Məhkəmə qərarları › İş №1(023)-84/2025

Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-84/2025

04.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-84/2025 04.02.2026 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi-Qazax rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 2000-ci il Qazax rayonu Qarapapaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Qazax rayonu Qarapapaq kəndində qeyddiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 1 ədəd polietilen torbacıqda təmiz çəkisi 6,57 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib əynindəki göy rəngli cins materialından olan şalvarın sol yan cibində saxlamaqla daşımış, Qazax Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 01 avqust 2025-ci il tarixdə saat 22:23 dəqiqədə Qazax rayonu, Ağköynək kəndi ərazisində yerləşən “Qafqaz” adlanan kafedə saxlanılaraq, qeyd edilən tarixdə həmin ünvanda saat 22:23-22:30 dəqiqəyədək olan müddət ərzində fasiləsiz videoçəkiliş aparılmaqla keçirilmiş baxış zamanı əynindəki göy rəngli cins materialından olan şalvarın sol yan cibində saxladığı 1 ədəd polietilen torbacıqda təmiz çəkisi 6,57 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, təxminən 3 ildir ki, narkotik vasitə olan marixuana istifadə edir. Marixuanadan başqa digər narkotik vasitə və ya psixotrop maddə istifadə etməmişdir. Heç vaxt məhkumluq həyatı yaşamamışdır. Təxminən 20 gün əvvəl “Telegram” adlı sosial şəbəkədə özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən Baba adlı şəxslə tanış olmuşdur. Baba adlı şəxs ona narkotik vasitələrin satışını həyata keçirdiyini deyərək ona lazım olacağı təqdirdə narkotik vasitə təşkil edə biləcəyini demişdir. Bundan sonra o, 2 dəfə ondan narkotik vasitə olan qurudulmuş marixuana alaraq istifadə etmişdir. O, narkotik vasitəni alarkən ilkin olaraq Baba adlı şəxsin “Telegram”da nömrəsini yazdığı bank kartına pulu köçürmüş, daha sonra isə ona bildirdiyi məkana gedərək əvvəlcədən ora qoyulmuş narkotik vasitəni götürmüşdür. Baba adlı şəxs özünün başqa yerdə yaşadığını, lakin, başqa şəxs(lər) vasitəsilə narkotik vasitələri müvaqif məkanlara qoydurduğunu bildirmişdir. Sonuncu dəfə o, 01 avqust 2025-ci il tarixdə Baba ilə “Teleqram” vasitəsilə əlaqə saxlayaraq narkotik vasitə olan qurudulmuş marixuanaya ehtiyacı olduğunu bildirmiş və ona tapmasını istəmişdir. Baba ona razılıq vermiş və ona “Kapital Bank”a məxsus olan bank kartının nömrəsini göndərmişdir. O, həmin kart hesabına 140 (bir yüz qırx) manat pul köçürəcəyini demiş və həmin pulun qarşılığında hansı miqdarda marixuana düşürsə göndərməsini istəmişdir. Onlar razılıq əldə etmişlər və o, həmin gün təxminən saat 18 radələrində “Baba”nın ona dediyi kart hesabına Ağstafa rayonu, Dağ Kəsəmən kəndi ərazisində yerləşən, adını xatırlamadığı mağazada quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsilə 140 (bir yüz qırx) manat pul köçürmüşdür. Daha sonra qəbzin fotoşəklini çəkib ona göndərmişdir. Bundan sonra o, təxminən 1-2 saat müddətində həmin ərazidə gözlədikdən sonra Baba narkotik vasitənin qoyulduğu yeri “Telegram” vasitəsilə bildirmişdir. O, Ağstafa rayonu, Dağ Kəsəmən kəndi ərazisində “Arka” deyilən yeri keçdikdən sonra körpü istiqamətində bir neçə metr hərəkət etdikdən sonra yolun sağ kənarındakı plakatın dibinə qoyulmuş 1 ədəd polietilen torbacıqda olan qurudulmuş marixuananı götürüb əynindəki göy rəngli cins şalvarın sol yan cibinə qoymuşdur. Daha sonra o, bir qədər piyada hərəkət etdikdən sonra yoldan təsadüfən keçən taksilərdən birini saxlatmış və həmin taksiyə əyləşərək “pivə” içmək məqsədilə Qazax rayonu, Ağköynək kəndi ərazisində yerləşən “Qafqaz” adlı kafeyə getmişdir. Həmin kafeyə çatıb həyətdə yerləşən stollardan birində əyləşdikdən bir neçə dəqiqə sonra gözləmədiyi anda bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq Qazax rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslərdən biri özləri barədə məlumat verdikdən sonra ondan özünü təqdim etməsini istəmişdir. O, özünü təqdim etdikdən sonra polis əməkdaşı onun narkotik vasitə əldə etməkdə, saxlamaqda, daşımaqda və istifadə etməkdə şübhəli olması barədə rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olduğunu bildirmiş və videoçəkiliş aparıldığını izah etmişdir. O, videoçəkiliş aparılmasına hər hansı etirazının olmadığını bildirdikdən sonra həmin polis əməkdaşı ondan üzərində hər hansı narkotik vasitə və psixotrop maddə olubolmadığını soruşmuş, əgər varsa təqdim etməsini təklif etmişdir. O isə qarşılığında üzərində narkotik vasitə olduğunu deyərək əynindəki göy rəngli cins materialından olan şalvarın sol yan cibindən 1 (bir) ədəd polietilen torbacıqda olan narkotik vasitə olan qurudulmuş marixuananı çıxardıb təqdim etmişdir. Polis əməkdaşı həmin kütlənin nə olduğunu, haradan və hansı məqsədlə əldə etdiyini soruşduqda, o həmin kütlənin narkotik vasitə olan “qurudulmuş marixuana” olduğunu, internet vasitəsilə təsadüfən tanış olduğu şəxsdən aldığını və öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Qazax rayon X17 X8 rəisi vəzifəsini müvəqqəti olaraq icra edir. 01 avqust 2025-ci il tarixdə Qazax rayonu, Qarapapaq kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlaması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. O, həmin əməliyyat məlumatının yoxlanılması üçün raportla rayon Polis Şöbəsinin rəisinə məruzə etmiş, rəhbərliyin göstərişinə əsasən əməliyyat məlumatının yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul etmiş və onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupuna üzv kimi Qazax rayon Polis Şöbəsinin Cinayət-axtarışı bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2, Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru X6, Daş Salahlı PB-nin polis sahə rəisi, polis leytenantı Şahid3, Daş Salahlı PB-nin sahə polis nəfəri, polis serjantı Şahid4, RPŞ-nin Əməliyyat-rabitə qrupunun kiçik inspektoru, polis baş serjantı X9 daxil edilmişlər. O və əməliyyat qrupunun üzvləri keçiriləcək tədbir barədə təlimatlandırıldıqdan sonra keçirilmiş tədbirlər nəticəsində o, Şahid2, Şahid3, Şahid4 və Cavid Qurbanov ilə birlikdə 01 avqust 2025-ci il tarixdə saat 22:23-də Təqsirləndirilən şəxs Qazax rayonu, Ağköynək kəndində yerləşən “Qafqaz” adlı kafedə olduğunu müəyyən edərək onu həmin kafenin həyətində olan masalardan birinin ətrafında təkbaşına oturmuş vəziyyətdə aşkar edərək saxlamışlar. Təqsirləndirilən şəxs saxlanılmamışdan əvvəl Cavid Qurbanov tərəfindən “Panasonic” markalı videokameradan istifadə edilməklə videoçəkiliş aparılmağa başlanmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən onun qaçması ehtimalının qarşısını almaq üçün ilk öncə Şahid4 və Şahid2, arxasınca isə Şahid4 və Şahid3 Təqsirləndirilən şəxs hər iki qolundan tutmuşlar. Daha sonra o, özünü və digər polis əməkdaşlarını Təqsirləndirilən şəxs təqdim edərək ondan da özü barədə anket məlumatlarını deməsini istəmişdir. Təqsirləndirilən şəxs anket məlumatlarını dedikdən sonra o, qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlaması barədə rayon Polis Şöbəsinə əməliyyat məlumatı daxil olduğunu bildirərək saxlanılma səbəbini Təqsirləndirilən şəxs izah etmişdir. O, Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə olub-olmadığını soruşmuş və əgər varsa təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs əlini əynindəki göy rəngli cins materialından olan şalvarın sol yan cibinə ataraq 1 ədəd şəffaf polietilen torbacığı çıxardıb təqdim etmişdir. O, həmin torbacığın içərisindəki tünd yaşıl rəngli, spesifik iyə malik kütlənin nə olduğunu, haradan və hansı məqsədlə əldə etdiyini soruşduqda Təqsirləndirilən şəxs həmin torbacıqdakı kütlənin “narkotik”, yəni marixuana olduğunu, həmin gün, yəni 01 avqust 2025-ci il tarixdə günorta saatlarında əvvəlcədən internet vasitəsilə tanış olduğu bir nəfər şəxsdən 140 manat pul köçürmə yolu ilə əldə etdiyini, Ağstafa rayonu, Dağ Kəsəmən kəndində qoyulduğu yerdən götürdüyünü və istifadəçisi olduğundan öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahidlər Şahid2, Şahid3 və Şahid4, Şahid1 ilə eyni məzmunlu ifadə vermiş və onun göstərdiklərini bir daha təsdiq etmişlər. Cinayət işinin materiallarında olan, məhkəmə-kimyəvi ekspertizasının 02 avqust 2025ci il tarixli, 16/692 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd polietilen torbacıqda təmiz çəkisi 6,57 qram olan btiki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Məhkəmə narkoloji ekspertizasının 13 noyabr 2025-ci il tarixli, 1814 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan, DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs 02 gün şübhəli şəxs qismində tutulmuşdur. Qazax RİHB-ın Ağköynək kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Qazax rayonu Qarapapaq kəndində qeydiyyatda olmaqla ailə üzvləri atası X3, anası X4, qardaşı X5, bacıları X7 və X10 ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tovuz Tibb Mərkəzinin verdiyi çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs sol böyrəyin XR.Pieloneriti, büzləşmə exoəlamətləri, sağ böyrəyin hipertrofiyası diqanozu ilə xəstədir. İş materiallarında olan Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 25 dekabr tarixli 2362 nömrəli Sərəncamı ilə, Təqsirləndirilən şəxs qardaşı X2 “Füzulinin azad olunmasına görə” medalı və 2020-ci il 30 dekabr tarixli 2374 nömrəli Sərəncamı ilə “Hərbi Xidmətlərə görə” medalı və Azərbaycan Respublikası Baş Nazirinin 2022-ci il 05 noyabr tarixli 671s nömrəli Sərəncamı ilə X2 “Vətən müharibəsi iştirakçısı” medalı verilmişdir. Cinayət işinin materiallarında olan 18 noyabr 2025-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkibi olmadığından, Azərbaycan Respublikası CPM-in 39.2.1-ci maddəsinə əsasən barəsində həmin maddə ilə cinayət təqibinə xitam verilmişdir. Beləliklə məhkəmə, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, həmçinin məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hal, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını-CM-in 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə hesab edir ki, daha ciddi cəzanın-azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, daha ciddi cəzanın təyin edilməsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi” barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə tətbiq edildiyini əsas tutsunlar. Həmin Sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, qardaşının “Vətən müharibəsi iştirakçısı” olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarı və CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəaları təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma aparıla bilmir. Çünki, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma tələb olunur, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Bundan başqa, cəza təyin edilərkən digər məsələlərlə yanaşı, təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Belə ki, təqsirləndirilən şəxsə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, CM-in 69.3-cü maddəsinə əsasən onun tutulduğu 02 gün müddət, azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesabı ilə hesablanmaqla təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından 04 gün çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Qazax rayonu, həmçinin, Ağstafa rayonu ərazi ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, həmçinin üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulmalı, narkoloji kabinetdə qeydiyyata alınmalı, narkomaniya xəstəliyindən məcburi müalicə olunmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan, Qazax RPŞ-nin anbarında saxlanılan 6.53 qram qurudulmuş marixuana məhv edilməli, iş üzrə məhkəmə xərci-ekspertiza tədqiqatının dəyəri olan 30,40 manat məbləğində pul ondan alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməli və hökmün icrası Qazax Rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-347, 349, 351- 353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət, həbsdə saxlanmanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesabı ilə hesablanmaqla ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılaraq onun üzərində 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın və narkomaniya xəstəliyindən məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan, Qazax RPŞ-in anbarında saxlanılan 6.53 qram qurudulmuş mariuxana məhv edilsin. İş üzrə məhkəmə xərci- ekspertiza tədqiqatının dəyəri olan 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41 NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Hökmün icrası Qazax rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar