Məhkəmə qərarları › İş №1(023)-64/2023

Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-64/2023

08.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-64/2023 08.09.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi Həsənov Məhəmməd Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Qazax rayon Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxx 1979-cu ildə Qazax rayonu, X13ində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Ağstafa rayonu, X13ində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs təmiz çəkisi 0,925 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımış, Qazax rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 13 may 2023-cü il tarixdə saat 13:05-də Qazax şəhəri, Nəriman Nərimanov qəsəbəsində yerləşən Heydər Əliyev adına istirahət parkının yaxınlığında saxlanılaraq Qazax şəhəri, Heydər Əliyev prospekti 165A ünvanında yerləşən Qazax rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və qeyd edilən ünvanda xx.xx.2023-cü il tarixdə saat 14:00-dan saat 15:00-dək olan müddət ərzində üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,925 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Ağstafa rayonu, X13ində ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi şəkildə heç bir yerdə işləməsə də, idarə etdiyi “Mercedes Benz” markalı **-OA-*** dövlət qeydiyyat nişanlı mikroavtobus vasitəsilə Qazax-Gəncə marşurutu üzrə sərnişin daşıma fəaliyyəti ilə məşğul olaraq maddi qazanc əldə edir. 2023-cü ilin təxminən may ayının əvvəllərində Gəncə şəhər Mərkəzi Avtovağzalının ərazisində olan zaman təsadüfən yerdə ətir qutusunun olduğunu görmüş və götürüb baxdıqda qutunun içərisində 1 ədəd şəffaf sellofan kəsiyinin içərisində ağ rəngli kristal formalı “şüşə” deyilən metamfetamin olduğunu görmüş, bəlkə gələcəkdə istifadə edər deyə götürüb əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibinə qoymuşdur. Lakin, bundan sonra bir neçə gün ərzində həmin kütləni istifadə etməmişdir. xx.xx.2023-cü il tarixdə, saat 13 radələrində Qazax şəhəri, Nəriman Nərimanov qəsəbəsində yerləşən Heydər Əliyev adına istirahət parkının yaxınlığında piyada şəkildə hərəkətdə olan zaman bir neçə nəfər şəxs ona yaxınlaşaraq özlərini Qazax rayon Polis Şöbəsinin əməkdaşları kimi təqdim edərək narkotik vasitələrin əldə edilməsi, saxlanması və daşınmasında şübhəli olduğunu izah etmişlər və birlikdə polis şöbəsinə getməli olduqlarını bildirmiş, onu Qazax RPŞ-nə dəvət etmişlər. O da etiraz bildirməmiş və polis əməkdaşları ilə birlikdə Qazax RPŞ-nə getmişdir. Polis şöbəsinin birinci mərtəbəsində yerləşən otaqlardan birində müdafiəçinin də iştirakı ilə videoçəkiliş aparılaraq onun üzərində şəxsi axtarış aparılmağa başlanmış, təhqiqatçı ona üzərində narkotik vasitə və digər əşyalar varsa təqdim etməsini təklif etmiş, o, əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 01 ədəd şəffaf sellofan kəsiyindəki bükümü çıxardıb polis əməkdaşlarına təqdim etmiş, bükümün içərisində metamfetamin olduğunu, onu bir müddət əvvəl yerdən tapdığı ətir qutusunun içərisindən aşkar etdiyini və şəxsi istifadəsi üçün götürüb üzərində saxladığını bildirmişdir. Daha sonra həmin kütlə elektron tərəzi vasitəsilə çəkilmiş və zərfə qoyulub qablaşdırılmış, möhürlənmişdir. O və digər iştirakçılar zərfi imzalamışlar. Daha sonra polis əməkdaşlarından biri onun üzərini yoxlamış, lakin üzərindən başqa qanunsuz əşya aşkar edilməmişdir. Sonda təhqiqatçı tərəfindən protokol tərtib olunmuş və o, protokolla tanış olub imzalamışdır. Heç kimə narkotik vasitə, psixotrop maddə satmamış, üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamini özü istifadə etmək üçün üzərində saxlamış, kiməsə satmaq məqsədi olmamışdır. Əməlindən peşmandır. Gələcəkdə bir daha belə əmələ yol verməyəcəkdir. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Qazax rayon Polis Şöbəsinin narkomaniyaya qarşı mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində, polis mayoru xüsusi rütbəsində xidmət edir. 13 may 2023-cü il tarixdə Ağstafa rayonu, X13 sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə edib üzərində saxlaması və hal-hazırda Qazax şəhəri ərazisində olması barədə ona əməliyyat məlumatı daxil olmuş, əməliyyat məlumatının yoxlanılması üçün raportla rayon Polis Şöbəsinin rəisinə məruzə etmiş, rəhbərliyin göstərişinə əsasən əməliyyat məlumatının yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul etmiş və onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. O və əməliyyat qrupunun üzvləri keçiriləcək tədbir barədə təlimatlandırıldıqdan sonra keçirilmiş tədbirlər nəticəsində Şahid2, Şahid3 və Şahid4 ilə birlikdə özü 13 may 2023-cü il tarixdə saat 13:05-də Təqsirləndirilən şəxs Qazax şəhəri, N.Nərimanov qəsəbəsində yerləşən Heydər Əliyev adına istirahət parkının yaxınlığında saxlayaraq ona özlərini təqdim edib qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə edib üzərində saxlamaqda şübhəli olduğunu bildirmiş, onu xidməti avtomobilə əyləşdirib rayon polis şöbəsinin inzibati binasına gətirmişlər. Polis Şöbəsinin inzibati binasının birinci mərtəbəsində yerləşən xidməti otaqda onun, polis nəfərləri Şahid2, Şahid3, Şahid4 və Müdafiəçi1 iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmağa başlanmış, şəxsi axtarış zamanı kriminalistik tədqiqatlar qrupunun baş inspektor-kriminalisti Rahil Hüseynov tərəfindən videokameradan istifadə edilməklə videoçəkiliş aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı X12 Bayramova hüquq və vəzifələrini izah etdikdən sonra ona təklif etmişdir ki, üzərində narkotik vasitə, psixotrop maddə və onların prekursorları varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli plaş materialından hazırlanmış qış gödəkçəsinin sağ yan cibindən 1 ədəd şəffaf sellofan kəsiyindəki bükümü çıxarıb təqdim etmiş, içərisində ağ rəngli, kristal formalı psixotrop maddə olan metamfetaminə oxşar kütlənin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin kütlə metmfetamindir, bir müddət əvvəl yerdən tapdığı ətir qutusunun içərisindən aşkar edərək özü istifadə etmək üçün götürüb üzərində saxlamışdır. Qeyd olunan büküm təhqiqatçı elektron tərəzidə çəkilmiş, 1 ədəd kağız zərfdə qablaşdırılmış, üzəri möhürlənmiş, qeydlər aparılmış, o və digər iştirakçılar zərfi imzalamışlar. Daha sonra polis nəfəri Şahid2 Təqsirləndirilən şəxs paltarlarını, bədən səthini yoxlamış, lakin üzərindən digər narkotik vasitə, psixotrop maddə aşkar edilməmişdir. Şəxsi axtarış başa çatdıqdan sonra təhqiqatçı İlham Rəhimov tərəfindən protokol tərtib edilmiş, o və digər iştirakçılar tanış olduqdan sonra protokolu imzalamışdırlar. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış 13 may 2023-cü il tarixdə saar 14:00-da başlamış, 15:00-da bitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid4 digər Şahid1la oxşar məzmunlu ifadə verərək göstərilən halları bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən aşagıdakı sübutlardan görünür ki, məhkəmə-kimyəvi ekspertizasının 14 may 2023-cü il tarixli, 16/510 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs aşkar edilmiş ağ rəngli kristal formalı kütlə” yazılar və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,925 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir. QEYD: Metamfetaminin təmiz çəkisi-0,925 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,875 qram. Məhkəmə-narkoloji ekspertizasının 14 iyun 2023-cü il tarixli, 1041 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən və psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, 13 may 2023-cü il saat 14:00-dən saat 15:00-dək olan müddət ərzində videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli plaş materialından olan gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd şəffaf rəngli sellofan kəsiyi bükümündə çəkisi 1 qram təşkil edən ağ rəngli kristal formalı kütlə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olduğunu, bir müddət əvvəl yerdən tapdığı ətir qutusunun içərisindən aşkar edərək öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Qazax rayon Polis Şöbəsindən əməliyyat tapşırığına verilmiş xx.xx.2023-cü il tarixli cavabdan görünür ki, keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,925 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini öz istifadəsi üçün əldə etdiyi müəyyən edilmiş, lakin Təqsirləndirilən şəxs həmin psixotrop maddəni hansı tarixdə, hansı mənbədən əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs hər hansı şəxsə narkotik vasitə, psixotrop maddə satması barədə məlumat əldə edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. X2 17 may 2023-cü il tarixli, 874 nömrəli məktubundan görünür ki, Ağstafa rayonu, X13ində qeydiyyatda olan və yaşayan, xx.xx.1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs X3 psixoloji və narkoloji qeydiyyatda yoxdur. İş materiallarında olan aşagıdakı sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 13 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 15 may 2023-cü il tarixdə azad edilmişdir. Ağstafa RİHB-nın X13 İƏD üzrə nümayəndəliyinin verdiyi 16 may 2023-cü il tarixli, 519/8 saylı arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağstafa rayonu X13ində yaşayır. Arvadı xx.xx.1981-ci il təvəllüdlü X4, qızı xx.xx.2005-ci il təvəllüdlü X5 və oğlu xx.xx.2007-ci il təvəllüdlü X7 tərkibdə ailə üzvləri vardır. Yaşayış yeri üzrə mübət xarakterizə olunur. Beləliklə məhkəmə, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün etiraf edici ifadəsi ilə yanaşı, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, həmçinin məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hal, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını- CM-in 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, səmimi peşman olaraq törətdiyi əməli etiraf etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzadan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə hesab edir ki, daha ciddi cəzanın–azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, daha ciddi cəzanın təyin edilməsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarı və CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəaları təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma aparıla bilmir. Çünki, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma tələb olunur, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Bundan başqa, cəza təyin edilərkən digər məsələlərlə yanaşı, təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Təqsirləndirilən şəxsin evli olması və ailəsinin yeganə qazanc gətirən şəxsi olması nəzərə alındıqda, onun azadlıqdan məhrum edilməsi ailəsinin həyat şəraitinə çox mənfi təsir etmiş olar. Belə ki, təqsirləndirilən şəxsə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, onun şübhəli şəxs qismində tutulduğu 02 gün müddət CM-nin 69.3cü maddəsinə əsasən təyin edilən cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Ağstafa rayonu, həmçinin Qazax və Tovuz rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etmələrinə məhdudiyyət qoyulmalı, bundan başqa, onun üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Ağstafa rayonu, həmçinin Qazax və Tovuz rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, həmçinin üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulmalı, o, narkoloji kabinetdə qeydiyyata alınmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan, Qazax RPŞ-nin saxlanc anbarında saxlanılan 0,875 qram metamfetamin məhv edilməli, məhkəmə xərcləri- aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 32,4 manat məbləğində pul ondan alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ**********00 00003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməli, hökmün icrası Ağstafa Rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 04 (dörd) gün müddət təyin edilmiş cəzadan çıxılaraq onun üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Ağstafa rayonu, həmçinin Qazax və Tovuz rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Ağstafa rayonu, həmçinin Qazax və Tovuz rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan, Qazax RPŞ-nin saxlanc anbarında saxlanılan 0,875 qram metamfetamin məhv edilsin. İş üzrə məhkəmə xərci- ekspertiza tədqiqatının dəyəri olan 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ**********00 00003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Hökmün icrası Ağstafa Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar