Məhkəmə qərarları › İş №1(023)-69/2023

Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-69/2023

15.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-69/2023 15.09.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənov Məhəmməd Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Qazax rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1975-ci ildə Qazax rayonu, Musaköy kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, işsiz, Qazax rayonu, Xanlıqlar kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ümumi təmiz çəkisi 27,46 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib yaşadığı Qazax rayonu, Xanlıqlar kəndində yerləşən fərdi yaşayış evinin həyətindəki çardağın alt hissəsində olan stolun üzərində saxlamış, Qazax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 19 sentyabr 2022-ci il tarixdə saat 18:30-dan 20:55-dək olan müddətdə Təqsirləndirilən şəxs yaşadığı Qazax rayonu, Xanlıqlar kəndində yerləşən fərdi yaşayış evinə baxış zamanı həyətindəki çardağın alt hissəsində olan stolun üzərindən 2 ədəd gümüşü rəngli falqa bükümündə, 4 ədəd salfet bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0,91 qram, 0,55 qram, 0,49 qram, 0,89 qram, 1,11 qram, 0,25 qram, stolun üzərindəki şüşə bankanın içərisindən 01 ədəd qəzet parçası bükümündə və 01 ədəd polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri 0,31 qram və 22,95 qram olmaqla ümumi təmiz çəkisi 27,46 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hazırki iş üzrə tutulmamışdan 2 ay əvvəltəxminən 2022-ci ilin iyul ayında çətənə toxumu tapmış və narkotik vasitə istifadəçisi olduğu üçün həmin toxumun çətənə koluna məxsus olduğunu başa düşmüş və özü istifadə etmək üçün evinin həyətində həmin toxumu əkib becərmişdir. Həmin çətənə kolu böyüdükdən sonra isə çətənə kolunun yarpaqlarını yığıb qurudaraq özü istifadə etməyə başlamışdır. Həmin çətənə kolunun yarpaqlarını qurudub bükümlər halında yaşadığı evdə çardağın altında stolun üzərinə və şüşə bankanın içərisinə qoymuşdur. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində yaşadığı evin həyətində oturub spirtli içiki qəbul edən zaman qapı döyülmüş və qapını açdıqda bir neçə nəfər şəxs özlərini təqdim edərək Qazax rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını və onun narkotik vasitə əldə etməsi, saxlaması və çətənə kolu əkib-becərməsi bardə məlumat daxil olduğunu, bu səbəbdən də, evinə videoçəkiliş vasitəsilə baxış keçirəcəklərini bildirmişlər. O buna etiraz etməmiş və etirazının olmadığı barədə ərizə yazmışdır. Bundan sonra polis əməkdaşları aqronomla birlikdə evinin həyətyanı bağ sahəsinə baxış keçirməyə başlamışlar. Baxış zamanı evin həyətyanı bağ sahəsində olan 01 ədəd çətənə kolu aşkar edilmişdir. Baxışda iştirak edən aqronom həmin bitkiyə baxış keçirib çətənə kolu olduğunu və kola aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Həmin çətənə kolu çıxarılaraq ölçülmüş və ölçüsü 1.70 sm təşkil etmişdir. Həmin çətənə kolu qablaşdırılaraq maddi sübut kimi götürülmüşdür. Bundan sonra yaşadığı evdə hər hansı bir digər narkotik vasitə və ya qanunla qadağan olunmuş əşya və ya predmet olub olmaması barədə sorğu edildikdə o evdə hər hansı bir digər qadağan olunmuş əşya və ya predmet olmadığını bildirmişdir. Bundan sonra evinə baxış keçirilməyə başlanılmışdır. Bu zaman həyətdə olan çardağın altındakı masanın üzərində qap-qacağın arxasından 06 ədəd salfetə bükülmüş büküm və 01 ədəd bankanın içərisində göy rəngli sellon bağlamada qurudulmuş marixuna və 01 ədəd gümüşü rəngli siqaret kağızı bükümdə qurudulmuş marixuanalar aşkar edilmişdir. Həmin vaxt polis əməkdaşları ondan həmin bağlamalarda və bankanın içərisindəki sellofanda və bükümdə olan narkotik maddəyə bənzər kütlənin nə olduğunu soruşduqda həyəcandan həmin kütlələrin ona məxsus olmadığını demişdir. Sonrdan isə həmin bükümlərdə və bankanın içərisindəki kütlələrin narkotik vasitə olan marixuana olduğunu və şəxsi istifadəsi üçün özündə saxladığını bildirmişdir. Baxış keçirilməsi barədə protokol tərtib edilərək ucadan oxunmuş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra polis əməkdaşları onu polis şöbəsinə dəvət etmiş və o, şöbədə müdafiəçi ilə təmin edilərək şübhəli şəxs qismində tutulmuş və üzərində şəxsi axtarış keçirilmişdir. Lakin, şəxsi axtarış zamanı üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra bu barədə protokol tərtib edilmiş və protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. O, qeyd olunan marixuanadan heç kimə verməmiş, satmamış, satmaq fikrinə də düşməmişdir. Onun çətənə kolu əkməsi və ondan qurudulmuş marixuana əldə etməsi barədə heç kimin məlumatı olmamış, bu barədə heç kimə danışmamışdır. Aşkar olunmuş bükümlərdəki qurudulmuş marixuanaları öz şəxsi istifadəsi üçün bükümlərə ayırmışdır. Əməlindən peşmandır, məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində Şahid1 ifadəsində göstərmişdir ki, Qazax RPŞnin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə saat 17:30 radələrində Qazax RPŞ-nin inzibati binasında xidməti otağında olan zaman ona Qazax rayonu, Xanlıqlar kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı bağ sahəsində qanunsuz olaraq narkotik tərkibli bitkilərin əkilib-becərilməsi ilə məşğul olması ilə əlaqədar əməliyyat məlumatı daxil olmuş, Qazax RPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı Şahid2 və Qazax RPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı Şahid3 zəng edərək onları iş otağına çağırmışdır. Xidməti otaqda Şahid2 və Şahid3 Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı bağ sahəsində qanunsuz olaraq narkotik tərkibli bitkilər əkib-becərməsi ilə əlaqədar əməliyyat məlumatının daxil olduğunu bildirmiş, Təqsirləndirilən şəxs cinayət başında yaxalanması və onun cinayət əməlinin ifşa olunması məqsədilə əməliyyat qrupunun yaradılmasına dair protokol tərtib edildikdən sonra Qazax RPŞ-nin İTB-nin polis sahə rəisləri Şahid2 və Şahid3 iştirakları ilə birlikdə, bu istiqamətdə müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə başlamışlar. Bu barədə məlumat aldıqda Qazax RPŞ-nin İTB-nin polis sahə rəisləri, Şahid2 və Şahid3, eyni zamanda Qazax RPŞ-nin TB-nin təhqiqatçısı, polis leytenantı X5, Qazax RPŞ-nin KTQ-nin baş inspektor-kriminalisti, polis kapitanı X4 və mütəxəssis qismində dəvət olunmuş X11 İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri vəzifəsində işləyən X3 ilə birlikdə polis şöbəsindən çıxaraq xidməti avtomobillərlə Təqsirləndirilən şəxs Qazax rayonu, Xanlıqlar kəndində yerləşən fərdi yaşayış evinə getmişlər. Həmin ünvana çataraq Rahil Hüseynov tərəfindən həyata keçirilən videoçəkiliş zamanı qapını döydükdə onları Təqsirləndirilən şəxs qarşılamış, təhqiqatçı Elmir Şıxıyev tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evinin həyətyanı bağ sahəsində narkotik tərkibli bitkilər əkib-becərməsində şübhəli olduğu, bu səbəbdən də, evin həyətyanı bağ sahəsinə baxış keçirilməli olduğu izah olunmuşdur. Təqsirləndirilən şəxs isə narkotik vasitələrin aludəçisi olduğunu deyərək baxış keçirilməsinə hər hansı bir etirazının olmadığını bildirib bu barədə yazılı ərizə vermişdir. Daha sonra evin həyətyanı bağ sahəsinə baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı bağ sahəsinin ətrafı ağaclarla və müxtəlif kollarla əhatə olunmuş hissəsində narkotik tərkibli çətənə bitkisinə oxşar 01 ədəd kol aşkar olunmuş, Təqsirləndirilən şəxs həmin kolun çətənə kolu olduğunu, kolun təsadüfən bitdiyini, narkotik vasitə aludəçisi olduğu üçün koldan toplayıb istifadə etdiyini və kola hər hansı bir formada qulluq göstərmədiyini demişdir. Baxışda mütəxəssis qismində iştirak edən Barat Vəliyev isə həmin kola diqqət yetirərək ona aqrotexniki qaydada qulluq göstərildiyini bildirmiş, kolun kisəsinin içərisinə qoyularaq qablaşdırılaraq DİN-in 64 saylı möhürü ilə möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra evin digər hissələrinə baxış keçirilməsi zərurəti yarandığından bu zərurət Təqsirləndirilən şəxs izah olunmuş və o, buna da hər hansı bir etirazının olmadığını bildirmişdir. Arxasınca evin həyətində yerləşən, kənarları açıq vəziyyətdə olan çardağın alt hissəsinə baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı çardağın altındakı stolun üzərindən 1 ədəd qəzet kağızı parçası bükümündə, 2 ədəd gümüşü rəngli falqa bükümündə, 4 ədəd salfet bükümündə və 1 ədəd şüşə bankanın içərisindən 1 ədəd polietilen torbada yaşıl rəngli, kəskin iyili, qurudulmuş halda kütlələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs bükümlərdəki kütlələrin nədən ibarət olduğunu bilmədiyini və həmin kütlələrin özünə məxsus olmadığını desə də 1 ədəd polietilen torbadakı kütlənin narkotik vasitə olan marixuana olduğunu və həmin narkotik vasitəni həyətyanı bağ sahəsindəki çətənə kolundan toplayıb öz şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Daha sonra həmin 7 ədəd bükümdəki və 1 ədəd polietilen torbadakı kütlələr ilk öncə ayrı-ayrılıqda, arxasınca isə ümumilikdə elektron tərəzi vasitəsilə çəkilmiş, çəkildikdən sonra kağız zərfin içərisinə qoyularaq qablaşdırılmış və üzəri 64 saylı möhürlə möhürləndikdən sonra bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra evin həyətində yerləşən yardımçı tikilinin içərisinə və evin içərisinə baxış keçirilsə də, hər hansı bir narkotik vasitə və yaxud digər qanunsuz predmet aşkar edilməmişdir. Qeyd olunan ünvana keçirilən baxış başa çatdırıldıqdan və protokol tərtib olunmuş, protokol iştirak edənlər tərəfindən imzalanmışdır. Baxış həmin gün, saat 18:30-da başlanmış, 20:55-də bitmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində də narkotik vasitə, psixotrop maddə və yaxud onların prekursorları saxlaması və daşıması şübhəsi yarandığından sonuncuya onlarla birlikdə Qazax RPŞ-yə getməli olduğunu izah etmişlər, Füron onlara heç bir etiraz etmədən və müqavimət göstərmədən Qazax RPŞ-yə getmiş, müdafiəçisinin də iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərindən hər hansı bir narkotik vasitə, o cümlədən qanun ilə daşınması qadağan olunmuş hər hansı bir əşya və yaxud predmet aşkar olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qazax rayon Polis Şöbəsinin əməkdaşları Şahid2 və Şahid3 digər Şahid1 ilə eyni məzmunlu ifadə verərək deyilənləri bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 16/1127 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş narkotik maddəyə bənzər bükümlər..” sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd qəzet parçası bükümündə, 2 (iki) ədəd gümüşü rəngli falqa bükümdə, 4 (dörd) ədəd salfet bükümdə və 1 (bir) ədəd polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri 0.31 qram, 0.91 qram, 0.55 qram, 0.49 qram, 0.89 qram, 1.11 qram, 0.25 qram, 22.95 qram, ümumi təmiz çəkisi 27.46 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Bundan əlavə, tədqiqata təqdim ounmuş “Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən götürülmüş narkotik tərkibli kol” söləri və imzalar olan sintetik kisədəki, 1 (bir) ədəd, təmiz çəkisi 150 qram bitki nümunələri, əkilib-becərilməsi qadağan olunuş narkotik tərkibli – çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd kağız paketdəki marixuanalar ilə 1 (bir) ədəd sintetik kisədə olan çətənə (kannabis) bitkisi tərkiblərinə görə eynidirlər. Aqronom (mütəxəssis) X2 rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. QEYD: Marixuananın ümumi təmiz çəkisi 27,46 qram, tədqiqata cəmi istifadə olundu 0,16 qram, qalıq 27,3 qram. Çətənə bitkisi 1 ədəd ümumi təmiz çəkisi 150 qram, tədqiqata istifadə olundu cəmi 0,05 qram, qalıq 149,95 qram. Məhkəmə-narkoloji ekspertizasının 29 yanvar 2023-cü il tarixli 164 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Qazax rayon Psixiatriya Xəstəxanasından alınmış xx.xx.2023-cü il tarixli 55 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2010-cu il tarixdən xx.xx.2010-cu il tarixə, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə, xx.xx.2021-ci il tarixdən Qazax rayon Psixiatriya Xəstəxanasında “psixopatiya oyanıq tip, dekompensasiya fazası sayıqlama ideyaları ilə” diaqnozu ilə stasionar müalicələrdə olmuşdur. Ambulator məhkəmə-psixiatrik ekspertizasının 24 yanvar 2023-cü il tarixli 42 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən hadisəni törədən zaman və hal-hazırda nevrotik reaksiyalarla müşayiət olunan emosional davamsız şəxsiyyət pozuntusu XBT 10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F60.3 xəstəliyi keçirir. Təqsirləndirilən şəxs hadisə zamanı öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni cinayət hadisəsini törədən zaman anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Cinayət işinə əlavə edilmiş 19 sentyabr 2022-ci il tarixli “baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, 19 sentyabr 2022-ci il tarixdə saat 18:30-dan saat 20:55-dək olan müddət ərzində videoçəkilişdən istifadə edilərək Qazax rayonu, Xanlıqlar kəndində yerləşən Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə baxış zamanı həyətyanı bağ sahəsindən 01 (bir) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi, həyətdəki çardağın alt hissəsindəki stolun üzərindən 2 ədəd gümüşü rəngli falqa kağızı, 4 ədəd salfet kəsiyi bükümündə ayrı-ayrılıqda çəkiləri 0.85 qram, 1.45 qram, 2.31 qram, 0.99 qram, 2.10 qram, 2.59 qram və 1 (bir) ədəd şüşə bankanın içərisindən 01 (bir) ədəd kağız bükümdə və 01 (bir) ədəd sellofan torbada ayrı-ayrılıqda çəkiləri 0.58 qram və 25.60 qram təşkil edən yaşıl rəngli, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilərək götürülmüşdür. DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 09 ay 22 gün vaxtından əvvəl şərti azad olunmuş, hazırda məhkumluğu ödənilməmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş xx.xx.2022-ci il tarixdə azad edilmişdir. Qazax RİHB-nın Xanlıqlar kənd İƏD üzrə nümayəndəliyinin verdiyi 19 yanvar 2023cü il tarixli, 11-21/069 saylı arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Qazax rayonu Xanlıqlar kəndində qeydiyyatda olmaqla yaşayır, yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 16 iyul 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibi olmadığından, Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən barəsində həmin maddə ilə ittah elan edilməmiş, onun yaşadığı evin həyətyanı bağ sahəsində tərkibində narkotik maddələr olan 01 ədəd çətənə (kannabis) bitkisini əkib yetişdirməklə qanunsuz olaraq kultivasiya etməsi əməlində CM-nin 237.1-ci maddəsinin tərkib əlamətləri olmadığından, barəsində CPM-nin 39.1.2-ci maddəsinə əsasən həmin maddə ilə cinayət təqibinə xitam verilmişdir. Beləliklə məhkəmə, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün etiraf edici ifadəsi ilə yanaşı, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, həmçinin məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hal, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1.-ci maddəsinə görə, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Fürov Allahverdiyev cəzasını çəkib qurtardığı gündən 06 il müddət keçmədən və məhkumluq müddəti məhkəmə tərəfindən vaxtından əvvəl onun üzərindən götürülmədən CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətmişdir, bu da cinayətlərin residivini yaradır Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olub törətdiyi əməli etiraf etməsini iş üzrə onun cəzasını yüngülləşdirən hal kimi, əməlində cinayətlərin residivinin olmasını isə iş üzrə onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkməsi müəyyən edilir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın onların islah olunmasına təsirini, həmçinin, təqsirləndirilən şəxsin əmlak vəziyyətini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Məhkəmə, qeyd olunanları nəzərə alıb təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni və ədalətli hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilən cəzadan çıxılmalı, o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 15 sentyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz edilməli, o, məhkəmə iclas zalından dərhal həbs edilməli, barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, o, narkomaniyadan məcburi müalicə olunmalı, narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə maddi sübutlar olan, Qazax Rayon Polis Şöbəsinin müvəqqəti saxlanc anbarında saxlanılan 0,29 qram, 0,89 qram, 0,53 qram, 0,47 qram, 0,87 qram, 1,09 qram, 0,23 qram, 22,93 qram olmaqla cəmi 27,3 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməli, məhkəmə xərci-aparılmış ekspertiza tədqiqatının dəyəri olan 32,4 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 175, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 15 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin, o, məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan, Qazax Rayon Polis Şöbəsinin müvəqqəti saxlanc anbarında saxlanılan 0,29 qram, 0,89 qram, 0,53 qram, 0,47 qram, 0,87 qram, 1,09 qram, 0,23 qram, 22,93 qram olmaqla cəmi 27,3 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə məhkəmə xərci- aparılmış ekspertiza tədqiqatının dəyəri olan 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar