Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-65/2024 18.11.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim sədrliyi, məhkəmə iclas katibi katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Qazax rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.2004-cü il tarixdə Qazax rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam-orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,318.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargah tərəfindən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrində tətbiq edilən məhdudiyyətlərlə bağlı həmin məntəqələrdən piyada keçid zolağı ilə keçərək Azərbaycan Respublikası ərazisini qanunla müəyyən edilmiş qaydada tərk edə bilmədiyindən işləmək üçün Gürcüstana getmək məqsədi ilə xx.xx.2006-cı il təvəllüdlü Şahid3 və xx.xx.2006-cı il təvəllüdlü X2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 05 dekabr 2022-ci il tarixdə, saat 18 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Qazax rayonunda yerləşən 1-ci sərhəd zastavasının xidməti ərazisindən qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasından Gürcüstan istiqamətində keçməyə cəhd göstərərkən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 2 ünvanda iki azyaşlı uşağı ilə birlikdə yaşayır, işsizdir, Gülpara Bədirova və Şahid3 qohumlarıdır. 05 dekabr 2022-ci il tarixdə Gülpara və Məryəmlə birlikdə Qazax şəhərindən çıxıb Qazax rayonu, İkinci Şıxlı kəndinə getmiş, məqsədləri dövlət sərhədini qanunsuz Gürcüstana keçmək olmuşdur. Avtobusdan düşdükdən sonra havanın qaralmasını gözləmiş, sonra Gürcüstana gizli keçmək üçün piyada sərhəd xətti boyunca piyada getmiş, yaşayış məntəqəsi olmayan boş dərəlik ərazi ilə hərəkət edərkən, həmin gün, saat 18 radələrində sərhədçilər onları saxlamış, oradan zastavasına aparmışlar. Əməlindən peşmandır. Gələcəkdə bir daha bu cür əməllərə yol verməyəcəkdir, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan, yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, DSX X7 Diviziyasında Təminat bölüyünün sürücüsü kimi kiçik çavuş rütbəsində xidmət edir. xx.xx.2022-ci il tarixdə saat 16:30-dan 20:30-dək sərhəd zastavasının 1 və 2-ci sahəsinə “sərhəd gözətçi” xidmətinə əsgər X5 ilə birlikdə təyin edilmiş, xidmətin zamanı, saat 18 radələrində 1 və 2-ci sahələrdə 3 nəfər naməlum şəxsin Azərbaycan Respublikasından Gürcüstan istiqamətinə hərəkət etməsi ilə bağlı məlumatlandırılmış, zastava rəisi Şahid2 göstərişi əsasında onlar dərhal yuxarıda qeyd edilən sahəyə doğru hərəkət etmiş, 1-ci sərhəd zastavasının 2-ci sahəsində dövlət sərhəd xəttindən 200 metr, mühəndis çəpərindən isə 300 metr aralı məsafədə Azərbaycan Respublikasından Gürcüstan istiqamətinə üç nəfər naməlum şəxsin hərəkəti davam etdirdiyini müşahidə etdikdən sonra “dayan” komandası verərək onları saxlamış, sonra onları sərhəd zastavasına aparımışlar. İş üzrə şahid olan Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqında elan edilmiş ifadələrindən görünür ki, o da Şahid1lə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 05 dekabr 2022-ci il tarixdə qohumları, yəni X2 və Təqsirləndirilən şəxs ilə birlikdə Qazax rayonundan yola düşərək saat 16 radələrində qanunsuz olaraq dövlət sərhədini keçmək üçün Qazax rayonu 2-ci Şıxlı kəndinə getmişlər. Avtobusdan düşdükdən sonra hava şəraitinin qaranlıq olmasın gözləyib saat 18 radələrində Qazax rayonunun 2-ci Şıxlı kəndi ərazisinə piyada daxil olaraq dövlət sərhəd xətti boyunca hərəkət etmişlər. Beləliklə, yaşayış məntəqəsi olmayan boş dərəlik ərazi ilə hərəkətə davam etmişlər. Bir qədər hərəkət etdikdən sonra sərhədçilər tərəfindən saxlanıldıqlarında onlara Azərbaycan Respublikasından Gürcüstan istiqamətinə olan dövlət sərhəd xətti ərazisində olmaları bildirilmiş, bundan sonra sərhədçilər tərəfindən sərhəd zastavasına aparılmışlar. Cinayət işinin materiallarında olan Qazax rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünün surətindən görünür ki, Şahid3 qeyd olunan hökmə əsasən Azərbaycan Respublikası CM-in 29,318.2-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən 06 ay sınaq müddəti müəyyən edilməklə həmin cəza şərti olaraq tətbiq edilmişdir. Cinayət işinin materiallarında olan DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 01 gün inzibati qaydada tutulmuşdur. Cinayət işinin materiallarından görünür ki, Bəsti X1 adlı, xx.xx.2023-cü il təvəllüdlü və X4 adlı, xx.xx.2021-ci il təvəllüdlü uşaqları var. Beləliklə məhkəmə, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün etiraf edici ifadəsi ilə yanaşı, məhkəmədə elan edilmiş şahidlərin ifadələri, həmçinin məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 29,318.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hal, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməyə cəhd etməsini, səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, himayəsində iki azyaşlı uşağının olmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-in 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi” barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə tətbiq edildiyini əsas tutsunlar. Həmin Sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, həmçinin, təqsirləndirilən şəxslərin əmlak vəziyyətini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, qeyd olunanları nəzərə almaqla Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib ona təqsirli bilindiyi CM-nin 29,318.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Bundan başqa, məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini və cəzasını yüngülləşdirən digər halların məcmusunu nəzərə alaraq belə nəticəyə gəlir ki, onun cəmiyyətdən təcrid olunmadan islah olunması mümkündür. Ona görə də o, təsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli və təyin olunacaq azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməlidir. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulmasını məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 70-ci maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməli, sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, hökmün icrası Qazax rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,318.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 10 (on) ay sınaq müddəti müəyyən edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Qazax Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elçin Mansırov
Məhkəmə qərarları › İş №1(023)-65/2024
Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-65/2024
18.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver