Məhkəmə qərarları › İş №1(023)-63/2024

Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-63/2024

16.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-63/2024 16.10.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi– Qazax rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1974-cü ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təmiz çəkisi 0,294 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda əldə edib üzərində saxlamaqla daşımış, Qazax rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 24 iyun 2024-cü il tarixdə saat 17:30-da ünvan 2 ünvanında yerləşən “Samir” adlı marketin yaxınlığında saxlanılaraq Qazax şəhəri, Heydər Əliyev prospekti 165A ünvanında yerləşən rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və qeyd edilən ünvanda 24 iyun 2024-cü il tarixdə saat 18:25-dən saat 19:20-dək olan müddət ərzində üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli parça materialından olan idman şalvarının sağ yan cibindən 1 (bir) ədəd “gümüşü” rəngli kağız bükümdəki, şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,294 qram təşkil edən, xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Qazax şəhəri, İsmət Qayıbov küçəsi, ev 10 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Fərdi əməklə məşğuldur, ustalıq edir. Hazırki iş üzrə tutulmamışdan bir neçə gün əvvəl Ağstafa şəhər Dəmiryol vağzalının yaxınlığındakı küçədə yerdən siqaret qutusu tapmış, götürüb baxdıqda içərisində 01 ədəd gümüşü rəngli kağız bükümü, bükümü də açdıqda içindəkinin metamfetamin olmasını görmüş, metamfetamini şəxsi istifadəsi üçün bükülü halda əynindəki idman şalvarının sağ yan cibinə qoymuş, lakin istifadə etməmiş, metamfetamin cibində qalmışdır. 24 iyun 2024-cü il tarixdə saat 17:30 radələrində Qazax şəhəri, Bakı küçəsində yerləşən “Samir” adlı marketin yaxınlığında piyada şəkildə hərəkətdə olan zaman Qazax RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin, psixotrop maddələrin əldə edilməsi, daşınması, saxlanması və istehlakında şübhəli olduğumu bildirirərək onlarla birlikdə polis şöbəsinə getməli olduğunu izah etmişlər. Polislərin təklifinə etiraz bildirmədən könüllü surətdə polis əməkdaşları ilə birlikdə Qazax RPŞ-nə getmişdir. Orada müdafiəçi ilə təmin edilmiş, videoçəkilişlə üzərində şəxsi axtarış aparılmış, əvvəlcə ona üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla daşınması qadağan olunmuş hər hansı əşyanın olub-olmaması, əgər varsa təqdim etməsi təklif olunmuş, o da əynindəki şalvarın sağ cibindən içərisində metamfetamin olan bükümü çıxarıb təqdim etmiş, Ağstafa şəhəri ərazisində küçədən tapdığını demişdir. Həmin bükülü açılıb baxılmış, elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb götürülmüş, sonra üzərində şəxsi axtarış davam etdirilmiş, başqa qanunsuz əşya aşkar edilməmişdir. Əməlindən peşmandır, gələcəkdə bir daha qanunsuz əməllərə yol verməyəcəkdir. Ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Qazax RRP-nin Narkomaniyaya qarşı Mübarizə Qrupunun baş əməliyyat müvəkkili vəzifəsini müvəqqəti olaraq icra edir. 24 iyun 2024-cü il tarixdə Qazax şəhəri, İsmət Qayıbov küçəsi, ev 10 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib üzərində saxlaması və daşıması barədə ona əməliyyat məlumatı daxil olduğundan həmin əməliyyat məlumatının yoxlanılması üçün raportla rayon polis şöbəsinin rəisinə məruzə etmiş, rəisin göstərişinə əsasən əməliyyat məlumatının yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul etmiş və onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmış, həmin gün, 17:30-da özü, polis əməkdaşları Şahid2 və Şahid3la birlikdə Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yerləşən “Samir” adlı marketin yaxınlığında saxlayaraq özlərini təqdim edərək polis şöbəsinə dəvət etmişlər. İlham narazılıq bildirməmiş, birlikdə Qazax RPŞ-nə getmişlər. Polis şöbəsinin inzibati binasında təhqiqatçının otağında müdafiəçisinin də iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, əvvəlcə təhqiqatçı ona üzərində narkotik vasitə, psixotrop maddə və onların prekursorları varsa təqdim etməsini təklif etmiş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli parça materialından hazırlanmış idman şalvarının sağ yan cibindən 01 ədəd siqaret qutusunun gümüşü rəngli kağızının içərisində şəffaf sellofan kəsiyi bükümünü çıxardıb təqdim edərək metamfetamin olduğunu, Ağstafa şəhərindəki Dəmiryol vağzalının yaxınlığında, küçədə yerdən taparaq öz şəxsi istifadəsi üçün götürüb üzərində saxladığını bildirmişdir. Həmin büküm açılıb baxılmış, elektron tərəzidə çəkilib qablaşdırılmış və götürülmüş, müvafiq zərfin üzəri möhürlənmiş, qeydlər aparılmış, onun özü və digər iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, lakin qanunsuz hər hansı əşya aşkar edilməmişdir. Şəxsi axtarış başa çatdıqdan sonra təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, onun özü və digər iştirakçılar tanış olduqdan sonra protokolu imzalamışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Lətif oğlu digər Şahid1 ifadəsinə oxşar ifadə verərək deyilənləri bir daha təsdiq etmişdir. İş üzrə şahid olan Şahid2 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, o da yuxarıda göstərilənlərlə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 24 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulub 26 iyun 2024-cü il tarixdə Qazax RPŞ-nin MSY-dən azad edilərək ümumilikdə 02 gün tutulmuşdur. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 25 iyun 2024cü il tarixli, 16/739 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə...” yazılar və imzalar olan kağız paketdə, 1 (bir) ədəd “gümüşü” rəngli kağız bükümdəki, şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,294 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İİ bəndinə daxildir (0,294 qram metamfetamindən 0,05 qramı ekspertiza tədqiqatına sərf edilmiş, 0,244 qram metamfetamin qalmışdır). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 09 avqust 2024-cü il tarixli, 1326 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olam metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, 24 iyun 2024-cü il saat 18:25-dən saat 19:20-dək olan müddət ərzində videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli parça materialından olan idman şalvarının sağ yan cibindən bir ədəd siqaret qutusunun gümüşü rəngli kağızının içərisindəki şəffaf sellofan kəsiyi bükümünün içərisində çəkisi 0,52 qram təşkil edən ağ rəngli, kristal formalı kütlə aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan əməliyyat tapşırığına verilmiş cavabda göstərilmişdir ki, keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,294 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini şəxsi istifadəsi üçün əldə etdiyi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.1996-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 220-ci maddəsinin 1-ci hissəsi və 70-2-ci maddəsinin 3-cü hissəsi ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli 39 saylı Əfv fərmanına əsasən cəzasının qalan hissəsindən azad olunmuşdur. Cinayət işinin materiallarında olan Qazax RİH başçısının Qazax şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanda qeydiyyatda olmaqla xx.xx.1957-ci il təvəllüdlü anası X2, arvadı X4, xx.xx.2008-ci il təvəllüdlü oğlu X5, xx.xx.2006-cı il təvəllüdlü qızı X3 və qardaşı X8 ilə birlikdə yaşayır. Cinayət işinin materiallarında olan Qazax RİH başçısının Qazax şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. Beləliklə məhkəmə, Təqsirləndirilən şəxs elan edilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hal, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə hesab edir ki, daha ciddi cəzanın- azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Ali Məhkəmənin qeyd olunan Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, daha ciddi cəzanın təyin edilməsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Həm hazırkı işin halları iş üzrə yüngülləşdirici halların, ağırlaşdırıcı haldan artıq olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarı və CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəaları təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma aparıla bilmir. Çünki, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma tələb olunur, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Bundan başqa, cəza təyin edilərkən digər məsələlərlə yanaşı, təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Belə ki, təqsirləndirilən şəxsə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən onun tutulduğu 02 gün müddət təyin ediləcək cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun yaşayış yerini saat 23:30-dan saat 07:00-dək və yaşadığı Qazax rayonu, həmçinin, Ağstafa rayonu ərazi ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa, onun üzərinə yaşayış yerini saat 23:30-dan saat 07:00-dək və yaşadığı Qazax rayonu, həmçinin, Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, həmçinin üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulmalı, o, narkomaniyadan məcburi müalicə olunmalı, narkoloji kabinetdə qeydiyyata alınmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan, Qazax RPŞnin Saxlanc anbarında saxlanılan 0,244 qram metamfetamin məhv edilməli, iş üzrə məhkəmə xərci- ekspertiza tədqiqatlarının dəyəri olan 32,40 manat məbləğində pul ondan alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməli, hökmün icrası Qazax Rayon İcra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət, həbsdə saxlanmanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesabı ilə hesablanmaqla ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılaraq onun üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:30-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:30-dan saat 07:00-dək və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan, Qazax RPŞ-nin Saxlanc anbarında saxlanılan 0,244 qram metamfetamin məhv edilsin. İş üzrə məhkəmə xərci- ekspertiza tədqiqatının dəyəri olan 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Hökmün icrası Qazax Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar