Məhkəmə qərarları › İş №1(023)-63/2023

Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-63/2023

15.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-63/2023 15.09.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənov Məhəmməd Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Qazax rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1987-ci ildə Qazax şəhrində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq əldə etdiyi odlu yivli silah hesab edilən 01 ədəd nömrəsi silinmiş, keçmiş SSRİ dövründə Tula silah zavodunda istehsal olunmuş, 5,6 mm kalibrli, quş və xırda heyvan ovlamaq üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və atəş üçün yararlı olan, hissə və mexanizmləri üzərində sonradan heç bir dəyişiklik edilməmiş, TOZ-8 modelli yivli ov tüfəngini ünvan 2 ünvanında yerləşən yaşadığı fərdi yaşayış evinin otağında yerləşən çarpayının alt hissəsində qanunsuz olaraq saxlamış, xx.xx.2023-cü il tarixdə saat saat 17:23-dən 18:50-dək olan müddət ərzində Qazax rayon polis şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə baxış zamanı həmin TOZ-8 modelli odlu yivli silah aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Qazax rayon ərazisində enerji və digər içkilərin dəmir materialdan hazırlanmış içərisi boş olan qablarını yığıb satmaqla maddi ehtiyaclarını qarşılayır. Hazırkı iş üzrə tutulmamışdan bir ay əvvəl, yəni 2023-cü ilin may ayının əvvəllərində günorta saatlarında Ağstafa çayının Qazax şəhəri Nəriman Nərimanov qəsəbəsindən keçən hissəsinin sahillərindən tullanmış içərisi boş enerji içkilərinin qutularını yığdığı vaxt orada bitmiş qamış kollarının kənarında ağ rəngli torbanın içərisində dəmir parçası olduğunu görmüş və dəmir parçasını metal tullantıları qəbul edən sexlərdən birinə satmaq məqsədi ilə torbanı açmış, içərisində ov silahına oxşar silah olduğunu görmüş, silahı üzərində olan torbaya bükərək ünvan 2 ünvanında yerləşən yaşadığı evə aparmış və evdə olan çarpayının altında gizlətmişdir. Onun tapdığı silah barədə heç kimin, o cümlədən ailə üzvlərinin də xəbəri olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində yaşadığı evdə olan zaman evin giriş qapısının döyüldüyünü eşidib qapını açmış və bir nəfər şəxsin polis geyimində, bir neçə nəfər şəxsin isə mülki geyimdə qapının qarşısında dayandıqlarını görmüş, polis əməkdaşı ondan özünü təqdim etməyini istəmiş, o, özünü təqdim etmiş, sonra polis əməkdaşı ona yaşadığı evdə qanunsuz olaraq odlu silah saxlaması barədə məlumat olduğunu demiş, o, özü ərizə yazıb polis əməkdaşlarına təqdim etmiş, ondan qanunsuz silah saxlayıb saxlamadığı soruşulmuş, o da həbs edilməkdən qorxduğu üçün heç bir silahı olmadığını demişdir. Bundan sonra yaşadığı evə baxış keçirilmiş və evin yataq otağında olan, özünün yatdığı çarpayının altında ağ rəngli polietilen torbaya bükülü vəziyyətdə saxladığı ov silahı aşkar edilmiş, bağlamada nə olduğu ondan soruşulmuş, o da silah olduğunu, “Bizon” qutuları yığan zaman Ağstafa çayının kənarından tapdığını bildirmişdir. Daha sonra silah ağ rəngli polietilen torbadan çıxarılmış, “TOZ-8” markalı silaha oxşadığı deyilmiş, silah qablaşdırılmış, üzəri möhürlənmiş, bir ədəd ağ rəngli kağızda silah barədə yazılmış, həmin kağızın üzərini bütün iştirakçılar kimi o da imzalamışdır. Bundan sonra yaşadığı evdən saxlanması qanunla qadağan olunmuş heç bir əşya aşkar edilməmişdir. Evinə baxış aparılması barədə protokol tərtib edilmiş, həmin protokolun doğruluğunu o da imzası ilə təsdiq eləmişdir. Hazırda törətdiyi cinayət əməlinə görə peşmandır, məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində Şahid1 ifadəsində bildirmişdir ki, Qazax RPŞnin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində və polis kapitanı xüsusi rütbəsində xidmət edir. ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. xx.xx.2023-cü il tarixdə saat 16:45 radələrində xidmətdə olan zaman ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə etməsi və yaşadığı evdə saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, bu barədə RPŞ-nin rəhbərliyinə raportla müraciət etmiş və rəhbərliyin razılığından sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul etmiş, PŞ-nin rəhbərliyi altında o, Qazax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis kapitanı Şahid2, Qazax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid4, Qazax RPŞ-nin TB-nin təhqiqatçısı X4, Qazax RPŞ-nin PPXB-nün polis nəfəri polis serjantı Şahid3 və Qazax RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti polis kapitanı X2 ibarət əməliyyat istintaq qrupu yaradılmış və Qazax RPŞ-nin rəhbərliyi tərəfindən daxil olmuş əməliyyat məlumatının yoxlanılması zərurəti ilə əlaqədar qrupa daxil edilmiş əməkdaşlar təlimatlandırılmışdır. Bundan sonra o, qrupa daxil edilmiş bütün əməkdaşlarla birlikdə Qazax RPŞ-nin inzibati binasından çıxaraq Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanı istiqamətində yola düşmüşdür. xx.xx.2023-cü il tarixdə saat 17:20 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına çatmışlar. X3 Afiqin yaşadığı evin dəmir konstruksiyalı giriş qapısını döyməyə başlamış, Afiq qapını açmış, onlar özlərini təqdim etmiş, Afiq onları içəri dəvət eləmiş və evə daxil olmuşlar. Orada X5 özünü təqdim etməsini istəmiş, Afiq də özünü təqdim eləmiş, X9 yaşadığı evdə qanunsuz olaraq odlu silah saxlaması barədə məlumat daxil olduğunu və yaşadığı evə baxış keçirməli olduğunu bildirmiş, Afiq evə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmiş və bu barədə ərizə yazmış, sonra yenidən X1suz silah saxlayıb saxlamadığını soruşmuş, Afiq heç bir silah olmadığını demişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməyə başlanmış və evin yataq otağında olan və Afiqin yatdığı çarpayının altında ağ rəngli polietilen torbaya bükülü vəziyyətdə saxladığı ov silahına oxşar əşya aşkar edilmiş, Afiqdən həmin bağlamada nə olduğu soruşulmuş, Afiq silah olduğunu, “Bizon” qutuları yığan zaman Ağstafa çayının kənarından tapdığını bildirmişdir. Daha sonra ağ rəngli polietilen torba açılmış, içərisindən “TOZ-8” markalı silah aşkar edilmiş, aşkar edilmiş silah qablaşdırılmış, üzəri möhürlənmiş, ağ rəngli kağızda silah barədə yazılmış, həmin kağızın üzərini bütün iştirakçılar kimi o da imzalamış, sonra həmin kağız silahın qablaşdırmasına bərkidilmişdir. Bundan sonra Afiqin yaşadığı evdən saxlanması qanunla qadağan olunmuş heç bir əşya aşkar edilməmişdir. Afiqin yaşadığı evdə baxış aparılması barədə protokol tərtib edilmiş, həmin protokolun doğruluğunu o da imzası ilə təsdiq eləmişdir. Baxı həmin gün, saat 17:23-də başlamış, saat 18:50-də bitmişdir. Baxış zamanı Qazax RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti Rahil Hüseynov tərəfindən videoçəkiliş aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qazax rayon Polis Şöbəsinin əməkdaşları Şahid2, Şahid3 və Şahid4 digər Şahid1 ilə eyni məzmunlu ifadə verərək deyilənləri bir daha təsdiq etmişlər. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan məhkəmə-ballistik ekspertizasının xx.xx.2023-cü il tarixli, 23/418R saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd №-si silinmiş silah, keçmiş SSRİ dövründə Tula silah zavodunda islehsal olunmuş 5,6 mm kalibrli, TOZ-8 modelli ov tüfəngidir, odlu yivli silahdır. Həmin silah quş və xırda heyvan ovlamaq üçün nəzərdə tutulmuşdur, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan təyinatı dəyişdirilən heç bir əlavə dəyişiklik edilməmişdir. Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-in KTİ-də yerləşən “güllə-giliz” kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında məlumat veriləcəkdir. DİN-in KTİ-də “məhkəmə fiziki kimyəvi” ekspertizası keçirilmədiyindən tədqiqata təqdim edilmiş silahın kustar üsulla silinmiş zavod nömrəsini göstərən hərf-rəqəmləri və istehsal ilinin axırıncı rəqəmini müəyyən etmək mümkün olmamışdır. DİN-in KTİ-də “itirilmiş oğurlanmış” silahların qeydiyatı aparılmadığından qərarda qeyd olunan “eyni zamanda hansı orqana və ya quruma məxsus olması müəyyən edilsin” sualına cavab verilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan aşagıdakı sübutlardan aydın olur ki, DİN-in KTİ-dən alınmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, təqdim edilmiş 01 ədəd 5,6 mm kalibrli №-si silinmiş, TOZ-8 modelli tüfəngdən eksperimental qaydada atılmış güllə-giliz nümunələri idarəinin “güllə-giliz” kartotekasında “ARSENAL” avtomatlaşdırılmış ballistik sistemi vasitəsilə yoxlanıldığı və müqayisəli tədqiqt zamanı eynilik aşkar edilmədiyi göstərilmişdir. DİN-in BƏSİİ-dən alınmış tələbnamədən, Qazax Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli hökmü və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Qazax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 228.1-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən üzərində 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən cəzasının xx.xx.2022-ci il tarixi üçün çəkilməmiş 01 il 10 ay 21 günlük hissəsi 06 ay azaldılmış və Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarına əsasən cəzasının çəkilməmiş 01 ay 17 günlük hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, hazırda məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 16 saylı cəzaçəkmə müəsisəsinin verdiyi 10 fevral 2023-cü il tarixli, 29 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 29 sentyabr 2021-ci ildən 10 fevral 2023-cü ilədək cəza müddətini çəkmiş və xx.xx.2023-cü il tarixdə Suraxanı Rayon Məhkəməsinin qərarı ilə cəzadan vaxtından əvvəl şərti azad olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan Qazax rayon Psixiatriya xəstəxanasından təqdim edilmiş xx.xx.2023-cü tarixli 996 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Qazax rayon Psixiatriya xəstəxanasında psixoloji qeydiyyatda yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan Qazax RPŞ-dən əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan və müxtəlif içkilərin metal qutularını yığıb satmaqla məşğul olan Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş “TOZ-8” markalı odlu yivli ov silahını “Ağstafa” çayının Qazax şəhəri N.Nərimanov qəsəbəsindən keçən hissəsində, həmin çayın kənarlarında bitmiş bitki kollarının hər hansı birinin alt hissəsindən əldə etmiş, həmin silahı satmaq məqsədi ilə yaşadığı evdə saxlamış, lakin silahı satmaq məqsədi ilə hər hansı bir şəxslə hər hansı bir formada əlaqə yaratmasını müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 gün tutulmuşdur. Qazax RİHB-nın Qazax şəhər İƏD üzrə nümayəndəliyinin verdiyi 07 iyun 2023-cü il tarixli, 5-58-1-xx-xx/2729/2023 saylı arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında qeydiyyatdadır, anası 1953-cü il təvəllüdlü X6 tərkibdə ailə üzvü var, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan xx.xx.2023-cü il tarixli (baxış protokolunu yaz), baxış 17:23-də başlamış, 18:50-də bitmişdir. 24 iyun 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs odlu silah əldə etdiyi mənbə istintaqa məlum olmayan mənbə kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən odli yivli silah hesab edilən TOZ-8 modelli ov silahını əldə etməsi faktına görə material ayrılmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 228.2.1 və 228.2.2-ci maddələrinin tərkib əlamətləri olmadığından barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən həmin maddələr ilə cinayət təqibinə xitam verilmişdir. Beləliklə məhkəmə, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün etiraf edici ifadəsi ilə yanaşı, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, həmçinin məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hal, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1.-ci maddəsinə görə, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs cəzasını çəkib qurtardığı gündən 02 il müddət keçmədən və məhkumluq müddəti məhkəmə tərəfindən vaxtından əvvəl onun üzərindən götürülmədən CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətmişdir, bu da cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi, əməlində cinayətlərin residivinin olmasını isə iş üzrə onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkməsi müəyyən edilir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın onların islah olunmasına təsirini, həmçinin, təqsirləndirilən şəxsin əmlak vəziyyətini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Məhkəmə, qeyd olunanları nəzərə alıb təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs CM-nin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni və ədalətli hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-in 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində tutulduğu 02 gün müddət ona təyin edilən cəzadan çıxılmalı, o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 15 sentyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz edilməli, o, məhkəmə iclas zalından dərhal həbs edilməli, barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan, Qazax Rayon Polis Şöbəsinin müvəqqəti saxlanc anbarında saxlanılan 01 ədəd TOZ-8 modelli ov tüfəngi müsadirə edilərək DİN-nə təhvil verilməlidir. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 175, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 15 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin, o, məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan, Qazax Rayon Polis Şöbəsinin müvəqqəti saxlanc anbarında saxlanılan 01 ədəd TOZ-8 modelli ov tüfəngi müsadirə edilərək DİN-nə təhvil verilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən:Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar