Məhkəmə qərarları › İş №1(023)-70/2024

Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-70/2024

15.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-70/2024 15.11.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məhkəmə iclas katibi Cəbiyeva Vəfa Şubet qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Qazax rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1978-ci ildə Qazax rayonu Kosalar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işsiz, Qazax rayonu Kosalar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməsi mümkün olmayan tarixdə və mənbədən əldə etdiyi, tərkibində narkotik maddələr olan 6 (altı) ədəd çətənə (kannabis) bitkisi toxumunu, 2024-cü ilin mart ayının təxminən əvvəllərində içərisi torpaqla doldurulmuş 4(dörd) ədəd plastmas materialdan olan birdəfəlik istifadə təyinatlı stəkanın hərəsinə 1(bir) ədəd və içərisi eyni qaydada torpaqla doldurulmuş 1(bir) ədəd plastmas materialdan olan birdəfəlik istifadə təyinatlı stəkana isə 2(iki) ədəd olmaqla yerləşdirib Qazax rayonu Kosalar kəndində yerləşən ailə üzvləri ilə birlikdə yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsindəki yarımtikilinin iki ayrı otağında hərəsində 2 (iki) ədəd qeyd edilən stəkanlarda və yarımtikilinin kənarıda isə 1 (bir) ədəd həmin stəkanda olmaqla, ümumilikdə 5(beş) ədəd plastmas materialdan olan birdəfəlik istifadə təyinatlı stəkanlarda qanunsuz olaraq torpaq sahəsinə əkdikdən sonra, həmin yarımtikilinin içərisində və kənarında xüsusi narkotik maddələr olan bitkilərin yetişdirilməsi üçün xüsusi şərait yaradıb onların məhsuldarlığının artırılmasına yönələn hərəkətləri özündə ehtiva edən aqrotexniki qulluq göstərərək, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarında, habelə onların külli miqdarına görə sihayılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununda göstərilən 3-cü siyahıya əsasən xeyli miqdar hesab edilən, əkilib-becərilməsi qadağan olunmuş, hündürlükləri 27 (iyirmi yeddi) santimetrdən 46 (qırx altı) santimetrədək olan 6 (altı) ədəd, ümumi təmiz çəkisi 16 (on altı) qram olan narkotik tərkibli çətənə (kannabis) bitkilərini qanununsuz olaraq əkib yetişdirməklə xeyli miqdarda kultivasiya etmiş, Qazax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Əməliyyat-axtarış fəaliyyəti” haqqında Azərbaycan Respublikasının Qanununun tələblərinə müvafiq qaydada keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 03 may 2024-cü il tarixdə saat 14:45-dən saat 17:00-dək olan müddət ərzində sonuncunun yaşadığı Qazax rayonu Kosalar kəndində yerləşən evin həyətyanı sahəsinə özünün iştirakı ilə baxış keçirilən zaman həyətyanı sahədə yerləşən yarımtikilinin içərisində iki ayrı otaqda hərəsində 2 (iki) ədəd və yarımtikilinin kənarında isə 1 (bir) ədəd olmaqla sonuncu tərəfindən ümumilikdə 05 (beş) ədəd plastmas materialdan olan birdəfəlik istifadə təyinatlı stəkanların içərisində qanunsuz olaraq torpağa əkilərək aqrotexniki qulluq göstərilib yetişdirilmiş, əkilib-becərilməsi qadağan olunmuş, hündürlükləri 27 (iyirmi yeddi) santimetrdən 46 (qırx altı) santimetrədək olan, 6 (altı) ədəd, ümumi təmiz çəkisi 16 (on altı) qram olan narkotik tərkibli xeyli miqdarda çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Qazax rayonu, Kosalar kəndində yaşayır. Kənd ərazisindəki otlaq sahəsində heyvanları otaran zaman 1 ədəd çətənə bitkisi görüb həmin kolu kökündən çıxarıb yaşadığı evə aparmış, toxumlarını əkmək üçün saxlamışdır. 2024-cü ilin mart ayının təxminən əvvəllərində o, çətənə bitkisinin toxumlarından 4 ədədini 4 ədəd birdəfəlik plastik stəkanda, 2 ədədini isə 1 ədəd plastik sətkanda torpağa əkmiş, həmin toxumlardan çətənə bitkiləri cücərib böyüdükdən sonra 4 ədəd plastik stəkanda olan 4 ədəd çətənə bitkisini yaşadığı evin arxa tərəfindəki həyətyanı torpaq sahəsində yerləşən yarımçıq tikilidə, qalan 1 ədəd plastik stəkandakı 2 ədəd bitkini isə həmin yarımçıq tikilinin kənarında torpağa basdırmış, bundan sonra bitkiləri suvarmış, ətraflarını alaq otlarından təmizləmişdir. Bundan başqa, yaşadığı evin arxa tərəfindəki həyətyanı torpaq sahəsində yerləşən yarımçıq tikilidə, divarın kənarında bir neçə ədəd çətənə bitkisi yabanı halda bitmişdir. Lakin o, həmin bitkilərə qulluq etməmiş, suvarmamış, ətraflarını alaq otlarından təmizləməmişdir. 03 may 2024-cü il tarixdə saat 15 radələrində yaşadığı evdə olan zaman evin giriş darvasının döyüldüyünü eşidib daravazanı açmış, qapının qarşısında polis əməkdaşlarının olduğunu görmüşdür. Polis əməkdaşlarından biri ona özünü təqdim etməyini bildirmişdir. O, özünü təqdim etdikdən sonra polis əməkdaşı onun yaşadığı evin həyətində nakotik tərkibli bitkiləri əkibbecərməyi barədə məlumat daxil olduğunu və baxış keçirilməli olduğunu bildirib etirazının olub-olmadığını soruşmuşdur. O, isə etiraz etmədiyini bildirmiş və bu barədə ərizə yazmışdır. Bundan sonra polis əməkdaşları əkib yetişdirdiyi narkotik tərkibləri bitkiləri təqdim etməyini təklif etmişdir. O, isə etiraz etməyib onlarla birlikdə evin arxa tərəfindəki həyətyanı torpaq sahəsində yerləşən yarımçıq tikiliyə getmişdir. Yarımçıq tikilinin otağının birində 2 ədəd birdəfəlik plastik stəkanda torbağa əkdiyi 2 ədəd çətənə bitkisini polis əməkdaşlarına təqdim edib həmin bitkilərə qulluq etdiyini bildirmiş, polis əməkdaşları aqronomla birlikdə həmin bitkilərə baxış keçirmişlər. Bundan başqa polis əməkdaşları həmin otağın divarının kənarında yabanı halda bitmiş 10 ədəd çətənə bitkisini aşkar etmişlər, ondan həmin bitkilərə qulluq edib-etmədiyini soruşmuşlar, o, isə həmin bitkilərin yabanı şəkildə bitdiyini, həmin bitkilərə qulluq etmədiyini bildirmişdir. Aqronom həmin bitkilərə baxış keçirib birində 2 ədəd birdəfəlik plastik stəkanda torbağa əkdiyi 2 ədəd çətənə bitkisinə qulluq edildiyini, yabanı halda bitmiş 10 ədəd çətənə bitkisinə isə qulluq edilmədiyini bildirmişdir. Bundan sonra həmin bitkilər kökündən çıxarılaraq götürülmüşdür. Daha sonra o, həmin yarımçıq tikilinin digər otağında 2 ədəd birdəfəlik plastik stəkanda torbağa əkdiyi 2 ədəd çətənə bitkisini polis əməkdaşlarına təqdim edib həmin bitkilərə qulluq etdiyini bildirmiş, polis əməkdaşları aqronomla birlikdə həmin bitkilərə baxış keçirmişlər, aqronom həmin bitkilərə baxış keçirib həmin 2 ədəd çətənə bitkisinə qulluq edildiyini bildirmişdir. Həmin bitkilər kökündən çıxarılaraq götürülmüş, sonra o, həmin yarımçıq tikilinin kənarında 1 ədəd birdəfəlik plastik stəkanda torbağa əkdiyi 2 ədəd çətənə bitkisini polis əməkdaşlarına təqdim edib həmin bitkilərə qulluq etdiyini bildirmiş, polis əməkdaşları aqronomla birlikdə qeyd olunan bitkilərə baxış keçirmişlər, aqronom 2 ədəd çətənə bitkisinə də qulluq edildiyini demişdir. Daha sonra polis əməkdaşları onu Qazax rayon polis şöbəsinə aparmışlar. Orada müdafiəçi ilə təmin edilmiş, müdafiəçisinin də iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış aparılmış, lakin üzərindən qanunsuz heç nə aşkar edilməmişdir. O, qeyd olunan çətənə bitkilərini özü istifadə etmək üçün əkibbecərmiş, aşkar olunmuş digər 10 ədəd bitkilər yabanı şəkildə özü bitmiş, həmin bitkilərə qulluq etməmişdir. Onun çətənə əkib onlara aqrotexniki qulluq etməsindən heç kəsin, o cümlədən ailə üzvlərinin məlumatı olmamışdır. O, heç kimə narkotik vasitə, psixotrop maddə satmamışdır. Hazırda törətdiyi əməldən peşmandır. Gələcəkdə bir daha bur cür əmələ yol verməyəcəkdir. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, Qazax rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, o, cümlədən yaşadığı evin həyətyanı bağ sahəsində narkotik tərkibli bitkiləri əkib-yetişdirməsi ilə bağlı məlumat daxil olduğundan 03 may 2024-cü il tarixdə əməliyyat tədbirləri keçirilməsi məqsədilə şöbənin polis əməkdaşlarından ibarət əməliyyat qrupu təşkil olunmuş və əməliyyat tədbirlərinin keçirilməsi barədə Qazax rayon məhkəməsinə zəruri sənədlər təqdim olunmuşdur. Zəruri sənədləşmələr aparıldıqdan sonra 03 may 2024-cü il tarixdə saat 15 radələrində qrup üzvləri ilə birlikdə əməliyyat tədbirlərinin keçirilməsi üçün Qazax rayonu Kosalar kəndinə, əməliyyat məlumatı əsasında onlara məlum olan şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına yollanmışlar. Həmin əməliyyat tədbirində zərurət yaradığı üçün bitkiçilik üzrə mütəxəssis Şahid5 də iştirak etmişdir. Xülasə, həmin vaxt onun yaşadığı evin qapısı bağlı olduğundan onlar qapını döydükdən sonra qapını ev sahibi, əməliyyat məlumatı əsasında şəxsiyyəti və xarici görkəmi onlara məlum olan Təqsirləndirilən şəxs açmışdır. Baş təhqiqatçı Elmir Şıxıyev özünü və tədbirdə iştirak edən şəxsləri təqdim etdikdən sonra, qanuni əsaslarla, narkotik tərkibli bitkilərin əkilib-yetişdirilməsi şübhəsi ilə əlaqədar həyətyanı sahəyə baxış keçiriləcəyini izah etdikdə o, heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra qrup üzvləri və əməliyyat tədbirində iştirak edən bitkiçilik üzrə mütəxəssis Şahid5 ilə birlikdə Təqsirləndirilən şəxs razılığı ilə həyətə daxil olaraq özünün istiqamətləndirməsi ilə həyətyanı sahəyə hərəkət etmişlər. Ona gəlişlərinin məqsədini, əməliyyat tədbirlərinin həyata keçirilməsinin hüquqi əsaslarını və qanunamüvafiqliyini izah etdikdən sonra o, həyətyanı sahəyə, bağa baxış aparılmasına heç bir etiraz etmədiyini bildirmiş və bununla bağlı öz təşəbbüsü ilə baş təhqiqatçı tərəfindən tərtib olunmuş ərizəyə imza etmişdir. Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə müvafiq qaydada baş təhqiqatçı Elmir Şıxıyev tərəfindən iştirakçılara hüquq və vəzifələr izah olunduqdan sonra Təqsirləndirilən şəxs özünün də iştirakı ilə baxış keçirilməsi istintaq hərəkəti başlanmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs özünün göstərməsinə əsasən həyətyanı sahədə yerləşən yarımtikiliyə tərəf hərəkət edib oraya daxil olaraq baxış keçirən zaman yarımtikilinin iki ayrı otağında və yarımtikilinin kənarında torpaq sahəsinə əkilmiş çətənə bitkisinə bənzər bir neçə bitki kolunun olması aşkar olunmuşdur. Təqsirləndirilən şəxs və mütəxəssis Şahid5 həmin bitkilərin çətənə bitkisi olmasını və aqrotexniki qaydada qulluq edilməsini təsdiq etdikdən sonra təhqiqatçı tərəfindən həmin 6 (altı) ədəd çətənə bitkisi kolu, əkildiyi plastmas materialdan olan kustar üsulla hazırlanmış 5 (beş) ədəd qabla birlikdə torpaqdan çıxarılmışdır. Bundan sonra isə onlar, həmin 6(altı) ədəd bitkini yaş kökləri ilə birlikdə götürərək ölçülərini müəyyən etdikdən sonra qablaşdırmışlar. Daha sonra isə yarımtikilinin digər hissəsinə baxış keçirildikdə oradan daha 10 (on) ədəd çətənə bitkisinə bənzər bitki aşkar olunmuşdur. Mütəxəssis Şahid5 həmin bitkilərə baxış keçirdikdən sonra qeyd edilən bitkilərə aqrotexniki qulluq göstərilmədiyini, yabanı halda bitdiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs da həmin bitkilərdən məlumatsız olduğunu bildirmişdir. Bundan sonra həmin yabanı halda bitən 10 (on) ədəd çətənəyə bənzər bitki kolu tərəfilərindən torpaqdan çıxarılaraq qablaşdırılmışdır. Həyətyanı sahədən aşkar edilmiş bitkilərin nə olması, hansı formada əldə edilməsi və əkilib-yetişdirilməsi barədə şifahi sorğu edilən Təqsirləndirilən şəxs həmin bitkilərdən 6 (altı) ədədinin narkotik tərkibi çətənə bitkisi olmasını və özü tərəfindən əkliərək aqrotexniki qaydada qulluq göstərilməsini etiraf etmiş, yabanı halda bitən çətənə bitkilərindən isə məlumatının olmadığını göstərmişdir. Daha sonra isə həyətyanı sahəyə baxış davam etdirilsə də, heç bir qanunsuz predmet və ya əşya aşkar edilməmişdir. Baxış və götürmə başa çatdıqdan sonra tərtib edilmiş protokola imza etmişlər. Daha sonra isə onlar, aşkar olunmuş bitkiləri də götürərək Əli ilə birlikdə Qazax RPŞ-nin inzibati binasına getmişlər. Orada Əli müdafiəçi ilə təmin edilmiş, videoçəkilişlə Əlinin üzərində şəxsi axtarış aparılmış, lakin qanunsuz hansısa əşya aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Cucaq oğlu və Şahid4 digər Şahid3lə oxşar məzmunlu ifadə verərək göstərilən halları bir daha təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 03 may 2024-cü il tarixdə Qazax RPŞ-dən işlədiyi X2 İnkişaf Mərkəzinə mütəxəssis dəvət olunması ilə bağlı rəsmi sorğu daxil olduğundan rəhbərliyin göndərişi əsasında o, həmin tarixdə saat 13 radələrində şöbəyə gələrək xidməti otaqlardan birinə dəvət olunmuş və təhqiqatçı tərəfindən dəvət olunduğum tədbirlə bağlı ümumi məlumat verildikdən sonra qərar əsasında mütəxəssis qismində təyin edilmişdir. Bundan sonra isə baş təhqiqatçı Elmir Şıxıyev tərəfindən ona hüquq və vəzifələri izah edilərək protokol tərtib edilmiş, o, da həmin protokolla tanış olduqdan sonra imza etmişdir. Nəhayət, həmin tarixdə saat 14 radələrində polis əməkdaşları ilə birlikdə Qazax rayonu Kosalar kəndinə yola düşmüşlər. Həmin tarixdə saat 15 radələrində əməliyyat tədbiri keçiriləcək ünvana çatdıqdan sonra polis əməkdaşları həmin ünvanın giriş qapısına yaxınlaşmış, polis əməkdaşları qapını döydükdən sonraadan adının Təqsirləndirilən şəxs olması bildiyi şəxs qapını aşmış, polis əməkdaşları ona xidməti vəsiqələrini göstərib özlərini və onu təqdim etdikdən sonra həyətyanı sahəyə baxış keçiriləcəyini demiş, Əli razılaşmış, onlar Əlinin razılığı ilə həyətə daxil olaraq Təqsirləndirilən şəxs öz təşəbbüsü ilə həyətyanı sahəyə tərəfə hərəkət etmişlər. Təqsirləndirilən şəxs öz etirafı və göstərməsinə əsasən polis əməkdaşları ilə birlikdə həyətyanı sahəyə hərəkət edərək orada yerləşən yarımtikiliyə daxil olub baxış keçirən zaman yarımtikilinin iki ayrı otağında və yarımtikilin kənarında əkilib-becərilməsi qadağan olunmuş çətənə bitkisinə bənzəyən bir neçə bitkilərin olması aşkar olunmuşdur. Polis əməkdaşları, onun da iştirakı ilə onları saydıqdan sonra cəmi 6 (altı) ədəd olmasını müəyyən etmişlər. Bundan sonra həmin bitkilər kökü ilə birlikdə əkilmiş torpaqdan çıxarıldıqda, o, aşkar olunmuş bitkilərə ilkin baxış keçirdikdə həmin bitkilərin əkilib yetirişdirilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisi olmasını və onlara xüsusi qaydada aqrotexniki qulluq edilməsini müəyyən edib bu barədə polis əməkdaşlarına məlumat vermişdir. Daha sonra isə baxış davam etdirilmiş və yarımtikilinin digər tərəfində də əkilib-becərilməsi qadağan olunmuş çətənə bitkisinə bənzəyən bir neçə bitkilərin olması aşkar olunmuşdur. O, həmin bitkilərə baxış keçirdikdə həmin bitkilərin də əkilib yetirişdirilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisi olmasını, lakin aqrotexniki qulluq edilmədiyini, yabanı halda bitməsini polis əməkdaşlarına bildirmişdir. Bundan sonra həmin 10 (on ) ədəd çətənə (kannabis) bitkisi də torpaqdan çıxarılmış və bir qədər əvvəl aşkar olunmuş 06 (ədəd) çətənə (kannabis) bitkisi ilə birlikdə onların iştirakı ilə ayrı paketlərdə qablaşdırılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs 06 (altı) ədəd çətənə (kannabis) bitkisini əkib aqrotexniki qulluq etməklə yetişdirməsini etiraf etmiş, yabanı halda bitən çətənə (kannabis) bitkilərindən isə məlumatsız olmasını göstərmişdir. Bundan sonra isə polis əməkdaşları sənədləşmələr aparılmış, daha sonra isə birlikdə şöbəyə getdikdən sonra o, aşkar edilərək götürülmüş bitkilərin narkotik tərkibli, əkilib-yetişdirilməsi qadağan olan çətənə (kannabis) bitkisi olması barədə arayış tərtib edərək polis əməkdaşlarına təqdim etmişdir. İş üzrə şahid olan Şahid1 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, o da yuxarıda göstərilənlərlə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının 04 may 2024-cü il tarixli 16/517 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən götürülərək tədqiqata təqdim edilmiş 10 (on) ədəd ümumi təmiz çəkisi 22,33 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir, 6 (altı) ədəd ümumi təmiz çəkisi 16 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronum (mütəxəssis) Şahid5 rəyinə əsasən təqdim edilmiş 6(altı) ədəd bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Digər 10 (on) ədəd bitkilərə isə aqrotexniki qaydada qulluq edilməmiş, onlar yabanı halda bitmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 12 sentyabr 2024-cü il tarixli 1535 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkolji kabinetdə proflikatiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan “Baxış keçirilməsi haqqında” 03 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Qazax rayonu Kosalar kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilən zaman, həmin sahədə olan yarımtikilinin içərisində iki ayrı otaqda və yarımtikilinin kənarında Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq ümumilikdə 05 (beş) ədəd plastmas materialdan olan birdəfəlik istifadə təyinatlı stəkanların içərisində torpağa əkilərək yetişdirilməklə xeyli miqdarda kultivasiya edilmiş, əkilib-becərilməsi qadağan olunmuş, hündürlüyü 27 (iyirmi yeddi) santimetrdən 46 (qırx altı) santimetrədək olan, təmiz çəkisi 16 (on altı) qram təşkil edən 6 (altı) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi və həmin həyətyanı sahədəki yarımtikilinin içərisində yabanı halda bitmiş, əkilib-becərilməsi qadağan olunmuş, ümumi təmiz çəkisi 22,33 qram olan 10 (on) ədəd narkotik tərkibli çətənə(kannabis) bitkisi aşkar edilərək götürülmüşdür. Baxış 03 may 2024-cü il tarixdə, saat 14:45-də başlamış, saat 17:00-da bitlişdir. Cinayət işinin materiallarında olan Qazax rayonu Kosalar bələdiyyəsindən daxil olmuş 10 sentyabr 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin yerləşdiyi torpaq sahəsi 12 sot olmaqla özünə məxsusdur. Cinayət işinin materiallarında olan DİN BƏSİİ-dən əldə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. Cinayət işinin materallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 03 may 2024-cü il tarixdən 05 may 2024-cü il tarixədək 02 gün şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Qazax RİHB-nın Kosalar Kənd İƏD üzrə nümayəndəliyinin verdiyi xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə şikayət daxil olmamışdır. Beləliklə məhkəmə, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, həmçinin məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hal, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını- CM-in 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyasında 3 növ cəza, yəni cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə hesab edir ki, daha ciddi cəzanın–azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, daha ciddi cəzanın təyin edilməsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarı və CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəaları, narkotik maddənin miqdarının minimum həddə yaxınlığı təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma aparıla bilmir. Çünki, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma tələb olunur, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Bundan başqa, cəza təyin edilərkən digər məsələlərlə yanaşı, təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Belə ki, təqsirləndirilən şəxsə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, onun şübhəli şəxs qismində tutulduğu 02 gün müddət CM-nin 69.3cü maddəsinə əsasən təyin edilən cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun yaşayış yerini saat 23:30-dan saat 07:00-dək və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etmələrinə məhdudiyyət qoyulmalı, bundan başqa, onun üzərinə yaşayış yerini saat 23:30-dan saat 07:00-dək və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, həmçinin üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, o, narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə maddi sübutlar olan, Qazax RPŞ-nin saxlanc anbarında saxlanılan cəmi 15,88 qram, tərkibində narkotik maddə olan 06 ədəd çətənə (kannabis) bitkisinin qalıqları və 05 ədəd plastmas materialdan olan birdəfəlik istifadə təyinatlıq stəkanlar məhv edilməli, məhkəmə xərcləriaparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 32,40 manat məbləğində pul ondan alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməli, hökmün icrası Qazax Rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 04 (dörd) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət, həbsdə saxlanmanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesabı ilə hesablanmaqla, ona təyin edilmiş 02 (iki) il 04 (dörd) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılaraq onun üzərində 02 (iki) il 03 (üç) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:30-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:30-dan saat 07:00-dək və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan, Qazax RPŞ-nin saxlanc anbarında saxlanılan, cəmi 15,88 qram, tərkibində narkotik maddə olan 06 ədəd çətənə (kannabis) bitkisinin qalıqları və 05 ədəd plastmas materialdan olan birdəfəlik istifadə təyinatlıq stəkanlar məhv edilsin. İş üzrə məhkəmə xərci- ekspertiza tədqiqatlarının dəyəri olan 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Hökmün icrası Qazax Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar