Məhkəmə qərarları › İş №1(023)-50/2023

Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-50/2023

07.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-50/2023 07.06.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi Həsənov Məhəmməd Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Qazax rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxxxx 1964-cü ildə Qazax rayonu, Dəmirçilər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, Qazax rayonu, Dəmirçilər kəndində qeydiyyatda olmaqla Qazax şəhəri, N.Nərimanov yaşayış massivi ev 1, mənzil 4-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən əldə etdiyi tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin 3 ədəd toxumunu yaşadığı Qazax şəhəri, N.Nərimanov yaşayış massivində yerləşən 1 nömrəli çoxmənzilli binanın arxa tərəfindəki həmin bina sakinlərinin ümumi istifadəsində olmaqla faktiki olaraq özü istifadə etdiyi torpaq sahəsində əkib aqrotexniki qaydada qulluq edərək yaş halda ümumi təmiz çəkisi 3520 qram təşkil edən, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunda göstərilən 3-cü siyahıya əsasən xeyli miqdar hesab edilən, tərkibində narkotik maddələr olan 3 ədəd çətənə (kannabis) bitkisini yetişdirməklə qanunsuz olaraq kultivasiya etmiş, Qazax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 23 sentyabr 2022-ci il tarixdə saat 12:30dan saat 14:00-dək olan müddətdə Qazax şəhəri, N.Nərimanov yaşayış massivində yerləşən 1 nömrəli çoxmənzilli binanın arxa tərəfində yerləşən həmin torpaq sahəsinə baxış keçirilən zaman hündürlükləri 3 metr 44 santimetrdən 3 metr 50 santimetrədək olan, yaş halda ümumi təmiz çəkisi 3520 qram təşkil edən Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq kultivasiya edilmiş tərkibində narkotik maddələr olan 3 ədəd çətənə (kannabis) bitkisi aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Qazax rayonu, Dəmirçilər kəndində qeydiyyatda olsa da uzun müddətdir ki, Qazax şəhəri, N.Nərimanov yaşayış massivi ev 1 mənzil 4-də yaşayır. Təxminən 2021 ilin payızında Qazax rayonu Cəfərli kəndində meşəlik ərazidə gəzərkən 1 ədəd yabanı halda bitmiş çətənə kolunun toxumlarını götürüb özündə saxlamış, 2022-ci ilin aprel ayının xatırlamadığı günündə yaşadığı binanın arxasında yerləşən, bina sakinlərinin ümumi istifadəsində olan, özü bağ sahəsi kimi istifadə etdiyi torpaq sahəsində 3 ədəd toxum əkmiş, həmin toxumları suvarmışdır ki, bitkilər yetişib böyüsün, gələcəkdə özü istifadə etsin. Əkdiyi toxumlar cücərdikdən sonra bitkilərin ətrafını alaq otlarından təmizləmiş, teztez suvarmışdır. 23 sentyabr 2022-ci il tarixdə saat 12-13 radələrində çətənə bitkilərini əkdiyi bağ sahəsində olan zaman onu kiminsə səslədiyini eşidib bağ sahəsindən çıxmış, həmin şəxslərin polis əməkdaşları olduqlarını görüb onlara yaxınlaşmışdır. Polis əməkdaşlarından biri ona özünü təqdim etməsini bildirmiş, o özünü təqdim etdikdən sonra polis əməkdaşı onun bağ sahəsində nakotik tərkibli bitkiləri əkib-becərməyi bardə Qazax rayon Polis Şöbəsinə məlumat daxil olduğunu və bağ sahəsinə baxış keçirilməli olduğunu qeyd etmişlər, o, bağ sahəsinə polis əməkdaşları tərəfindən baıxış keçirilməsinə könüllü razılıq vermiş, bu barədə ərizə yazmışdır. Bundan sonra polis əməkdaşları aqronomla birlikdə bağ sahəsinə baxış keçirməyə başlamış, özü polis əməkdaşlarını çətənə bitkisinin 2 ədədinin olduğu yerə aparmış, polis əməkdaşları qeyd olunan çətənə bitkilərinə baxış keçirmişlər, aqronom da göstərilən bitkilərə baxış keçirib onlara aqrotexiniki qayadada qulluq edildiyini bildirmişdir. 2 ədəd çətənə bitkiləri kökündən çıxarılaraq götürülmüşdür. Bundan sonra polis əməkdaşları bağ sahəsinə baxış keçirib digər 1 ədəd çətənə bitkisini də aşkar etmişlər. Aqronom həmin çətənə bitkisinə də baxış keçirib aqrotexniki qaydada qulluq olunduğunu bildirmişdir. Qeyd olunan 1 ədəd çətənə bitkisi də kökündən çıxarılaraq götürülüb digər bitkilərlə birlikdə binanın həyətinə aparılmışdır. O, narkotik vasitələrin satışı ilə heç vaxt məşğul olmamışdır, o cür fikrə düşməmiş, onun həmin 3 ədəd çətənə bitkisini əkib yetişdirməsindən heç kimin məlumatı olmamışdır. Törətdiyi əməldən peşmandır, gələcəkdə bir daha bur cür əmələ yol verməyəcəkdir. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Qazax rayon Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 23 sentyabr 2022-ci il tarixdə Qazax rayonu, Dəmirçilər kəndində qeydiyyatda olmaqla Qazax şəhəri, N.Nərimanov yaşayış massivi, ev 1, mənzil 4-də yaşayan Təqsirləndirilən şəxs yaşadığı binanın həyətində yerləşən torpaq sahəsində narkotik tərkibli bitkikəri əkib-becərməsi barədə ona əməliyyat məlumatı daxil olmuş, o həmin əməliyyat məlumatı barədə raportla rayon Polis Şöbəsinin rəisinə məruzə etmiş, rəhbərliyin göstərişinə əsasən həmin əməliyyat məlumatının yoxlanılması üçün əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul etmiş və onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupuna Qazax rayon Polis Şöbəsinin təhqiqat bölməsinin baş təhqiqatçısı, polis mayoru Anar Hüseynov, ictimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis mayoru Şahid2, kriminalistik tədqiqatlar qrupunun baş inspektor-kriminalisti, polis kapitanı Rahil Hüseynov daxil edilmişdirlər. O və əməliyyat qrupunun üzvləri keçiriləcək əməliyyat-axtarış tədbirləri barədə təlimatlandırıldıqdan sonra həmin torpaq sahəsinə baxışda mütəxəssis qismində iştirak etmək üçün Qazax rayon X6 Mərkəzinin bitkiçilik sektorunun müdiri Barat Vəliyev dəvət edilmişdir. Bundan sonra həmin tarixdə saat 12 radələrində əməliyyat qrupunun üzvləri və mütəxəssislə birlikdə Qazax şəhəri, N.Nərimanov yaşayış massivində yerləşən 1 nömrəli çoxmənzilli yaşayış binasının həyətinə getmişlər. Onlar Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına çatdıqdan sonra Rahil Hüseynov videokameradan istifadə edərək videoçəkiliş aparmağa başlamış, baş təhqiqatçı X7 Babayevi səslədikdən sonra sonuncu bağ sahəsinin taxta qapısından çıxıb yanlarına gəlmiş, Anar Hüseynov bağ sahəsində nakotik tərkibli bitkiləri əkib-becərməyi bardə Qazax rayon Polis Şöbəsinə məlumat daxil olduğunu və bağ sahəsinə baxış keçirilməli olduğunu Təqsirləndirilən şəxs bildirib etirazının olub-olmadığını soruşmuş, Rasim etiraz etmədiyini bildirib bu barədə ərizə yazmışdır. Bundan sonra onlar birlikdə həmin bağ sahəsinə daxil olub ora baxış keçirməyə başlamışlar, Təqsirləndirilən şəxs özü bağ sahəsində 2 ədəd çətənə bitkisini göstərib təqdim etmiş, mütəxəssis bitkilərə baxış keçirib aqrotexiniki qayadada qulluq edildiyini bildirmiş, daha sonra çətənə bitkiləri kökündən çıxarılaraq götürülmüşdür. Bundan başqa, o, Şahid2la birikdə bağ sahəsinə baxış keçirib digər 1 ədəd çətənə bitkisini də aşkar etmişdirlər. Mütəxəssis həmin çətənə bitkisinə də baxış keçirib ona aqrotexniki qaydada qulluq olunduğunu bildirmişdir. Qeyd olunan çətənə bitkisi də kökündən çıxarılaraq götürülmüş və digər bitkilərlə birlikdə binanın həyətinə aparılmış, daha sonra 03 ədəd çətənə bitkisi baş-başa keçirilmiş 2 ədəd kisədə qablaşdırılıb götürülmüş, protokol tərtib edilərək ucadan oxunmuş, o və digər iştirakçılar tanış olduqdan sonra protokolu imzalamışdırlar. Baxış 23 sentyabr 2022-ci il saat 12:30-da başlamış saat 14:00-da bitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qazax RPŞ-nin İTB-nin polis sahə rəisi Şahid2 digər Şahid1la oxşar məzmunlu ifadə verərək göstərilən halları bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən məhkəmə-bioloji ekspertizasının 24 sentyabr 2022-ci il tarixli, 16/1139 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin bağ sahəsindən aşkarlanmış kollar.” adlar və imzalar olan baş-başa keçirilmiş sintetik kisədəki, 3 (üç) ədəd ümumi təmiz çəkisi 3520 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom (mütəxəssis) X3 rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir (çətənə bitkisinin ümumi çəkisi-3520 qram, tədqiqata sərf olundu cəmi 0,15 qram (hər ob 0,05 qr), qalıq 3519,85 qram). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən məhkəmə-narkoloji ekspertizasının 29 sentyabr 2022-ci il tarixli, 1463 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən baxış keçirilməsi və götürmə barədə protokoldan görünür ki, 23 sentyabr 2022-ci il saat 12:30dan saat 14:00-dək olan müddət ərzində videoçəkilişdən istifadə edilməklə Qazax şəhəri, N.Nərimanov yaşayış massivində yerləşən 1 nömrəli çoxmənzilli binanın arxa tərəfində yerləşən torpaq sahəsinə baxış keçirilən zaman oradan həmin binada yaşayan Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq əkilib yetişdirilməklə kultivasiya edilmiş, hündürlükləri 3 metr 44 santimetrdən 3 metr 50 santimetrədək olan 03 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin aşkar olunaraq götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Qazax rayon Polis Şöbəsindən əməliyyat tapşırığına verilmiş cavabda göstərilmişdir ki, keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs 03 ədəd çətənə (kannabis) bitkisini şəxsi istifadəsi üçün kutivasiya etdiyi müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Qazax rayon Psixiatriya Xəstəxanasının 02 dekabr 2022-ci il tarixli, 2155 nömrəli məktubundan görünür ki, Qazax rayonu, Dəmirçilər kəndində qeydiyyatda olan xx.xx.1964-cü il təvəllüdlü Təqsirləndirilən şəxs X2 narkoloji və psixoloji qeydiyyatda yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən DİNnin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Qazax rayon Məhkəməsinin 06 noyabr 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək şərti maliyyə vahidinin 2.200 misli miqdarında cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 08 may 2007ci il tarixli amnistiya qərarının 1.8-ci bəndinə əsasən təyin olunmuş cəzadan azad edilmiş, hazırda məhkumluğu ödənilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 23 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 25 sentyabr 2022-ci il tarixdə azad edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mübət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkibi olmadığından, barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən həmin maddə ilə cinayət təqibinə xitam verilmiş, onun təxminən 1 il əvvəl istintaqa dəqiq məlum olmayan tarixdə Qazax rayonu, Cəfərli kəndində meşəlik ərazidə yabanı halda bitmiş çətənə bitkisinin yarpaqlarını toplayıb qurudaraq şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitə olan qurudulmuş marixuana əldə edilmədiyindən və bu barədə ekspert rəyi olmadığından, həmin xüsusat üzrə Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsinə əsasən CM-nin 234-cü maddəsi ilə, yabanı halda bitmiş çətənə bitkisinin yarpaqlarını toplaması və toxumlarını əldə etməsi əməllərində CM-nin 234.1-ci və 235-ci maddələrinin tərkibi olmadığından, barəsində CPM-nin 39.1.2-ci maddəsinə əsasən həmin maddələr ilə cinayət təqibinə xitam verilmiş, Təqsirləndirilən şəxs əməlində CM-nin 237.2.1-ci maddəsinin tərkibi olmadığından, barəsində CPM-nin 39.1.2-ci maddəsinə əsasən həmin maddə ilə cinayət təqibinə xitam verilmiş, Təqsirləndirilən şəxs tərkibində narkotik maddələr olan 03 ədəd çətənə (kannabis) bitkisini qanunsuz olaraq kultivasiya etdiyi torpaq sahəsi sonuncunun faktiki olaraq istifadəsində olduğundan, onun əməlində CM-nin 188.1-ci maddəsinin tərkibi olmadığı üçün barəsində CPM-nin 39.1.2-ci maddəsinə əsasən həmin maddə ilə cinayət təqibinə xitam verilmişdir. Beləliklə məhkəmə, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, həmçinin məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hal, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını- CM-in 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olaraq törətdiyi əməli etiraf etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyasında 3 növ cəza, yəni cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə hesab edir ki, daha ciddi cəzanın–azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, daha ciddi cəzanın təyin edilməsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarı və CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəaları təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma aparıla bilmir. Çünki, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma tələb olunur, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Bundan başqa, cəza təyin edilərkən digər məsələlərlə yanaşı, təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Təqsirləndirilən şəxsin evli olması və ailəsinin yeganə qazanc gətirən şəxsi olması nəzərə alındıqda, onun azadlıqdan məhrum edilməsi ailəsinin həyat şəraitinə çox mənfi təsir etmiş olar. Belə ki, təqsirləndirilən şəxsə istinad olunan Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, onun şübhəli şəxs qismində tutulduğu 02 gün müddət CM-nin 69.3cü maddəsinə əsasən təyin edilən cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa, onun üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, həmçinin üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulmalı, o narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübutlar olan, Qazax RPŞ-nin saxlanc anbarında saxlanılan cəmi 3519,85 qram 03 ədəd çətənə (kannabis) bitkisinin qalıqları məhv edilməli, məhkəmə xərcləri- aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 32,4 manat məbləğində pul ondan alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ**********00 00003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməli, hökmün icrası Qazax rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesabı iləhesablanmaqla, cəmi 04 (dörd) gün müddət təyin edilmiş cəzadan çıxılaraq onun üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar olan, Qazax RPŞ-nin saxlanc anbarında saxlanılan cəmi 3519,85 qram tərkibində narkotik maddələr olan 03 ədəd çətənə (kannabis) bitkisinin qalıqları məhv edilsin. İş üzrə məhkəmə xərci- ekspertiza tədqiqatının dəyəri olan 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ**********00 00003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Hökmün icrası Qazax rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar