Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-85/2025 11.02.2026 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Qəhrəmanova Mehin Asəf qızının katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi– Qazax rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, məhkumluğu olan, ünvan 1 ünvanda yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 1 ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 0,521 qram təşkil edən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə olan heroini əldə edib əynindəki boz rəngli cins materialından olan şalvarın sağ yan kiçik cibində saxlamaqla daşımış, Qazax Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 20 sentyabr 2025-ci il tarixdə saat 14:09 dəqiqədə Qazax şəhəri, M.Hüseyn küçəsində saxlanılaraq, qeyd edilən tarixdə həmin ünvanda saat 14:09 dəqiqədən 14:13 dəqiqəyədək olan müddət ərzində fasiləsiz videoçəkiliş aparılmaqla keçirilmiş baxış zamanı əynindəki boz rəngli cins materialından olan şalvarın sağ yan kiçik cibində saxladığı 1 ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 0,521 qram təşkil edən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, hazırda subaydır və heç vaxt ailə həyatı qurmamışdır. Qazax şəhəri, N.Nərimanov qəsəbəsi, ev 34, mənzil 4 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləməsə də, inşaat işlərində fəhləlik edərək maddi qazanc əldə edir. Təxminən 8-9 aydır ki, narkotik vasitə istifadəçisidir. Bu günədək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 186.1 və 234.2-ci maddələri ilə məhkumluq həyatı yaşamışdır. Sonuncu dəfə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmamış və xx.xx.2024cü il tarixdə cəza müddətinin bitməsi ilə azad edilmişdir. Boş vaxtlarında çay kənarında metal tullantıları toplayıb sataraq maddi qazanc əldə edir. 19 sentyabr 2025-ci il tarixdə təxminən saat 15:30 radələrində yaşadığı Qazax şəhəri, N.Nərimanov qəsəbəsi, ev 34, mənzil 4 ünvanından təkbaşına çıxaraq piyada şəkildə “Ağstafa” çayının yaxınlığından keçən hissəsinə getmişdir. Çayın kənarı ilə “Amonların meşəsi” adlanan əraziyə yönəlmiş və metal tullantıları axtarmağa başlamışdır. Həmin ərazidə çayın kənarında yerdə bir ədəd siqaret qutusu görmüş, içərisində siqaret olub-olmadığını müəyyən etmək üçün əlinə götürmüşdür. Qutunun içərisində kiçik ölçülü 1 ədəd qızılı rəngli kağız büküm olduğunu müşahidə etmişdir. Bükümü açdıqda içərisində qəhvəyi rəngli kütlə aşkar etmiş və narkotik vasitə istifadəçisi olduğu üçün həmin kütlənin “kakos”, yəni heroin olduğunu müəyyən etmişdir. Daha sonra istifadə etmək məqsədi ilə həmin bükümü götürərək üzərindəki boz rəngli cins şalvarın sağ yan kiçik cibinə qoymuşdur. Sonra topladığı metal tullantılarını götürərək yaşadığı evə qayıtmışdır. Həmin gün axşam saatlarında çöldə olan zaman həmin narkotik vasitənin bir hissəsini istifadə etmiş, qalan hissəni isə yenidən qızılı kağız bükümdə boz rəngli cins şalvarın sağ yan kiçik cibinə yerləşdirmişdir. 20 sentyabr 2025-ci il tarixdə təxminən saat 14 radələrində təkbaşına Qazax şəhəri, M.Hüseyn küçəsi ilə hərəkətdə olarkən yanında bir ədəd mülki avtomobil dayanmış və həmin avtomobildən bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşmışdır. Həmin şəxslərdən birinin videoçəkiliş apardığını görmüşdür. Həmin şəxslərdən ikisi onun qollarından tutmuş, digəri isə özünü təqdim etdikdən sonra ondan özünü təqdim etməsini istəmişdir. O, özünü təqdim etdikdən sonra polis əməkdaşı onun narkotik vasitə əldə etməsi, saxlaması, daşıması və istifadə etməsi ilə bağlı rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olduğunu bildirmiş və videoçəkiliş apardığını izah etmişdir. Videoçəkilişə etiraz etmədiyini bildirdikdən sonra üzərində narkotik vasitə və ya psixotrop maddə olub-olmadığı soruşulmuş, varsa təqdim etməsi təklif olunmuşdur. O isə üzərində narkotik vasitə olduğunu bildirərək boz rəngli cins şalvarın sağ yan kiçik cibindən 1 ədəd qızılı rəngli kağız büküm içərisində olan “kakos”, yəni heroini çıxararaq təqdim etmişdir. Polis əməkdaşı kütlənin nə olduğu, haradan və hansı məqsədlə əldə edildiyini soruşduqda, həmin kütlənin narkotik vasitə olan “kakos” olduğunu və çayın kənarından taparaq şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Lakin həmin vaxt onda yaranmış həyəcan və qorxu səbəbi ilə, özündən asılı olmadan narkotik vasitəni 19 sentyabr 2025-ci il tarixdə deyil, təxminən 10-15 gün əvvəl tapdığını qeyd etmişdir. Bundan sonra həmin büküm ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. O və polis əməkdaşları zərfin üzərini imzalamışdır. Daha sonra polis əməkdaşı onunla birlikdə Qazax rayon Polis Şöbəsinə gedəcəyi, şöbədə təhqiqatçı tərəfindən üzərində baxış keçiriləcəyi, vəkil tutmaq hüququnun olduğu və maddi vəziyyəti imkan vermədiyi təqdirdə dövlət hesabına vəkillə təmin olunacağı barədə məlumat vermişdir. Daha sonra videoçəkiliş başa çatdırılmış və o, polis əməkdaşları tərəfindən Qazax rayon Polis Şöbəsinə gətirilmişdir. Şöbədə təhqiqatçı tərəfindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş və dövlət büdcəsi hesabına ona Qazax rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təyin edilmiş, hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra xidməti otaqlardan birində videoçəkiliş altında, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə bir ədəd kağız zərfdə olan qızılı rəngli kağız bükümə baxış keçirilmiş və üzərində şəxsi axtarış aparılmışdır. Təhqiqatçı bükümü açaraq içərisində olan qəhvəyi rəngli kütlənin nə olduğu, haradan və hansı məqsədlə əldə edildiyi ilə maraqlanmış, o isə bunun “kakos” olduğunu, çayın kənarından təsadüfən tapdığını və şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Həmin kütlə elektron tərəzi ilə çəkilmiş və kağızla birlikdə ümumi çəkisinin 0,72 qram olduğu müəyyən edilmişdir. Daha sonra kütlə başqa kağız zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Sonra üzərində digər narkotik vasitə və ya qanunsuz əşya olub-olmadığı soruşulmuş, belə əşyanın olmadığını bildirmişdir. Daha sonra polis əməkdaşları tərəfindən üzərində axtarış aparılmış, lakin başqa qanunsuz predmet aşkarlanmamışdır. Bundan sonra videoçəkilişə baxılmış, etirazının olmadığı bildirilmiş və təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, o və digər iştirakçılar protokolu imzalamışdır. Əməlindən peşmandır. Ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Qazax rayon Polis Şöbəsinin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində, polis mayoru xüsusi rütbəsində xidmət edir. xx.xx.2025-ci il tarixdə xidməti iş yeri olan ünvan 4 ünvanında yaşayan, xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə etməsi, istifadə etməsi və üzərində saxlaması ilə bağlı şübhələr olduğuna görə daxil olmuş əməliyyat məlumatının yoxlanılması üçün barəsində qərar qəbul etmişdir. Həmin qərara əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 14:09-da Qazax şəhəri, M.Hüseyn küçəsində müəyyən edilmiş, özü və əməkdaşlar həmin şəxsə təqdim olunmuşdur. CAB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid4, CAB-nin əməliyyat müvəkkilləri polis leytenantı Şahid3, polis leytenantı Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs vəkillə təmin olunmaq hüququ izah edilmiş, maddi imkanı olmadığı halda dövlət tərəfindən vəkillə təmin ediləcəyi bildirilmişdir. Sonra Təqsirləndirilən şəxs ona qarşı qanunsuz olaraq narkotik və psixotrop maddə saxlamaq şübhəsi olduğu bildirilmiş və üzərində qanunla saxlanılması qadağan edilən hər hansı əşya varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan kiçik cibindən bir ədəd qızılı rəngli büküm təqdim etmişdir. Həmin büküm açıldıqda, spesifik iyə malik, tünd qəhvəyi rəngli, ilk baxışda heroini xatırladan kütlə müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin “kakos” olduğunu, şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Aşkar olunmuş kütlə zərfə yerləşdirilərək Qazax RPŞ-nin 64 nömrəli möhürü ilə möhürlənmiş və götürülmüşdür. Əməliyyat tədbiri saat 14:13-də başa çatmış, aydın hava şəraitində videokamera ilə qeydə alınmış, videogörüntü DVD diskə köçürülərək raporta əlavə edilmişdir. Təqsirləndirilən şəxs saat 14:20-də Qazax RPŞ-yə gətirilərək Növbətçi Hissəyə təhvil verilmişdir. Daha sonra Təqsirləndirilən şəxs təhqiqatçı, polis baş leytenantı X4 tərəfindən şübhəli şəxs qismində tutulmuş, vəkillərin siyahısı təqdim olunmuş, siyahıdan Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Müdafiəçi seçilmişdir. Müdafiəçi iştirakı ilə hüquq və vəzifələri izah edilmiş və yazılı bildirişlər təqdim olunmuşdur. 20 sentyabr 2025-ci il tarixdə saat 15:05-də Qazax rayon Polis Şöbəsinin inzibati binasının birinci mərtəbəsində yerləşən xidməti otaqda keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, saxlanıldığı zaman cibindən çıxarıb təqdim etdiyi qızılı kağız bükümün içərisindəki maddə heroindir. Həmin maddəni yaşadığı ərazidə, çayın kənarındakı meşə sahəsindən tapmışdır. Kütlə elektron tərəzi ilə çəkilmiş və kağızla birlikdə 0,72 qram olduğu müəyyən edilmişdir. Həmin büküm təhqiqatçı tərəfindən kağız zərfə qoyulmuş, möhürlənmiş və qeydlər aparılmışdır. Zərf iştirakçılar tərəfindən imzalanmışdır. Bütün proses videoçəkilişlə qeydə alınmışdır. Sonrakı yoxlama zamanı üzərindən digər qadağan olunmuş maddə və ya əşya aşkar edilməmişdir. Şəxsi axtarış başa çatdıqdan sonra protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Bildirilmişdir ki, saxlanılma və axtarış zamanı Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və psixoloji zorakılıq tətbiq olunmamışdır. Əməliyyat məlumatlarına əsasən Təqsirləndirilən şəxs yalnız şəxsi istifadə məqsədilə narkotik maddə qəbul etdiyi göstərilmiş, satış fəaliyyəti ilə bağlı məlumat aşkarlanmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 və Şahid3 da eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstəriklərini bir daha təsdiq etmişdir. İş üzrə şahid olan Şahid2 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, o da yuxarıda göstərilənlərlə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan Məhkəmə-kimyəvi ekspertizasının 21 sentyabr 2025-ci il tarixli 16/807 nömrəli rəyinə əsasən tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş 1 ədəd siqaret qutusunun qızlı rəngli kağız bükümündə olan heroinə bənzər kütlə” yazısı, adlar və imzalar yazılmış 01(bir) ədəd qızılı kağız bükümdə, təmiz çəkisi 0,521 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr”in siyahısına (1-ci siyahı) daxildir. Məhkəmə kimyəvi ekspertizasının rəyinin qeyd hissəsində: Heroinin təmiz çəkisi - 0,521 qram, tədqiqata sərf edildi-0,05 qr, qalıq-0,471 qr. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 09 oktyabr 2025-ci il tarixli, 1604 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji qeydiyyat götürülməsi məsləhət görülür. İş materiallarında olan “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə” haqqında 11 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs (istintaq hərəkəti aparılan zaman Azərbaycan Respublikası CPM-in 90-cı maddəsinə əsasən şübhəli şəxs qismində tutulmuş) Qazax RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı X1 RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 təqdim etdiyi, bir ədəd zərfi və Təqsirləndirilən şəxs üzərinin yoxlanılması zamanı qeydə alınmış DVD diski götürmüş, həmin diskə baxış keçirmiş, X8 Yusifovun baxış zamanı narkotik vasitə olan heroinə bənzər kütlənin, həmçinin digər əşyaların ona məxsus olmasını vurğuladığını aşkar etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, o, Qazax rayonu məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2, 93.1.4-cü maddələri ilə 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə Azərbaycan respublikası Cəzaların İcrası Məcəlləsinin 70.2.4-cü maddəsinə əsasən cəzasının çəkilməmiş hissəsini çəkmək üçün Məntəqə tipli cəza çəkmə müəssisinə keçirilmiş və xx.xx.2015-ci il tarixdə cəzasının müddəti başa çatdığına görə azad edilmiş, Nərimanov rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 69.3-cü maddələri ilə təqsirli bilinərək 01 il, 05 ay, 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 69.3, 66.5-ci maddələri ilə təqsirli bilinərək 02 il, 07 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2024-cü il tarixdə cəzasının sonu il azad edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. İş materiallarında olan Qazax rayon Psixiatriya Xəstəxanasının 24 sentyabr 2025-ci il tarixli, 1765 nömrəli məktubundan görünür ki, Qazax şəhəri, N.Nərimanov qəsəbəsi ev 34, mənzil 4 ünvanında qeydiyyatda olan xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs X3 psixoloji qeydiyyatda yoxdur, lakin 2011-ci ildən xəstəxananın narkoloji kabinetində “Narkomaniya” diaqnozu ilə qeydiyyatdadır. Məhkəməyədək icraat dövründə Qazax Rayon Məhkəməsinin 22 sentyabr 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli onun tutulduğu 20 sentyabr 2025-ci il tarixdən hesablanmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur, onun həmin cinayəti törətməsi məhkəmə istintaqı zamanı sübut olunur, onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsi üçün əsas yoxdur və o, həmin maddə ilə təqsirli bilinərək cəzalanmalıdır. Təqsirləndirilən şəxs əvvəllər azdlıqdan məhrumetmə cəzasına məhkum olunduqdan sonra məhkumluğu ödənilməmiş və ya götürülməmiş 20 sentyabr 2025-ci il tarixdə qəsdən CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməklə əməlində cinayətin sadə residivini yaratmışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsini səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, əməlində cinayətlərin residivinin olmasını isə iş üzrə onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitə olan heroin cəmiyyət üçün yüksək təhlükə törədən maddələr sırasına daxildir. Təqsirləndirilən şəxs əvvəlki məhkumluğuna baxmayaraq yenidən qəsdən cinayət törətməsi onun islah olunmadığına dəlalət edir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlinin ictimai təhlükəlilik dərəcəsi, əvvəlki məhkumluğu və islah olunmaması və şəxsiyyəti nəzərə alınmaqla onun barəsində CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ağır azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi ədalətli və məqsədəuyğun hesab edilir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzalarını çəkmələri müəyyən edilir. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Beləlikə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğuna azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, onun cəza çəkməsinin əvvəli 20 sentyabr 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalı, narkomaniyadan məcburi müalicə olunmalı, iş üzrə maddi sübut olan, Qazax RPŞ-nin saxlanc anbarında saxlanılan 0,471 qram heroin məhv edilməli, iş üzrə məhkəmə xərci-aparılmış ekspertiza tədqiqatının dəyəri olan 30 manat 40 qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344- 347, 349, 351-353, 356, 357, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 20 sentyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, Qazax RPŞ-nin Saxlanc anbarında saxlanılan 0,471 qram heroin məhv edilsin. İş üzrə məhkəmə xərci- aparılmış ekspertiza tədqiqatının dəyəri olan 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Hökm elan olunduğu (həbsdə olan şəxsə verildiyi) andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elçin Mansırov
Məhkəmə qərarları › İş №1(023)-85/2025
Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-85/2025
11.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver