Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-54/2023 13.09.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənov Məhəmməd Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Qazax Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1995-ci ildə Ağstafa rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, əvvəllər məhkum olunmamış, 6 uşaq anası, Ağstafa rayonu, Poylu qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda qəsdən qanunsuz olaraq Gürcüstandan Azərbaycan Respublikasına keçmişdir. Belə ki, Təqsirləndirilən şəxs dövlət sərhədindən rəsmi qaydada keçməyə hüquq verən sənədləri olmadığından qanunsuz yolla Azərbaycan Respublikasına gəlmək məqsədi ilə 17 noyabr 2019-cu il tarixdə saat 22 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Qazax rayonu İkinci Şıxlı kəndində yerləşən 1-ci sərhəd komendantlığının, 1-ci sərhəd zastavasının xidməti ərazisindən qəsdən qanunsuz olaraq Gürcüstandan Azərbaycan Respublikası istiqamətində keçmiş və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, 2013-cü ildə nənəsi Mərcan Məmmədova ilə qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasından Gürcüstana getmiş, Gürcüstanda dillənçiliklə məşğul olmuş, 2019-cu ilin noyabr ayında Azərbaycan Respublikasına geri qayıtmaq qərarına gəlmiş, 17 noyabr 2019-cu ildə, saat 22 radələrində Gürcüstandan Qazax rayonu İkinci Şıxlı kəndi ərazisinə keçmiş, keçdikdən sonra sərhədçilər tərəfindən saxlanılmışdır. 2020-ci ilin sentyabr ayında işləmək məqsədi ilə Gürcüstana getmək qərarına gəlmiş, həmin vaxt Covid19 pandemiyası ilə əlaqədar sərhədlər bağlı olduğundan və qanunla müəyyən edilmiş sənədləri olmadığı üçün 2020-ci ilin sentyabr ayında Ağstafa rayonunun Böyük Kəsik kəndi ərazisindən dövlət sərhədini qanunsuz yolla Gürcüstana getmiş və həmin tarixdən Tbilisi şəhərində yaşamış, bir daha Azərbaycan Respublikasına geri qayıtmamış, 2023-cü ilin mart ayında Azərbaycan Respublikasına qayıtmaq qərarına gəlmiş, Tbilisi şəhərində yerləşən miqrasiya xidmətinə müraciət edərək Azərbaycan Respublikasına getmək istədiyini bildirmiş, miqrantların müvəqqəti saxlanılma mərkəzinə təhvil verilmiş, təxminən iki ay saxlanıldıqdan sonra Tbilisi-Bakı aviareysi ilə Azərbaycan Respublikasına göndərilmişdir. Əməlindən peşmandır. Gələcəkdə bir daha bu cür əməllərə yol verməyəcəkdir, 6 nəfər azyaşlı uşaqları var, lakin uşaqlara dogum haqqında şəhadətnamə al bilməmişdir. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, o, X6 Diviziyasının 1-ci sərhəd zastavasının rəisi vəzifələrini müvvəqqəti icra edərkən 17 noyabr 2019-cu il və 18 noyabr 2019-cu il dövlət sərhədinin mühafizəsi alınmış məlumat əsasında gücləndirilmiş üsulla planlaşdırmış, 17 noyabr 2019cu il tarixdə saat 22 radələrində 1-ci sərhəd zastavasının 1 və 2-ci sahələrində xidmət aparan sərhəd gözətçisi sərhəd naryadının başçısı əsgər X4 rabitə vasitəsilə ona 2-ci sahədə dərə boşluğunda qaraltı müşahidə etdiyini və hərəkətin olması barədə məlumat vermiş, ona həmin istiqaməti işıqlandırması barədə tapşırıq vermiş, şəxsi heyətə “silaha” komandası vermiş, dərhal hadisə yerinə hərəkət etmiş, təxminən maneə çəpərindən 500 metr məsafədə sonradan adının Təqsirləndirilən şəxs olduğu bildiyi şəxsi saxlamışdır İş üzrə şahid qismində dindirilmiş Şahid2 məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, o, X5 Hava Limanı SNŞ-nin nəzarətçisidir, xx.xx.2023-cü il tarixdə saat 20:00-dan xx.xx.2023-cü il tarixdə saat 09:00-dək X5 X8 X2-1 uçub gəlmə xəttində «növbə rəisi» sərhəd naryadı xidmətinə təyin olunmuş, xidmətdə olduğu zaman xx.xx.2023-cü il tarixdə saat 21 radələrində terminal-1 uçub gəlmə xəttində sənədlərin yoxlanışı sərhəd naryadı xidmətində olan gizir Şahid3 Tibilisi-Bakı aviareysi ilə Gürcüstandan Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs təqdim etdiyi Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsinin rəsmiləşdirilməsi zamanı sərhədkeçmə əlaqələrinin pozuntusu verməsi barədə ona məruzə etmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsini yenidən yoxladığı zaman sərhədkeçmə əlaqələrinin pozuntusu verdiyini dəqiqləşdirdikdən sonra bu barədə aidiyyəti üzrə məruzə etmiş, bundan sonra vətəndaş Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə «X5 Hava Limanı» sərhəd nəzarəti şöbəsində saxlanılmışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid3 məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, o da digər Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində qeyd etdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş X6 Diviziyasının 1-ci sərhəd zastavasının rəisi vəzifələrini müvvəqqəti icra edən Şahid1 raportunda göstəmişdir ki, 17-18 noyabr 2019-cu il tarixlərdə dövlət sərhədinin mühafizəsini alınmış əməliyyat məlumatı əsasında gücləndirilmiş üsulla planlaşdırmış, 17 noyabr 2019-cu il tarixdə saat 22:04-də 1 və 2-ci sahələrdə xidmət aparan sərhəd gözətçisi sərhəd naryadının başçısı əsgər X4 tərəfindən 2-ci sahədə dərə boşluğunda qaraltı müşahidə etməsi və hərəkətin olması barədə məlumat vermiş, əl fənərindən istifadə edilməsi barədə göstəriş vermiş, saat 22:05-də sərhəd zastavasının şəxsi heyətini “silaha” komandasına qaldırmış, həyəcan qrupu ilə həmin əraziyə hərkət etmiş, saat 22:10-da Təqsirləndirilən şəxs təxminən maneə çəpərindən 500 metr məsafədə saxlanılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 18 noyabr 2019-cu il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs 17 noyabr 2019-cu il tarixdə saat 22 radələrində X6 Diviziyasının Qazax rayonu 2-ci Şıxlı kəndi ərazisində olan 1-ci sərhəd zastavasının xidməti ərazisindən Gürcüstandan Azərbaycan Respublikası istiqamətdə qanunsuz olaraq keçdikdən sonra saxlanılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DSX-nin Əməliyyat-Axtarış Baş İdarəsindən daxil olan məktubdan görünür ki, Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs 17 noyabr 2019-cu il tarixdə sat 22:04-də X6 Divizyasının 1-ci sərhəd komendantlığının 1-ci sərhəd zastavasının 2-3-cü sahələrinin kəsişməsində, mühəndis çəpərindən 500 metr, dövlət sərhəd xəttindən isə 525 metr aralı, Gürcüstandan Azərbaycan Respublikası istiqamətdə dövlət sərhədini qanunsuz keçdikdən sonra saxlanılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağstafa RİHB-nın Poylu qəsəbə İƏD üzrə nümayəndəliyinin verdiyi 18 noyabr 2019-cu il tarixli, 280/s saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağstafa rayonu Poylu qəsəbəsində daimi qeydiyyatdadır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 6 az yaşlı uşağı vardır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi”in verdiyi 25 aprel 2023-cü il tarixli, xx/xx-4420 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin mərkəzdə müalicədə olmamışdır. Cinayət işinin materiallarından görünür ki, hazırki cinayət işi 13 avqust 2020-ci il tarixdə başlanmış, 03 sentyabr 2020-ci il tarixdə iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmış, 05 aprel 2023-cü il tarixdə icraat təzələnmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə 01 gün tutulmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 01 may 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs 2020-ci ilin sentyabr ayında dövlət sərhədini qanunsuz yolla Azərbaycan Respublikasından Gürcüstan istiqamətində keçməsi faktı üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən barəsində cinayət təqibinə xitam verilmiş, Təqsirləndirilən şəxs özü ilə birlikdə azyaşlı uşaqlarını da qanunsuz olaraq dövlət sərhədindən keçirməsinə baxmayaraq onların az yaşlı olmaları, cinayətin subyekti olmamaları, həmçinin bu səbəbdən Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qəbul edilməsinin qeyri-mümkünlüyü nəzərə alınmışdır. Beləliklə məhkəmə, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün etiraf edici ifadəsi ilə yanaşı, məhkəmədə elan edilmiş şahidlərin ifadələri, həmçinin məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hal, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, himayəsində azyaşlı uşaqları olmasını, törətmiş olduğu cinayəti etiraf etməklə əməlindən səmimi peşman olmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-in 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi” barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə tətbiq edildiyini əsas tutsunlar. Həmin Sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, həmçinin, təqsirləndirilən şəxslərin əmlak vəziyyətini nəzərə alır. Məhkəmə, qeyd olunanları nəzərə almaqla Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib ona təqsirli bilindiyi CM-nin 318.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Bundan başqa, məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətlərini, ailə vəziyyətini və cəzasını yüngülləşdirən digər halların məcmusunu nəzərə alaraq belə nəticəyə gəlir ki, onun cəmiyyətdən təcrid olunmadan islah olunması mümkündür. Ona görə də o, təsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli və təyin olunacaq azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 70-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməli, sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, hökmün icrası Ağstafa Rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Ağstafa Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №1(023)-54/2023
Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-54/2023
13.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver