Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 1(023)-73/2023 15.08.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəbiyeva Vəfa Şubet qızının katibliyi, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 və onun müdafiəçisi Qazax Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X3 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X6 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli bilinib 06 ay müddətinə, Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə təqsirli bilinib 06 ay müddətinə, qəti olaraq 01 müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Xüsusi ittihamçı X6 əvvəlki məhkəmə iclasında şikayəti onunla əsaslandırmışdır ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 “Tik tok” sosial şəbəkədə “toy_dunyasi_qazax” adlı istifadəçi adı ilə onun şəkillərini yerləşdirirək onun barəsində təhqir edici ifadələr işlədərək işgüzar nüfuzunun ləkələnməsi, şərəf və ləyaqətin alçalmasına səbəb olmuşdur. Qeyd olunan ifadələrlə X5 həqiqətə uyğun olmayan sözlər qərəz və təhqirdən ibarətdir. X5 onun şərəf və ləyaqətini ləkələyərək işgüzar nüfuzuna ləkələr yaxaraq onu nüfuzdan salan həmin foto şəklinə qoyulmuş video kütləvi informasiya vasitələrində yayılmışdır. Belə ki, onda olan məlumatlara görə həmin video sosial şəbəkədə artıq xeyli sayda izlənmiş, izləmə sayı 4.000 ötmüşdür. Bu barədə onu tanıyan şəxslər qohumları, dostları və tanışları ona dəfələrlə zəng edərək həmin video barədə soruşmuşlar. Ona hər dəfə zəng gələndə o psixoloji sarsıntılar keçirir. O artıq qohumların, dost və tanışların uzunə baxa bilmir. Bundan başqa o "xxxx" ASC-nin Ağstafa EŞ-də mütəxəsis işləyir artıq həmin video iş yerindədə yayılmışdır. Artıq iş yerində işləməyədə utanır. Odur ki, X2 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə təqsirli bilinib, 6 (altı) ay müddətinə, eyni zamanda həmin Məcəllənin 148-ci maddəsi ilə təqsirli bilinib 6 (altı) ay müddətinə qəti olaraq 1 (bir) il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında dindirilmiş barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X8 izahat verərək bildirmişdir ki, Qazax şəhəri, ünvan 1 ünvanında yaşayır. X4 Qazax şəhər sakini kimi tanıyır. Əşrəf Əliyevin şikayətində göstərdiyi xüsusatlar tamamilə şər böhtandır. O, Əşrəfə qarşı şikayət ərizəsində göstərdiyi təhqir edici ifadələr işlətməmişdir. Odur ki, X3 xüsusi ittiham qaydasında məhkəməyə verdiyi şikayət əsasızdır, həmin şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayətin dəlillərini nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin “Böhtan” adlanan 147.1-ci maddəsində böhtan, yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatların kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayılması kimi göstərilmişdir. Həmin Məcəllənin 147.2-ci maddəsində isə ağır və ya xüsusilə ağır cinayət törətməklə böhtan atmaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin “Təhqir” adlanan 148-ci maddəsində təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma kimi göstərilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin dispozisiyasından görünür ki, bu maddələr ilə cinayət məsuliyyətinin yaranması üçün cinayət tərkibinin subyektiv cəhətinin məcburi elementi kimi birbaşa qəsdin olması zəruridir. Yəni təqsirkar başqa şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları, onun şərəf və ləyaqətini nalayiq formada alçaldan məlumatları eləcədə təhqiri, kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yaydığını dərk etməli və bunu arzu etməlidir. Eyni zamanda qeyd etmək lazımdır ki, qanunverici mülki məsuliyyətə səbəb olan böhtan və təhqir cinayət məsuliyyəti yaradan böhtan və təhqiri bir-birindən fərqləndirmək üçün cinayətin törədilmə üsulunu cinayət tərkibinin zəruri əlaməti kimi CM-nin 147 və 148ci maddələrinə daxil etmişdir. Belə ki, göstərilən cinayət əməli qanunda göstərilən üç üsulla – yəni, şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatlar kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yaymaqla törədildikdə cinayət məsuliyyətinə səbəb ola bilər. Qeyd edilən əməl bu cür üsullardan biri ilə törədilmədikdə isə cinayət məsuliyyəti istisna edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarının 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmin qərarın 6-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fıkrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 vəLingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). X1 şikayət ərizəsində göstərmişdir ki, X5 “Tik Tok” sosial şəbəkəsində “toy_dunyasi_qazax” adlı istifadəçi adı ilə onun şəkillərini yerləşdirirək onun barəsində təhqir edici ifadələr işlədərək işgüzar nüfuzunun ləkələnməsi, şərəf və ləyaqətin alçalmasına səbəb olmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, işin araşdırılmış hallarından və işdə olan DVD diskə baxış zamanı “Tik tok” sosial şəbəkəsində “toy_dunyasi_qazax” adlı istifadəçinin X5 olması ilə bağlı məhkəməyə xüsusi ittihamla birlikdə hər hansı bir sübut təqdim edilməmişdir. Belə olan halda müəyyən olunur ki, barəsində şikayət verilmiş şəxs X2 “Tik tok” sosial şəbəkəsində “toy_dunyasi_qazax” adlı istifadəçi kimi xüsusi ittihamçı Əşrəf Əliyevin şəkillərini yerləşdirirək onun barəsində təhqir edici ifadələr işlədərək işgüzar nüfuzunun ləkələməsi, şərəf və ləyaqətin alçaltması mülahizədir ki, həmin mülahizələrə görə də şəxsin təqsirli bilinməsinə qanun yol vermir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Buna görə də məhkəmə hesab edir ki, X2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrində nəzərdə tutulan cinayətin əlamətləri mövcud deyildir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası göstərilməlidir. Məhkəmə tərəfindən araşdırılmış iş materiallarından görünür ki, xüsusi ittihamçı Əşrəf Əliyevin şikayətində göstərdiyi xüsusatlar məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə xüsusi ittihamçı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.2-293.3.6-cı madddələrinin tələbinə riayyət etməyərək törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; şikayətin verildiyi tarix (il, ay və gün) və yer şikayət ərizəsində göstərilmədiyindən və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X8 moğlunun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində nəzərdə tutulan cinayətin əlamətləri olması sübuta yetmədiyindən xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edir. Həmin Məcəllənin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: Həmin Məcəllənin 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299, 302.1.6, 302.2.3, 344-347, 356, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X6 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərar elan olunduğu andan 20 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya bir başa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №1(023)-73/2023
Qazax Rayon Məhkəməsi Qərar — İş №1(023)-73/2023
15.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver