Məhkəmə qərarları › İş №1(023)-51/2025

Qazax Rayon Məhkəməsi Qərar — İş №1(023)-51/2025

23.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 1(023)-51/2025 23.06.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 və onun müdafiəçisi Qazax Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmalarına dair X2 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, müəyyənetdi: X4 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittihamçı X4 şikayəti onunla əsaslandırmışdır ki, X5 adlı şəxsi həmkəndli kimi çoxdan tanıyır, onunla heç bir ədavəti, düşmənçiliyi, pis və yaxşı münasibəti olmamış və indi də yoxdur, görüşəndə yalnız bir kəndçi kimi salamlaşır. Aldığı məlumata görə Vəzir Eminov adlı həmin şəxs bir neçə ildir ki, Xalidə adlı həyat yoldaşı ilə nikahlarını ona məlum olmayan səbəbdən pozdurmuşdur. O, bunu çox sonralar bilmişdir. Təxminən 7-8 ay bundan əvvəl kəndində Vəzir Eminovla təsadüfən görüşərkən o, çox aqressiv olaraq və kobudcasına bildirmişdir ki, onun ailəsinin dağılmasına səbəb o olmuş, həyat yoldaşının onunla münasibəti olduğuna görə boşamışdır. Həmin vaxt o, ona nə qədər and-aman edərək onun həyat yoldaşı ilə heç bir münasibətinin olmadığını bildirsə də o, öz fikirində qaldığını söyləmiş və onu tezliklə ailəliklə məhv edəcəyi ilə hədələyərək ayrılmışdır. Həmin vaxtdan sonra təxminən bir həftə əvvəl kəndində olan yas məclisində görüşərkən Vəzir Eminov yenə onunla onun ailəsini nəyə görə dağıtdığımı haqsız və əsassız olaraq irad tutmaqla mübahisə edərkən bunu ailə üzvləri və qohumları, digər kənd sakinləri görmüş və bilmişlər. Onun mübahisəsinin səbəbi həyat yoldaşı bir kəndli kimi telefonla zəng edib soruşarkən həmin şəxs onun ailəsini onun dağıtdığımı, keçmiş həyat yoldaşı ilə onun münasibətinin olduğunu, hazırda da onunla münasibətdə olduğumu bildirmiş, bu barədə çoxlu sayda digər həmkəndlilər və qohumları da Vəzir Eminovun onun həyat yoldaşıma telefonla söylədiklərini bilmiş, həyat yoldaşı ailə münasibətləri ciddi olaraq pozulmuş və ailəsi dağılmaq dərəcəsinə çatmışdır. Vəzir Eminov adlı şəxs ona böhtan atır, onun ailəsinin dağılmasında, keçmiş həyat yoldaşı ilə nikahının pozulmasında onun heç bir günahım yoxdur, şikayətinə məhkəmədə baxılarkən öz sübut və dəlillərini tam sübut edəcək ki, o Vəzir Eminovun keçmiş həyat yoldaşını tanımır, onunla heç vaxt görüşməmiş və heç bir münasibəti olmamış və hazırda da heç bir münasibətim yoxdur. Şikayətimi əsaslandıraraq aydınlıq gətirirəm ki. Vəzir Eminov adlı şəxs mənim onun ailəsinin dağılmasına səbəb olduğumu, keçmiş həyat yoldaşı ilə yuxarıda qeyd etdiyim kimi münasibətim olduğuna görə nikahlarının pozulduğunu telefonla həyat yoldaşına bildirməklə və kütləvi çıxışları ilə kənd sakinləri, qohumlarım arasında bu cür məlumatı yaymaqla ona qarşı böhtan, yəni yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətimi ləkələyən, məni ailəmin yanında və kənd sakinləri arasında nüfuzdan asalan məlumatları yayma cinayətini törətmişdir və bu cinayətini bu gün də davam etdirir. Mənə qarşı böhtan xarakterli cinayət törətməklə Vəzir Eminov mənə, ailə üzvlərimə, həyat yoldaşıma mənəvi və maddi ziyan vurmuşdur.Onun yaydığı yuxarıda qeyd etdiyim məlumatlar bird aha bildirirəm ki, ailəmin dağılmaq, həyat yoldaşımla nikahımızı pozulmaq ərəfəsinə çatdırmış, məni qohum-əqrəba, kənd camaatı, dost-tanışlarım yanında nüfuzdan salmış, məni və ailə üzvlərimi kəskin streslərə, mənəvi iztirablara, sarsıntılra düçar etmiş, şərəf və ləyaqətimi əxlaqsız adam kimi ləkələmişdir, psixoloji sarsıntılar, əhvali-ruhiyyəmizin köklü surətdə pozulması, başımda, səhhətimdə ağrılar səbəbindən dava-dərmana, müalicəyə möhtac qoyduğu azmış kimi neçə illər ərzində nümunəvi ailə başçısı,həyat yoldaşı kimi həyat yoldaşımın, övladlarımın, nəvələrimin üzünə baxa bilmirəm.Çox insanlar ona inanmayaraq elə bilirlər ki, o həqiqətən də Vəzir Eminovun keçmiş həyat yoldaşı ilə münasibətdə olmuşdur. Bu məlumatları yaymaqla Vəzir Eminov həyatını alt-üst etmişdir, üstəlik də onu, ailə üzvlərimi özünün muzdluları vasitəsi ilə bir gecədə öldürtdürəcəyi, məhv etdirəcəyi ilə hədələməkdə davam etmişdir. Odur ki, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 şikayətin məzmununa uyğun çıxış edərək, xüsusi ittiham qaydasında şikayətinə baxılmasını, lakin şikayəti üzrə konkret sübutlarının olmadığını bildirdi. Məhkəmə iclasında dindirilmiş barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 çıxışında barəsində verilən şikayətin əsassız olduğunu və böhtana dair heç bir sübutun olmadığını işin icraata qəbul edilməməsini xahiş etmişdir.. Məhkəmə, proses iştirakçılarını dinləyib, habelə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Alı Allahyarov tərəfindən verilmiş şikayətin forma və məzmunu Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 293.3.1 və 293.3.7-ci maddələrinin tələblərinə uyğun deyildir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası göstərilməlidir. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin “Böhtan” adlanan 147.1-ci maddəsində böhtan, yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatların kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayılması kimi göstərilmişdir. Həmin Məcəllənin 147.2-ci maddəsində isə ağır və ya xüsusilə ağır cinayət törətməklə böhtan atmaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin “Təhqir” adlanan 148-ci maddəsində təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma kimi göstərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin xüsusi ittiham qaydasında şikayət verilmiş ərizədə göstərilən əməlində Azərbaycan Respublikası CM-in 147 və 148-ci maddələrində nəzərdə tutulan cinayətin əlamətləri mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin dispozisiyasından görünür ki, bu maddələr ilə cinayət məsuliyyətinin yaranması üçün cinayət tərkibinin subyektiv cəhətinin məcburi elementi kimi birbaşa qəsdin olması zəruridir. Yəni təqsirkar başqa şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları, onun şərəf və ləyaqətini nalayiq formada alçaldan məlumatları eləcədə təhqiri, kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yaydığını dərk etməli və bunu arzu etməlidir. Eyni zamanda qeyd etmək lazımdır ki, qanunverici mülki məsuliyyətə səbəb olan böhtan və təhqir cinayət məsuliyyəti yaradan böhtan və təhqiri bir-birindən fərqləndirmək üçün cinayətin törədilmə üsulunu cinayət tərkibinin zəruri əlaməti kimi CM-nin 147 və 148ci maddələrinə daxil etmişdir. Belə ki, göstərilən cinayət əməli qanunda göstərilən üç üsulla – yəni, şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatlar kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yaymaqla törədildikdə cinayət məsuliyyətinə səbəb ola bilər. Qeyd edilən əməl bu cür üsullardan biri ilə törədilmədikdə isə cinayət məsuliyyəti istisna edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarının 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Göstərilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin əməlində cinayətin əlamətləri olmadığından, eyni zamanda xüsusi ittiham qaydasında edilən şikayətdə Azərbaycan Respublikası CPM-də nəzərdə tutulan forma və məzmununa düzgün riayət edilmədiyindən həmin xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü və 302.1.6-cı maddələrinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3, 302.1.6, 302.2.3, 384-385-ci maddələrinə əsaslanaraq, məhkəmə qəraraaldı: Xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X4 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar