Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-78/2025 07.01.2026 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Sadıxova Günay Fauna qızının katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Qazax Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, X1 iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Rusiya Federasiyası, Zarinks şəhərində anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, ali təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, subay, Rusiya Federasiyası, Novosibirsk şəhəri, M.Qulakin küçəsi, bina 29/1, mənzil 187-də qeydiyyatında olan, barəsində həbs qətimkan tədbiri seçilmiş hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs məkəməyə verilmişdir ondan ötrü o, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda Gürcüstandan Azərbaycan Respublikası istiqamətində keçmişdir. Belə ki, o, Rusiya Federasiyasının Ukrayna Respublikası ilə apardığı hərbi əməliyyatlarda çağırış üzrə iştirak etməkdən boyun qaçırmaq məqsədilə ümumvətəndaş pasportunu itirməsi səbəbilə 18 sentyabr 2025-ci il tarixdə, saat 23 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini Qazax rayonu, İkinci Şıxlı kəndi ərazisində yerləşən “Qırmızı Körpü” dövlət sərhədindən buraxılış məntəqəsində sərhəd nəzarətindən yayınaraq, yəni sərhədkeçmə sənədini “sənədlərin yoxlanışı” sərhəd naryadına təqdim etmədən, yük nəqliyyat vasitələrin rejim-giriş xəttindən piyada hərəkət etməklə, müəyyən edilmiş sənədləri olmadan Gürcüstandan Azərbaycan Respublikası istiqamətində qəsdən, qanunsuz olaraq keçmiş, həmin tarixdə saat 23:25-də Qazax rayonu, İkinci Şıxlı kəndi ərazisində yerləşən “Qırmızı Körpü” dövlət sərhədindən buraxılış məntəqəsində “Qırmızı Körpü” sərhəd nəzarət şöbəsinin hərbi qulluqçuları tərəfindən aşkar edilərək saxlanılmışdır. Məhkəmə istintaqı zamanı tərcüməçinin iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2022-ci ildə Rusiya Federasiyası ilə Ukrayna Respublikası arasında aparılan hərbi əməliyyatlarda iştirakla bağlı hərbi xidmətə çağırış üçün ona çağırış vərəqəsi gəlmişdir. Müharibəni dəstəkləmədiyi üçün döyüşlərdə iştirak etmək istəməmişdir. Bu səbəbdən Qazaxıstan Respublikasına gedib, təxminən 2 ay orada yaşamış, lakin miqrasiya qaydalarını pozduğu üçün hüquq mühafizə orqanları tərəfindən saxlanılaraq məcburi qaydada ölkə hüdudlarından kənara çıxarılaraq Rusiya Federasiyasına göndərilmişdir. Rusiya Federasiyasına qayıtdıqdan sonra məsuliyyətə cəlb edilmiş və 1 il müddətinə ev dustaqlığı növündə dövlət məcburiyyət tədbirinə məruz qalmışdır. Həmin müddət bitdikdən sonra rəsmi qaydada Gürcüstana, daha sonra isə Türkiyə Respublikasına getmişdir. Türkiyə Respublikasında bir neçə ay qaldıqdan sonra Avropa ölkələrinə getmək qərarına gəlmiş, lakin vizası olmadığı üçün geriyə Türkiyə Respublikasına qaytarılmışdır. Bundan sonra Türkiyə Respublikasında polislər tərəfindən saxlanılıb, Rusiya Federasiyasına göndərilmişdir. Bir müddət Rusiya Federasiyasının Moskva şəhərində qaldıqdan sonra iyul ayında yenidən Gürcüstana getmiş, Tbilisi şəhərində “Marjanişvili” adlı teatrın yaxınlığında olan tərk edilmiş evdə yaşamağa başlamışdır. Həmin evdə yaşadığı müddət ərzində içərisində şəxsi əşyaları, telefonu və şəxsiyyətini təsdiq edən sənədləri olan əl çantası oğurlanmışdır. İş imkanları və həyat şəraiti aşağı olduğundan əvvəllər getmiş olduğu ölkələrdə - Türkiyə Respublikasında və Gürcüstanda yaşamaq istəməmişdir. Bu səbəbdən də Gürcüstanda çox qala bilməyəcəyini düşünüb, yaşamaq və işləmək məqsədilə Azərbaycan Respublikasına gəlmək qərarına gəlmişdir. Rusiya Federasiyasının Gürcüstandakı diplomatik nümayəndəliyi rus vətəndaşları ilə yaxından maraqlanmadığından və müxtəlif bəhanələr gətirərək köməklik etmədiyindən heç bir yerə rəsmi müraciət etməmişdir. Şəxsiyyətini təsdiq edən sənədləri olmadığından rəsmi qaydada Azərbaycan Respublikasına gələ bilmədiyi üçün Tbilisi şəhərində avtovağzala gedib, Azərbaycan Respublikasına hansı yollarla gedə biləcəyini soruşmuşdur. Orada ona “Qırmızı Körpü” buraxılış məntəqəsindən Azərbaycan Respublikasına gedə biləcəyini, lakin Azərbaycan Respublikasının yerüstü quru sərhədlərinin bağlı olduğunu bildirmişdirlər. Odur ki, 18 sentyabr 2025-ci ildə avtobusla Marneuli rayonuna, oradan isə piyada Gürcüstanın “Tsiteli Xidi” (Qırmızı Körpü) buraxılış məntəqəsinə getmiş, ərazini müşahidə etdikdən sonra həmin tarixdə saat 23 radələrində qeyd etdiyi buraxılış məntəqəsinin kənarında olan ağaclıq və kolluq sahəyə düşüb, çayın kənarı ilə qanunsuz olaraq həmin buraxılış məntəqəsi istiqamətində irəliləmişdir. Çayın üzərində tikilmiş abidəyə çatdıqda dəmir pilləkənlərlə körpünün üzərinə çıxmış, cəld hərəkət edərək “Qırmızı Körpü” buraxılış məntəqəsinə daxil olub, yük nəqliyyat vasitələrinin kənarı ilə gizlin olaraq rejim xəttinə daxil olmuş, qeyd olunan nəqliyyat vasitələrinin kənarı ilə gizlin olaraq hərəkət edən zaman həmin tarixdə, saat 23:25 radələrində sərhədçilər tərəfindən saxlanılmışdır. O, ilk dəfə belə hərəkətə yol verdiyini və törətdiyi cinayət əməlindən peşman olduğunu və barəsində yüngül cəza tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Dövlət Sərhət Xidməti Sərhəd Nəzarətinin “Qırmızı Körpü” sərhəd nəzarət şöbəsinin mühafizəçisi Şahid1 ifadəsində bildirmişdir ki, 18 sentyabr 2025-ci il saat 20:00-dan 19 sentyabr 2025-ci il saat 09:00-dək Gürcüstandan Azərbaycan Respublikasına olan giriş xəttində “şlaqbaum gözətçisi” sərhəd naryadı xidmətinə təyin olunmuşdur. Xidmətdə olduğu zaman 18 sentyabr 2025-ci il tarixdə saat 23 radələrində Gürcüstandan Azərbaycan Respublikasına gələn yük nəqliyyat vasitəsinə baxış keçirib, qeyd olunan nəqliyyat vasitələrinin dövlət sərhədindən buraxılmasını təmin etmişdir. Nəqliyyat vasitəsi rejim ərasizinə daxil olduqdan sonra naməlum şəxsin rejim ərazisində hərəkət etdiyini görmüşdür. Həmin şəxsi saxlamaq üçün təqib edərkən “rejim gözətçisi” sərhəd naryadı xidmətində olan kiçik gizir Şahid2 həmin şəxsə daha yaxın olduğundan tez sonuncuya yaxınlaşmışdır. Həmin şəxsin kiçik gizir Şahid2 tərəfindən saxlanıldığını görüb xidməti yerinə qayıtmışdır. Sonradan məlumatı olmuşdur ki, həmin şəxs onunla söhbət zamanı Rusiya Federasiyasının vətəndaşı Təqsirləndirilən şəxs olduğunu, dövlət sərhədini qanunsuz keçərək Gürcüstandan Azərbaycan Respublikasına gəldiyini bildirmişdir. Bu barədə aidiyyəti üzrə məruzə etdikdən sonra Rusiya Federasiyasının vətəndaşı Təqsirləndirilən şəxs 18 sentyabr 2025ci ildə 23:25 radələrində saxlanılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 digər Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində bildirdikləri xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin rəisi v.m.i.e, general-mayor Ceyhun Nəbiyevin 19 sentyabr 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs dövlət sərhədini qanunsuz yolla Gürcüstandan Azərbaycan Respublikası istiqamətində keçdiyindən 18 sentyabr 2025-ci il tarixdə, saat 23:25-də saxlanılmışdır. Cinayət işinin materiallarında 27 oktyabr 2025-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Əməliyyat-Axtarış Baş İdarəsindən daxil olmuş məktubdan görünür ki, Rusiya Federasiyasının vətəndaşı xx xxxxxx 1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs dövlət sərhədindən hərəkəti barədə “Giriş-çıxış və qeydiyyat” idarələrarası məlumat-axtarış sistemində məlumat aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan 22 sentyabr 2025-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri Səbail rayon məhkəməsinin 22 sentyabr 2025-ci il tarixli, 4(009)-517/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 18 sentyabr 2025-ci il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünun etirafedici ifadəsi, şahid ifadələri və məhkəmə iclasında araşdırılmış digər materiallarla tam təsdiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir və o, qeyd edilən maddə ilə təqsirli bilinərək cəzalandırılmaldır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini və ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsəsinə görə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə— min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 318.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi ədalətli və qanunidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Həmin Məcəllənin 52.1-1-ci maddəsinə əsasən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilmiş şəxsin Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkməsinin əvvəli 18 sentyabr 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalı, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 175, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirli bilinərək 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 18 sentyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Məhkumluğu ödənilənədək və ya götürülənədək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılsın. Hökm elan olunduğu (həbsdə olan şəxsə verildiyi) andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elçin Mansırov
Məhkəmə qərarları › İş №1(023)-78/2025
Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-78/2025
07.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver