üçün gətirdiyi soyuducu iki qapılı olduğundan soyuducudan xoşu gəlmiş və onunla razılaşıb soyuducunu 200 manata almış və istifadə etmək üçün evinə qoymuşdur. 15 dekabr 2022-ci il tarixdə Qazax RPŞ-nin əməkdaşları gəlib ondan həmin əlamətli soyuducunu soruşmuşlar və o da polis əməkdaşlarına soyuducunu Təqsirləndirilən şəxs 200 manata aldığını bildirmişdir. Polis əməkdaşları da həmin soyuducunun oğurluq olduğunu və Qazax rayonu, Orta Salahlı kənd sakini Zərərçəkmiş şəxs məxsus olduğunu bildirmişlər. Ona görə də oğurluq yolu ilə əldə edilmiş əmlakın ona lazım olmadığını bildirərək soyuducunu polislərə təhvil vermişdir. Bundan sonra oğlu Fərhadla bu barədə danışmış və ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs oğlu Fərhadı aldadaraq soyuducunun özünə məxsus olduğunu bildirərək oğlunun köməkliyi ilə Qazax rayonu Orta Salahlı kəndindən onun evinə gətirib satmışlar. Cinayət işinin materiallarında olan məhkəmə əmtəəşünaslıq ekspertizasının 11 aprel 2023-cü il tarixli 9/1854 nömrəli rəyindən görünür ki, 1 ədəd, 6 il istismara məruz qalmış, iki qapılı “Swizer” markalı soyuducunun qiyməti 250 manat təşkil edir. Cinayət işinin materiallarında olan 14 dekabr 2022-ci il tarixli “Hadisə yerinə baxış keçirmə protokolu”ndan görünür ki, hadisə Qazax rayonu, Orta Salahlı kəndində yerləşən Zərərçəkmiş şəxs evində baş vermişdir. Cinayət işinin materiallarında olan 15 dekabr 2022-ci il tarixli “Baxış keçirilməsi protokolu”ndan məlum olur ki, Qazax şəhəri, Bakı küçəsi 1 nömrəli evdə yaşayan Şahid2 Fərhad oğlundan götürülmüş 1 ədəd iki qapılı “Swizer” markal soyuducu, işlənmiş, üzərində hər hansı bir əzik, batıq, sınıq və sair nəzərə çarpacaq əlamətləri müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Qazax Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli 96 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Qazax Psixatriya xəstəxanasında narkoloji və psixoloji qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan Qazax RİHB-nın Orta Salahlı kənd İƏD üzrə nümayəndəliyinin verdiyi 1406.2024-cü il tarixli, 5-58-20/12-21/2-404/2024 saylı arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Qazax rayonu Orta Salahlı kəndində qeydiyyatda olmaqla Bakı şəhərində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan 15 iyun 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs şahidlər Şahid1, X2 və Şahid3 əməllərində iki və ya daha çox şəxsin qəsdən birgə gizli talama cinayət əməli törətməkdə iştirakları olmadığından onların barələrində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddəsi ilə cinayət təqibi başlanması rədd edilmişdir. Beləliklə məhkəmə, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün etiraf edici ifadəsi ilə yanaşı, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, həmçinin məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hal, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, zərərçəkmiş şəxsdən üzrxahlıq edərək ona dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar, iş üzrə onun cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-in 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında cəza siyasətinin hümanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, gənc olmasını, törətdiyi cinayəti səmimi etiraf edib əməlindən peşman olmasını, zərəçəkmiş şəxsin ondan şikayətçi olmamasını cəzasını digər yüngülləşdirən halları nəzərə alıb göstərilən halların məcmusunu müstəsna hal hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun yaşayış yerini saat 23:00-dan saat 07:00dək və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa, onun üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, həmçinin üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək, polisin nəzarəti altına vermə qətimkan tədbiri ilə əvəz edilməli, o, məhkəmə iclas zalından dərhal azad edilməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübutlar olan, 1 ədəd soyuducu sahibi Zərərçəkmiş şəxs Fürüdün oğluna qaytarılmalı, məhkəmə xərcləri- aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 50 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməli, hökmün icrası Qazax Rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 33 (otuz üç) gün müddət, həbsdə saxlanmanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesabı ilə hesablanmaqla ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından 66 (altmış altı) gün çıxılaraq onun üzərində 02 (iki) il 09 (doqquz) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək, polisin nəzarəti altına vermə qətimkan tədbiri ilə əvəz edilsin, o, məhkəmə iclas zalından dərhal azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan, Qazax rayon Polis şöbəsində saxlanılan 1 ədəd soyuducu sahibi Zərərçəkmiş şəxs Fürüdün oğluna təhvil verilsin. İş üzrə məhkəmə xərci- ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ**********000000 3944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Hökmün icrası Qazax Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar