Məhkəmə qərarları › İş №1(023)-62/2025

Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-62/2025

11.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-62/2025 11.02.2026 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Tovuz Rayon Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxxxx 1990-cı ildə Qazax rayonu Barxudarlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Qazax şəhəri Ə.Seyidov küçəsi ev 41-də qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq əldə etdiyi 01 (bir) ədəd, çaxmağın üzərində 409 nömrəli olan silah 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş, AKS- 74 modelli, yivli odlu silah, texniki cəhətdən saz və atəş üçün yararlı Kalaşnikov konstruksiyalı avtomatı, 01 (bir) ədəd, zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş 30 (otuz) ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi-darağı və 15 (on beş) ədəd, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1981-ci ildə istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, döyüş sursatı hesab edilən və atəş üçün yararlı olan, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlarını bir ədəd ağ rəngli torbanın içərisində olmaqla üzərində saxlamaqla daşımış, Qazax rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 09 iyun 2025-ci il tarixdə saat 22:50-də Qazax rayonu Xanlıqlar kəndi ərazisində yerləşən “Omonların meşəsi” adlanan meşəlik ərazidə həmin odlu silahı və komplekt hissələrini qazdığı çalaya basdırmaq istəyən zaman saxlanılmış, həmin tarixdə və həmin yerdə saat 22:50-dən saat 23:04-dək olan müddətdə fasiləsiz videoçəkiliş aparılmaqla onun təqdim etdiyi ağ rəngli torbanın içərisinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 01 (bir) ədəd, çaxmağın üzərində 409 nömrəli olan silah 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş, AKS-74 modelli, yivli odlu silah, texniki cəhətdən saz və atəş üçün yararlı Kalaşnikov konstruksiyalı avtomat, 01 (bir) ədəd, zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş 30 (otuz) ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi-daraq və 15 (on beş) ədəd, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1981-ci ildə istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, döyüş sursatı hesab edilən və atəş üçün yararlı olan, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlar aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqının əvvəlində zamanı ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək, məhkəmə istintaqının sonunda özünü təqsirli bilməyək ifadəsində göstərdi ki, əvvəllər Azərbaycan Respublikası CM-in 234.1 və 234.2ci maddələri ilə məhkum olunmuşdur. Həbsdən çıxdıqdan sonra Qazax rayonu ərazisində fərdi əməklə məşğul olmuşdur. Təxminən 2025-ci ilin may ayının əvvəllərində balıq tutmaq üçün Qazax şəhərindən axan “Coğaz” çayının kənarına getmişdir. O, çayın kənarında olan vaxt yarı hissəsi suyun içərisində olan, uc tərəfi görünən ağ rəngli kisənin (torbanın) bükülü vəziyyətdə olduğunu görmüş, kisəni açdıqda içərisində avtomat və patron darağı olduğunu görmüşdür. O, patron darağının içərisinə baxdıqda 15 ədəd də patron olmuşdur. O, həmin avtomatı yenidən kisəyə qoyub bükərək yaşadığı evə aparmışdır. O, avtomatı tapdığı kisə suyu içərisində qaldığı üçün palçıqlı vəziyyətdə olmuşdur. Buna görə də o, evdə həmin kisəni çıxardıb avtomat və darağı başqa kisəyə qoymuşdur. Avtomatı tapdığı kisəni zibilə atmışdır. O, həmin avtomatı yaşadığı evin həyətində yaşayış evinin arxa tərəfində saxlamışdır. O, bir müddət həmin avtomat silahına müştəri axtarmış, lakin tapa bilməmişdir. Bundan sonra həmin silahı yaşadığı evdən kənarda gizlətmək qərarına gəlmişdir. Belə ki, o, silah satmaq istədiyini polis əməkdaşları bildiyi halda gəlib evi axtaracaqlarından qorxduğu üçün həmin avtomatı başqa yerdə gizlətmək qərarına gəlmişdir. Bu məqsədlə də o, əvvəlcə Qazax rayonu Xanlıqlar kəndi ərazisində yerləşən “Omonların meşəsi” adlanan meşə zolağına getmişdir. Həmin meşə zolağında torpağı qazıb avtomatı gizlədəcəyi yeri müəyyən etmişdir. Bundan sonra isə 09 iyun 2025-ci il tarixdə saat 22 radələrində avtomatı, içərisində 15 ədəd patron olan avtomat darağı olan kisəni və yeri qazmaq üçün bir ədəd kürək götürüb çayın kənarı ilə Qazax rayonu Xanlıqlar kəndində yerləşən “Omonların meşəsi” adlanan əraziyə getmişdir. O, əvvəlcədən müəyyənləşdirdiyi əraziyə çatmış və kürəklə torpağı qazmağa başlamışdır. O, torpağı bir qədər qazdıqdan sonra polis əməkdaşları onun yanına gəlmişlər. Polis əməkdaşları ona özlərini təqdim edərək videoçəkilişlə avtomata, patronlara və darağa baxış keçirmişlər. Bundan sonra həmin avtomatı, patronları və darağı həmin kisədə qablaşdırmışlar. Onu da özləri ilə Qazax Rayon Polis Şöbəsinə gətirmişlər. Qazax Rayon Polis Şöbəsində təhqiqatçının iş otağında onu şübhəli şəxs kimi tutmuşlar. Bundan sonra ona hüquq və vəzifələri izah edilərək dövlət hesabına müdafiəçi təqdim edilmişdir. Müdafiəçinin iştirakı ilə əvvəlcə ondan götürdükləri kisədə olan avtomata, patronlara və avtomat darağına baxış keçirilmişdir. Sonra həmin avtomat, 15 ədəd patron və avtomat darağı ekspertizyaya göndərilməsi üçün həmin kisəyə qoyulub qablaşdırılmışdır.Bundan sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən heç bir əşya aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilmiş, protokolun doğruluğunu imzalarla təsdiq etmişlər.Ona ünvanlanmış suallara cavab olaraq göstərmişdir ki, həmin avtomatı, 15 ədəd patronu və avtomat darağını hamısını bir yerdə 2025-ci ilin may ayının əvvəllərində Qazax şəhəri “Coğaz” çayının kənarından tapmışdır. Daha sonra göstərmişdir ki, o, həmin avtomatı, patronları və avtomat darağını tapdıqdan sonra yaşadığı evə gətirib həyətdə gizlətmişdir. O, həmin avtomata müştəri axtarmışdır. Bu məqsədlə bir neçə nəfərə bildirmişdir. O, çayın kənarından AKS-74 markalı avtomat, 15 ədəd patron və avtomat darağı tapmağını heç kimə deməmişdir. Bundan başqa göstərmişdir ki, o, həmin avtomatdan istifadə etməmişdir, lakin məhkəmə istintaqının sonunda Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək göstərmişdir ki, təxminən 9-10 iyul tarixlərində günorta saat 2-3 radələrində yaşadığı evdə olan zaman polis əməkldaşları onun evinə gələrək, onlarla birlikdə Qazax Rayon Polis şöbəsinə getməsini bildirmişlər. O da polislərlə birlikdə Rayon polis şöbəsinə getmiş, polis şöbəsində əgər silahı götürməsə onun barəsində Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət işi başlanacağını bildirmişlər. O da məcbur olub, silahın ona məxsus oldugunu, “omon meşəsi ” adlanan meşədən tapdıgını bildirmişdir. Təqsirləndirilən şəxs sözügedən silahın ona aid olmaması, polis əməkdaşlarının onu “Omonların meşəsi” adlanan meşəlik ərazidə saxlamadıqlarını, evində olarkən polis işçiləri tərəfindən polis şöbəsinə aparıldıgını, polis əməkdaşları tərəfindən ona pisixoloji təsir edildiyini bildirərək məhkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində Şahid1 ifadəsində bildirmişdir ki, hazırda Qazax RPŞ-in CAB-in rəisi vəzifəsində xidmət edir. Qazax rayon sakini Təqsirləndirilən şəxs Qazax rayonu ərazisində odlu silah əldə etməsi və daşıması ilə bağlı məlumat daxil olduğundan 09 iyun 2025-ci il tarixdə Qazax RPŞ-in rəisinin razılığı əsasında əməliyyataxtarış tədbirləri keçirilməsi məqsədilə əməliyyat qrupu təşkil olunmuşdur. Əməliyyat obyekti olan Təqsirləndirilən şəxs Qazax rayonu Xanlıqlar kəndi ərazisində yerləşən “Omonların meşəsi” adlanan meşəlik əraziyə getməsi barədə əməliyyat məlumatı aldıqdan sonra 09 iyun 2025-ci il tarixdə saat təxminən 22 radələrində Qazax RPŞ-in əməkdaşlarından ibarət əməliyyat qrupu ilə birlikdə əməliyyat tədbirlərinin keçirilməsi üçün Təqsirləndirilən şəxs getdiyi Qazax rayonu Xanlıqlar kəndində yerləşən qeyd edilən meşəlik əraziyə yollanmışlar. Qeyd edilən əraziyə çatdıqdan sonra mobil telefonların işıqlandırmasından istifadə edib meşəlik ərazinin içərisinə doğru bir qədər hərəkət etdikdən sonra görünüşü əvvəlcədən əməliyyat məlumatı əsasında onlara məlum olan Təqsirləndirilən şəxs ağ rəngli torbanın içərisində olan avtomata bənzər predmeti və onun hissələrini torpaqda qazdığı çalaya basdırmaq istəməsinin şahidi olmuşlar. Onlar dərhal Təqsirləndirilən şəxs yaxınlaşdıqdan sonra onun qaçması, və ya qeyri-adekvat hərəkətlər etməsi ehtimalının qarşısını almaq üçün Qazax RPŞ-in PPXB-in polis nəfəri Şahid5 və NMQ-ın baş əməliyyat müvəkkili Şahid3 onun qollarından tutaraq saxlamışdır. Bundan sonra isə o, özünü və qrupun digər üzvlərini təqdim edib, Təqsirləndirilən şəxs anket məlumatlarını dəqiqləşdirdikdən sonra tədbirin mahiyyətini izah etmişdir. Daha sonra ona şübhənin mahiyyəti izah olunduqdan sonra ona üzərində qanunsuz predmet varsa təqdim edilməsi təklif etmişdir. Bundan sonra isə onun qolları nisbətən sərbəst buraxılmışdır. Təqsirləndirilən şəxs isə yerdə torpağın üzərində olan ağ rəngli torbanı təqdim edərək içərisində odlu silah və komplekt hissələrinin olmasını bildirmişdir. Daha sonra isə həmin ağ rəngli torba açılmış və içərisində avtomat silahına bənzər predmet, sandıqça və patronlar aşkar edilmişdir. Onunla şifahi soraqlaşma zamanı həmin odlu silahı və komplekt hissələrini Qazax rayonu ərazisində keçən Coğaz çayının sahilindən tapdığını və satmaq üçün saxladığını bildirmişdir. Daha sonra isə həmin silaha bənzər predmet və onun komplekt hissələrinə vizual baxış keçirilməklə qablaşdırılaraq götürülmüş və buna dair tərtib olunmuş raport iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra isə onlar həmin predmetləri və Təqsirləndirilən şəxs Firdovsu oğlunu bilavasitə təqdim etmək üçün Qazax RPŞ-in inzibati binasına aparmışlar. Orada isə xidməti otaqların birində təhqiqatçı Elmir Şıxıyev, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutub hüquq və vəzifələrini izah etmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs yenidən hüquq və vəzifələrini izah edib, müdafiəçi qismində özünün seçdiyi Qazax rayon Vəkil Bürosunun üzvü X1 təyin etdikdən sonra, video çəkiliş aparılmaqla onların və müdafiəçi Nicat Mehtixanovun iştirakı ilə götürülərək təqdim edilmiş predmetlərə və Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən baxış və şəxsi axtarış keçirilməsi başlanmışdır. Torbada aşkar edilmiş predmetlərin nə olması ilə bağlı suala Təqsirləndirilən şəxs şifahi cavab verərək həmin predmetlərin avtomat və onun komplekt hissələri olmasını, təxminən 1 (bir) ay əvvəl Qazax rayonu ərazisindən keçən Coğaz çayının sahilində tapmasını və satmaq məqsədi ilə saxlamasını bildirmişdir. Onun üzərinə daha sonra təhqiqatçı tərəfindən şəxsi axtarış aparılsa da, heç bir qanunsuz predmet aşkar edilməmişdir. Daha sonra isə bununla bağlı protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qazax rayon Polis Şöbəsinin əməkdaşları Şahid2, Şahid3, Şahid6, Şahid4 və Şahid5 digər Şahid1 ilə eyni məzmunlu ifadə verərək deyilənləri bir daha təsdiq etmişlər. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan kompleks məhkəmə-ballistik ekspertizasının 10 iyun 2025-ci il tarixli 25/938 saylı rəyindən görünür ki, 01 ədəd, çaxmağın üzərində 409 nömrəsi olan silah 5,45 kalibrli olmaqla, zavod üsulu ilə, keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş, AKS-74 modelli, Kalaşnikov konstruksiyalı avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın təyinatı hər hansı bir kustar üsulu ilə dəyişikliklərə məruz qalmamışdır. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə, keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş, 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 15 ədəd patronlar zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1981-ci ildə istehsal olunmuş, 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlarıdır, döyüş sursatı hesab edilir və atəş üçün yararlıdırlar. Qeyd olunan rəyə əlavə olunması üçün Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 21 iyul 2025-ci il tarixli 3-13-11/2-8775/2025 nömrəli sənədlə müəyyən edilmişdir ki, 01 (bir) ədəd 5,45 mm kalibrli, nömrəsi silinmiş, çaxmağında 409 nömrəsi olan AKS-74 modelli avtomatdan eksperimental qaydada atılmış güllə və giliz nümunələri İdarənin “güllə-giliz” kartotekasında “Arsenal” avtomatlaşdırılmış ballistik eyniləşdirmə sistemi vasitəsilə yoxlanılmış, müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası CPM-in 236, 242-247-ci maddələrinin tələblərinə müvafiq qaydada keçirilməklə tərtib olunmuş “əməliyyat-axtarış tədbiri keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və götürmə aparılması, şəxsi axtarış keçirilməsi” haqqında 10 iyun 2025-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs (istintaq hərəkəti aparılan zaman Azərbaycan Respublikası CPM-in 90-cı maddəsinə əsasən şübhəli şəxs qismində tutulmuş) Təqsirləndirilən şəxs iştirakı ilə əməliyyat-axtarış tədbiri keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim olunmuş əşyalara baxış keçirilən zaman, həmin predmetlərin 01(bir) ədəd “Kalaşnikov” konstruksiyalı, 5,45 mm kalibrli, “AKS-74” markalı avtomat silahı, 30 (otuz) ədəd 5,45 x 39 mm kalibrli patron tutumuna malik olan 01 (bir) ədəd sandıqça və 15 (on beş) ədəd patron olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs (istintaq hərəkəti aparılan zaman Azərbaycan Respublikası CPM-in 90-cı maddəsinə əsasən şübhəli şəxs qismində tutulmuş) Təqsirləndirilən şəxs silah və onun komplekt hissələrini Qazax rayonu ərazisindən keçən Coğaz çayından tapdığını və sonradan satmaq üçün yaşadığı evə gətirərək saxladığını, daha sonra isə gizlətmək üçün Qazax rayonu ərazisində yerləşən “Omonların meşəsi” adlı meşəlik əraziyə aparmasını etiraf etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan 01 iyul 2025-ci il tarixli “maddi sübut kimi tanınma” haqqında qərardan görünür ki, iş üzrə 09 iyun 2025-ci il tarixdə Təqsirləndirilən şəxs aşkar edilmiş və götürülmüş 01 (bir) ədəd, çaxmağın üzərində 409 nömrəli olan silah 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş, AKS-74 modelli, yivli odlu silah, texniki cəhətdən saz və atəş üçün yararlı Kalaşnikov konstruksiyalı avtomat, 01 (bir) ədəd, zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş 30 (otuz) ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi- daraq və 15 (on beş) ədəd, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1981-ci ildə istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, döyüş sursatı hesab edilən və atəş üçün yararlı olan, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlar Azərbaycan Respublikası CPM-in 128-ci maddəsində nəzərdə tutulan əsaslar olduğundan maddi sübut kimi tanınaraq Qazax RPŞ-nin saxlanc yerinə təhvil verilmiş, patronların 03 (üç) ədədinin tədqiqat zamanı istifadə olunması və 12 (on iki) ədəd sayda təhvil verilməsi nəzərə alınmışdır. DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Qazax Rayon Məhkəməsinin 07 may 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 315.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay şərti sınaq müddəti təyin edilməklə 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 30 noyabr 2015-ci il tarixdə cəzasını tam çəkib qurtarmışdır. Bundan başqa o, Qazax Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Daha sonra o, Qazax Rayon Məhkəməsinin 22 iyul 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli qərarı əsasında 11 iyul 2024-cü il tarixdə, 11 ay 15 gün vaxtından əvvəl şərti azad olunmuş, hazırda məhkumluğu ödənilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan Qazax rayon Psixiatriya xəstəxanasından təqdim edilmiş 16 iyul 2025-ci il tarixli 1277 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Qazax Psixiatriya xəstəxanasında psixoloji və narkoloji qeydiyyatda yoxdur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 gün tutulmuşdur. Qazax RİHB-nın Barxudalı kənd İƏD üzrə nümayəndəliyinin verdiyi 21 iyul 2025-ci il tarixli, 5-58-7-12-21/2-176-25 saylı arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. 22 iyul 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 29, 228.3, 229.1 və 232.1-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilməsi və bu barədə qəbul edilmiş qərarın surəti rayon prokuroruna göndərilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə istintaq zamanı Təqsirləndirilən şəxs əvvəlki məhkəmə iclaslarında özünü təqsirli bilsə də daha sonrakı məhkəmə iclaslarında özünü təqsirli bilməyərək öz müdafiəsi üçün polislərin onu yaşadığı evdən apardığını, sözügedən silahın ona məxsus olmadığını, videoçəkiliş zamanı polislərin təzyiqi altında silahın ona məxsus olmasını bildirməsinə baxmayaraq, bununla bağlı heç bir sübut təqdim etmədiyindən özünü müdafiə üçün gətirdiyi dəlillərdir. İş üzrə toplanmış obyektiv sübutlarla, əməliyyataxtarış tədbirlərinin keçirilməsi zamanı çəkilmiş video görüntünün olduğu protokol, şahid ifadələri, şəxsin özünün əvvəllər vermiş olduğu etirafedici ifadələri, ekspertiza rəyləri, götürülmüş maddi sübutlar ilə təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqının sonunda özünü təqsirli bilməməsi onun özünü müdafiə xarakteri daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1.-ci maddəsinə uyğun olaraq, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində məhkumluq onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə ödənilmiş hesab edilir. Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə məhkumluğun ödənilməsi vaxtı əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxsə təyin edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. CM-nin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişdirsə, o, azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-nin 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır, xüsusilə ağır cinayət törətdikdə məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir, ona bu Məcəllənin 67.1-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Qeyd olunalara əsasən məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs iş üzrə cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs cəzadan vaxtında əvvəl şərti azad edildiyi müddətdə yenidən Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətmişdir, bu da cinayətlərin residivini yaradır. Beləliklə məhkəmə, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün ilkin məhkəmə istintaqı zamanı etiraf edici ifadəsi ilə yanaşı, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, həmçinin məhkəməistintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hal, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkməsi müəyyən edilir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın onların islah olunmasına təsirini, həmçinin, təqsirləndirilən şəxsin əmlak vəziyyətini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Məhkəmə, qeyd olunanları nəzərə alıb təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs CM-nin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni və ədalətli hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 11 (on bir) ay 15 (on beş) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi ləğv edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 11 (on bir) ay 15 (on beş) gün hissəsi qismən birləşdirilməli, Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş 03 (üç) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 03 (üç) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 11 fevral 2026-cı il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa iş üzrə Qazax Rayon Məhkəməsinin 16 yanvar 2026-cı il tarixli qərarı ilə həbsdə olması nəzərə alınmalı, iş üzrə maddi sübut olan, Qazax rayon Polis şöbəsinində saxlanılan 01 (bir) ədəd, çaxmağın üzərində 409 nömrəli olan silah 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş, AKS-74 modelli, yivli odlu silah, texniki cəhətdən saz və atəş üçün yararlı Kalaşnikov konstruksiyalı avtomat, 01 (bir) ədəd, zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş 30 (otuz) ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi- daraq və 15 (on beş) ədəd, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1981-ci ildə istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, döyüş sursatı hesab edilən və atəş üçün yararlı olan, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlar tədqiqat keçirildikdən sonra patronların sayının 12 (on iki) ədəd qalması nəzərə alınmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki təminat Baş idarəsinə təhvil verilməlidir. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 175, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinsin 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 11 (on bir) ay 15 (on beş) gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 11 (on bir) ay 15 (on beş) gün hissəsi qismən birləşdirilsin, Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş 03 (üç) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 03 (üç) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 11 fevral 2026-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə əlaqədar başqa iş üzrə Qazax Rayon Məhkəməsinin 16 yanvar 2026-cı il tarixli qərarı ilə həbsdə olması nəzərə alınsın. İş üzrə maddi sübut olan, Qazax rayon Polis şöbəsinində saxlanılan 01 (bir) ədəd, çaxmağın üzərində 409 nömrəli olan silah 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş, AKS-74 modelli, yivli odlu silah, texniki cəhətdən saz və atəş üçün yararlı Kalaşnikov konstruksiyalı avtomat, 01 (bir) ədəd, zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş 30 (otuz) ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi-daraq və 15 (on beş) ədəd, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1981-ci ildə istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, döyüş sursatı hesab edilən və atəş üçün yararlı olan, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlar tədqiqat keçirildikdən sonra patronların sayının 12 (on iki) ədəd qalması nəzərə alınmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki təminat Baş idarəsinə təhvil verilsin . Hökm elan olunduğu (həbsdə olan şəxsə verildiyi) andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar