Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-68/2024 28.10.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məhkəmə iclas katibi Cəbiyeva Vəfa Şubet qızının katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Qazax Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1987-ci ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Qazax rayonu, Hüseynbəyli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 05 avqust 2024-cü il tarixdə gecə saat 23 radələrində Qazax rayonu, Hüseynbəyli kəndi ərazisində, kəndin giriş hissəsinin sağ tərəfində yerləşən adsız kafedə həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı daş ilə sonuncunun üz nahiyəsinə qəsdən bir dəfə vuraraq ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən sol gözün konyuktiv qişasına total qansızma, sol gözətrafı nahiyənin hematomalı qançırı ilə müşayət olunan xəsarətlər yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Qazax rayonu Hüseynbəyli kəndində yaşayır. Zərərçəkmiş şəxs həmkəndlisidir, Qaliblə hər hansı ədavət və düşmənçiliyi yoxdur. Münasibətləri həmişə normal olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 22 radələrində pivə içmək üçün yaşadığı kənddə yerləşən kafeyə getmiş, kafedə həmkəndlisi Qurbanla oturub pivə içmişlər. Saat 23 radələrində kafedəkilər yavaş-yavaş çıxıb getməyə başlamışlar. Həmin vaxtı o, Qalibin başını stola qoyub yatdığını görmüş, Qalibi səsləyərək kafedə yatmamağını, durub evinə getməyini demişdir. Qalib başını qaldırmış, sərxoş olduğu üçün ona söymüş, lakin o, əvvələcə fikir verməmiş, kafedən aralaşmaq istədikdə Qurban Qalibdə bıçaq olmasını görmüş, Qurban Qalibin böyründən bıçağı çıxarıb arxın yanına tullamışdır. Qalib onun azyaşlı uşağının ünvanına söyüş söydüyü üçün əsəbləşmiş və özünü saxlaya bilməyib yumuruqla Qalibin sol gözünə vurmuş və Qalib daşlığa yıxılmışdır. Sonradan əməlindən peşman olmuş, Qalibdən üzrxahlıq etmişdir, barışmışlar. Sonda ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs oğlu ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Qazax rayonu Hüseynbəyli kəndində yaşayır. Təqsirləndirilən şəxs həmkəndlisidir. Onun əvvəllər Xəqani ilə aralarında hər hansı narazılıq olmamışdır. xx.xx.2024-cü il axşam saatlarında pivə içmək üçün Hüseynbəyli kəndinin giriş hissəsindəki adsız kafeyə getmiş, orada bir qədər pivə içmiş, həmin gün, saat 23 radələrində Xəqani ilə aralarında sözlə mübahisə yaranmış, Xəqani daşla onun üzünə vurub xəsarət yetirmişdir. Onunla Xəqani arasında olan mübahisə, Xəqaninin onun sifət nahiyəsinə daşla vurub xəsarət yetirməsi qısa müddət ərzində baş vermiş,ətraflarına heç kim toplaşmamışdır. Sonradan Xəqani ondan üzrxahlıq etmiş, o da Xəqani ilə barışmışdır, təqsirləndirilən şəxsdən şikayətçi deyil, ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. İş üzrə şahid olan Şahid ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, ailəsi ilə birlikdə Qazax rayonu Hüseynbəyli kəndində yaşayır. Özü rəsmi olaraq heç bir yerdə işləmir, lakin ehtiyaclarını qarşılamaq üçün fərdi əməklə məşğuldur. Qazax rayonu Hüseynbəyli kəndində yaşayan Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs həmkəndliləridir, onlarla heç bir düşmənçiliyi və yaxud da ədavəti olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 22 radələrində pivə içmək üçün yaşadığı kənddə yerləşən kafeyə getmiş, kafedə həmkəndlisi Təqsirləndirilən şəxs ilə oturub təxminən saat 23:30 radələrinə kimi pivə içmişlər. Həmin vaxt digər həmkəndlisi Qalib də digər masada oturub pivə içmiş, bir qədər sonra Qabil başını stola qoyub yatmışdır. O da Xəqani ilə birlikdə stoldan durmuşlar ki, evlərinə getsinlər. Bu zaman Xəqani kafenin içərisində həmkəndlisi Qalibin stolun üzərinə başını qoyub yatdığı üçün Qalibi səsləyərək kafedə yatmamağını, durub evinə getməyini demişdi. Qalibdə sərxoş olduğu üçün sözlərinə reaksiya verib Xəqaninin ünvanına nəlayiq söyüşlər söymüş, lakin Xəqani həmin vaxt heç bir reaksiya verməmişdir ki, piyandı, yalnız Qalibə demişdir ki, ondan aralı dursun, onun üçün yaxşı olmaz. Sonra Xəqani ilə birlikdə kafedən bir xeyli aralaşmışlar ki, Qalib arxadan Xəqanini çağırmış və bu zaman Qalibin sağ tərəf böyründə əldə düzəlmə bıçaq görüb Xəqaniyə demişdir ki, ehtiyyatlı olsun, onun üstündə bıçaq var. Sonra tez Qalibin sağ böyrünün üstündə olan bıçağı götürmüş və arxın yanına tullamışdır. Qalib də Xəqaninin körpə övladının ünvanına söyüş söydüyü üçün Xəqani əsəbləşmiş və özünü saxlaya bilməyib yumuruqla onun sol gözünə vurmuş və onun yerə yıxılmağına görüb ayağı ilə başının arxasından iki dəfə vurmuşdur. Həmin vaxtı Xəqanini aralamış, həmdə bir qədər əvvəl Qalibin belindən götürüb arxın kənarına atdığı bıçağı yerdən götürmüşdür ki, Qalib birdən yerdən bıçağı götürüb Xəqaniyə xəsarət yetirər. Sonra oradan uzaqlaşaraq hərə öz yaşadığı evə getmişdir. Onlar mübahisə edib dalaşan zaman orada yalnız o olmuş, başqa heç kim olmamışdır. Xəqani Qalibi daşla vurmamış, yumruqla sifətinə vurmuş, sonra Qalib yerdə ola-ola başının arxa hissəsindən iki dəfə təpiklə vurmuşdur. Xəqani ilə Qalib arasında olan mübahisə, Qalibin sifət nahiyəsindən xəsarət alması ani bir vaxtda baş verib ani bir vaxtda da başa çatmış və həmin vaxt ətrafa kənar şəxslər toplaşmamışdır. Zərərçəkmiş şəxs yalan deyir, mübahisə vaxtı belində bıçaq Xəqaniyə yaxınlaşıb onun və körpə balasının ünvanına nəlayiq küçə sözləri işlətdiyi üçün Xəqani onu döymüşdür. Bundan qabaqda o, onun belində olan bıçağı götürüb arxın kənarına atmışdı. Qalib Xəqaninin və onun azyaşlı övladının ünvanına kobud, nəlayiq sözlər işlətdiyi üçün onun sifət nahiyəsinə daşla yox, yumruqla vurmuş, sonra Qalib yerdə ola-ola başının arxa hissəsindən iki dəfə təpiklə vurmuşdur. Ola bilsin həmin vaxt onun sifət nahiyəsi yerdə olan daşlığa dəymişdir. Hadisədən 3-4 gün sonra Zərərçəkmiş şəxs Məmməd oğlu yaşadıqları evə gəlib yalvar yapış edərək həmin bıçağı onlardan götürüb aparmışdır. Ona görə də həmin bıçağı istintaqa təqdim edə bilmir. Həmin bıçaq əldə düzəlmə, mətbəx bıçağına oxşar bir bıçaq olmuşdur. Cinayət işinin materiallarında olan məhkəmə-tibb ekspertizasının 07 avqust 2024-cü il tarixli, 284 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər– sol gözün konyuktiva qişasına total qansızma, sol gözətrafı nahiyyənin hematomalı qançırı– küt əşyanın təsirindən törənmişdirlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə daşla vurma nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Cinayət işinin materiallarında olan DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış, bundan başqa, Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinib CPM-nin 40.2.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və iş üzrə icraata xitam verilmişdir. Cinayət işinin materiallarında olan Qazax RİHB-nın Kosalar Kənd İƏD üzrə nümayəndəliyinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs cəmiyyətin ictimai işlərində fəallıq göstərmiş və onun barəsində icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Himayəsində iki azyaşlı övladı vardır. Cinayət işinin materiallarında oln Qazax rayon Psixiatriya xəstəxanasından alınmış xx.xx.2024-cü il tarixli 1579 nömrəli arayışdan görünür ki, Zərərçəkmiş şəxs həmin xəstəxanada qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan AZE 11421661 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X2 atası Təqsirləndirilən şəxsdur. Cinayət işinin materiallarında olan AZ-İİ № 485796 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X1 atası Təqsirləndirilən şəxsdur. Cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam olaraq ödəmiş və sonuncu ilə barışmışdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Beləliklə məhkəmə, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün etiraf edici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadəsi, ekspert rəyi, həmçinin məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hal, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Belə ki, Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndində göstərilmişdir ki, şəxs bu Məcəllənin 72-73-2 və 74-1 ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs buna qədər artıq bir dəfə- yəni xx.xx.2019-cu il tarixdə Bakı şəhər Nizami Rayon Məhkəməsinin qərarı ilə CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək, CPM-nin 40.2.2 maddəsi ilə cinayət məsuliyyətindən azad edilərək barəsində olan iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair 28 dekabr 2022ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən, şəxs həmin Məcəllənin 72–73-2 və 74- 1-ci maddələri üzrə ümumilikdə yalnız bir dəfə cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə uyğun olaraq cinayət məsuliyyətindən bir dəfə azad edilmiş şəxs tərəfindən yenidən cinayət törədildiyi təqdirdə, onun cinayət məsuliyyətindən azad edilmə üçün zəruri olan hərəkətləri icra etməsi həmin Məcəllənin 59-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alına bilər. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki vəziyyətdə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdikdən sonra, CM-nin 73.2-ci maddəsində nəzərdə tutulmuş qaydada zərərçəkmişlə barışması və ona dəymiş ziyanı ödəyərək bu formada cinayət məsuliyyətindən azad olunması qüvvədə olan cinayət qanunvericiliyinin imperativ tələbləri baxımından mümkün deyildir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, himayəsində iki azyaşlı uşağının olmasını, səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını- CM-in 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd olunanları nəzərə almaqla hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun yaşayış yerini saat 23:30dan saat 07:00-dək və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa, onun üzərinə yaşayış yerini saat 23:30-dan saat 07:00-dək və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, həmçinin üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulmalı, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və hökmün icrası Qazax rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:30-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:30-dan saat 07:00-dək və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Qazax Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən:Elçin Mansırov
Məhkəmə qərarları › İş №1(023)-68/2024
Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-68/2024
28.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver