Məhkəmə qərarları › İş №1(023)-60/2023

Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-60/2023

15.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-60/2023 15.11.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənov Məhəmməd Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs və onun müdfiəçisi-Qazax Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 07 avqust 1973-cü ildə Şəki rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, sürücü işləyən, əvvəllər məhkum olunmamış, Şəki rayonunun Turan qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 02 iyun 2023-cü il tarixədək olan müddət ərzində Gürcüstanda istintaqa məlum olmayan mənbədən bir ədəd kağız bükümdə 2,769 qram qurudulmuş marixuana narkotik vasitəsini əldə etmiş, malların aşkar edilməsini çətinləşdirən üsüllardan istifadə etməklə idarə etdiyi “DAF FT XF 105” markalı, 99MR251/99ZD382 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinasının yataq yerindəki döşəyin altında gizlədərək Gürcüstandan Azərbaycan Respublikasına gələrkən 02 iyun 2023-cü il tarixdə Tovuz Gömrük İdarəsinin Qazax rayonu ərazisində yerləşən “Qırmızı Körpu” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və həmin gün saat 04 radələrində gömrük nəzarəti qaydasında nəqliyyat vasitəsinə keçirilmiş yoxlama zamanı qeyd edilən narkotik vasitə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, Şəki rayonu Turan qəsəbəsində ailəsi ilə birgə yaşayır, “Daf FT XF 105” markalı 99MR251/99ZD382 nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə yükdaşıma ilə məşğul olmuşdur. xx.xx.2023-cü il tarixdə Qazax rayonundan Gürcüstanın Rustavi şəhərinə qeyd olunan maşınla yük aparmış, elə həmin gün yükü Rustavi şəhərində boşaldaraq geri qayıtmaq istəmiş, lakin yük nəqliyyat vasitələrinin çoxluğundan Gürcüstan ilə Azərbaycan Respublikası arasındakı sərhəd keçid məntəqəsində növbə olduğuna görə keçid məntəqəsinin yaxınlığındakı “Tır park” adlanan yerdə gözləmiş, gecə saatları olduğundan idarə etdiyi nəqliyyat vasitəsini tır parkın uyğun yerində saxlamış və düşüb əl fənəri ilə avtomobilinin təkərlərinə baxmış, həmin vaxt tanımadığı bir şəxs ona yaxınlaşaraq avtomobilində nasazlıq olduğunu düşünüb yardım etmək niyyətinin olduğunu bildirmiş, o da heç bir narahatçılığın olmadığını deyərək təşəkkür etmiş, aralarında olan səmimi söhbətdən sonra həmin şəxs cibindən kağıza bükülü marixuana çıxarıb siqaretə doldurmağa başlamış və ondan əl fənəri ilə işıq salmağını xahiş etmiş, işıq salan zaman həmin şəxs ona da marixuana çəkməyi təklif etmişdir. O da şəxsin təklifini qəbul etmiş, şəxs siqaret dənəsini doldurduqdan sonra əlində olan kağıza bükülü marixuananın qalanını elə kağıza bükülü vəziyyətdə ona vermiş, tanımadığı adam sonra çıxıb getmiş, yuxusu gəldiyindən yatmaq üçün idarə etdiyi nəqliyyat vasitəsinin salonuna çıxmış və daha sonra çəkmək niyyəti ilə içərisində qururudulmuş marixuana olan bükülünü nəqliyyat vasitəsinin salonundakı yataq yerində yatağın altına qoymuşdur. xx.xx.2023-cü il tarixində növbəsi çatmış və “Qırmızı Körpü” gömrük postuna daxil olmuş, yoxlama xəttində idarə etdiyi nəqliyyat vasitəsini saxlamış, həmin gün, saat 04 radələrində gömrük əməkdaşı şifahi sorğu-sual apardıqdan sonra idarə etdiyi “avtomobilinin salonuna baxış keçirmək üçün avtomobilin salonuna çıxmış və salondakı yatağın altına baxdıqda oradakı içərisində qurudulmuş marixuana olan kağız bükülünü aşkar etmiş, bükülü tərəzidə çəkilmiş bəzi sənədlər tərtib edilmiş və tərtib olunan sənədlər onlar tərəfindən imzalanmışdır. O, daha əvvəl ölkəyə gəlişlərində heç vaxt özü ilə narkotik vasitə gətirməmişdir, ona qurudulmuş marixuana verən şəxsi tanımır, marixuananı daha sonra çəkmək məqsədilə idarə etdiyi nəqliyyat vasitəsinin salonundakı yataq yerinin altında gizlətmişdir. Hazırda əməlindən peşmandır. Birinci Qarabağ müharibəsində iştirak etmiş, həmin dövrdə 04 il 06 ay xidmət eləmişdir, evin dolanışığını təmin edən yeganə şəxsdir, xəstə anasına baxır, ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2019-cu il avqust ayından gömrük orqanlarında xidmət edir, həmin tarixdən DGK QƏBG İdarəsinin “Qırmızı Körpü" gömrük postunun baş müfəttişi vəzifəsinə təyin olunmuşdur. xx.xx.2023-cü il tarixdə Qırmızı Körpü gömrük postunda xidmət apardığı vaxt gecə saatlarında Gürcüstan istiqamətindən gömrük postuna “DAF FT XF 105” markalı, 99MR251/99ZD382 nömrə nişanlı nəqliyyat vasitəsi daxil olmuşdur. Adının sonradan Təqsirləndirilən şəxs olmasını bildiyi sürücü idarə etdiyi yük nəqliyyat vasitəsini idxal xəttinə sürüb saxlamış, nəqliyyat vasitəsində daşıdığı yüklərə dair sənədləri vahid pəncərə otağına təqdim edib nəqliyyat vasitəsini gömrük nəzarətinə təqdim etmiş, sürücü ilə gömrük əməkdaşı Şahid2 şifahi olaraq sorğu-sual aparmış və onun idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və ya mütləq bəyan olunacaq hər hansı bir malın olub-olmadığını soruşmuş, Təqsirləndirilən şəxs gömrük nəzərətindən gizlədilmiş və ya mütləq bəyan olunacaq hər hansı bir malının olmadığını bildirmişdir. Şahid2 sürcünün cavabı ilə qane olmayıb onun idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirmək qərarına gəlmiş, onun, hal şahidlərinin iştirakı ilə baxış keçirilməyə başlanılmış, həmin gün, saat 04 radələrində ilk olaraq nəqliyyat vasitəsinin kabinəsinə baxış keçirilmiş, kabinədə yatağın altında gömrük nəzarətindən gizlədilmiş halda 01 ədəd kiçik kağıza bükülmüş bağlamada narkotik vasitə marixuanaya bənzər bitki kütləsi aşkar edilmişdir. Sonra sürücünün üzərinə baxış keçirilmiş, lakin onun üzərindən qanunsuz heç nə aşkar olunmamışdır. Aşkar olunan faktla əlaqədar protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2010-cu il may ayındanDGK QƏBG İdarəsinin “Qırmızı Körpü" gömrük postunun baş müfəttişi vəzifəsinə təyin olunmuşdur. xx.xx.2023-cü il tarixdə, saat 01-02 radələrində Qırmızı Körpü gömrük postunda xidmət apardığı vaxt Gürcüstan istiqamətindən gömrük postuna “DAF FT XF 105” markalı, 99MR251/99ZD382 nömrə nişanlı nəqliyyat vasitəsi daxil olmuşdur. Sürücü adı və soyadı ona sonradan məlum olan Təqsirləndirilən şəxs yük nəqliyyat vasitəsini idxal xəttinə sürüb saxlamış, daşıdığı yüklərə dair sənədləri təqdim edib nəqliyyat vasitəsini gömrük nəzarətinə təqdim eləmişdir. Bundan əvvəl sürücü ilə şifahi olaraq sorğu-sual aparmış və onun idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və ya mütləq bəyan olunacaq hər hansı bir malın olub-olmadığını xəbər almış, Təqsirləndirilən şəxs sualları cavablandıraraq gömrük nəzərətindən gizlədilmiş və ya mütləq bəyan olunacaq hər hansı bir malının olmadığını bildirmiş, o, cavab ilə qane olmamış və son zamanlar nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilmiş malların gətirilməsi tez-tez baş verdiyi üçün nəqliyyat vasitəsinə baxış keçirmək qərarına gəlmiş, inspektoru Şahid1 və hal şahidlərinin iştirakları ilə baxışa başlamış, əvvəl hal şahidlərinə onların hüquq və vəzifələri izah olunmuş, nəqliyyat vasitəsinin kabinəsinə baxış keçirildiyi vaxt kabinədə yatağın altında gömrük nəzarətindən gizlədilmiş halda 01 ədəd kiçik kağıza bükülmüş bağlama marixuanaya bənzər bitki kütləsi aşkar edilmişdir. Bununla bağlı protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 və Şahid3 da eyni məzmunlu ifadə verərək yuxarıda qeyd olunanları bir daha təsdiq etmişdirlər. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda tərtib edilmiş 02 iyun 2023-cü il tarixli “nəqliyyat vasitəsinə baxış və götürülmə” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “DAF FT XF 105” markalı, 99MR251/99ZD382 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilən zaman nəqliyyat vasitəsinin kabinasında yerləşən döşəyin altında bir ədəd kağız bükülüdə, kəskin iyə malik, marixuanaya oxşar bitki kütləsi aşkar olunmuşdur. Aşkar olunmuş bir ədəd bükülü qablaşdırması ilə birlikdə tərəzidə çəkilmiş və çəkisinin təxminən 3,5 qram olduğu müəyyən olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən məhkəmə-bioloji ekspertizasının 03 iyun 2023-cü il tarixli, 7/797 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, 1 ədəd bükümdə ümumi təmiz çəkisi 2,769 qram təşkil edən bitki mənşəli kütlə tərkibində narkotik vasitə hesab olunan, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə–qurudulmuş marixuanadır. Qeyd: Tədqiqata təqdim edilmiş qurudulmuş marixuana narkotik vasitəsinin ilkin təmiz çəkisi 2,769 qram olmuş, 0,02 qramı tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi 2,749 qram təşkil etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 05 iyun 2023-cü il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, maddi sübut kimi tanınmış ilkin təmiz çəkisi 2,769 qram təşkil etmiş, aparılmış ekspertiza tədqiqatından sonra qalıq-2,749 qram təşkil edən qurudulmuş marixuana narkotik vasitəsi saxlanması üçün Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağına təhvil verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 3527 №-li ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindiromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən “Sərhədkeçmə hesabatına baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 23:34-də “Qırmızı Körpü” sərhəd nəzarət məntəqəsindən Gürcüstana keçməklə Azərbaycan Respublikasının ərazisini tərk etmiş, xx.xx.2023-cü il tarixdə, saat 01:00-da Gürcüstandan “Qırmızı Körpü” sərhəd nəzarət məntəqəsindən keçməklə Azərbaycan Respublikasının ərazisinə daxil olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasının 12 iyun 2023-cü il tarixli, 8385 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs yuxarıda adı qeyd olunan xəstəxanada müalicədə olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzindən daxil olmuş 12 iyun 2023-cü il tarixli məktubda Təqsirləndirilən şəxs yuxarıda adı qeyd olunan mərkəzdə müalicədə və qeydiyyatda olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 12 iyun 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1, 234.2, 234.4.1 və 206.3.2-ci maddələri ilə cinayət təqibinin başlanılması əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Şəki şəhər İHB-nın Turan qəsəbəsi İƏD-si üzrə nümayəndəliyinin verdiyi 06 iyun 2023-cü il tarixli, 158 saylı arayış və xasiyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki rayonu Turan qəsəbəsində qeydiyyatda olmaqla yaşayır, anası xx.xx.1949-cu il təvəllüdlü X4, arvadı xx.xx.1982-ci il təvəllüdlü X6, qızı xx.xx.2006-cı il təvəllüdlü X3, oğlu xx.xx.2006-cı il təvəllüdlü X7 və qızı xx.xx.2010-cu il təvəllüdlü X5 tərkibdə ailə üzvləri var, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən AZ-İ №869607 saylı doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2006-cı il təvəllüdlü Adil adlı uşağın atası Təqsirləndirilən şəxsdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən AZ-İ №869608 saylı doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2006-cı il təvəllüdlü Dərya adlı uşağın atası Təqsirləndirilən şəxsdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən AZ-İİ №688678 saylı doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü Dəniz adlı uşağın atası Təqsirləndirilən şəxsdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidməti vətəndaşın həqiqi hərbi xidmət keçməsinə dair xx.xx.2023-cü il tarixli, **********723 saylı elektron arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1992-xx.xx.1992, xx.xx.1992xx.xx.1996-cı il tarixlərdə həqiqi hərbi xidmət keçmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının verdiyi 01 noyabr 2023-cü il tarixli sənəddən görünür ki, Təqsirləndirilən şəxs mülayim beyin atrofiyası xəstəliyindən əziyyət çəkir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə məhkəmə, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün etiraf edici ifadəsi ilə yanaşı, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, həmçinin məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hal, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-in 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, səmimi peşman olub törətdiyi əməli etiraf eləməsini, himayəsində biri azyaşlı və ikisi yetkinlik yaşına çatmayan olmaqla üç uşağının olmasını, beyin atrofiyası xəstəliyindən əziyyət çəkməsini, Birinci Qarabağ müharibəsində iştirak etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Məhkəmə, qeyd olunanları nəzərə almaqla Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib ona CM-nin 206.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Bundan başqa, məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, ailədə yeganə qazanc gətirən şəxs olmasını və cəzasını yüngülləşdirən digər halların məcmusunu nəzərə alaraq belə nəticəyə gəlir ki, onun cəmiyyətdən təcrid olunmadan islah olunması mümkündür. Ona görə də o, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli və cəzasını yüngülləşdirən halların məcmusu nəzərə alınmaqla hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməlidir. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulmasını məqsədəmüvafiq hesab edir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-in 70-ci maddəsinə əssasən azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməli, sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı, narkomaniyadan məcburi müalicə olunmalı, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan, DGK Əməliyyat-İstintaq Baş İdarəsində saxlanılan 2,749 qram qurudulmuş marixuana məhv edilməli, məhkəmə xərciaparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində pul ondan tutularaq Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməli, hökmün icrası Şəki rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 02 (iki) il sınaq müddəti müəyyən edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan, Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsində saxlanılan 2,749 qram qurudulmuş marixuana məhv edilsin. İş üzrə məhkəmə xərci-ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ **********00 00003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Hökmün icrası Şəki rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən:Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar