Məhkəmə qərarları › İş №1(023)-85/2023

Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-85/2023

13.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-85/2023 13.10.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi, Məhkəmə iclas katibi Məhəmməd Məhərrəm oğlu Həsənovun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Qazax Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, XX.XX.1939-cu ildə Qazax rayonu, Musaköy kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işsiz, pensiyaçı, əvvəllər məhkum olunmamış, Qazax rayonu, Xanlıqlar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 03 aprel 2023-cü il tarixdə saat 11 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququnu sürücülük vəsiqəsi əsasında həyata keçirməli olduğu halda həmin qaydaya riayət etməyib nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi, mülkiyyətində olan VAZ 21063 minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Qazax şəhəri, Bakı küçəsi ilə Qazax rayonu, Xanlıqlar kəndi istiqamətində təxminən 30- 40 km/saat sürətlə hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən əgər piyada keçidində nəqliyyat vasitəsinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetafor vasitəsi ilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmaqla yolu keçməyə başlamış piyadanı təhlükəyə məruz qoymamalı, əgər piyada keçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa, sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməli olduğu halda həmin qaydalara riayət etməyib, hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, həmin vaxt avtomobilin hərəkətini davam etdirərək eyni küçədə yerləşən “Əsədoğlu” adlanan marketin yanındakı piyada keçidi ilə yolu sağ tərəfdən sol tərəfə keçən piyada Qazax rayonu, Xanlıqlar kənd sakini Zərərçəkmiş şəxs avtomobilin qabaq sağ hissəsi ilə vuraraq ehtiyatsızlıqdan sonuncunun “sol bud sümüyünün orta 1/3 hissəsinin qapalı, yerdəyişməli sınığı” ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az ağır zərər vurmaya aid xəsarət yetirməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, yaşı çox olduğu üçün özünə məxsus olan “VAZ 21063“ markalı **-BF-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini nadir hallarda istifadə edə bilir. Pensiyaçıdır. Yaşı ilə əlaqədar sonuncu dəfə nəqliyyat vasitəsini idarə etmək hüququnu xx.xx.2020-ci il tarixdə 2 il müddətinə almış və həmin sürücülük vəsiqəsinin etibarlılıq müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir. xx.xx.2023-cü il tarixdə yenidən sürücülük vəsiqəsi ala bilmək üçün sağlamlıq arayışı almaq məqsədilə Qazax rayon Mərkəzi Xəstəxanasına getmək qərarına gəlmiş, bu məqsədlə idarə etdiyi “VAZ 21063 “ markalı **-BF-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Qazax rayonu, Xanlıqlar kəndində yerləşən evindən tək yola düşmüşdür. Qazax şəhər Mərkəzi Bazarının qarşısına çatdıqda evdən çıxarkən şəxsiyyət vəsiqəsini evdə unutduğunu xatırlayıb götürmək üçün evə qayıtmaq qərarına gəlmiş və bazarın qarşısından geriyə dönüb yaşadığı Qazax rayonu, Xanlıqlar kəndi istiqamətində hərəkət etməyə başlamışdır. Həmin gün, saat 17 radələrində Qazax şəhəri, Bakı küçəsində yerləşən “Əsədoğlu” marketin yanına çatıb orada yerləşən piyada keçid xəttinin üzərindən avtomobili ilə keçmək istədikdə bir nəfər piyada şəxs qəflətən piyada keçid xəttinin üzərinə çıxaraq yolu sağ tərəfdən sol tərəfə keçmək istəmiş, şəxs piyada keçid xəttinin yaxınlığında dayanmış sərnişin avtobusunun qarşısında onun görə bilməyəcəyi formada keçdiyi üçün onun yolu keçməyə başladığını görə bilməmiş və idarə etdiyi avtomobilimin sağ ön tərəfi ilə həmin şəxsi vurmuşdur. Dərhal avtomobilini dayandırmış və aşağı enərək kömək etmək məqsədi ilə avtomobili ilə vurduğu piyada şəxsə yaxınlaşmışdır. Yaxınlaşdıqda həmin şəxsin Qazax rayonu, Yuxarı Əskipara kənd sakini olan, lakin, Qazax rayonu, Xanlıqlar kəndində məskunlaşmış Zərərçəkmiş şəxs olduğunu görmüşdür. Anar da onu görüb tanımışdır. Ətrafa toplaşan şəxslər Anarı dərhal yıxıldığı yerdən ayağa qaldırmaq istəsələr də, Anarın səhhəti üçün o, buna icazə verməmiş və oradakı şəxslərdən hadisə yerinə təcili tibbi yardım briqadası çağırmalarını istəmişdir. Bir neçə dəqiqə sonra hadisə yerinə gələn təcili tibbi yardım briqadası Zərərçəkmiş şəxs götürüb xəstəxanaya aparmışlar. Yol-nəqliyyat hadisəsi baş verməzdən əvvəl hər hansı spirtli içki qəbul etməmişdir. Hadisə baş verən zaman avtomobili təxminən 30-40 km/saat sürətlə idarə etmiş və həmin vaxt avtomobildə tək olmuşdur. Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxsdən üzr istəmiş, ona yardım etmişdir, zərərçəkmiş şəxslə barışmışdır, zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi yoxdur. Ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 03 aprel 2023-cü il tarixdə saat 11 radələrində şəxsi işləri ilə əlaqədar Qazax şəhəri ərazisində olan zaman sərnişin avtobusuna əyləşmək məqsədi ilə Qazax şəhəri, Bakı küçəsində yerləşən “Əsədoğlu” marketin yanındakı piyada keçidi vasitəsilə yolu bir tərəfdən digər tərəfə keçmək istəmişdir. Bu vaxt piyada keçidinin yanında saxlamış sərnişin avtobusunun qarşısından piyada keçidinə çıxdıqda Qazax rayonu, Xanlıqlar kəndi istiqamətində hərəkətdə olan “VAZ 2106” markalı avtomobil qəflətən onun sol bud nahiyyəsindən vuraraq yerə yıxmışdır. Zərbənin təsiri ilə o, sol bud nahiyyəsində küt ağrılar hiss etmişdir. Bu vaxt onu vuran “VAZ 2106” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün əvvəlcədən tanıdığı Qazax rayonu, Xanlıqlar kənd sakini Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişdir. Təqsirləndirilən şəxs hadisədən dərhal sonra avtomobildən enərək kömək etmək məqsədi ilə ona yaxınlaşmışdır. Ətrafa toplaşan şəxslər bud sümüyünün sınmış ola biləcəyini deyərək yerdən qalxmamasını demişlər. Arxasınca hadisə yerinə təcili tibbi yardım briqadası çağırılmışdır. Bir neçə dəqiqə sonra hadisə yerinə gələn təcili tibbi yardım briqadası onu götürüb Qazax rayon X8 Şöbəsinə aparmışlar. Xəstəxanada ona ilkin tibbi yardım göstərildikdən sonra sol büd sümüyünün sınması barədə məlumat verilmişdir. Təqsirləndirilən şəxs ondan üzr istəmiş, müalicəsinə maddi yardım etmişdir, təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur, onunla barışmışdır, təqsirləndirilən şəxsə yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Qazax rayon X18 X21 təbliğat və təşviqat üzrə baş inspektoru vəzifəsində işləyir və xidmətini polis baş leytenantı xüsusi rütbəsində davam etdirir. 03 aprel 2023-cü il tarixdə saat 13 radələrində Qazax rayon Polis Şöbəsinin inzibati binasında olan zaman Qazax rayon X8 Şöbəsindən rayon polis şöbəsinin X15 rayonu, Xanlıqlar kənd sakini Zərərçəkmiş şəxs avtomobil vurması nəticəsində xəsarət alaraq Acil Şöbəsinə müraciət etməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında əməliyyat-istintaq qrupunun üzvləri ilə birlikdə dərhal yol-nəqliyyat hadisəsinin baş verdiyi yerə getmişdir. Qeyd olunan ünvana çatdıqda yol-nəqliyyat hadisəsinin baş verdiyi yerin Qazax şəhəri, Bakı küçəsində yerləşən “Əsədoğlu” adlanan marketin yanındakı piyada keçid xəttinin üzəri olduğunu müəyyən etmişdir. Hadisə yerində məlum olmuşdur ki, Qazax rayonu, Xanlıqlar kənd sakini Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21063” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Qazax şəhəri, Bakı küçəsi ilə Qazax rayonu, Xanlıqlar kəndi istiqamətində hərəkətdə olan zaman həmin küçədə yerləşən “Əsədoğlu” marketin yanındakı piyada keçid xəttinin üzərində yolu sağ tərəfdən sol tərəfə keçmək istəyən Zərərçəkmiş şəxs vuraraq yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını və Təqsirləndirilən şəxs yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən məhkəmətibb ekspertizasının 15 aprel 2023-cü il tarixli, 92 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər: Sol bud sümüyünün orta 1/3 hissəsinin qapalı, yerdəyişməli sınığı küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi (avtomobilin piyadanı vurması) nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən məhkəmə yolnəqliyyat hadisələri ekspertizasının 16 avqust 2023-cü il tarixli, 8/2380 nömrəli rəyində göstərilmişdir ki, VAZ 21063 markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs VAZ 21063 markalı avtomobili sürcülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 03 aprel 2023-cü il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yerinə baxış zamanı müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi yer Qazax şəhəri, Bakı küçəsində yerləşən “Əsədoğlu” marketin yaxınlığındakı, piyada keçid xəttinin üzəridir. Həmin avtomobil yolu asfalt-beton örtükdən ibarət olmaqla hadisə yerində yolun hərəkət hissəsi düzdür və örtüyü quru vəziyyətdədir. Yolun hərəkət hissəsində nəqliyyat vasitələrinin hərəkəti iki istiqamətlidir. Yolun hərəkət hissəsinin ümumi eni 11 metr olmaqla, sağ hərəkət hissəsinin eni 5,5 metr, sol hərəkət hissəsinin eni 5,5 metrdir. Yolun hərəkət hissəsində əks istiqamətli nəqliyyat axınlarını ayıran uzununa nişanlama xətti vardır. Yolun hər iki hərəkət hissəsinə 1,5 metr enində daş döşəmə örtüklü səki birləşir. Yolun sağ hərəkət hissəsinin kənarında “Əsədoğlu” market, sol hərəkət hissəsinin kənarında fərdi yaşayış evinə məxsus olan bağ sahəsi yerləşir. Hadisə yerində hərəkət piyada keçid xətti vasitəsi ilə nizamlanır. Yol-nəqliyyat hadisəsi yerində tormozlama və şin izləri aşkar olunmamışdır. Yol şəhər elektrik işığı ilə işıqlandırılır. Baxış zamanı “Əsədoğlu” marketin sol tərəfində quraşdırılmış videomüşahidə kamerası vasitəsi ilə xx.xx.2023-cü il tarixdə saat 11:14-də qeydə alınmış yol-nəqliyyat hadisəsinin videogörüntüsü iş üçün sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd DVD diskə yazılaraq protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Sərxoşluq vəziyyətinin alkotester müayinəsi qəbzindən görünür ki, xx.xx.2023-cü il tarixdə yolnəqliyyat hadisəsi baş verən zaman sürücü Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən X2 28 aprel 2023-cü il tarixli, 743 nömrəli məktubundan görünür ki, Qazax rayonu, Xanlıqlar kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs X3 narkoloji və psixoloji qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Qazax RPŞ-nin X24 Bölməsindən təqdim edilmiş 11 aprel 2023-cü il tarixli 1/448 nömrəli arayışdan görünür ki, Qazax rayonu, Xanlıqlar kənd sakini Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi DİN-in MMB-da yoxlanılan zaman məlum olmuşdur ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi xx.xx.2020-ci il tarixdə verilmiş və xx.xx.2022-ci il tarixdə isə həmin sürücülük vəsiqəsinin etibarlılıq müddəti bitmişdir. Bu səbəbdən də, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən DİN BƏSİİdən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Qazax RİHBnın Xanlıqlar kənd İƏD üzrə nümayəndəliyinin verdiyi 25 aprel 2023-cü il tarixli, 5-58-15- 12-21/2-369/2023 saylı arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Qazax rayonu Xanlıqlar kəndində qeydiyyatda olmaqla yaşayır. X5, gəlini X10, nəvəsi X6 və X12 tərkibdə ailə üzvləri vardır. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF 1 saylı X7 Qazax rayon Qəbul şöbəsinin verdiyi 07 sentyabr 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs DSMF PHŞ 1 saylı X4 Qazax rayon qəbul şöbəsindən hər ay yaşa görə 358 manat 69 qəpik əmək pensiyası alır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Qazax Rayon Mərkəzi X14 X9 şöbəsinin verdiyi 28 sentyabr 2023-cü il tarixli, 1371 saylı tibbi arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdən Qazax Rayon Poliklinikasının kabinetində dispanser qeydiyyatındadır. Diaqnoz: Şəkərli diabet. Beləliklə məhkəmə, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün etiraf edici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, məhkəmədə dindirilmiş şahidin ifadəsi, həmçinin məhkəməistintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hal, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə vəbaşqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələbinə əsasən nəqliyyat vasitlərinin sürücüləri hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadəedilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarəetməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, zərərçəkmiş şəxsdən üzrxahlıq etməsini və ona maddi yardım göstərməsini, zərərçəkmiş şəxsin onunla barışmasını və ondan şikayətçi olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, 84 yaşının olmasını, şəkərli diabet xəstəliyindən əziyyət çəkməsini iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Məhkəmə, qeyd olunanları nəzərə almaqla hesab edir ki, təqsirləndirilən şəxsə cəza CM-nin 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə və azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, cəzasını yüngülləşdirən halların məcmusunu, zərərçəkmiş şəxsin ona yüngül cəza təyin edilməsi barədə xahişini nəzərə alaraq belə nəticəyə gəlir ki, onun cəmiyyətdən təcrid olunmadan islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməlidir. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulmasını məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə və azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, CM-nin 70-ci maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməli, sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan VAZ 21063 minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin ibtidai istintaq orqanı tərəfindən sahibinə-onun özünə qaytarılması nəzərə alınmalı, məhkəmə xərci-aparılmış ekspertiza tədqiqatının dəyəri olan 85 manat məbləğində pul ondan alınıb Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına köçürülməli və hökmün icrası Qazax Rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 (bir) il sınaq müddəti müəyyən edilməklə, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişidirlmədən saxlanılsın. İş üzrə maddi sübut olan VAZ 21063 minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin ibtidai istintaq orqanı tərəfindən sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində pul Təqsirləndirilən şəxs alınıb Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ01360 1********** 3944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına köçürülsün. Hökmün icrası Qazax Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar