Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-80/2025 17.12.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Sadıxova Günay Fauna qızının katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Qazax Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, yük nəqliyyat vasitəsi sürücüsü işləyən, məhkum olunmamış, Ağstafa rayonu Sadıqlı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 12 iyul 2025-ci il tarixədək olan müddət ərzində istintaqa məlum olmayan mənbədən əldə etdiyi xeyli miqdarda, 68000 manat ekvivalentində 40000 (qırx min) ABŞ dolları olmaqla xarici valyuta vəsaitini ümumilikdə 5 bağlamada qablaşdıraraq 2 bağlamasını əynində olan şalvarın arxa ciblərində saxlayaraq gömrük orqanına bəyan etməmiş, 3 bağlamasını malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə şalvarının bel nahiyəsinə yerləşdirərək gizlətmiş, 12 iyul 2025-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinin Qazax rayonunun inzibati ərazisində yerləşən “Qırmızı körpü” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, həmin tarixdə saat 16:50 radələrində qeyd edilən gömrük postunda gömrük nəzarəti qaydasında keçirilmiş yoxlama zamanı həmin valyuta vəsaitləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ona elan edilmiş ittihamla özünü təqsirli hesab edərək bildirmişdir ki, Azərbaycan Respublikası Ağstafa rayonunda anadan olmuşdur, evlidir, 2 azyaşlı uşağı var. 2024-cü ilin sentyabr ayından etibarən həmkəndlisi Ceyhun İsmayılova məxsus 99DF531/99ZC769 nömrə nişanlı yük nəqliyyat vasitəsində sürücü kimi işləməyə başlamış, əsasən Azərbaycan Respublikası ilə Gürcüstan arasında müxtəlif adda yüklər aparıb-gətirir, hər reysinə 200 manat məvacib alır, sonuncu dəfə Qazax rayonundan yük götürüb Gürcüstanın Marnueli şəhərinə aparmış. Yükü boşaldıb Azərbaycana qayıdırmış, Azərbaycana qayıtmamışdan əvvəl Gürcüstanda yaşayan dostu Mübarizdən özünə məxsus 40000 ABŞ dollarını da götürüb Azərbaycana gətirmiş, bilirmiş ki, gömrükdə bu qədər pulu keçirmək üçün icazə verməyəcəklər ona görə həmin pulları əynində olan şalvarının arxa ciblərində və şalvarın bel hissəsində gizlətmiş, xx.xx.2028-ci il tarixdə Gürcüstan gömrüyündən keçib “Qırmızı Körpü” gömrük postuna daxil olmuş, gömrük əməkdaşları ondan gömrük orqanlarına bəyan olunası, gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olub-olmaması barədə sorğu-sual etmişlər, o gömrük orqanlarına bəyan olunası və ya gömrük nəzarətindən gizlədilmiş hər hansı bir predmetinin olmadığını bildirmiş, daha sonra onlar idarə etdiyii nəqliyyat vasitəsinə baxış keçirmiş, nəqliyyat vasitəsindən bəyan olunmamış və ya gizlədilmiş heç bir predmet aşkar edilməmiş, sonra gömrük əməkdaşları onun üzərində şəxsi yoxlama aparılacağını bildirərərk şəxsi yoxlama otağında üzərini yoxlamışlar, gömrük əməkdaşı əli ilə üst geyimlərini yoxlayan zaman əynindəki şalvarının ciblərində və şalvarının bel hissəsində gizlətdiyi ümumilikdə 5 bağlamada olan 40 min ABŞ dollarını aşkar etmişlər, həmin pullar onun iştirakı ilə sayılmış və bu barədə protokol tərtib edilərək götürülmüşdür. Ondan aşkar olunan ümumilikdə 40000 ABŞ dolları valyuta vəsaiti özünə məxsusdur. Uzun müddətdir işləyərək qazandığı pullardır, müxtəlif vaxtlarda həmin pulları Azərbaycan manatı olaraq Gürcüstana aparıb dostu Mübarizə saxlaması üçün vermişdir, pulları Gürcüstana aparmaqda məqsədi Marnueli şəhərindən ev almaq imiş, sonradan Gürcüstanda evlər çox bahalaşdığından pullarını götürüb Azərbaycana gətirmiş, həmin pulları gömrükdə aşkar edilməsin deyə bəyan etməmiş və gizlətmişdir. Ailəni yeganə dolandıran şəxsdir. Əməlindən peşmandır. Odur ki, barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2015-ci ildən Tovuz Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsində işləyir, Əməliyyat şöbəsinə daxil olmuş məlumat əsasında xx.xx.2025-ci il tarixdə xidmətdə olarkən Əməliyyat və təhqiqat şöbəsinə təhkim olunmuş instruktor-kinoloq olan Şahid1 ilə birgə Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn “MAN” markalı, 99DF531/99ZC769 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs ilə gömrük bəyannaməsinin bəndlərinə uyğun olaraq şifahi sorğu-sual aparmış, Təqsirləndirilən şəxs gömrük nəzarətindən gizlədilmiş və mütləq bəyan olunmalı heç bir predmetin olmadığını bildirmiş, daha sonra ““MAN” markalı, 99DF531/99ZC769 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə ətraflı gömrük gömrük yoxlaması həyata keçirilmiş, ancaq heç bir hüquqpozma faktı aşkar edilməmişdir, nəqliyyat vasitəsinə gömrük yoxlaması “Qırmızı Körpü” gömrük postunun instruktor-kinoloqu Şahid1, sürücü Təqsirləndirilən şəxs və hal şahidlərinin iştirakı ilə həyata keçirilmişdir, bundan sonra sürücü Təqsirləndirilən şəxs davam edən şübhəli davranışları nəticəsində şəxsin üzərində şəxsi yoxlamanın həyata keçirilməsi zərurəti yaranmış, şəxsi yoxlama onun tərəfindən video qeydiyyat aparılmaqla Əməliyyat və təhqiqat şöbəsinə təhkim olunmuş instruktor-kinoloq olan Şahid1 tərəfindən həyata keçirilmiş, yoxlama zamanı nəqliyyat vasitəsinin sürücüsü Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs üzərindən gömrük orqanlarına bəyan edilməyən və gömrük nəzarətindən gizlədilmiş (bel nahiyəsindən və ciblərindən) 5 (beş) ədəd bağlamada 400 ədəd 100-lük əskinas (ABŞ dolları) olmaqla ümumilikdə 40000 (qırx min) dollar xarici valyuta vəsaiti aşkar olunaraq götürülmüş, şəxsi yoxlama haqqında protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 iş üzrə digər Şahid2 ifadəsində qeyd etdiyi xüsusatları təsdiq edərək eyni məzmumlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan 12 iyul 2025-ci il tarixli “şəxsi yoxlama aparılması və götürmə haqqında” protokoldan görünür ki, 12 iyul 2025-ci il tarixdə Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Azərbaycan Respublikasından Gürcüstana gedən Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs üzərindən əynində olan şalvarın bel nahiyəsindən və ciblərindən ümumilikdə 5 bağlamada olmaqla gömrük orqanına bəyan edilməmiş və gömrük nəzarətindən gizlədilmiş 40000 (qırx min) ABŞ dolları aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli “mobil telefon məlumatlarına baxış keçirilməsi haqqında” protokollardan görünür ki, keçirilmiş baxış zamanı, Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs istifadəsində olan 1 ədəd “Samsung Galaxy A12” markalı, **********32478/**********32476 beynəlxalq tanınma (imei) kodlu mobil telefonda aşkar olunaraq götürülmüş 40000 (qırx min) ABŞ dolları ilə bağlı hər hansı bir məlumata rast gəlinməmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs istifadəsində olan 1 ədəd “Samsung Galaxy A12” markalı, **********32478/**********32476 beynəlxalq tanınma (imei) kodlu mobil telefon baxış keçirildikdən sonra şəxsin özünə qaytarılmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankının 11 iyul 2025-ci il tarixə xarici valyutaların və bank metallarının Azərbaycan manatına qarşı rəsmi bülleten məzənnəsindən görünür ki, 11 iyul 2025-ci il tarixə 1 ABŞ dolları 1,70 manat təşkil edir. Beləliklə, aşkar olunaraq götürülmüş ümumilikdə 40000 (qırx min) ABŞ dolları milli valyutaya – Azərbaycan manatına münasibətdə 68000 manat təşkil edir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 5/705 nömrəli, 29 iyul 2025-ci il tarixli ekspert rəyindən görünür ki, təqdim edilmiş 400 ədəd 100 nominal X3 dolları pul əskinası, cəmi 40000 ABŞ dolları poliqrafik çap üsulu ilə hazırlanmışdır, fiziki-kimyəvi, texnoloji və poliqrafik mühafizə vasitələri ilə təchiz olunmuşdur və ABŞ Federal Rezerv sistemi tərəfindən tədavülə buraxdığı müvafiq nominal pul əskinası ilə eynilik təşkil edir. Cinayət işinin materiallarında olan 11 avqust 2025-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs sonuncu dəfə 12 iyul 2025-cü il tarixdə, saat 16:42-də “Qırmızı Körpü” dövlət-sərhəd buraxılış məntəqəsindən istifadə etməklə Gürcüstandan Azərbaycan Respublikasına gələrkən gömrük orqanı tərəfindən saxlanılmış və üzrəindən 40000 ABŞ dolları aşkar edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-33-2000/013/002881 nömrəli xidməti qeydindən görünür ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində aşkar olunaraq götürülmüş 40000 ABŞ dolları məbləğində valyuta vəsaitinin gömrük nəzarətindən gizlədilməklə ölkə ərazisinə gətirilməsi əməlində iştirak edən digər şəxslər dairəsinin, həmin şəxslərin əvvəllər qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən hər hansı bir mallardan keçirib-keçirməməsi hallarının müəyyən edilməsi mümkün olmamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin Hədəf və koordinasiya mərkəzinin raportu ilə təqdim olunmuş tələbnamədən görünür ki, Azərbaycan Respublikasının vətəndaşı, xx.xx.1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs məhkumluğu ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət işinin materiallarında olan 08 sentyabr 2025-ci il tarixli aktdan görünür ki, içərisində 40000 ABŞ dolları olan AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin №51 və AR DGK-nin möhürü ilə möhürlənmiş 1 ədəd bağlama Mərkəzi Bankın 2 №-li Xəzinəsinin saxlancına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ağstafa Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-13-63-1/2-83/25 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı, xx.xx.1984-cü il təvəllüdlü, Təqsirləndirilən şəxs hər hansı bir cinayətin törədilməsində iştirakı, hər hansı cinayətkar qrupla əlaqəsi və barəsində polis şöbəsində nüfuzdan salan məlumatlar aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan Ağstafa Rayon İcra Hakimiyyətindən daxil olmuş məktuba əlavə edilmiş arayış və xasiyyətnamədən görünür ki, Qocayev X1 rayon Sadıqlı kəndində qeydiyyatdadır, evlidir, xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X4 adlı iki azyaşlı uşağı vardır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin 21 avqust 2025-ci il tarixli, 3-21-28/2-879/2025 nömrəli məktubu ilə təqdim edilmiş məlumatlardan görünür ki, Maliyyə Monitorinqi Xidmətinin məlumat bazasında Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs şübhəli əməliyyatlarına dair hər hansı bir məlumat aşkar edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Gürcüstan Maliyyə Nazirliyi Gəlirlər Xidmətinin Gömrük Departamentindən daxil olmuş xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Gürcüstan Gömrük Departamentinin elektron məlumat bazalarına əsasən 2020-ci ildən hazırkı tarixədək olan müddət üçün Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs (pasport № C********) tərəfindən Azərbaycan Respublikasından Gürcüstana daxil olarkən və ya Gürcüstandan Azərbaycan Respublikasına çıxarkən xarici valyuta keçirməsinə dair qeydiyyat mövcud deyildir. Cinayət işinin materiallarında olan "xxxx" MMC-nin 27 oktyabr 2025-ci il tarixli, GQ- 2-834-829-2025 nömrəli məktubu ilə təqdim edilmiş məlumatlardan görünür ki, xx.xx.2025ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan müddət ərzində ********** və ********** mobil telefon nömrələrindən edilən zənglərin və SMS yazışmaların içərisində iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı bir məlumata rast gəlinməmişdir. Beləliklə məhkəmə, Təqsirləndirilən şəxs elan edilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 206.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 206.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hal, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs 68000 manat ekvivalentində 40000 (qırx min) ABŞ dolları olmaqla xarici valyuta vəsaitini ümumilikdə 5 bağlamada qablaşdıraraq 2 bağlamasını əynində olan şalvarın arxa ciblərində saxlayaraq gömrük orqanına bəyan etməmiş, 3 bağlamasını malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə şalvarının bel nahiyəsinə yerləşdirərək 12 iyul 2025-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinin Qazax rayonunun inzibati ərazisində yerləşən “Qırmızı körpü” gömrük postunda “Rezidentlər və qeyri-rezidentlər, habelə fiziki və hüquqi şəxslər tərəfindən xarici valyutanın və xarici valyutada qiymətli kağızların Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması Qaydalarını müəyyən edən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 305 nömrəli və müvafiq olaraq Azərbaycan Respublikası Mərkəzi Bankının 03 mart 2016-cı il tarixli, 16/1 nömrəli qərarlarına əsasən həmin tarixə Azərbaycan Respublikası Mərkəzi bankının müəyyən etdiyi məzənnə ilə 68000 (altmış səkkiz min) manat dəyərində xarici valyuta olan 40000 ABŞ dollarını müvafiq qaydada gömrük orqanına bəyan etməməklə qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirmək məqsədilə 5 bağlamada qablaşdıraraq 2 bağlamasını əynində olan şalvarın arxa ciblərində saxlayaraq gömrük orqanına bəyan etməmiş, 3 bağlamasını malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə şalvarının bel nahiyəsinə gizlədərək Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: 1.0.1-ci maddəsinə əsasən “bəyanetmə – Azərbaycan Respublikasının gömrük sərhədindən (bundan sonra – gömrük sərhədi) keçirilən, gömrük nəzarəti altında yerləşdirilən mallar və nəqliyyat vasitələri barəsində məlumatların gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilməsi başa düşülür.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli qərarında göstərilmişdir ki, Gömrük Məcəlləsinin 1.0.14-cü maddəsinə müvafiq olaraq gömrük nəzarəti dedikdə, gömrük qanunvericiliyinə riayət olunmasını təmin etmək məqsədi ilə gömrük orqanlarının həyata keçirdiyi tədbirlər başa düşülür. Həmin Məcəllənin 1.0.22-ci maddəsinin tələbinə görə, gömrük sərhədindən keçirmə malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş üsullarla, o cümlədən beynəlxalq poçt göndərişləri, boru kəmərləri və elektrikötürücü xətlər vasitəsilə gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması ilə bağlı hərəkətlərin edilməsindən ibarətdir. Nəzərə alınmalıdır ki, düzgün bəyan etməməklə malların və ya digər əşyaların qaçaqmalçılıq yolu ilə keçirilməsi zamanı onların tam həcmi və ya dəyəri deyil, yalnız bəyan edilməmiş hissəsi ittihamın əsası kimi qəbul edilməlidir. Malların və ya digər əşyaların gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi dedikdə, həmin malların aşkarlanmasının çətinləşdirilməsi və ya onların həqiqi xassə və ya miqdarının gizlədilməsinə yönəldilmiş istənilən hərəkətlər etməklə (məsələn, bəzi mallara digər mal görüntüsünün verilməsi, həmin malların xüsusi hazırlanmış və ya quraşdırılmış gizli yerlərdə, insan bədəninin boşluqlarında gizlədilməklə keçirilməsi və sair) keçirilməsi başa düşülür. Malların və ya digər əşyaların Azərbaycan Respublikasının ərazisinə gömrük nəzarətindən kənar və ya ondan gizli gətirilməsi zamanı törədilmiş qaçaqmalçılıq bu cinayətin predmeti olan əşyaların gömrük sərhədindən keçirildiyi andan bitmiş hesab edilir. Həmin Qərarın 7-cı maddəsində isə izah edilir ki, şəxsin CM-nin 206.2-ci maddəsində göstərilən əşyalar istisna olmaqla malların və digər əşyaların, o cümlədən Azərbaycan manatının, xarici valyutanın və valyuta sərvətlərinin qaçaqmalçılığında təqsirli olması məsələsini həll edərkən, məhkəmələrə GM-nin 146 və 304-cü maddələrinin, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın və Azərbaycan Respublikası Mərkəzi X7 03 mart 2016- cı il tarixli 16/1 saylı Qərarı ilə təsdiq edilmiş “Rezidentlər və qeyri-rezidentlər tərəfindən xarici valyutanın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması Qaydaları”nın tələblərini nəzərə almaları tövsiyə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları“na 1 nömrəli əlavənin “Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən yazılı formada bəyan edilməli olan malların” Siyahısına əsasən 10000 (on min) ABŞ dolları ekvivalentindən artıq xarici valyuta və qiymətli kağızlar fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən yazılı formada bəyan edilməlidir. Azərbaycan Respublikası Mərkəzi X5 “Rezidentlər və qeyri- rezidentlər tərəfindən xarici valyutanın və xarici valyutada qiymətli kağızların Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması Qaydaları”nın təsdiq edilməsi barədə” 16/1 nömrəli Qərarının 2.3-1-ci bəndinə əsasən rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən artıq xarici valyutada qiymətli kağızları əvvəllər Azərbaycan Respublikasına gətirilməsini təsdiq edən gömrük sənədlərini və yazılı formada bəyannaməni gömrük orqanına təqdim etməklə Azərbaycan Respublikasından çıxara bilərlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsinə əsasən “Qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə bu Məcəllənin 206.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla malların və digər əşyaların xeyli miqdarda keçirilməsi - cinayətin predmetinin dəyərinin qırx faizindən altmış faizinədək miqdarında cərimə və ya cinayətin predmetinin dəyərinin qırx faizindən altmış faizinədək miqdarında cərimə edilməklə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını, ilk dəfə az ağır cinayət törətməsini, ailəni yeganə dolandıran şəxs olmasını, himayəsində 2 azyaşlı uşağının olmasını və əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsi baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-1, 206-1.2, 206-1.3, 263.1 və 263.1-1-ci maddələrinin həmin Məcəllənin 2.2, 5.1 və 43-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 20 oktyabr 2025-ci il tarixli Konstitusiya Məhkəməsi Plenum qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 80-ci, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 43 və 58-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1- 1, 206-1.2, 206-1.3-cü maddələrinin sanksiyalarında göstərilən cərimə, 263.1 və 263.1-1ci maddələrinin sanksiyalarında göstərilən nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzalar həmin sanksiyalarda öz əksini tapmış əsas cəzalardan hər birinə əlavə olaraq təyin edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsinin sanksiyasında 2 əsas cəza növü yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə hesab edir ki, daha ciddi cəzanın- azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün əsaslar yoxdur. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Ali Məhkəmənin qeyd olunan Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, daha ciddi cəzanın təyin edilməsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Həm hazırkı işin halları iş üzrə yüngülləşdirici halların mövcud olması, lakin ağırlaşdırıcı halların olmaması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarı və CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəaları təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma aparıla bilmir. Çünki, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma tələb olunur, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Bundan başqa, cəza təyin edilərkən digər məsələlərlə yanaşı, təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Belə ki, təqsirləndirilən şəxsə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə təyin edilməsi məcburi olan əlavə cərimə cəzası tətbiq edilməklə azadlığın məhdudlaşdırılması növündə əsas cəza təyin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, ona təyin edilmiş cərimə məbləğini hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəməli, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun yaşayış yerini saat 23:30-dan saat 07:00-dək və yaşadığı Qazax rayonu, həmçinin, Ağstafa rayonu ərazi ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa, onun üzərinə yaşayış yerini saat 23:30dan saat 07:00-dək və yaşadığı Ağstafa rayonu, həmçinin Qazax rayonu, ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan, Mərkəzi Bankın 2 №-li Xəzinəsinin saxlancında saxlanılan - 400 ədəd 100-lük nominalında 40000 ABŞ dolları olan xarici valyuta vəsaiti sahibi Təqsirləndirilən şəxs qaytarılmalı, iş üzrə məhkəmə xərciekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğində pul ondan alınaraq dövlət büdcəsinə ödənilməli, hökmün icrası Ağstafa rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə təqsirli bilinərək cinayətin predmetinin 50%-i miqdarında, yəni 34000 manat məbləğində cərimə edilməklə 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş cərimə məbləğini hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:30-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Ağstafa rayonu, həmçinin Qazax rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:30-dan saat 07:00-dək və yaşadığı Ağstafa rayonu, həmçinin Qazax rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut Mərkəzi Bankın 2 №-li Xəzinəsinin saxlancında saxlanılan - 400 ədəd 100-lük nominalında 40000 ABŞ dolları olan xarici valyuta vəsaiti sahibi Təqsirləndirilən şəxs qaytarılsın. Keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Ağstafa rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elçin Mansırov
Məhkəmə qərarları › İş №1(023)-80/2025
Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-80/2025
17.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver