Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-51/2023 28.09.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənov Məhəmməd Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs, onun müdafiəçisi- Güvən Vəkil Bürosunun vəkili Müdafiəçi2, tərcüməçi X4 iştirakları ilə, xx.xx.1990-cı ildə Türkiyə Respublikası Antakya şəhərində anadan olmuş, Türkiyə Respublikası vətəndaşı, orta təhsilli, ailəli, bir uşaq atası, sürücü işləmiş, əvvəllər məhkum olunmamış, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Mert 28 fevral 2023-cü il tarixədək olan müddət ərzində Gürcüstanda olarkən istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi 0,884 qram metamfetamin psixotrop maddəsini 1 sellofan bükümdə qablaşdıraraq əynində olan gödəkçənin sağ alt cibində olan pul kisəsinin içərisində və 0,23 qram qurudulmuş marixuana narkotik vasitəsini ağ sellofan paketdə qəzet parçasına bükülmüş vəziyyətdə idarə etdiyi nəqliyyat vasitəsinin kabinəsində yataq yerinin üzərinə qoyaraq saxlamış, qanunsuz olaraq Azərbaycan Respublikası ərazisinə daşıyıb, Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin Qazax rayonu ərazisində yerləşən “Qırmızı Körpü” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük orqanına bəyan etmədən, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və xx.xx.2023-cü il tarixdə saat 00:50 radələrində həmin 0,884 qram metamfetamin psixotrop maddəsi və 0,23 qram qurudulmuş marixuana narkotik vasitəsi gömrük əməkdaşları tərəfindən saxlanıldığı yerdən keçirilmiş gömrük yoxlaması zamanı aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Onun göstərilən cinayət əməllərini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Məhkəmə iclasında tərcüməçinin iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs Mert ona elan edilmiş ittihamda özünü tam təqsirli bilmiş və göstərmişdir ki, o, Türkiyə Respublikasının Hatay şəhərində ailəsi ilə birgə yaşayır və 3 yaşında Məhəmməd adında oğlu var. Uzun müddətdir müxtəlif şirkətlərdə yük nəqliyyat vasitələrində sürücü olaraq çalışmışdır. Təxminən 1 ilə yaxın bir müddətdə “ÜRE” yük daşıma şirkətinə məxsus “Mersedes Benz” markalı, 31DJ880/31ALF678 nömrə nişanlı yük nəqliyyat vasitəsində sürücü olaraq çalışır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixində şirkət tərəfindən Türkiyənin Artvin şəhərinə göndərilmişdir. İdarə etdiyi “Mersedes Benz” markalı, 31DJ880 nömrə nişanlı dartıcı ilə Artvinin Hopa şəhərinə gəlmiş və oradan “Xrom Dəmir” yüklünü dartıcıya qoşduqdan sonra təyinatı üzrə Rusiyanın Federasiyasının Kazan şəhərinə aparmaq üçün yola çıxmışdır. Gürcüstandan Azərbaycan Respublikasına keçmək üçün növbə çox olduğundan “Tır park” adlanan yerdə nəqliyyat vasitəsini saxlayaraq növbəsini gözləmiş, təxminən 03 gün orada gözləməli olmuşdur. Həmin müddətdə tanımadığı orta boylu, zəif çəkili, türk dilində tam danışa bilməyən bir şəxs yaxınlaşaraq bir ədəd siqaret istəmiş, o da həmin vaxt cibindəki bir qutu siqareti həmin şəxsə vermiş, sonuncu da əlindəki marixuanaya bənzər bitki qurusunu göstərərək siqareti o maddəni çəkmək üçün istədiyini demiş və 01 ədədini götürüb qutusunu ona qaytarmaq istəmiş, lakin o, siqareti geri götürməmiş, buna görə həmin şəxs qeyd olunan maddədən çəkməyi ona təklif etmiş, aralarında yaranan səmimi münasibətə görə şəxsə inanmış və ondan şəxsi istifadəsi üçün 01 büküm marixuna almış, bu vaxt həmin şəxs ona metamfetamin də təklif etmiş, o, bir az tərəddüd etsə də yaşadığı bölgədə baş vermiş zəlzələ nəticəsində yaxınlarını itirdiyindən fikrini dağıtmaq üçün şəxsin təklifi ilə razılaşmış və ondan 01 büküm də metamfetamin götürmüş, maddələrin pulunun nə qədər olduğunu soruşduqda həmin şəxs hədiyyə olduğunu demiş, lakin o, şəxsə 40 ABŞ dolları məbləğində pulu vermiş, həmin şəxs pulu götürdükdən sonra metamfetamini çəkmək üçün ətir şüşəsindən kustar üsulla hazırlanmış şüşə qab da ona vermişdir. Qeyd olunan maddələri cibinə qoymuş və idarə etdiyi nəqliyyat vasitəsinə qayıtmışdır. Nəqliyyat vasitəsində metamfetamin maddəsini pulqabına qoyub əynindəki gödəkcənin cibinə, marixuananı isə avtomobilin yataq yerinin üzərindəki selofan torbanın içərisinə qoymuşdur. xx.xx.2023-cü il tarixdə, saat 00:00-00:10 radələrində Azərbaycan Respublikası “Qırmızı Körpü” gömrük postuna daxil olmuşdur. Bir müddət gözlədikdən sonra növbəsi çatmış və yoxlama xəttində idarə etdiyi nəqliyyat vasitəsini saxlamış, saat 00:50 radələrində gömrük əməkdaşı ona yaxınlaşaraq idarə etdiyi nəqliyyat vasitəsində gizlədilmiş və gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin olub-olmaması barədə sual vermiş, o isə gömrük nəzarətindən gizlədilmiş və mütləq bəyan olunası heç bir predmetin olmadığını bildirmişdir. Bundan sonra onun üzərində şəxsi yoxlama keçirilmiş və üzərindəki gödəkcənin cibində olan kolba formalı müşdüyü və digər cibində olan pulqabının içərisindəki şəffaf sellofan paketdə bükülü aşkar olunmuş, aşkar olunan metamfetamin tərəzidə çəkilmiş, sonra idarə etdiyi “Mercedes-Benz” markalı, 31DJ880/31ALF678 nömrə nişanlı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilmiş və bu zaman nəqliyyat vasitəsinin kabinəsində yataq yerinin üstündə ağ rəngli sellofan paketdə olan qurudulmuş marixuana aşkar edilmiş, aşkar olunan qurudulmuş marixuana da tərəzidə çəkilmiş, bununla əlaqədar bəzi sənədlər tərtib edilmiş və tərtib olunan sənədlər imzalanmışdır. Yaşadığı bölgədə olan zəlzələ nəticəsində yaxınlarını itirdiyi üçün fikirli olduğundan fikrini dağıtmaq üçün qurudulmuş marixuana və metamfetamini Gürcüstanda istifadə etmək üçün almış, Azərbaycan Respublikasına gətirmək fikri olmamış, lakin unudub onları Azərbaycan Respublikasına gətirmişdir. xx.xx.2023-cü il tarixdə Türkiyə Respublikasında baş vermiş zəlzələ nəticəsində ailəsi ilə birlikdə yaşadığı ev dağılmış, nənəsi Meryem Sever və babası Mustafa Sever zəlzələ nəticəsində dağıntılar altında qalaraq ölmüşdürlər, evləri tamamilə dağılmışdır, ailəsi çadır şəhərciyində yaşayır, bir azyaşlı uşağı var və arvadı hamilədir. Hazırda törətdiyi əməlindən peşmandır. Gələcəkdə bir daha bu cür əməllərə yol verməyəcəkdir. Göstərilənləri nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o 2022-ci il mart ayında gömrük orqanlarına xidmətə qəbul olunmuşdur. Xidməti vəzifəsi ölkə ərazisinə gələn yük nəqliyyat vasitələrinə gömrük nəzarətini həyata keçirməkdən ibarət olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 00:50 radələrində Gürcüstan istiqamətindən gömrük postuna “Mercedes-Benz” markalı, 31DJ880/31ALF678 nömrə nişanlı nəqliyyat vasitəsi daxil olmuşdur. Sürücü adı və soyadı ona sonradan məlum olan Təqsirləndirilən şəxs Mert idarə etdiyi yük nəqliyyat vasitəsini idxal xəttinə sürüb saxlamışdır. Yük nəqliyyat vasitəsinin sürücüsü nəqliyyat vasitəsində daşıdığı yüklərə dair sənədləri vahid pəncərə otağına təqdim edib nəqliyyat vasitəsini gömrük nəzarətinə təqdim etmişdir. Bundan əvvəl sürücü ilə şifahi olaraq sorğu-sual aparmış və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və ya mütləq bəyan olunacaq hər hansı bir malın olub olmadığını xəbər almışdır. Sürücü Təqsirləndirilən şəxs Mert sualları cavablandıraraq gömrük nəzərətindən gizlədilmiş və ya mütləq bəyan olunacaq hər hansı bir malının olmadığını bildirmişdir. Sürücünü sorğu sual edərkən şübhəli cavablar verdiyi üçün ona şəxsi yoxlama otağında baxış keçirmək qərarına gəlmişdir. Bunun üçün 2 nəfər hal şahidi dəvət edərək onlara keçirələcək gömrük baxışında iştirak etmələrinin səbəbini açıqlamış, hüquq və vəzifələri ətraflı izah etdikdən sonra onların iştirakı ilə baxışa başlamış, Təqsirləndirilən şəxs əynindəki gödəkcəsinin sağ alt cibində, pul kisəsinin içərsində bir ədəd şəffaf sellofana bükülü şəkildə metamfitaminə bənzər predmet, həmin gödəkçənin sol cibindən isə kolbaya oxşar şüşə müştük aşkar edilmiş, daha sonra nəqliyyat vasitəsinin kabinəsinə baxış keçirmiş, bu zaman yatağın üzərində ağ sellofan torbanın içərsində bir ədəd kağız büküm olduğunu görmüşlər. Qeyd olunan bükümə baxış keçirilmiş və içində qurudulmuş marixuanaya bənzər bitki kütləsi aşkarlanmışdır. Aşkar edilmiş bükümlər və şüşə materialından olan müştük protokol tərtib edilərək götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Qazax rayonu, 2-ci şıxlı kəndində yaşayır. Daimi iş yeri olmadığı üçün müvəqqəti olaraq Qazax rayonunda “Qırmızı Körpü” Gömrük Postunda idxal gömrük nəzarəti xəttində yükləmə-boşaltma əməliyyatlarında fəhləlik etməklə günəmuzd işləyir. xx.xx.2023-ci il tarixdə, saat 00:30-01 radələrində “Qırmızı Körpü” gömrük postunda olarkən Şahid1 adlı gömrük əməkdaşı ona yaxınlaşaraq sonradan adı ona məlum olan sürücü Təqsirləndirilən şəxs üzərinə gömrük baxışı keçirmək istədiyini və onun da həmin baxışda hal şahidi qismində iştirak etməsinə ehtiyac olduğunu bildirmişdir. Həmin vaxt işi olmadığını nəzərə alıb onun təklifi ilə razılaşmış və onlar “Qırmızı Körpü” gömrük postunun şəxsi yoxlama otağına getmişlər. Şahid1 ona sürücünü və digər hal şahidi qismində iştirak edən Rəşad adlı şəxsi təqdim edərək onların hal şahidi qismində iştirak edəcəklərini demişdir. Adı qeyd olunan sürücünün üzərinə baxış keçirilməyə başlanmış, sürücünün gödəkçəsinin sağ alt cibində pulqabında 01 ədəd şəffaf sellofana bükülü, gödəkçənin sol cibindən isə kolbaya oxşar şüşə müştük, idxal xəttindəki “Mercedes-Benz” markalı, 31DJ880/31ALF678 nömrə nişanlı yük nəqliyyat vasitəsinin kabinəsində, yatağın üzərində ağ sellofan torbanın içərsində bir ədəd kağız büküm aşkar edilmişdir. Bunlarla bağlı protokol tərtib edilmiş, o da həmin protokolu imzalamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda tərtib edilmiş 28 fevral 2023-cü il tarixli “şəxsi yoxlama aparılması və götürülmə haqqında” protokoldan görünür ki, şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs üzərində olan gödəkçənin sağ alt cibində olan pul kisəsinin içərisində şəffaf sellofan paketdə bükülü aşkar olunmuş, bükülüyə baxış keçirilən zaman metamfetaminə bənzər maddə müəyyən olunmuş, aşkar olunmuş maddə “Desis” markalı tərəzidə çəkilmiş və çəkisinin qablaşdırması ilə birlikdə 1,3 qram olduğu müəyyən olunmuşdur. Eyni zamanda üzərində olan gödəkçənin sol cibindən 1 ədəd kolba şəklində müştük də aşkar edilmişdir. Eyni tarixli “nəqliyyat vasitəsinə baxış və götürülmə haqqında” protokoldan görünür ki, baxış zamanı “Mercedes- Benz” markalı, 31DJ880/ 31ALF678 nömrə nişanlı yük nəqliyyat vasitəsinin kabinasında yataq yerinin üstündə ağ rəngli sellofan paketdə bükülü aşkar olunmuş, həmin bükülüyə baxış keçirilən zaman içərsində qəzet parçasına bükülmüş vəziyyətdə bağlama olduğu və həmin bağlamanın içərisində isə narkotik maddə olan marixuanaya bənzər bitki kütləsi olduğu müəyyən olunmuş, və həmin büküm “Desis” markalı tərəzidə çəkilmiş qablaşması ilə birlikdə 0,9 qram olduğu müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə fiziki-kimyəvi və bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 616/273 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd kağız bükümdə təmiz çəkisi 0,23 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Həmçinin təqdim edilmiş 1 ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 0,884 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Qurudulmuş marixuananın təmiz çəkisi 0,23 qram olmuş və 0,02 qram tədqiqata sərf edilmiş, 0,21 qram isə qalmışdır. Metamfetaminin təmiz çəkisi 0,884 qram olmuş, 0,05 qram tədqiqata sərf edilmiş, 0,834 qram isə qalmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1457 №-li ekspert rəyindən görünür ki, ekspert komissiyası aşağıdakı nəticəyə gəlmişdir: müayinə zamanı Təqsirləndirilən şəxs Mertdə Psixostimulyatorlardan istifadə etmə halları olub. Lakin halhazırda Təqsirləndirilən şəxs Mertdə müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs Mert narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/1364-7/346 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş paketdəki bir ədəd şüşə borucuğun daxilində psixotrop maddə metamfetaminə məxsus izlər vardır, lakin iz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmamış və iz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmamışdır. Həmçinin təqdim edilmiş paketdəki bir ədəd şüşə borucuğun içərisində bitki mənşəli narkotik vasitənin hissəcikləri olmadığından müqayisəli tədqiqat aparılmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Təqsirləndirilən şəxs gödəkçəsinin cibindən aşkar edilmiş 1 ədəd şüşə borucuq şəklində olan əşyaya xx.xx.2023-cü il tarixdə keçirilmiş baxış protokolundan görünür ki, baxış obyekti təqribən 12 sm uzunluğunda, şuşə materialından olan yarım şəffaf, baş tərəfi kürə formasında, alt hissəsi isə açıq olan alətdir. Kürə hissəsinin ortasında 0,5 sm diametrində boşluq vardır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Dövlət Gömrük Komitəsi Gömrük Xidmətinin Vahid X1 baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokol və əlavə edilmiş sərhədkeçmə hesabatından görünür ki, Təqsirləndirilən şəxs Mert sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 00:42-də idarə etdiyi “Mercedes-Benz” markalı, 31DJ880 nömrə nişanlı nəqliyyat vasitəsi ilə “Qırmızı Körpü” gömrük postu sərhəd nəzarət məntəqəsindən keçməklə ölkə ərazisinə daxil olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 28 fevral 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs Mert 28 fevral 2023-cü il tarixdə, saat 08:00-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Mert barəsində 03 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 28 fevral 2023-cü il tarixdən hesbalanmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Mert barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Mert əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan 29 mart 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Mertdən aşkar edilərək götürülmüş 0,884 qram metamfetamin psixotrop maddəsinin və 0,23 qram marixuana narkotik vasitəsinin aparılmış tədqiqatdan sonra müvafiq olaraq metamfetamin psixotrop maddəsinin 0,834 qram, marixuana narkotik vasitəsinin isə 0,21 qram qalıq qalması, həmçinin 1 ədəd şüşə borucuğun xx.xx.2023-cü il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərarla maddi sübut kimi tanınması, və Azərbaycan Respublikası DGK-nin Əməliyyat-istintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılması nəzərə alınmış və Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes- Benz” markalı, 31DJ880/31ALF678 nömrə nişanlı nəqliyyat vasitəsinin qeyd edilən nəqliyyat vasitəsini idarə etmək hüququ olan Türkiyə Respublikası vətəndaşı X8 təqdim edilməsi, həmçinin Təqsirləndirilən şəxs Mert saxlanılarkən üzərində olmuş şəxsi əşyalarının və pul vəsaitlərinin onun ərizəsi əsasında atası Sabri Güzelene qaytarılması nəzərə alınmış, Təqsirləndirilən şəxs Mertə məxsus TUR seriyalı U35133138 nömrəli pasport və 01 ədəd pul kisəsi cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş fotoşəkillərdən və müvafiq sənədlərdən görünür ki, xx.xx.2023-cü il tarixdə Türkiyə Respublikasında baş vermiş zəlzələ nəticəsində Təqsirləndirilən şəxs Hatay şəhərində yerləşən ailəsi ilə birlikdə yaşadığı ev dağılmış, nənəsi Meryem Sever və babası Mustafa Sever zəlzələ nəticəsində dağıntılar altında qalaraq ölmüşdürlər. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş X5 Kartından görünür ki, xx.xx.2020-ci il tarixdə anadan olmuş X6 adlı uşağın atası Təqsirləndirilən şəxs Mertdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Gəncə şəhəri X3 verdiyi 06 iyul 2023-cü il tarixli sənəddən görünür ki, Təqsirləndirilən şəxs arvadı Güzelen Pelin 6 həftəlik hamilədir. Beləliklə məhkəmə, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin şərh olunan cinayət əməllərini törətməkdə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, həmçinin məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir və o, həmin maddələr ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hal, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Azərbaycan Respublikasının CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-in 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi” barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə tətbiq edildiyini əsas tutsunlar. Həmin Sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs Mertə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, həmçinin, təqsirləndirilən şəxsin ailə və əmlak vəziyyətini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, törətmiş olduğu cinayətləri etiraf etməklə əməllərindən səmimi peşman olmasını, himayəsində bir azyaşlı uşağı olmaqla arvadının hamilə olmasını, baş vermiş zəlzələ nəticəsində yaşadığı evin dağılmasını, nənəsi və babasının həmin zəlzələ nəticəsində ölmələrini iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə almaqla Təqsirləndirilən şəxs Mertə cəza təyini məsələsini müzakirə edib ona təqsirli bilindiyi CM-nin 206.2 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ilk dəfə olaraq az ağır cinayət törətməsini, törətmiş olduğu cinayətləri etiraf etməklə əməllərindən səmimi peşman olmasını, himayəsində bir azyaşlı uşağı olmaqla arvadının hamilə olmasını, baş vermiş zəlzələ nəticəsində yaşadığı evin dağılmasını, nənəsi və babasının həmin zəlzələ nəticəsində ölmələrini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alıb göstərilən halların məcmusunu müstəsna hal hesab edərək onun barəsində Azərbaycan Respublikasının CM-nin 62-ci maddəsinin tətbiq edilib CM-in 206.2-ci maddəsinin sanksiyasında nəzərədə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də aşağı cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-in 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından məcburi çıxarma cəzası 1 ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. 1 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə bu Məcələnin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Məhkəmə törədilən cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın şəxsin islah olunmasına təsirini və digər halları nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 52.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Mert Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalıdır Beləlikə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Mertə, barəsində CM-in 62ci maddəsi tətbiq edilməklə həmin Məcəllənin 206.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az azadlıqdan məhrum etmə cəzası, eyni zamanda, CM-in 234.1-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 07 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş qətimkan tədbiri qaydasında 07 ay həbsdə saxlanılması və ev dustaqlığında olması nəzərə alınmalı, qətimkan tədbiri qaydasında həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu 07 ay müddət nəzərə alınaraq ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası çəkilmiş hesab edilməli, həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu müddətdən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi üçün onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən o, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalı, iş üzrə maddi sübutlar olan və Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 0,834 qram metamfetamin, 0,21 qram marixuana və 01 ədəd şüşə borucuq məhv edilməli, Təqsirləndirilən şəxs Mertə məxsus 01 ədəd pul kisəsi onun özünə qaytarılmalı, məhkəmə xərci-aparılmış ekspertiza tədqiqatının dəyəri olan 233,80 manat məbləğində pul Təqsirləndirilən şəxs Mertdən alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ01 **********00003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE **********000 2088501, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Mert Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2ci maddəsi ilə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs Mert qəti olaraq 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri qaydasında 07 (yeddi) ay həbsdə saxlanılması və ev dustaqlığında olması nəzərə alınsın. Təqsirləndirilən şəxs qətimkan tədbiri qaydasında həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu 07 (yeddi) ay müddət nəzərə alınaraq ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası çəkilmiş hesab edilsin. Təqsirləndirilən şəxs Mert həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu müddətdən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi üçün onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Mert Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. İş üzrə maddi sübutlar olan və Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 0,834 qram metamfetamin, 0,21 qram marixuana və 01 ədəd şüşə borucuq məhv edilsin, Təqsirləndirilən şəxs Mertə məxsus 01 ədəd pul kisəsi onun özünə qaytarılsın. İş üzrə məhkəmə xərci-aparılmış ekspertiza tədqiqatının dəyəri olan 233 (iki yüz otuz üç) manat 80 (səksən) qəpik məbləğində pul Təqsirləndirilən şəxs Mertdən alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ01**********00003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №1(023)-51/2023
Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-51/2023
28.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver