Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-54/2025 16.07.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdfiəçisi- Qazax Rayon Vəkil bürosunun vəkili Müdafiəçi və tərcüməçi X1 iştirakları ilə, xx.xx.1986-ci ildə Banqladeş Respublikasının Cumılla şəhərində anadan olmuş, Banqladeş Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, Banqladeş Respublikası Cumılla şəhərində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyi PX-in 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda qəsdən qanunsuz olaraq keçməyə cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq yolla Gürcüstana, oradan isə işləmək üçün Avropa ölkələrinə getmək məqsədi ilə 23 aprel 2025-ci il tarixdə, təxminən saat 13 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Dövlət Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Qazax rayonu, İkinci Şıxlı kəndi ərazisində yerləşən 1-ci sərhəd zastavasının xidməti ərazisindən Azərbaycan Respublikasından Gürcüstan istiqamətində piyada hərəkət etməklə keçməyə cəhd göstərmiş, həmin gün saat 12:46-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanıldığı üçün öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Məhkəmə iclasında tərcüməçinin iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs ona edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, 19 aprel 2025-ci il tarixdə “Dubay-Bakı” aviareysi ilə qanunsuz yolla Gürcüstana, oradan isə işləmək üçün Avropa ölkələrinə getmək üçün Azərbaycan Respublikasına gəlmişdir. Bakı şəhərində bir neçə gün qaldıqdan sonra Gürcüstana getmək üçün tanımadığı taksi sürücüsünə yaxınlaşaraq onu Qazax rayonunun Şıxlı kəndinə aparmasını xahiş etmiş, bunun müqabilində taksi sürücüsünə 150 manat vermişdir. Daha sonra taksi sürücüsü onu danışdıqları yerə aparmış və o, avtomobildən düşüb Gürcüstan istiqamətində hərəkət etməyə başlamışdır. O, xx.xx.2025-ci il tarixdə Gürcüstan istiqamətində hərəkət edərkən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış və hərbi hissəyə aparılmışdır. Hazırda törətdiyi əməldən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin “Qazax” X2, 1-ci SK-nın, 1-ci SZ-nın rəisi vəzifəsinə, kapitan hərbi rütbəsində xidmət edir. xx.xx.2025-ci il tarixdə 1-ci sərhəd zastavasının “Növbətçi operator” sərhəd naryadı xidmətinə təyin olunmuş əsgər Şahid2 saat 12:32-də PTZ kamera vasitəsi ilə sərhəd zastavasının 2-ci sahəsindən bir nəfər naməlum şəxsin Azərbaycan Respublikasıdan Gürcüstan istiqamətinə hərəkət etməsi barədə məlumat vermişdir. O, dərhal bu barədə aidiyyəti üzrə SK-nın komendantına məruzə etmiş və sərhəd zastavasını silaha komandasına qaldıraraq həyəcan qrupu ilə birlikdə hadisə yerinə doğru hərəkət etmişdir. Həmin gün, saat 12:46-da sərhəd pozucusu saxlanılmış, hadisə yerinə baxış keçirilmiş və saxlanılan şəxs sərhəd zastavasına aparılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə operator növbətçisi xidmətinə təyin olunmuşdur. Həmin vaxt xidməti ərazini kamera vasitəsi ilə müşahidə edən zaman bir nəfər şəxsin 2-ci sahədən Gürcüstan Respublikası istiqamətinə hərəkət etdiyini müşahidə etmiş və bu barədə zastava rəisinə məlumat vermişdir. Həmin gün, saat 12:35-də zastava rəisinin göstərişinə əsasən zastava silaha komandasına qalxmış, həyəcan qrupu zastava rəisinin rəhbərliyi altında hadisə baş verən sahəyə hərəkət etmiş, həmin sahəyə çatdıqda bir nəfər şəxs mühəndis çəpərindən 280 metr aralıda müşahidə olunmuş və həyəcan qrupu tərəfindən həmin şəxs saxlanılaraq sərhəd zastavasına gətirilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 09:30-dan saat 13:50-dək əsgər X4 ilə birlikdə sərhəd zastavasının sağ cinahının 1-2-ci sahələrində “müşahidə məntəqəsi” sərhəd naryadına təyin olunmuşdur. Həmin gün, saat 12:32-də rabitə növbətçisi 2-ci sahə istiqamətində Azərbaycan Respublikası istiqamətindən bir nəfər şəxsin dövlət sərhədinə tərəf gəlməsi barədə məlumat vermişdir. O, dərhal sərhəd naryadının üzvünə məlumat verərək maskalanmış və həmin istiqamətdə müşahidə aparmış, saat 12:46-da həmin şəxs “Dayan” komandası verilərək saxlanılmışdır. Cinayət işinin materiallarında əlavə edilməklə məhkəmə iclasında tədqiq edilmiş; Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin “Qazax” X3 komandirinin xx.xx.2025ci il tarixli, 3-38/2-16/1412/25 nömrəli məktubundan görünür ki, 23 aprel 2025-ci il tarixdə, saat 12:46-da Azərbaycan Respublikasından Gürcüstan Respublikası istiqamətinə hərəkət edən xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən, qanunsuz olaraq Azərbaycan Respublikasından Gürcüstan Respublikası istiqamətində keçməyə cəhd etdiyi üçün saxlanılmışdır. Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin Xidmətin Arxiv-uçotu idarəsində heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Əməliyyat-Axtarış Baş İdarəsindən daxil olmuş məktubdan görünür ki, Banqladeş Respublikası vətəndaşı Təqsirləndirilən şəxs qaçaqmalçılıqla məşğul olması və digər hüquqazidd hərəkətləri barədə ƏABİ-də məlumatlar mövcud deyildir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Əməliyyat-Axtarış Baş İdarəsindən daxil olmuş İAMAS sərhədkeçmə çıxarışından görünür ki, Banqladeş Respublikası vətəndaşı Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə qanuni olaraq Azərbaycan Respublikasına gəlmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İNTERPOLUN-un Milli Mərkəzi Bürosundan daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində İnterpolun “e-ASF” avtomatlaşdırılmış axtarış sistemində məlumat yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində 23 aprel 2025-ci il tarixdən həbs qətimkan tədbiri seçilmişdir. DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Beləliklə məhkəmə, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin şərh olunan cinayət əməllərini törətməkdə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, həmçinin məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 29,318.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi” barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə tətbiq edildiyini əsas tutsunlar. Həmin Sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, əməllərini etiraf etməklə səmimi peşman olmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Məhkəmə, qeyd olunanları nəzərə alıb təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətlərin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini, həmçinin, təqsirləndirilən şəxsin əmlak vəziyyətini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 29,318.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından məcburi çıxarma cəzası 1 ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. 1 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə bu Məcələnin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Məhkəmə törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın şəxsin islah olunmasına təsirini və digər halları nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 52.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 29,318.1-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 23 aprel 2025-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş əsas cəzanı çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,318.1-ci maddəsi ilə təqsirli bilinsin 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 23 aprel 2025-ci il tarixdən hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş əsas cəzanı çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi qaydada çıxarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №1(023)-54/2025
Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-54/2025
16.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver