Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-66/2024 11.12.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Qazax Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü il Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Qazax şəhəri Azadlıq küçəsi ev 151-də qeyddiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan tarixdə və istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq 01 ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,730 qram maddə kustar üsulla hazırlanmış xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla ünvan 1 ünvanda yerləşən “Kür” adlanan restoranın yaxınlığına daşımış, Qazax Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 08 iyun 2024-cü il tarixdə saat 22:30 radələrində ünvan 1 ünvanda yerləşən “Kür” adlanan restoranının yaxınlığında saxlanılaraq Qazax şəhəri Heydər Əliyev prospekti 165 A nömrəli ünvanda yerləşən Qazax Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş, orada həmin tarixdə saat 23:45dən 09 iyun 2024-cü il saat 00:35-dək olan müddət ərzində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarın sağ yan kiçik cibindən 01 ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,730 qram maddə kustar üsulla hazırlanmış xeyli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 3 ildir ki, narkotik vasitə heroin istifadə edir. 08 iyun 2024-cü il tarixdə saat 17 radələrində işlədiyi Qazax rayon Mərkəzi bazarından çıxıb yaşadığı evə gedən zaman bazarın arxa tərəfində yerləşən “Qazax” adlanan restoranın qarşısında yerdə bir ədəd bükümün olması onun diqqətini çəkmişdir. Həmin bükümü yerdən götürüb bir qədər kənara çəkilib açdıqda içərisində narkomanlar arasında “patı” deyilən psixotrop maddənin olduğunu görmüşdür. Həmin maddəni şəxsi istifadə etməsi üçün əynində olan göy rəngli cins şalvarın sağ yan kiçik cibində gizlədib yoluna davam etmişdir. 08 iyun 2024-cü il tarixdə saat 20 radələrində pivə içmək üçün ünvan 1 ünvanda yerləşən” Kür” adlanan restorana getmişdir. Orada pivə olmadığından çay içib vaxt keçirdikdən sonra saat 22 radələrində həmin restorandan çıxıb yaşadığı evə getmək istəyən zaman restoranın yaxınlığında 3 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşmışlar. Onlar xidməti vəsiqələrini göstərib özlərini polis əməkdaşı kimi təqdim edib hüquq və vəzifələrini izah etdikdən sonra onun narkotik vasitələri əldə edib daşımağına görə şübhəli şəxs kimi Qazax rayon Polis şöbəsinə getməli olduğunu bildirmişlər. O, da bu barədə polis əməkdaşlarına heç bir etiraz etməyərək onlarla birlikdə xidməti avtomobillə Qazax rayon Polis şöbəsinə gəlmişdir. Şöbənin inztibati binasında xidməti otaqlardan birində təhqiqatçı onun Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmağı barədə qərar qəbul etdiyini bildirmişdir. Daha sonra isə müdafiəçi təyin etmək üçün vəkillər siyahısını ona təqdim edib hüquq və vəzifələrini izah etmişdir. Ona müdafiəçinin iştirakı ilə üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış aparılacağı izah edilmişdır. Şəxsi axtarış zamanı təhqiqatçı bir daha hüquq və vəzifələrini izah etdikdən sonra üzərində olan qanunsuz əşya və ya predmtləri təqdim etməyini təklif etmişdir. O, da yayınmağın və gizlətməyin mümkün olmadığını bildiyindən əynində olan göy rəngli cins şalvarın sağ yan kiçik cibindən bir ədəd bükümdə metamfetamini çıxarıb təhqiqatçıya təqdim etmiş və metamfetamin olmasını bildirmişdir. Həmin maddəni haradan əldə etməyi barədə şifahi soraqlaşma zamanı isə həmin tarixdə saat 17 radələrində “Qazax” adalanan restoranın yaxınlığında yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxlayaraq daşıdığını etiraf etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən həmin büküm açılmış və elektron tərəzidə çəkilmişdir. Bundan əlavə onun üzərinə şəxsi axtarış davam etdirilsə də, heç nə aşkar edilməmişdir. Hazırda əməlindən peşiman olmaqla, bir daha narkotik vasitələrdən istifadə etməyəcəyini nəzərə alaraq ona həbslə əlaqədar olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Qazax rayon Polis Şöbəsinin Cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Qazax şəhəri ərazisində yaşayan Təqsirləndirilən şəxs Qazax rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması bağlı məlumat daxil olduğundan 08 iyun 2024-cü il tarixdə Qazax RPŞ-in rəisinin əmri əsasında əməliyyat tədbirləri keçirilməsi məqsədilə əməliyyat qrupu təşkil olunmuş və 08 iyun 2024-cü il tarixdə saat təxminən 22 radələrində Qazax RPŞ-in Cinayət Axtarış bölməsinin əməkdaşlarından ibarət əməliyyat qrupu ilə birlikdə əməliyyat tədbirlərinin keçirilməsi üçün ünvan 1 ünvanda yerləşən “Kür” adlanan restoranın yaxınlığına yollanmışlar. Həmin vaxt qeyd edilən ünvanın yaxınlığında hərəkətdə olan əvvəlcədən əməliyyat məlumatı əsasında şəxsiyyəti və xarici görünüşü onlara məlum olan Təqsirləndirilən şəxs yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edərək ona hüquq və vəzifələrini izah edib şübhənin mahiyyətini bildirdikdən sonra Qazax RPŞ-in inzibati binasına dəvət etmişlər. O, da təkliflə razılaşaq heç bir müqavimət göstərmədən onlarla birlikdə şöbəyə gəlmişdir. Bundan sonra isə xidməti otaqların birində təhqiqatçı Elmir Şıxıyev, Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib, müdafiəçi qismində fərdi qaydada fəaliyyət göstərən vəkil X2 təyin etdikdən sonra, onu şübhəli şəxs qismində tutub video çəkiliş aparılmaqla onların və müdafiəçi Mehti Hüseynovun iştirakı ilə Təqsirləndirilən şəxs təkrarən hüquq və vəzifələrini izah edərək üzərində olan hər hansı qanunsuz əşyaları könüllü olaraq təqdim etməsini təklif etmişdir. O, da əynində olan göy rəngli cins şalvarın sağ yan kiçik cibindən bir ədəd şəffad polietilen kəsiyi bükümünü çıxarıb təqdim edərək həmin bükümün içərisində psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Təqsirləndirilən şəxs şifahi sorğu edilən zaman, həmin maddənin psixotrop maddə metamfetamin olmasını və şəxsi istifadə etmək məqsədi ilə 08 iyun 2024-cü il tarixdə Qazax rayon Mərkəzi Bazarının yaxınlığında yerləşən “Qazax” adlanan restoranın yanında yerdən tapıb əldə etdiyini və üzərində saxlamaqla daşıdığını etiraf etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç bir predmet aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş şahidlər Şahid1 və Şahid3, Şahid2 ifadəsinə uygun eyni məzmunlu ifadə verərək yuxarıda göstərilənləri bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 09 iyun 2024-cü il tarixli 16/671 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs götürülərək tədqiqata təqdim edilmiş bir ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,730 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir. Metamfetaminin təmiz şəkisi 730 qram, tədqiqata 0,05 qram sərf edilmiş, qalıq 680 qramdır. Cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının 09 sentyabr 2024-cü il tarixli 1522 nömrəli nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkolji kabinetdə proflikatiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan 10 aprel 2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, 09 iyun 2024-cü il saat 23:45-dən saat 00:35-dək olan müddət ərzində Qazax rayon Polis Şöbəsinin inzibati binasında videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman tünd göy rəngli cins materialdan olan şalvarın sağ yan kiçik cibindən bir ədəd şəffaf sellofon torbanı öz razılığı ilə könüllü olaraq təqdim edərək, selofonun içərisindəki kütlən “metanfitamin” olduğunu, həmin kütləni bazarın yaxınlığında yerləşən Qazax şadlıq sarayının yanında yerdən taparaq öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 gün şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Qazax RİHB-nın Qazax Mənzil İstismar sahəsinin verdiyi arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanda qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan 14 sentyabr 2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci və 237-ci maddələrinin tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 234.2, 234.4.2 və 235.1-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş buna dair materiallar rayon prokurorluğuna göndərilmişdir. Beləliklə məhkəmə, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, həmçinin məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hal, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını-CM-in 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə hesab edir ki, daha ciddi cəzanın–azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, daha ciddi cəzanın təyin edilməsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarı və CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəaları təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma aparıla bilmir. Çünki, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma tələb olunur, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Cəza təyin edilərkən digər məsələlərlə yanaşı, təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Belə ki, təqsirləndirilən şəxsə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən onun tutulduğu 02 gün müddət, azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesabı ilə hesablanmaqla təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından 04 gün çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Qazax rayonu, həmçinin, Ağstafa rayonu ərazi ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa, onun üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Qazax rayonu, həmçinin, Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, həmçinin üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulmalı, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, maddi sübut Qazax RPŞ-nin anbarında saxlanılan 0.680 qram heroin məhv edilməli, iş üzrə məhkəmə xərci-ekspertiza tədqiqatının dəyəri olan 32,40 manat məbləğində pul ondan alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ **********000000 3944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməli və hökmün icrası Qazax Rayon İcra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət, həbsdə saxlanmanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesabı ilə hesablanmaqla ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılaraq onun üzərində 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan, Qazax RPŞ-in anbarında saxlanılan 0.680 qram metamfetamin məhv edilsin. İş üzrə məhkəmə xərci-ekspertiza tədqiqatının dəyəri olan 32.40 (otuz iki) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Hökmün icrası Qazax Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №1(023)-66/2024
Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-66/2024
11.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver