Məhkəmə qərarları › İş №1(023)-67/2025

Qazax Rayon Məhkəməsi Qərar — İş №1(023)-67/2025

08.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 1(023)-67/2025 08.09.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı müdafiəçi – Qazax rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə açıq məhkəmə iclasında ilkin dinləmələr keçirərək, MÜƏYYƏN ETDİ: Qazax Rayon Məhkəməsinin icraatına Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. İbtidai araşdırma orqanının ittiham aktı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham olunmuşdur. İttiham aktına əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 0,321 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini və şəxsi istehlak miqdarında olan, yəni 0,14 qram çəkidə bitki mənşəli kütlə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, daha sonra isə müxtəlif vaxtlarda şəxsi istifadə etməsi üçün xeyli miqdarda psixotrop maddə metamfetamini üç bükümə bölərək 0,061 qram çəkidə olan psixiatrop maddə metamfetaminini 01 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə olmaqla etibarnamə əsasında idarə etdiyi VAZ-2107 markalı, **-BG-*** dövlət nömrə nişanlı avtomobilin ön şitinin üzərində olan örtüyün altında, 0,201 qram çəkidə psixotrop maddə olan metamfetamini 01 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə olmaqla əynindəki cins materialdan olan şalvarın arxa sağ cibində, 0,059 qram çəkidə psixotrop maddə olan metamfetamini 01 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə olmaqla, eləcə də, şəxsi istehlak miqdarında olan 0,14 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı 01 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə sağ ayağında olan corabında saxlamaqla daşımış, Qazax rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində o, xx.xx.2025-ci il tarixdə saat 20:42-də Qazax şəhəri, H.Əliyev prospekti 170 nömrəli ünvanda yerləşən «Bazarstore» mağazasının qarşısında saxlanılaraq qeyd olunan ünvanda həmin gün saat 20:42-dən 20:59-dək olan müddət ərzində fasiləsiz videoçəkiliş aparılmaqla avtomobilinə keçirilmiş baxış zamanı ön şitin üzərində olan örtüyün altından bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş 0,061 qram çəkidə psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülərək o, Qazax şəhəri, H.Əliyev prospekti 165A ünvanında yerləşən Qazax RPŞ-nə gətirildikdən sonra, şöbənin inzibati binasında xx.xx.2025-ci il tarixdə saat 21:50-dən –saat 23:20-dək üzərində şəxsi axtarış aparılarkən əynindəki cins materialdan olan şalvarın arxa sağ cibində saxladığı 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş 0,201 qram çəkidə psixotrop maddə olan metamfetamin və sağ ayağında olan corabda saxladığı 0,059 qram çəkidə olan 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş psixotrop maddə olan metamfetamin, eləcə də bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş 0.14 qram çəkidə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunmaqla ümumilikdə ondan üç bükümdə, eyni tərkibə malik olan, ayrı-ayrılıqda çəkiləri 0,061 qram, 0,201 qram və 0,059 qram olmaqla ümumilikdə təmiz çəkisi 0.321 qram olan xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və bir bükümdə 0.14 qram çəkidə şəxsi istehlak miqdarında narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Belə ki, məhkəmə hazırlıq iclasında müəyyən edilmişdir ki, ittiham aktı Azərbaycan Respublikası CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Məhkəmənin hazırlıq iclasında çıxış edən Dövlət ittihamçısı Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işinin məhkəmə baxışına təyin olunmasını və təqsirləndirilən şəxs barədə seçilmiş qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi bildirmişdir ki, işin məhkəmə baxışına təyin edilməsinə etiraz etmir. Təqsirləndirilən şəxs müdafiəçisinin çıxışını müdafiə etdiyini bildirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ittiham aktının mövcud formada məhkəmə baxışına təqdim edilməsi prosessual qaydalara uyğun deyil və işin mahiyyəti üzrə obyektiv və hərtərəfli araşdırılmasına əngəl törədir. Bu səbəbdən mövcud prosessual çatışmazlıqlar aradan qaldırılmadan iş üzrə məhkəmə baxışının keçirilməsi mümkün hesab edilmir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirilərkən istintaq orqanı tərəfindən ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.6-cı maddəsində nəzərdə tutulan kobud qanun pozuntularına yol verildiyi müəyyən edildiyindən cinayət işi materialına baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 10-cu (Qanunçuluq) maddəsində təsbit edilmişdir ki, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Həmçinin, CPM-in 48-ci (cinayət təqibi üzrə icraatın tezliyinin təmin olunması) maddəsinə əsasən, cinayət təqibi üzrə icraat təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən bu Məcəllədə nəzərdə tutulmuş müddətlərdə elə başlanmalı və qurtarmalıdır ki: -sübutların vaxtında əldə olunması və tədqiq edilməsi təmin olunsun; -şəxslər onlara ittiham elan olunmasını, işlərinə baxılmasını və pozulmuş hüquqlarının bərpasını həddən artıq uzun müddət gözləməsinlər. Cinayət prosesini həyata keçirən orqan hər bir halda aşağıdakıları təmin etməlidir ki: -haqqında həbs, ev dustaqlığı və ya girov qismində qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs qətimkan tədbiri seçildikdən sonra bu Məcəllənin 158 və 159-cu maddələrində nəzərdə tutulmuş müddətlər keçənədək ittihamın əsaslılığının müəyyən olunması üçün məhkəmə qarşısında dayana bilsin; -hər hansı cinayət işi başlandığı andan bu Məcəllənin 218-ci maddəsində nəzərdə tutulmuş müddətlərdə ittiham aktı ilə məhkəməyə göndərilsin və ya cinayət təqibinə xitam verilsin (mad. 48.1-48.2.2). İbtidai istintaq və ya təhqiqat şəklində ibtidai araşdırma (bu Məcəllənin 207.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hərəkətlər istisna olmaqla) yalnız cinayət işinin başlanması haqqında qərar çıxarıldıqdan sonra aparılır (mad. 217.1). Cinayət işi üzrə ibtidai istintaq az ağır cinayətlər üzrə — cinayət işinin başlanmasından ən geci 3 ay keçdikdən sonra başa çatmalıdır (mad. 218.2.2). İbtidai istintaq müddəti cinayət işinin başlandığı gündən hesablanır, işin məhkəməyə göndərilməsi və ya icraatına xitam verilməsi haqqında qərarın çıxarıldığı gün bitir (mad. 218.3). İbtidai istintaq müddətinə həmçinin bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş əsaslarla cinayət işi üzrə ibtidai istintaqın dayandırıldığı müddət daxil edilmir (mad. 218.5). Cinayət işinin mürəkkəbliyi ilə əlaqədar bu Məcəllənin 218.2-ci maddəsi ilə müəyyən edilmiş ibtidai istintaq müddəti müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında müvafiq olaraq Azərbaycan Respublikasının Hərbi prokuroru, Bakı şəhər prokuroru, Naxçıvan Muxtar Respublikasının prokuroru və ya Azərbaycan Respublikası Baş prokurorunun müavini tərəfindən az ağır cinayətlər üzrə 2 aydan çox olmayan müddətə uzadıla bilər (mad. 218.6.2.). Cinayət işinin xüsusi mürəkkəbliyi ilə əlaqədar bu Məcəllənin 218.6-cı maddəsinə müvafiq olaraq yuxarı prokuror tərəfindən həmin iş üzrə ibtidai istintaqın uzadılmış müddəti müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun müvafiq olaraq Azərbaycan Respublikasının Hərbi prokuroru, Bakı şəhər prokuroru və ya Naxçıvan Muxtar Respublikasının prokuroru ilə razılaşdırılmış təqdimatı əsasında Azərbaycan Respublikası Baş prokurorunun müavini tərəfindən az ağır cinayətlər üzrə 2 aydan çox olmayan müddətə aşağıdakı qaydada uzadıla bilər (mad. 218.7.2.). Cinayət işinin müstəsna mürəkkəbliyi ilə əlaqədar bu Məcəllənin 218.7-ci maddəsinə müvafiq olaraq yuxarı prokuror tərəfindən həmin iş üzrə ibtidai istintaqın uzadılmış müddəti müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun müvafiq olaraq Azərbaycan Respublikasının Hərbi prokuroru, Bakı şəhər prokuroru və ya Naxçıvan Muxtar Respublikasının prokuroru, habelə Azərbaycan Respublikası Baş prokurorunun müavini ilə razılaşdırılmış təqdimatı əsasında Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən az ağır cinayətlər üzrə üç aydan çox olmayan müddətə uzadıla bilər (mad. 218.8.2). Bu Məcəllənin 218.3—218.9-cu maddələrinin müddəalarına riayət etməklə açılmış cinayət haqqında cinayət işi üzrə ibtidai istintaq hər bir halda az ağır cinayətin törədilməsində ittiham üzrə on aydan çox olmayan müddətdə qurtarmalıdır (mad. 218.10.2). Açılmamış cinayət haqqında cinayət işi üzrə ibtidai istintaq müddətləri bu Məcəllənin 218.8 və 218.9-cu maddələrinin tələblərinə riayət etməklə cinayət açılanadək bir neçə dəfə Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən uzadıla bilər. Cinayət açıldıqdan sonra iş üzrə ibtidai istintaq müddətləri Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən bu Məcəllənin 218.8 və 218.9-cu maddələrinin tələblərinə riayət etməklə yalnız bir dəfə uzadıla bilər. Cinayətin törədilməsində iştirakı müəyyən olunmuş şəxsin obyektiv səbəblərə görə cinayət məsuliyyətinə cəlb olunmadığı halda da ibtidai istintaq müddətləri ittiham aktında həmin şəxsə qarşı ittiham irəli sürülənədək Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən bu Məcəllənin 218.8 və 218.9-cu maddələrinin tələblərinə riayət etməklə uzadıla bilər (mad. 218.11). Bu Məcəllənin 303 və ya 318.2-ci maddələrinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmış cinayət işi üzrə bu Məcəllənin 218.10 və ya 218.11-ci maddələrində göstərilən ibtidai istintaq müddətləri qurtardıqda, Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən iş üzrə ibtidai istintaq müddətləri bu Məcəllənin 218.8 və 218.9-cu maddələrinin tələblərinə riayət etməklə bir dəfə uzadıla bilər (mad. 218.12). İttiham aktını imzaladıqdan sonra müstəntiq onu həmin gün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Təqsirləndirilən şəxs barəsində həbs və ya ev dustaqlığı qətimkan tədbiri seçilmişdirsə, ittiham aktı həmin qətimkan tədbirinin müddətinin bitməsinə ən azı 20 gün qalmış ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir (mad. 290.1). İstinad olunan prossesual hüquq normaları ilə yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.3-cü maddəsinin bəzi müddəalarının, 158.4 və 290.3-cü maddələrinin şərh edilməsinə dair 10 oktyabr 2011-ci il tarixli qərarında göstərilmişdir ki, müddət zaman kəsiyi olmaqla fərdin, şəxsiyyətin, ümumiyyətlə bəşər cəmiyyətinin daim gözlədiyi, riayət etdiyi, qoruduğu və əksər hallarda onun gəlib çatmasını arzu etdiyi qeyri-maddi varlıqdır. Cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət-prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Azərbaycan Respublikası CPM-də nəzərdə tutulmuş prosessual müddətlərə riayət edilməməsi həyata keçirilmiş bu və ya digər prosessual hərəkətin əhəmiyyətinin, əldə olunmuş sübutların mötəbərliyinin itirilməsinə və şəxsə dəymiş ziyana görə kompensasiya almaq hüququnun yaranmasına səbəb ola bilər. Buna görə də prosessual müddətlərə riayət etmək ilk növbədə cinayət prosesini həyata keçirən orqanların prosessual vəzifəsidir. CPM-in 48-ci maddəsinə görə, cinayət təqibi üzrə icraat təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən bu Məcəllədə nəzərdə tutulmuş müddətlərdə elə başlanılmalı və qurtarmalıdır ki, sübutların vaxtında əldə olunması və tədqiq edilməsi təmin olunsun, şəxslər onlara ittiham elan olunmasını, işlərinə baxılmasını və pozulmuş hüquqlarının bərpasını həddən artıq uzun müddət gözləməsinlər. Prosessual müddətlərin əhəmiyyəti özünü təkcə prosessual vəzifələrin icra edilməsində deyil, həmçinin cinayət prosesi orqanının həyata keçirdiyi cinayət təqibi üzrə icraatın ardıcıl və fasiləsizliyinin təmin olunmasında da göstərir. Qeyd olunmalıdır ki, cinayət prosesinin məhkəməyədək və məhkəmə icraatı mərhələlərinə bölünməsi CPM-də nəzərdə tutulmuş prosessual müddətlərin də eyni mərhələ üzrə bölgüsünə səbəb olmuşdur. Belə ki, cinayət prosesi həm məhkəmə icraatı, həm də məhkəməyədək icraat mərhələsində konkret zaman kəsiyində həyata keçirilir və bu zaman kəsiyi prosessual müddətləri ehtiva edir. Məhkəməyədək icraat mərhələsində şübhəli və təqsirləndirilən şəxslərin hüquqlarının təmin edilməsinə yönələn və cinayət təqibi üzrə icraatın səmərəli aparılmasına xidmət edən müddətlərə aşağıdakılar daxildir: törədilmiş və hazırlanan cinayətlər haqqında məlumatlara baxılması müddətləri (CPM-in 207-ci maddəsi); ibtidai araşdırmanın müddətləri (CPM-in 218-ci maddəsi); cinayət təqibini həyata keçirən orqanların vəsatətlərə və şikayətlərə baxılması müddətləri (CPM-in 122, 220, 287-ci maddələri); cinayət işinin materialları ilə tanış olma vaxtı (CPM-in 284.3-cü maddəsi); prokuror tərəfindən ittiham aktına baxılması və işin məhkəməyə göndərilməsi müddətləri (CPM-in 290, 292-ci maddələri). Bundan əlavə, qanunçuluq və hüquqi müəyyənlik prinsipi tələb edir ki, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət Prossesual Məcəlləsinin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl edilsin, əks halda qanunun tələblərinin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi olmayacaq. Qanunçuluq prinsipinin mahiyyətini açan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin şərh edilməsinə dair” 2011-ci il 21 oktyabr tarixli qərarında isə qeyd olunmuşdur ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, qanunçuluq prinsipinin mahiyyəti cinayət qanununun tətbiqi ilə bağlı hüquq tətbiqedən orqanın fəaliyyətinin yalnız qanuna əsaslanmasından və qanun əsasında həyata keçirilməsindən, eləcə də əməlin cinayət sayılması və belə əməli törədən şəxsin təqsirli hesab edilməsi və onun barəsində cəzanın tətbiqinə yalnız cinayət qanunu əsasında yol verilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 442.1-ci maddəsinin həmin Məcəllənin 207.5, 215.7 və 216.2-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 2 dekabr 2024-cü il tarixli qərarında göstərilmişdir ki, hüquqi müəyyənlik qanunun aliliyi prinsipinin ayrılmaz tərkib hissəsi olmaqla hüquqi münasibətlərə stabillik gətirir, həmin münasibətlərin iştirakçıları üçün aydın hüquqi əsaslar yaradır. Məhz həmin prinsip əsasında qurulan hüquq normaları, o cümlədən prosessual qaydalar hər-hansı hərəkətləri öncədən planlaşdırmağa və müəyyən etməyə imkan verir. Hazırki cinayət işi materiallarında olan xx.xx.2025-ci il tarixli cinayət işinin başlanması qərarından müəyyən edilir ki, 06 mart 2025-ci il tarixdə, saat 21 radələrində Qazax RPŞnin əməkdaşları tərəfindən Qazax şəhəri ərazisində keçirilmiş əməliyyat tədbirləri nəticəsində Ağstafa rayonu, Saloğlu qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs və Ağstafa rayonu, Saloğlu qəsəbəsində yaşayan Ağacanov OrxanYolçu oğlu Qazax şəhəri ərazisində saxlanılmış və Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-2107 markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobildən bir bükümdə 0,061 qram çəkidə, üzərindən isə iki bükümdə 0,201 qram və 0,059 qram çəkidə psixotrop maddə olan metamfetamin və bir bükümdə 0,14 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana , Orxan Ağacanovun üzərindən isə bir bükümdə 10,64 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Qeyd olunan fakta dair Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və Qazax RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi İsa Çıraqovun icraatına qəbul edilmişdir. Həmin cinayət işi üzrə Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, üzərinə və avtomobilinə baxış keçirilmişdir. Daha sonra müvafiq istintaq hərəkətləri aparıldıqdan sonra Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Həmin ********* nömrəli cinayət işini 29 aprel 2025-ci il tarixdə İstintaq Bölməsinin digər müstəntiqi polis mayoru X1 öz icraatına götürmüşdür. 01 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və həmin tarixdə CPM-nin 53.1.3-cü maddəsi ilə cinayət işi üzrə icraat dayandırılmışdır. 19 may 2025-ci il tarixdə müstəntiq tərəfindən cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında qərar qəbul edilmişdir. xx.xx.2025-ci il tarixdə müstəntiq tərəfindən yenidən CPM-nin 53.1.3-cü maddəsi ilə cinayət işi üzrə icraatın dayandırlması barədə qərar qəbul edilmişdir. 16 iyun 2025-ci il tarixdə müstəntiq tərəfindən yenidən cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında qərar qəbul edilmişdir. 17 iyun 2025-ci il tarixdə Qazax RPŞ-nin müstəntiqi X1 ********* nömrəli cinayət işinin istintaq materiallarından Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin ayrılması barədə qərar qəbul etmişdir. 15 iyul 2025-ci il tarixdə az ağır cinayət üçün nəzərdə tutulan istintaq müddəti bitmiş və həmin istintaq müddətinin uzadılmasına dair qərar qəbul edilməmişdir. Lakin istintaq müddətinin bitməsinə baxmayaraq müstəntiq tərəfindən həmin tarixdən sonrada müvafiq prosessual hərəkətlər həyata keçirilmişdir. İstintaq müddətinin bitməsinə baxmayaraq 22 iyul 2025-ci il tarixdə Təqsirləndirilən şəxs yeni məzmunda ittiham elan edilmiş və cinayət işinin materialları ilə tanış edilmişdir. Nəhayət istintaq müddətinin bitməsindən 1 (bir) ay 10 (on) gün sonra yəni 24 avqust 2025-ci il tarixdə müstəntiq tərəfindən ittiham aktı tərtib edilərək Qazax rayon prokurorluğuna təqdim edilmişdir. 28 avqust 2025-ci il tarixdə isə Qazax rayon prokuroru vəzifəsini müvəqqəti icra edən İ dərəcəli hüquqşünas Nihad Əmirli həmin ittiham aktını təsdiq edərək Qazax Rayon Məhkəməsinə göndərmişdir. Məhkəmənin icraatına daxil olan cinayət işinin faktiki hallarından görünür ki, 2025-ci ilin mart ayının əvvəlində Təqsirləndirilən şəxs və X3 narkotik vasitənin və psixotrop maddənin aşkar edilməsi faktları istintaqın ilk mərhələsində tam şəkildə məlum olmuş, törədilmiş cinayətin bir-biri ilə bağlı olmaması aydın olduğu halda, uzun müddət keçdikdən sonra 2025-ci ilin iyun ayında istintaq oqanı tərəfindən mürəkkəb olmayan həmin cinayət işinin ayrılması barədə qərarın qəbul edilməsi anlaşılan olmamış və cinayət işinin istintaqının lüzumsuz yerə uzanmasına gətirib çıxartmışdır. İstintaq orqanının bu cür hərəkətsizliyi və prosessual süründürməçiliyə yol verməsi cinayət təqibinin səmərəliliyinə xələl gətirməklə yanaşı, təqsirləndirilən şəxslərin prosessual hüquqlarının da pozulmasına səbəb olmuşdur. İstinad edilən prosessual hüquq normaları, eləcə də Konstitusiya Məhkəməsinin qərarları birmənalı olaraq onu tələb edir ki, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən ittiham aktının təsdiq edilməsi və işin məhkəməyə göndərilməsi yalnız cinayət işi üzrə istintaq müddətində həyata keçirilməlidir. Başlanmış cinayət işindən başqa cinayət işinin ayrılması CPM-in 218.3-cü maddəsində nəzərdə tutulan müddətin uzanması kimi şərh oluna bilməz. Eyni zamanda qeyd edilməlidir ki, istintaq müddətinin axımı cinayət işinin başlanması haqqında qərar qəbul edildiyi andan başlayır, sonradan başqa cinayət işinin ayrılması haqqında qərarın qəbul edilməsi yeni istintaq müddətinin başlanmasına səbəb olmur və həmin qərarın qəbul edilməsinə qədər olan müddətin sıfırlanmasını ehtiva etmir. Əks halda CPM-in 303.3.6-cı maddəsində nəzərdə tutulan kobud prosessual pozuntu baş verəcəkdir. Məhkəmə ibtidai araşdırma orqanının nəzərinə çatdıraraq qeyd edir ki, cinayət mühakimət icraatının əsas vəzifələridən biri cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaqdır. Cinayət təqibi üzrə icraatın tezliyini təmin etmək, cinayət təqibini həyata keçirən orqanın vəzifəli şəxslərinin prosessual vəzifəsidir. CPM-nin 85-ci maddəsində müstəntiqin həmin Məcəllənin 158, 159, 218—221-ci maddələrinin tələblərinə riayət etməklə ibtidai istintaqı başa çatdırmaq, habelə cinayət işinin materialları ilə təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərər çəkmiş şəxsi, mülki iddiaçını və onların nümayəndələrini tanış etmək, bununla əlaqədar verilmiş vəsatətlərə baxmaq və cinayət işi üzrə ittiham aktını tərtib edərək işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərmək, istintaq və ya digər prosessual hərəkətləri qanuni və vaxtında aparmaq kimi vəzifələrinin olduğu qeyd edilmişdir. Sübutların məcmusunun toplanması sübut materiallarının lüzumsuz artıq toplanmasına, ibtidai araşdırmanın və ya məhkəmə baxışının uzadılmasına (süründürməçiliyə) gətirib çıxarmamalıdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 6-ci maddəsində yəni ədalətli məhkəmə araşdırması hüququnda göstərilmişdir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarının 6-cı bəndində göstərilmişdir ki, cinayət işləri ilə bağlı həmin müddətlərin hesablanması zamanı “ağlabatan müddət” həm ibtidai araşdırma müddətini, həm də hökmün çıxarılmasına kimi olan məhkəmə baxışı müddətini əhatə edir. Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə müddətin hesablanması şəxsə ittihamın elan edilməsi, barəsində həbs qətimkan tədbirinin seçilməsi, ona digər prosessual məcburiyyət tədbirlərinin tətbiqindən başlayır və şəxs barəsində hökmün qanuni qüvvəyə minməsinə və ya onun barəsində cinayət təqibinə xitam verilməsinə kimi davam edir. Bundan başqa qeyd edilməlidir ki, cinayət qanununun müvafiq maddəsi üzrə ittihamın mahiyyətinin nədən ibarət olmasının tam aydın olmaması və ya tam dəqiq müəyyən edilməməsi təqsirləndirilən şəxsin “nədə ittiham olunduğunu”, “nədən müdafiə olunmalı olduğunu” bilməməsinə və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı presedent üzrə müdafiə hüququnun pozulmasına səbəb olur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsində ( İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi) göstərilmişdir ki, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin nədə ittiham olunduğunu bilməsi cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. CPM-in 91.5.1-ci maddəsinə əsasən, “nədə təqsirləndirildiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi)” təqsirləndirilən şəxsin hüququdur. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin “a” yarımbəndinə əsasən, “cinayət törətməkdə ittiham olunan hər kəs ən azı digər hüquqlarla yanaşı ona qarşı irəli sürülmüş ittihamın “xarakteri və əsasları” haqqında bildiyi dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir”. İttihamın mahiyyətinin aydın olması və ümumilikdə Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən qeyd edilən hüquqlar bilavasitə mütləq hüquqlar olub, onların təmin edilməsi ittiham olunan şəxsin bu hüquqdan istifadə etmək istəyindən və məhkəmə baxışı nəticələrinin onu qane etməsindən asılı deyildir. Qeyd edilənlər konkret işin tələbi olmayıb, bütün cinayət işlərində nəzərə alınmalı olan və yanaşma tərzinin ümumi təcrübə yaratdığı prinsipial tələbdir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Ozerov Rusiyaya qarşı” iş üzrə 18 may 2010-cu il, “Pfayfer və Plankl Avstriyaya qarşı” iş üzrə 25 fevral 1992-ci il, “Bulut Avstriyaya qarşı” iş üzrə 22 fevral 1996-cı il, “Kolozza İtaliyaya qarşı” iş üzrə 12 fevral 1985-ci il tarixli qərarları). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mattoçia İtaliyaya qarşı” işi üzrə 25 iyul 2000-ci il tarixli qərarının 59-cu paraqrafına əsasən, 6-cı maddənin 3 (a) yarımbəndi təqsirləndirilən şəxsə yalnız ittihamın “əsasları”, yəni törətməkdə şübhəli bilindiyi və ittihamın əsaslandığı hərəkətlər haqqında deyil, həm də ittihamın “xarakteri”, yəni bu hərəkətlərin hüquqi xarakteristikası haqqında məlumat təmin edir. Məlumatın “ətraflılıq” dərəcəsi hər işin xüsusi hallarından asılıdır, lakin təqsirləndirilən şəxs adekvat müdafiə hazırlamaq üçün ən azı özünə qarşı yönəldilmiş ittihamları başa düşmək üçün yetərli məlumatla təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Vahid məhkəmə təcrübəsini müəyyən edən narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 16-cı bəndində göstərilmişdir ki, satış məqsədi olmadan müxtəlif növdə narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə məsuliyyət məsələsi həll edilərkən o da nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün aşkar olunmuş narkotik vasitələrin (psixotrop maddələrin) heç olmasa bir növünün miqdarının adıçəkilən siyahılarda bu növ vasitə (maddə) üçün müəyyən edilmiş xeyli miqdarı təşkil etməsi tələb olunur və bu zaman müxtəlif növ narkotik vasitələrin (psixotrop maddələrin) miqdarlarının toplanmasına yol verilmir. Narkotik vasitənin (psixotrop maddənin) tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı eyni qaydada müəyyən edilməli, maddənin tərkibində olan narkotik vasitə sayılmayan maddələrin çəkisi isə nəzərə alınmamalıdır. Bu səbəbdən, bir neçə növ narkotik vasitələrin (psixotrop maddələrin) miqdarlarının cəmi hər hansı növ vasitə (maddə) üçün həmin siyahılarda göstərilən xeyli miqdardan çox olduqda belə, onların əldə edilməsi, saxlanması və s. üzrə hərəkətlər cinayət məsuliyyəti yaratmayan hərəkətlər kimi qiymətləndirilməlidir. Həmçinin satış məqsədi olmadan törədilən əməllər üzrə xeyli miqdardan az olan narkotik vasitələrin və ya psixotrop maddələrin növlərinin ittihamda və ya hökmdə şəxsin təqsirli bilindiyi cinayət əməli təsvir edilərkən göstərilməsinə yol verilməməlidir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə 28 avqust 2025-ci il tarixdə Qazax rayon prokuroru vəzifəsini müvəqqəti icra edən İ dərəcəli hüquqşünas Nihad Əmirli tərəfindən təsdiq edilərək məhkəməyə göndərilən ititham aktının nəticəvi hissəsinin 1-ci abzasında “təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlayaraq daşımışdır” cümləsi qeyd olunmasına baxmayaraq 2-ci abzasın sonunda ümumilikdə təqsirləndirilən şəxsdən üç bükümdə, eyni tərkibə malik olan, ayrı-ayrılıqda çəkiləri 0,061 qram, 0,201 qram və 0,059 qram olmaqla ümumilikdə təmiz çəkisi 0.321 qram olan xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və bir bükümdə 0.14 qram çəkidə şəxsi istehlak miqdarında narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürüldüyü göstərilmişdir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və pixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”na əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün 5 qram qurudulmuş marixuana xeyli miqdar, 500 qram və daha çox qurudulmuş marixuana külli miqdar, 50000 qramı isə xüsusilə külli miqdar hesab edilir. Yuxarıda göstərilən plenum qərarının tələbindən aşkar görünür ki, təqsirləndirilən şəxsin məsuliyyət məsələsi həll olunan zaman onun üzərindən aşkar edilən müxtəlif növ narkotik vasitə və ya psixotrop maddələrin miqdarları toplanılmamalıdır. Eyni zamanda göstərilmişdir ki, xeyli miqdardan aşağı olan narkotik vasitənin və ya psixotrop maddənin növünün ittihamda göstərilməsi yolverilməzdir. Cinayət işi materiallarında olan 29 iyul 2025-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərarda belə istintaq orqanı tərəfindən şəxsin üzərindən aşkar edilən 0,14 qram qurudulmuş marixuananın cinayət və ya inzibati məsuliyyətə səbəb olmasına dair heç bir hüquqi qiymətləndirilmə aparılmamışdır. Məhkəmə müəyyən etmişdir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham aydın və konkret ifadə edilməmiş, ittiham aktında göstərilən faktiki hallar ziddiyyətli və pərakəndə xarakter daşıyır, hüquqi qiymətləndirilmə düzgün aparılmamışdır. İttihamın bu cür qeyri-müəyyən və xaotik formada ifadə olunması təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittihamın mahiyyətini dərk etməsinə, ona münasibət bildirməsinə və müdafiə hüququnu tam həcmdə həyata keçirməsinə imkan vermir. Cinayət-prosessual qanunvericilik ittihamın aydın, konkret və başadüşülən olmasını, ittihamda göstərilən əməlin faktiki təsvirinin, həmin əmələ verilən hüquqi qiymətin və tətbiq edilən maddihüquqi normaların dəqiqliklə göstərilməsini tələb edir. Bu tələbin pozulması yalnız müdafiə hüququnun təminatlarını zəiflətməklə kifayətlənmir, həmdə hüquqi müəyyənlik prinsipinə və ədalətli məhkəmə araşdırmasının aparılması tələbinə ziddiyyət təşkil edir. Cinayət işi üzrə ittiham aktının CPM-in 289-cu maddəsinin tələblərinə uyğun olmaması kobud pozuntu hesab olunur və cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün əsas yaradır. CPM-in 289-cu maddəsində ittiham aktının tərtib edilməsindən, onun tərtibatının formasından, ittiham aktının giriş, təsviri əsaslandırıcı və nəticə hissələrində hansı mühüm məlumatların göstərilməsindən bəhs olunsa da, cinayət işinin yekun sənədi və təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamın əsasını təşkil edən bu mühüm təqsirləndirici prosessual aktın CPM-in bununla bağlı digər normalarının tələblərini aşkar şəkildə pozmaqla təsdiq edilməsi ayrılıqda pozuntu kimi götürülə bilməz və bu pozuntu bütövlükdə cinayət işi üzrə ittiham aktının CPM-in 289-cu maddəsinin tələblərinə uyğun olmayan ittiham aktı kimi qiymətləndirilməlidir. Məhkəmə belə qənaətə gəlir ki, CPM-in 303.3.6-cı maddəsinin tələblərinə əsasən, cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması cinayət mühakimə icraatının aparılması şərtləri və prinsiplərinin pozulması hesab edildiyindən, qeyd edilən hallar aradan qaldırılmadan işin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmadığından və bu hallar məhkəmənin hazırlıq iclasında cinayət işinə baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün əsas hesab edildiyindən Təqsirləndirilən şəxs oğlunun CM-in 234.1-ci maddəsilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə qanuni həll edilməsi mümkün olmayan ibtidai istintaq zamanı yol verilmiş kobud pozuntulara görə məhkəmənin hazırlıq iclasında cinayət işinə baxılmasına xitam verilməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır; 303.2-ci maddəsinə əsasən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir; 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmadıqda cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır; 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai (araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilərək, iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, habelə məhkəməyədək icraat zamanı CPM-nin və müvafiq Plenum qərarlarının qeyd olunan imperativ tələblərinin kobud surətdə pozulmasına yol vermiş müstəntiq və ibtidai araşdrımaya prosessual rəhbərliyi həyata keçirən prokuror barəsində ayrıca xüsusi qərar çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 300, 303, 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxsin barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. HAKİM: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar