Məhkəmə qərarları › İş №1(023)-68/2025

Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-68/2025

17.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-68/2025 17.11.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Qazax Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1972-ci il Qazax rayonu Cəfərli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Qazax rayonun Cəfərli kəndində qeyddiyyatda olan və yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən əldə etdiyi, əkilib-becərilməsi qadağan olunmuş xeyli miqdarda 06 (altı) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını 2025-ci ilin may ayının əvvəllərində yaşadığı Qazax rayonu, Cəfərli kəndində yerləşən evin həyətyanı bağ sahəsində əkdikdən sonra 31 iyul 2025-ci tarixədək olan müddət ərzində tərkibində narkotik maddələr olan bitkilərin yetişdirilməsi üçün xüsusi şərait yaradıb onların məhsuldarlığının artırılmasına yönələn hərəkətləri özündə ehtiva edən aqrotexniki qulluq göstərib yetişdirərək “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarında, habelə onların külli miqdarına görə sihayılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununda göstərilən 3-cü siyahıya əsasən xeyli miqdar hesab edilən hündürlükləri 70 (yetmiş) santimetrdən 163 (yüz altımış üç) santimetrədək olan 06 (altı) ədəd, ayrı-ayrılıqda təmiz çəkiləri, 1750qram, 2100qram, 50qram, 200qram, 300qram, 100qram, ümumi təmiz çəkisi 4500 (dörd min beş yüz) qram olan bitki nümunələri, əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərini qanunsuz olaraq əkib yetişdirməklə xeyli miqdarda kultivasiya etmiş, Qazax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 31 iyul 2025-ci il tarixdə saat 11:50-dən saat 12:14-dək olan vaxtda Qazax rayonu Cəfərli kəndində yerləşən evin həyətyanı bağ sahəsinə fasiləsiz videoçəkiliş aparmaqla baxış keçirilən zaman hündürlükləri 70 (yetmiş) santimetrdən 163 (yüz altımış üç) santimetrədək olan xeyli miqdarda 06 (altı) ədəd, ayrı-ayrılıqda təmiz çəkiləri, 1750qram, 2100qram, 50qram, 200qram, 300qram, 100qram, bitili vəziyyətdə və yaş halda ümumi təmiz çəkisi 4500 (dörd min beş yüz) qram olan bitki nümunələri, əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, O, Qazax rayonu Cəfərli kəndində anası və ailəsi ilə birlikdə yaşayır, hal-hazırda Qazax şəhəri, Nərimanov yaşayış massivində kirayədə yaşayır, rəsmi və ya qeyri-rəsmi olaraq heç bir işdə işləmir, 4-5 ildir ki, narkotik vasitə olan marixuanadan istifadə edir. 2025-ci ilin may ayında şəxsi istifadəsi üçün yaşadığı evin həyətyanı sahəsinə çətənə kolu əkmək qərarına gəlmiş və istifadə etdiyi marixuananın içərisindən toxumları yaşadığı evin bağ sahəsində fındıq ağaclarının ortasında boş əkin sahəsində əkmiş və bitəndən sonra qulluq etməyə başlamışdır. xx.xx.2025-ci il tarixdə saat 11:50-də o, yaşadığı evdə olan zaman qapı döyülmüş, çölə çıxdıqda bir neçə nəfər şəxs video çəkiliş vasitəsi ilə ona özlərini təqdim edib polis əməkdaşı olduqlarını, yaşadığı evin bağ sahəsində narkotik tərkibli bitkilər əkib-becərməkdə şübhəli olduğunu bildirərək evin həyətyanı sahəsinə baxış keçirilməsinin zərurliyini izah etmişlər. O, heç bir etirazı olmadığını deyərək bu barədə müvafiq ərizə yazmış, ona yaşadığı evin bağ sahəsinə narkotik tərkibli bitki və ya narkotik vasitə olub-olmadığı barədə soruşmuşlar, əgər varsa təqdim etməsini təklif etmişlər. O, fərdi yaşayış evinin bağ sahəsində fındıq ağaclarının arasında əkib becərdiyi narkotik tərkibli 6 ədəd çətənə bitkisinin kolu olduğunu bildirmiş və həmin bitkiləri əkdiyi yeri göstərmişdir. Polis əməkdaşları 6 ədəd çətənə bitkisinin kollarını kökündən çıxarmış və hər birinin ayrılıqda uzunluğunun 70 sm, 1 metr, 1 metr 10 sm, 1 metr 28 sm, 1 metr 46 sm və 1 metr 63 sm olduğu müəyyən edilmişdir. Həmin kollar kisənin içərisinə qoyularaq möhür ilə möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanaraq qablaşdırılmışdır. Sonra isə polis əməkdaşları onu Qazax RPŞ-nə gətirmiş, burada üzəriə şəxsi axtarış və kisəyə baxış keçirilmişdir. Şəxsi axtarış zamanı onun üzərindən qanunla qadağan edilmiş predmet aşkar edilməmiş, yalınz onun «Samsunq J3» markalı mobil telefon ilə ***-***-**-** saylı mobil nömrəsi aşkar edilərək götürülmüşdür. O, narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısı ilə məşğul olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Qazax RPŞ-də KCMQ-un baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis polkovnikleytenantıdır. Qazax rayonu, Cəfərli kəndində yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımış, aralarında ilə heç bir düşmənçiliyi və yaxud ədavəti olmamışdır. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs Qazax rayonu, Cəfərli kəndində yaşadığı evin həyətyanı bağ sahəsində qanunla qadağan olunmuş, narkotik tərkibli çətənə (kannabis) bitkisini əkibbecərməsi ilə məşqul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. O, həmin məlumatı raportla dərhal rəhbərliyə məruzə etmiş, rəhbərlik tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və bununla əlaqədar əməliyyat qrupu yaradılması barədə göstəriş vermişdir. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və qrupa o, CAB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid3, NMQ-nun baş əməliyyat muvəkkili, polis kapitanı Şahid2, Daş Salahlı PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid4, Daş Salahlı PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid5 və TB-nin baş təhqiqatçısı, polis baş baş leytenantı X10 daxil edilmiş və rəhbərlik tərəfindən təlimatlandırılmışlar. Tədbirin keçirilməsi ilə əlaqədar mütəxəssis qismində X17 X4 sektorunun müdiri, mütəxəssis Şahid6 dəvət edilmiş, onlar birlikdə 31 iyul 2025-ci il tarixdə saat təxminən 11:50-də Təqsirləndirilən şəxs Qazax rayonu, Cəfərli kəndində yerləşən yaşadığı evin həyətyanı bağ sahəsində əkilməsi qanunla qadağan olunmuş, narkotik tərkibli çətənə (kannabis) bitkisini əkib-becərməkdə şübhəli olduğu üçün getmişlər. Orada Təqsirləndirilən şəxs darvazanın qarşısına çağırıb özülərini təqdim edərək, onun hüquq və vəzifələrini izah etmiş, «Panasonic» markalı videokamera ilə video çəkiliş aparıldığını elan etmiş və həyətyanı bağ sahəsində çətənə (kannabis) bitkiləri əkib becərməkdə şübhəli olduğunu bildirib baxış keçirmək istədiklərini bildirmişdir. Təqsirləndirilən şəxs dərhal başa düşmüşdür ki, narkotik tərkibli çətənə (kannabis) bitkisini əkib-becərməsindən polis işçilərinin dəqiq məlumatları vardır, baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirib bu barədə ərizə yazmışdır. Bundan sonra video çəkilişlə, mütəxəssis aqronomun iştirakı ilə Təqsirləndirilən şəxs həyətyanı bağ sahəsinə baxış keçirilmiş, baxış zamanı fındıq ağaclarının ortasında ətrafına dəmir tor çəkildiyi və həmin dəmir torun içərisində, xüsusi aqrotexniki qaydada qulluq olunmuş uzunluqları 70 sm, 100 sm, 110 sm, 128 sm, 146 sm və 163 sm olan ümumilikdə cəmi 6 (altı) ədəd çətənə (kannabis) kolları aşkar edilmiş, həmin kollar kökündən çıxarılaraq kisəyə qoyulmuş və qablaşdırılaraq, möhürlə möhürlənmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs Qazax rayon polis şöbəsinə gətirmiş və təhqiqatçı Elmir Şıxıyev tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri elan olunduqdan sonra dövlət hesabına vəkil, müdafiəçi təyin edilmişdir. Qazax RPŞ-nin inzibati binasında video çəkiliş vasitəsi ilə yaşadığı evin bağ sahəsindən aşkar edilmiş və imzalanaraq qablaşdırılmış uzunluqları 70 sm, 100 sm, 110 sm, 128 sm, 146 sm və 163 sm olan ümumilikdə cəmi 6 (altı) ədəd kannabis kolları yığılmış kisə açılıb baxılmış və elektron tərəzidə çəkilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən qanunla qadağa edilmiş heç bir əşya aşkar edilməmiş, yalınz iş üçün əhəmiyyət kəsb edən «Samsunq J3» markalı mobil telefon aşkar edilərək qablaşdırılıb götürülmüş, bu barədə protokol tərtib edildikdən sonra protokolun doğru tərtib edilməsi iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs həmin 06 (altı) ədəd çətənə (kannabis) bitkisini əkib aqrotexniki qulluq etməklə yetişdirməsini etiraf etmişdir. Məhkəmə istintaqı zamanı şahidlər Şahid3, Şahid2, X7, X8 və Şahid6 Şahid1 izahatına uyğun izahat vermişlər. Cinayət işinin materiallarında olan, bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 16/686 nömrəli nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Qazax rayonu Cəfərli kəndindən Təqsirləndirilən şəxs yaşadığı evin bağ sahəsindən aşkar olunmuş 6 ədəd çətənə kolları» sözləri və imzalar olan, kisə bağlamadakı ümumi sayı 6 (altı) ədəd, ayrı-ayrılıqda təmiz çəkiləri 1750 qram, 2100 qram, 50 qram, 200 qram, 300 qram, 100 qram, ümumi təmiz çəkisi-4500 qram olan, bitki nümunələri əkilib – becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. Mütəxəssis (aqronom) Şahid6 İlandiyar oğlunun rəyinə əsasən təqdim edilmiş bitkilərinə aqrotexniki qaydada qulluq olunmuşdur. Qeyd: Ekspertizadan sonra 6 ədəd, ümumi çəkisi 4500 qram çətənə bitkisindən ekspertizada 0,12 qram təhqiqat zamanı istifadə olunmuş və 6 ədəd, təmiz çəkisi 4499,88 qram qalığı istintaqa qaytarılmışdır. Cinayət işinin materiallarında olan, məhkəmə narkoloji ekspertizasının 11 avqust 2025-ci il tarixli, 1266 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli Qazax RPŞ-dən daxil olmuş əməliyyat tapşırığına cavabda göstərilmişdir ki, keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs yaşadığı Qazax rayonu, Cəfərli kəndindəki evin bağ sahəsindən aşkar olunmuş 6 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərini Təqsirləndirilən şəxs özü əkib becərmiş, aqrotexniki qaydada qulluq edib yetişdirmişdir. Təqsirləndirilən şəxs həmin bitkinin toxumlarını kimdən, nə vaxt əldə etməsi, həmin cinayətin törədilməsində digər iştirakçıların olması, onun narkotik vasitə, psixotrop maddələrin satışı ilə məşğul olmasını müəyyən edilməsi mümkün olmamişdir. Cinayət işinin materiallarında olan Qazax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs saxlanılan vaxt Qazax rayonu, Cəfərli kəndində yerləşən fərdi yaşayış evinin bağ sahəsinə video çəkiliş ilə baxış keçirilməsi zamanı qeydə alınmış 1 ədəd DVD diskdə video görüntülərə ACER markalı kompüterdə tərəfimdən baxış zamanı müəyyən edildi ki, Şahid1, Qazax RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2, Qazax RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid3, Qazax RPŞ-nin Daş Salahlı PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid4, Qazax RPŞ-nin Daş Salahlı PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid5 və X17 X4 sektorunun müdiri, mütəxəssis Şahid6 iştirakları ilə 31 iyul 2025-ci il tarixdə saat 11:50 dəqiqədə bağ sahəsində əməliyyat tədbirləri keçirilir. Təqsirləndirilən şəxs yaşadığı Qazax rayonu, Cəfərli kəndində yerləşən fərdi yaşayış evinin bağ sahəsinə baxış keçirilən zaman, həmin bağ sahəsində olan fındıq ağaclarının ortasında ətrafına məftil tor çəkildiyi və həmin məftil torun içərisində hündürlükləri 70 sm, 100 sm, 110 sm, 128 sm, 146 sm və 163 sm ölçüdə ümumilikdə cəmi 06 (altı) ədəd yaşıl rəngli torpaqda bitili halda olan bitki kollarını kökündən çıxarılaraq kisəyə qoyulmuş və qablaşdırılaraq DİN-nin 64 saylı möhürlə möhürlənmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs 4-5 ildir ki, narkotik vasitə olan marixuanadan istifadə etdiyini, 2025-ci ilin may ayında şəxsi istifadəsi üçün yaşadığı evin həyətyanı sahəsinə çətənə kolu əkmək qərarına gəlmiş və istifadə etdiyi marixuananın içərisindən toxumları yaşadığı evin bağ sahəsində fındıq ağaclarının ortasında boş əkin sahəsində əkmiş və bitəndən sonra qulluq etdiyini bildirmişdir. Bundan sonra xx.xx.2025ci il tarixdə saat 12:14-də videoçəkiliş yekunlaşdırılır. Cinayət işinin materiallarında olan, DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. X1 daxil olmuş xx.xx.2025-cи il tarixli, 1388 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Qazax Psixiatriya xəstəxanasında narkoloji və psixoloji qeydiyyatda yoxdur. Təqsirləndirilən şəxs 3 (üç) ay 19 (on doqquz) gün şübhəli şəxs, həbs və ev dustaqlığında saxlanılmışdır. Qazax RİHB-ın Cəfərli kənd İƏD üzrə nümayəndəliyinin verdiyi xx.xx.2023-ci il tarixli 5-58-9-12-21/2-241/2025 tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Qazax rayonu Cəfərli kəndində qeydiyyatda olmaqla ailə üzvləri arvadı X3, qızı X9, oğlu X5 ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan 04 sentyabr 2025-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Beləliklə məhkəmə, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, həmçinin məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hal, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını- CM-in 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyasında 3 növ cəza, yəni cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə hesab edir ki, daha ciddi cəzanın-azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, daha ciddi cəzanın təyin edilməsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarı və CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəaları təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma aparıla bilmir. Çünki, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma tələb olunur, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Bundan başqa, cəza təyin edilərkən digər məsələlərlə yanaşı, təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Belə ki, təqsirləndirilən şəxsə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, CM-in 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs kimi tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesabı ilə hesablanmaqla təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Qazax rayonu, həmçinin, Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, həmçinin üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulmalı, narkoloji kabinetdə qeydiyyata alınmalı, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli, polisin nəzarəti alına vermə qətimkan tədbiri seçilməli, seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan, Qazax RPŞ-nin anbarında saxlanılan 6 ədəd 4499.88 qram çətənə (kannabis) bitkiləri məhv edilməli, iş üzrə məhkəmə xərci-ekspertiza tədqiqatının dəyəri olan 30,40 manat məbləğində pul ondan alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməli və hökmün icrası Qazax Rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinsin, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli kimi tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı 3 (üç) ay 19 (on doqquz) gün müddət həbsdə saxlanmanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesabı ilə hesablanmaqla ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından 07 (yeddi) ay 08 (səkkiz) gün çıxılaraq onun üzərində 01 (bir) il 10 (on) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılmaı cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin, barəsində polisin nəzarəti alına vermə qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan, Qazax RPŞ-nin anbarında saxlanılan 6 ədəd 4499.88 qram çətənə (kannabis) bitkiləri məhv edilsin. İş üzrə məhkəmə xərci- ekspertiza tədqiqatının dəyəri olan 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Hökmün icrası Qazax Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar