Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-55/2023 23.06.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məmmədov Fəxri Afiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənov Məhəmməd Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi- Qazax Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, X1 iştirakları ilə xx xxx 1981-ci ildə Qazax rayonu Kəmərli kəndində anadan olmuş, Gürcüstanın vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Gürcüstanın Rustavi şəhəri 20-ci mikrorayon ev 8 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Qazax rayonu Kəmərli kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasına qanunsuz gəlmək məqsədi ilə 25 mart 2023-cü il tarixdə saat 00:30 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin X10 diviziyasının Qazax rayonu 2-ci Şıxlı kəndində yerləşən 1-ci sərhəd zastavasının xidməti sahəsindən Gürcüstandan Azərbaycan Respublikasına keçmiş və dövlət sərhəd xəttindən 40 metr aralı məsafədə saxlanılmışdır. Təqsirləndirilən şəxs açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, 1981-ci ildə Qazax rayonu Kəmərli kəndində anadan olmuşdur. Valideynləri o, azyaşlı olarkən işləmək və yaşamaq məqsədi ilə Gürcüstanın Rustavi şəhərinə köçmüşlər. Buna görə də orta təhsilini Rustavi şəhərində almış və mütamadi olaraq Qazax rayonu Kəmərli kəndinə gedib-gəlmişdir. Pandemiya ilə bağlı quru yollar bağlandıqdan sonra Gürcüstanda-Rustavi şəhəridə qalmış və Azərbaycan Respublikasına gələ bilməmişdir. Ata-anası Azərbaycan Respublikasının vətəndaşları olmuşlar. Bundan başqa, analığı da Kəmərli kəndində yaşamışdır. Sonuncu xəstə olduğu üçün onun yanına gəlmək istəmiş, qərara gəlmişdir ki, Gürcüstandan Azərbaycan Respublikasına dövlət sərhədini qanunsuz olaraq keçsin. Bu məqsədlə 24 mart 2023-cü il tarixdə Marneuli rayonunun Kirəc-Muğanlı kəndinə gedib oradakı kafelərin birində oturub havanın qaralmasını gözləmiş, hava qaraldıqdan sonra kafedən çıxaraq sərhədyanı əraziyə gəlmişdir. Bir müddət ərazini nəzarətdə saxlamış, daha sonra Azərbaycan Respublikası tərəfə irəliləyərək 25 mart 2023-cü il tarixdə, saat 00:30 radıələrində dövlət sərhədini Gürcüstandan Azərbaycan Respublikası ərazisinə təkbaşına keçmiş, bir qədər getdikdən sonra sərhədçilər onu saxlamışlar. Hazırda əməlindən peşmandır, məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, X10 Diviziyasının hərbi qulluqçusudur. xx.xx.2023-cü il tarixdə, saat 17:30-dan 22:00dək baş çavuş Şahid2 ilə birlikdə birinci sərhəd zastavasında sərhəd gözətçisi sərhəd naryadı xidmətini təşkil etmək üçün dövlət sərhəd mühafizəsinə dair əmri aldıqdan sonra növbətçinin nəzarəti altında silahlara baxış keçirdikdən sonra təyin olduqları sahəyə doğru hərəkət etmişlər. Xidmətdə olduqları zaman saat 21 radələrində sərhəd zastavasından məlumat verilmişdir ki, bir nəfər şübhəli şəxs Gürcüstandan Azərbaycan Respublikası istiqamətində gəlməsi müşahidə olunmuş və göstəriş verilmişdir ki, zastavanın 3-cü sahəsində “pusqu” sərhəd naryadı xidmətini təşkil etsinlər. xx.xx.2023-cü il tarixdə, saat 00:30 radələrində həmin şəxsin Gürcüstandan Azərbaycan Respublikası istiqamətində hərəkət edərək maneə çəpərini keçməsini müşahidə etmişlər. Onlar dərhal şübhəli şəxsə dayan komandası vermiş və sərhəddən 40 metr Azərbaycan Respublikasına tərəf sonradan adının Təqsirləndirilən şəxs olmasını bildikləri şəxsi saxlamışlar. Cinayət işinin materiallarına əlavə edilmiş DSX-nin X4 komandiri general-mayor Misir Əliyevin 25 mart 2023-cü il tarixli, 3-38/2-16/1097/2023 saylı məktubunda göstərilir ki, xx.xx.2023-cü il tarixdə Gürcüstan vətəndaşı Təqsirləndirilən şəxs X10 diviziyasının 1-ci sərhəd zastavasının 3-cü sahəsindən qanunsuz olaraq Gürcüstandan Azərbaycan Respublikasına keçdikdən sonra sərhədçilər tərəfindən saxlanılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli baxış protokolundan görünür ki, Gürcüstan vətəndaşı Təqsirləndirilən şəxs dövlət sərhədini Gürcüstandan Azərbaycan Respublikası istiqamətində qanunsuz olaraq keçdiyi ərazi X10 diviziyasının 1ci sərhəd zastavasının 3-cü sahəsidir. Cinayət işinin materiallarına əlavə edilmiş DSX-nin ƏABİ-nin sənədindən görünür ki, Gürcüstan vətəndaşı Təqsirləndirilən şəxs sonuncu dəfə xx.xx.2020-ci il tarixdə “Qırmızı Körpü” SNŞ-dən dövlət sərhədini Azərbaycan Respublikasından Gürcüstana keçmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə 01 gün inzibati qaydada tutulmuşdur. DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş “Respublika Narkoloji Mərkəzin” verdiyi 13 aprel 2023-cü il tarixli, xx/xx-4085 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs mərkəzdə müalicədə olmayıb və qeydiyyatda yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş Qazax rayon Qeydiyyat şöbəsinin verdiyi 14 iyun 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs oğılu xx xxx 1981-ci il tarixdə Qazax rayonu, Kəmərli kəndində doğulmuşdur, atası X3 və anası X5r. Cinayət işinin materiallarına əlavə edilmiş Qazax RİHB-nın Kəmərli kənd İƏDÜ nümayəndələyinin verdiyi 19 iyun 2023-cü il tarixli, 5-58-17-12-21/2-293/2023 saylı arayışdan görünür ki, xx.xx.1981-ci il tarixdə anadan olmuş Qəhrəmanov X2 qeydiyyatda olmasına baxmayaraq hal-hazırda Qazax rayonu Kəmərli kəndində yaşayır. Cinayət işinin materiallarına əlavə edilmiş Qazax RPŞ-nin verdiyi 23 iyun 2023-cü il tarixli, 23/2023 saylı məktubdan görünür ki, XX.XX.1955-ci ildə Qazax rayonu Kəmərli kəndində anadan olmuş və xx.xx.2005-ci ildən xx.xx.2013-cü ilədək Kəmərli kəndində daimi pasport qeydiyyatında olmuş mərhum X6 Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilkin olaraq xx.xx.2005-ci ildə verilmiş, onun xx.xx.2013-cü ildə ölməsi ilə əlaqədar Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsi fəaliyyətsizləşdirilmişdir. Beləliklə məhkəmə, iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-in 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndinə uyğun olaraq məhkəmələrə izah edilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarla məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, səmimi peşman olub törətdiyi əməli etiraf etməsini iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə almaqla Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib ona təqsirli bilindiyi CM-nin 318.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzası təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının hüdudlarından məcburi çıxarma cəzası verilməməlidir. Belə ki, iş materiallarında olan Qazax rayon Qeydiyyat şöbəsinin verdiyi 14 iyun 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs oğılu xx xxx 1981-ci il tarixdə Qazax rayonu Kəmərli kəndində anadan olmuş, atası X3 və anası X5r. Həmçinin, Qazax RPŞ-nin verdiyi 23 iyun 2023-cü il tarixli, 23/2023 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs anası- X7 Azərbaycan Respublikasının vətəndaşı olmuşdur. Azərbaycan Respublikası CM-nin 52.2.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasında doğulmuş şəxslərə, bundan başqa, həmin Məcəllənin 52.2.4-cü maddəsinə əsasən valideynlərindən biri Azərbaycan Respublikası vətəndaşı olan şəxslərə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilmir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında doğulduğu, həmçinin, valideyni- anası Azərbaycan Respublikasının vətəndaşı olduğu üçün ona Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin olunmamamalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cərimə cəzası təyin edilməli, onun tutulduğu müddət nəzərə alınaraq cərimə yüngülləşdirirlməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, hökmün icrası Qazax rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli əmlak yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirli bilinərək 2000 (iki min) manat miqdarda cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 01 (bir) gün müddət nəzərə alınaraq ona təyin olunmuş cərimə cəzası yüngülləşdirilib 1800 (bir min səkkiz yüz) manata endirilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Qazax rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan edildiyi gündən 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fəxri Məmmədov
Məhkəmə qərarları › İş №1(023)-55/2023
Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-55/2023
23.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver