Məhkəmə qərarları › İş №1(023)-75/2023

Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-75/2023

27.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-75/2023 27.09.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi Həsənov Məhəmməd Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Qazax rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 05 avqust 1970-ci ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən əldə etdiyi tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin 3 ədəd toxumunu yaşadığı Qazax şəhəri, Bakı küçəsi, döngə 3, ev 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyatyanı bağ sahəsində əkib yetişdirməklə aqrotexniki qaydada qulluq edərək yaş halda ümumi təmiz çəkisi 15,9 qram təşkil edən, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunda göstərilən 3-cü siyahıya əsasən xeyli miqdar hesab edilən, tərkibində narkotik maddələr olan 3 ədəd çətənə (kannabis) bitkisini əkib yetişdirməklə qanunsuz olaraq kultivasiya etmiş, Qazax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 20 may 2023-cü il tarixdə saat 16:00-dan saat 18:00-dək olan müddətdə yaşadığı Qazax şəhəri, Bakı küçəsi, döngə 3, ev 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyatyanı bağ sahəsinə baxış keçirilən zaman hündürlükləri 14,5 santimetrdən 89 santimetrədək olan, yaş halda ayrıayrılıqda təmiz çəkiləri 0,18 qram, 0,72 qram, 15 qram, ümumi təmiz çəkisi 15,9 qram təşkil edən Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq əkilib yetişdirilməklə kultivasiya edilmiş tərkibində narkotik maddələr olan 3 ədəd çətənə (kannabis) bitkisi aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir neçə ildir ki, narkotik vasitə aludəçisidir. Təxminən 2022-ci ilin yay aylarında Bakı şəhərində işləyən zaman təsadüfən tanış olduğu bir nəfər şəxsdən hər hansı bir maddi qarşılıq olmadan çətənə bitkilərinin toxumlarını əldə etmiş və öz şəxsi istifadəsi üçün Bakı şəhərindən Qazax şəhərinə gətirmiş, təxminən 2023-cü ilin may ayının əvvəllərində 3 ədəd toxumu yaşadığı Qazax şəhəri, Bakı küçəsi, döngə 3, ev 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyatyanı bağ sahəsində əkmiş və onlara su vermiş, diblərini boşaltmışdır. Bu barədə ailə üzvlərinin və ya başqalarının məlumatı olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində yaşadığı evin həyətyanı sahəsində təmizlik işləri aparan zaman darvazanın döyüldüyünü eşitmiş, darvazanı açdıqda gələnlərin Qazax rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını bilmiş, polis əməkdaşları yaşadığı evin həyətyanı bağ sahəsində narkotik xassəli bitkiləri əkib-becərməsi barədə məlumat daxil olduğunu, evinin həyətyanı bağ sahəsinə baxış keçirilməli olduğunu izah edib hər hansı bir etirazının olubolmamasını soruşmuş, o isə evinə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirib bu barədə ərizə yazmışdır. Polis əməkdaşları onun yaşadığı evin həyətyanı bağ sahəsində narkotik xassəli bitkiləri əkib-əkmədiyini soruşmuş və varsa həmin bitkiləri təqdim etməsini təklif etmiş, o, polis əməkdaşlarına yaşadığı evin həyətyanı bağ sahəsində narkotik xassəli bitkilər əkdiyini və həmin bitkiləri təqdim edə biləcəyini demiş və bağ sahəsində yerləşən yarım tikilinin kənarındakı 1 ədəd çətənə bitkisini və bağ sahəsinin digər hissəsində olan 2 ədəd çətənə bitkisini onlara göstərmişdir. Sonra isə təqdim etdiyi 3 ədəd çətənə bitkisini 20 gün əvvəl gələcəkdə istifadə etmək məqsədi ilə əkib-becərdiyini demişdir. Bundan sonra polis əməkdaşı tərəfindən ilk öncə bağ sahəsində olan 2 ədəd, sonra isə bağ sahəsində yerləşən yarım tikilinin kənarındakı 1 ədəd çətənə bitkisi kökündən çıxarılaraq qablaşdırılması üçün götürülmüşdür. Qeyd olunan bitkiləri təqdim edən zaman isə baxışda mütəxəssis kimi iştirak edən, adı və soyadı ona sonradan məlum olan Şahin Mustafayev qeyd olunan bitkilərə baxaraq həmin bitkilərə aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Gələcəkdə bir daha bur cür əmələ yol verməyəcəkdir. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 20 may 2023-cü il tarixdə ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı bağ sahəsində narkotik tərkibli bitkiləri əkib-becərməsi barədə ona əməliyyat məlumatı daxil olmuşdur. O, əməliyyat məlumatı barədə raportla rayon Polis Şöbəsinin rəisinə məruzə etmiş, rəhbərliyin göstərişinə əsasən həmin əməliyyat məlumatının yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul etmiş və onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupuna Qazax RPŞ-nin Təhqiqat bölməsinin baş təhqiqatçısı, polis mayoru Anar Hüseynov, Cinayət-axtarışı bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2, Kriminalistik tədqiqatlar qrupunun baş inspektor-kriminalisti, polis kapitanı X7 və Postpatrul xidməti bölüyünün polis nəfəri, polis baş serjantı Şahid3 daxil edilmişlər. O və əməliyyat qrupunun üzvləri keçiriləcək əməliyyat-axtarış tədbirləri barədə təlimatlandırılmışlar. Daha sonra həmin evin həyətyanı bağ sahəsinə baxışda mütəxəssis qismində iştirak etmək üçün Qazax rayon X19 Mərkəzinin bitkiçilik sektorunun baş məsləhətçisi X5 dəvət edilmiş, əməliyyat qrupunun üzvləri və mütəxəssislə birlikdə Qazax şəhəri, Bakı küçəsi, döngə 3, ev 2-də yerləşən fərdi yaşayış evinə getmişlər. Onlar Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına çatdıqdan sonra Rahil Hüseynov videokameradan istifadə edərək videoçəkiliş aparmağa başlamışdır. Baş təhqiqatçı Anar Hüseynov fərdi yaşayış evinin darvazasını döydükdən sonra qapını açan şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Baş təhqiqatçı Anar Hüseynov bağ sahəsində narkotik tərkibli bitkiləri əkib-becərməsi barədə Qazax rayon Polis Şöbəsinə məlumat daxil olduğunu və bağ sahəsinə baxış keçirilməli olduğunu Təqsirləndirilən şəxs bildirib etirazının olub-olmadığını soruşmuş, Təqsirləndirilən şəxs isə etiraz etmədiyini bildirib bu barədə ərizə yazmış, X23 Muradovdan yaşadığı evin həyətyanı bağ sahəsində narkotik tərkibli bitkilər olub-olmadığını soruşmuş və əgər varsa təqdim etməsini təklif etmiş, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı bağ sahəsində narkotik tərkibli bitkilər əkib-becərdiyini etiraf edərək onları təqdim edə biləcəyini demiş, sonra o, həyətyanı bağ sahəsinə daxil olaraq ilk öncə bağ sahəsində yerləşən yarım tikilinin qarşısındakı 01 ədəd çətənəyə bənzər bitkini, daha sonra isə bağ sahəsinin digər tərəfindəki 02 ədəd çətənəyə bənzər bitkini göstərib onların narkotik tərkibli olduqlarını, təxminən 20 gün əvvəl öz şəxsi istifadəsi üçün əkib-becərdiyini bildirmişdir. Daha sonra hər 03 ədəd bitki torpaqdan kökləri ilə birlikdə çıxarılaraq götürülmüşdür. Bundan əlavə, 02 ədəd bitkinin əkildiyi yerdən torpaq nümunəsi götürülmüşdür. Torpaqdan çıxarılmış bitkilərin hündürlükləri baş təhqiqatçı Anar Hüseynov tərəfindən həyətdəki stolun üzərində metrə vasitəsilə ölçülmüş və həmin bitkilərdən ən kiçiyinin hündürlüyü 14,5 santimetr, ən böyüyünün hündürlüyü isə 89 santimetr təşkil etmişdir. Baxışda mütəxəssis qismində iştirak edən Şahin Mustafayev 03 ədəd bitkiyə baxış keçirib onların hər birinə aqrotexniki qaydada qulluq edildiyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd bitki baş təhqiqatçı Anar Hüseynov tərəfindən bir ədəd ağ rəngli sintetik kisənin içərisinə qoyularaq qablaşdırılaraq möhürlənmiş, üzərində qeydlər aparılmış, o və digər iştirakçılar kisənin üzərindəki kağızı imzalamışlar. Arxasınca bağ sahəsindən götürülmüş torpaq nümunəsi bir ədəd polietilen torbada qablaşdırılaraq möhürlənmiş, üzərində qeydlər aparılmış, o və digər iştirakçılar kisənin üzərindəki kağızı imzalamışlar. Sonra X23 Muradovdan həyətyanı bağ sahəsində başqa narkotik tərkibli bitki olub-olmadığını soruşmuş, Təqsirləndirilən şəxs olmadığını dedikdə isə bağ sahəsinə baxış keçirilmiş, lakin, baxış zamanı Təqsirləndirilən şəxs təqdim etdiklərindən əlavə hər hansı bir narkotik tərkibli bitki aşkar edilməmişdir. Bundan sonra protokol tərtib edilərək ucadan oxunmuş, o və digər iştirakçılar tanış olduqdan sonra protokolu imzalamışlar. Qeyd olunan baxış 20 may 2023-cü il tarixdə, saat 16:00-da başlamış, həmin gün, saat 18:00-da bitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 oğlu digər Şahid2la oxşar məzmunlu ifadə verərək göstərilən halları bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 21 may 2023-cü il tarixli, 16/530 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkarlanmış bitki kolları” yazı və imzalar olan 1 (bir) ədəd sintetik kisədəki, ümumi sayı 3 (üç) ədəd, ayrıayrılıqda təmiz çəkiləri 0,18 qram, 0,72 qram, 15 qram, ümumi təmiz çəkisi 15,9 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. X1 rəyinə əsasən təqdim edilmiş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir. QEYD: Çətənə bitkisi 3 ədəd, ümumi çəkisi 15,9 qram, tədqiqata istifadə olundu cəmi-0.06 qram, qalıq 15,84 qram. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən məhkəmə-narkoloji ekspertizasının 22 iyul 2023-cü il tarixli, 1233 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 20 may 2023-cü il tarixli baxış keçirilməsi və götürmə barədə protokoldan görünür ki, 20 may 2023-cü il tarixdə saat 16:00-dan saat 18:00-dək olan müddət ərzində videoçəkilişdən istifadə edilməklə Qazax şəhəri, Bakı küçəsi, döngə 3, ev 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı bağ sahəsinə baxış keçirilən zaman oradan həmin evdə yaşayan Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq əkilib yetişdirilməklə kultivasiya edilmiş, hündürlükləri 14,5 santimetrdən 89 santimetrədək olan 03 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin aşkar olunaraq götürülmüşdür. Baxış zamanı mütəxəssis X5 həmin bitkilərin aqrotexniki qayadada qulluq göstərilmiş narkotik xassəli çətənə bitkiləri olmaları barədə rəy vermişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Qazax rayon Polis Şöbəsindən əməliyyat tapşırığına verilmiş cavabda göstərilmişdir ki, keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs 03 ədəd çətənə (kannabis) bitkisini şəxsi istifadəsi üçün kutivasiya etdiyi müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Qazax rayon Psixiatriya Xəstəxanasının 02 iyun 2023-cü il tarixli, 969 nömrəli məktubundan görünür ki, ünvan 1 ünvanda yaşayan, xx.xx.1970-ci il təvəllüdlü Təqsirləndirilən şəxs X4 narkoloji və psixoloji qeydiyyatda yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək 02 gün şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən DİNnin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Qazax Hərbi Məhkəməsinin 01 oktyabr 2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 25 iyun 2003-cü il tarixli qərarla Azərbaycan Respublikası CM-nin 76-cı maddəsinə əsasən 01 il 09 ay 21 gün müddətinə vaxtından əvvəl şərti olaraq cəzadan azad edilmiş, məhkumluğu ödənilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Qazax RİHB-nın Qazax şəhər İƏD üzrə nümayəndəliyinin verdiyi 07 iyun 2023-cü il tarixli, 5-58-1-12-21/2-734/2023 saylı arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında qeydiyyatdadır. Arvadı 1971-cı il təvəllüdlü X14, qızı 1997-ci il təvəllüdlü X8, oğlu 1998-ci il təvəllüdlü X9, 2001-ci il təvəllüdlü X11 və qızı 2011-ci il təvəllüdlü X12 tərkibdə ailə üzvləri var, yaşayış yeri üzrə mübət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidməti 27 saylı Tibbi Sosial Ekspert Komissiyasının verdiyi xx.xx.2016-cı il tarixli, 0X4HE9J0002 saylı məlumat vərəqindən görünür ki, Təqsirləndirilən şəxs arvadı X13 ümumi xəstəlikdən müddətsiz birinci dərəcəli əlildir. Diaqnoz:Beyin arteriyalarının trombozu nəticəsində yaranan beyin infarktı, Keçirilmiş işemik insultdan qalıq əlamətləri. Beyin infarktının nəticələri, Sol tərəfli dərin spastik hemiparez, sərbəst yerişin mümkün olmaması, sol yuxarı ətrafda tremor. Parkinson sindromu. Dizartriya. Essenial (birincili) hipertenziya, Hipertroniya xəstəliyi İİ st. Beləliklə məhkəmə, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, həmçinin məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hal, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, himayəsində biri azyaşlı olmaqla 4 uşağının olmasını, arvadının birinci qrup əlil olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını- CM-in 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyasında 3 növ cəza, yəni cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə hesab edir ki, daha ciddi cəzanın–azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, daha ciddi cəzanın təyin edilməsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarı və CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəaları, narkotik maddənin miqdarının minimum həddə yaxınlığı təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma aparıla bilmir. Çünki, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma tələb olunur, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Bundan başqa, cəza təyin edilərkən digər məsələlərlə yanaşı, təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Təqsirləndirilən şəxsin ailənin yeganə qazanc gətirən şəxsi olması nəzərə alındıqda, onun azadlıqdan məhrum edilməsi ailəsinin həyat şəraitinə çox mənfi təsir etmiş olar. Belə ki, təqsirləndirilən şəxsə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, onun şübhəli şəxs qismində tutulduğu 02 gün müddət CM-nin 69.3cü maddəsinə əsasən təyin edilən cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa və Tovuz rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etmələrinə məhdudiyyət qoyulmalı, bundan başqa, onun üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa və Tovuz rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, həmçinin üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulmalı, o, narkoloji kabinetdə proflaktiki qeydiyyata alınmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübutlar olan, Qazax RPŞ-nin saxlanc anbarında saxlanılan, cəmi 15,84 qram, tərkibində narkotik maddələr olan 03 ədəd çətənə (kannabis) bitkisinin qalıqları məhv edilməli, məhkəmə xərcləri- aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 30,4 manat məbləğində pul ondan alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ**********00 00003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməli, hökmün icrası Qazax Rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 (dörd) gün müddət təyin edilmiş cəzadan çıxılaraq onun üzərində 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa və Tovuz rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa və Tovuz rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs narkoloji kabinetdə proflaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar olan, Qazax RPŞ-nin saxlanc anbarında saxlanılan, cəmi 15,84 qram, tərkibində narkotik maddələr olan 03 ədəd çətənə (kannabis) bitkisinin qalıqları məhv edilsin. İş üzrə məhkəmə xərci- ekspertiza tədqiqatının dəyəri olan 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ**********00 00003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Hökmün icrası Qazax Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən:Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar