Məhkəmə qərarları › İş №1(023)-65/2023

Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-65/2023

06.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-65/2023 06.09.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənov Məhəmməd Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Qazax rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1974-cü ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 01 ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 0,508 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımış, Qazax rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 06 may 2023-cü il tarixdə saat 18:50-də Qazax şəhəri, Nəriman Nərimanov yaşayış massivində yerləşən “Qazax Hotel” adlanan otelin yaxınlığında saxlanılaraq Qazax şəhəri, Heydər Əliyev prospekti 165A ünvanında yerləşən Qazax rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və qeyd olunan ünvanda 06 may 2023cü il tarixdə saat 19:40-dan saat 20:50-dək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,508 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 17-18 radələrində Qazax şəhəri, Nəriman Nərimanov yaşayış massivində yerləşən çayxanaya getmək üçün evdən çıxmış, Qazax rayon avtovağzalının yanı ilə piyada Nəriman Nərimanov yaşayış massivi istiqamətində hərəkətdə olan zaman yerdə olan 1 ədəd siqaret qutusu görüb içərisindən 1 ədəd şəffaf sellofan bükümdə metamfetamin olduğunu görüb özü istifadə etmək məqsədi ilə götürmüş, bundan sonra piyada Nəriman Nərimanov yaşayış massivi istiqamətində hərəkətini davam etdirmiş, həmin yaşayış massivində yerləşən “Qazax Hotel” adlı otelə çatmağa bir neçə metr qalmış Qazax rayon polis şöbəsinin əməkdaşları onu saxlayaraq polis şöbəsinə aparmışlar. Polis şöbəsində təhqiqatçı müdafiəçi ilə təmin edilmiş, müdafiəçisi Müdafiəçi iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd sellofan bükümdə psixotrop maddə olan metamfetamin aşkar edilmiş, həmin büküm elektron tərəzidə çəkilmiş, qablaşdırılıb götürülmüşdür. Onda metamfetamin olması barədə heç kimin məlumatı olmamışdır. Hazırda törətdiyi cinayət əməlinə görə peşmandır, məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində Şahid1 ifadəsində bildirmişdir ki, 06 may 2023cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə edib istifadə etməsi, üzərində saxlaması barədə ona əməliyyat məlumatı daxil olmuş, o, əməliyyat məlumatının yoxlanılması üçün raportla rayon Polis Şöbəsinin rəisinə məruzə etmiş, rəhbərliyin göstərişinə əsasən əməliyyat məlumatının yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul etmiş və onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna üzv kimi Qazax rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis leytenantı X6, kriminalistik tədqiqatlar qrupunun baş inspektor-kriminalisti, polis kapitanı X5, post-patrul xidməti bölüyünün manqa komandiri, polis baş serjantı Şahid2, polis nəfəri polis baş serjantı Şahid3 daxil edilmişlər. O, əməliyyat qrupunun üzvləri keçiriləcək tədbir barədə təlimatlandırıldıqdan sonra keçirilmiş tədbirlər nəticəsində o Şahid2 və Şahid3 ilə birlikdə 06 may 2023-cü il tarixdə saat 18:50də Təqsirləndirilən şəxs Qazax şəhəri, N.Nərimanov yaşayış massivində yerləşən “Qazax Hotel” adlanan otelin yaxınlığında saxlayaraq rayon polis şöbəsinin inzibati binasına aparımışlar. Polis Şöbəsinin inzibati binasının birinci mərtəbəsində yerləşən xidməti otaqda təhqiqatçı tərəfindən onların və Təqsirləndirilən şəxs müdafiəçisinin də iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, təhqiqatçı Elmir Şıxıyev şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra ona təklif etmişdir ki, üzərində narkotik vasitə, psixotrop maddə və onların prekursorları varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd sellofan bükümü təqdim edib içərisində metamfetamin olduğunu, həmin psixotrop maddəni yerdən tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd sellofan büküm açıldıqda içərisində ağ rəngli, kristal formasında psixotrop maddə olan metamfetaminə oxşar kütlənin olması aşkar edilmiş, həmin büküm elektron tərəzidə çəkilmiş, təhqiqatçı tərəfindən büküm 1 ədəd kağız zərfdə qablaşdırılıb götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər narkotik vasitə, psixotrop maddə aşkar edilməmişdir. Şəxsi axtarış başa çatdıqdan sonra təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, o və digər iştirakçılar tanış olduqdan sonra protokolu imzalamışlar. Şəxsi axtarış 06 may 2023-cü il tarixdə saat 19:40-da başlamış, 20:50-də bitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qazax rayon Polis Şöbəsinin əməkdaşı Şahid2 və Şahid3 digər Şahid1 ilə eyni məzmunlu ifadə verərək deyilənləri bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan aşagıdakı sübutlardan görünür ki, məhkəmə-kimyəvi ekspertizasının 07 may 2023-cü il tarixli, 16/485 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 (bir) ədəd büküm” yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,508 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İİ bəndinə daxildir. QEYD: Metamfetaminin təmiz çəkisi 0,508 qram, tədqiqata sərf edildi 0,08 qram, qalıq 0,428 qram. Məhkəmə-narkoloji ekspertizasının 19 iyun 2023-cü il tarixli, 1057 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, 06 may 2023-cü il saat 19:40-dan saat 20:50-dək olan müddət ərzində Qazax rayon Polis Şöbəsinin inzibati binasında videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins materialdan hazırlanmış şalvarın sol yan cibindən 1 ədəd polietilen bükümdə çəkisi 0,60 qram təşkil edən psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin kütləni Qazax şəhər avtovağzalının yaxınlığında yerdən tapdığını, özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Qazax rayon Polis Şöbəsindən əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,508 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini şəxsi istifadəsi üçün əldə etdiyi müəyyən edilmişdir. Qazax rayon Psixiatriya Xəstəxanasının 16 iyun 2023-cü il tarixli, 1038 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs X3 psixoloji qeydiyyatda yoxdur, lakin xəstəxanın narkoloji jurnalında “narkoman” diaqnozu ilə qeydiyyatdadır. DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Qazax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını çəkib qurtarmış, hazırda məhkumluğu ödənilməmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş 08 may 2023-cü il tarixdə azad edilmişdir. Qazax RİHB-nın Qazax şəhər İƏD üzrə nümayəndəliyinin verdiyi 07 iyun 2023-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında qeydiyyatdadır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(023)-264/2023 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinərək 03 ay müddətə inzibati qaydada həbs edilmiş və həbs etmənin əvvəli 03 iyul 2023-cü il tarixdən, saat 16:00-dan hesablanmışdır. Beləliklə məhkəmə, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün etiraf edici ifadəsi ilə yanaşı, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, həmçinin məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hal, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi, əməlində cinayətlərin residivinin olmasını isə iş üzrə onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkməsi müəyyən edilir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın onların islah olunmasına təsirini, həmçinin, təqsirləndirilən şəxsin əmlak vəziyyətini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı İnsan Hüquqlarının və əsas Azadlıqlarının Müdafiəsi haqqında”, “X1 və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin Presedentlərinin Tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli 5 saylı Qərarının 10-cu maddəsində göstərilir ki, hüququn aliliyi və insan hüquqlarına hörmət X4 3-cü maddəsində nəzərdə tutulan əsas dəyərlərdədir. Konvensiyanın 6-cı maddəsi təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosessində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Azərbaycan Respublikası CPM-nin 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhs məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslığını təmin etməlidir. Məhkəmə, qeyd olunanları nəzərə alıb təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni və ədalətli hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilən cəzadan çıxılmalı, o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 06 sentyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz edilməli, onun inzibati qaydada həbs edilməsi nəzərə alınmalı, barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, narkomaniyadan məcburi müalicə olunmalı, narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan, Qazax Rayon Polis Şöbəsinin müvəqqəti saxlanc anbarında saxlanılan 0,428 qram psixotrop maddə olan metamfetamin məhv edilməli, məhkəmə xərci- aparılmış ekspertiza tədqiqatının dəyəri olan 30,4 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 175, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 06 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin, onun inzibati qaydada həbs edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, Qazax Rayon Polis Şöbəsinin müvəqqəti saxlanc anbarında saxlanılan 0,428 qram psixotrop maddə olan metamfetamin məhv edilsin. İş üzrə məhkəmə xərci- aparılmış ekspertiza tədqiqatının dəyəri olan 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar