Məhkəmə qərarları › İş №1(023)-86/2023

Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-86/2023

15.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-86/2023 15.11.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənov Məhəmməd Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Qazax rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Qazax şəhəri, Əhməd Seyidov küçəsi 6 nömrəli evdə qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə gecə saat 01 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Qazax şəhəri, Hüseyn Arif küçəsi 2 nömrəli yaşayış binasının arxa hissəsində yerləşən, Zərərçəkmiş şəxs Sərhəd qızına məxsus toyuq hininə yaxınlaşıb özü ilə gətirdiyi vintaçan alətlə mexaniki təsir göstərib asma qıfılın çərçivəyə bərkidilmiş dəmir lövhənin vintlərini çıxarıb qapını açmış, başqa saxlanc yeri hesab edilən hinə qanunsuz daxil olaraq hər birinin cəmi qiyməti 120 manat olan hər biri 1 illik, təmiz ət çəkisi 2,5 kq olan 30 manat dəyərində 04 ədəd hind toyugu, hər birinin cəmi qiyməti 140 manat olan hər biri 2 illik, təmiz ət çəkisi 1,5 kq olan 20 manat dəyərində 07 ədəd xoruz və hər birinin cəmi qiyməti 72 manat olan hər biri 2 illik, təmiz ət çəkisi 1 kq olan 12 manat dəyərində 6 ədəd toyuğu özü ilə gətirdiyi torbalara yığaraq gizli yolla talayıb ələ keçirərək, ümumilikdə zərərçəkmiş şəxsə 332 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. xx.xx.2022-ci il tarixdə pula ehtiyacı olduğu üçün Qazax şəhəri, Hüseyn Arif küçəsi 2 nömrəli yaşayış binasının arxa hissəsində Zərərçəkmiş şəxs məxsus toyuq hinindən toyuq və hind quşları oğurlmaq qərarına gəlmiş, xx.xx.2022-ci il tarixdə, gecə saat 01 radələrində ora gedərək ətrafa göz gəzdirib heç kəsin olmadığını dəqiqləşdirdikdən sonra əvvəlcədən yaşadığı evdən özü ilə götürdüyü vintaçan vasitəsi ilə Könülə məxsus toyuq hininin qapısındakı asma qıfılın bağlı olduğu dəmir hissədən vintləri söküb qapını açaraq içəri daxil olmuş, 02 ədəd ağ rəngli hörmə zənbili cibindən çıxararaq hində olan hind toyuqları, toyuq və xoruzları tutub sakit bir şəkildə həmin zənbillərə yığmış, həmin vaxt oradan nə qədər toyuq və hind quşu götürdüyünü dəqiq bilməmiş, zənbilləri dolduqdan sonra yaşadığı evə getmişdir. Vintaçanı yolda evə qayıdarkən xatırlamadığı yerdə tullamış, yaşadığı evdə zənbilləri boşaltdıqda həmin hindən 6 ədəd toyuq, 7 ədəd xoruz və 4 ədəd hind toyuqlar olduğunu görmüşdür. Ailə üzvlərinə oğurluq etdiyini bildirməmiş, onları satmaq üçün aldığını demişdir. Səhərisi 2 ədəd xoruzu kəsib bişirmələri üçün evdə saxlamış, 06 ədəd toyuğu Sürayə Qafarovaya satmış, toyuqların özünə məxsus olduğunu və ehtiyacı olduğuna görə satdığını bildirmişdir. Bundan başqa, oğurlamış olduğu 01 ədəd hind toyuğunu özününkü olmasını, ehtiyacdan satdığını deyib Şahid3 20 manata satmışdır. Qalan hind quşularından 01-i Bənövşə Davidoavaya 16 manata və 02 ədədini isə hər birini 15 manata olmaqla Füzuli Babayevə satmış, onlara da quşları satarkən özünə məxsus olmasını demişdir. Hazırda törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxsdən üzrxahlıq eləmiş, ona dəymiş ziyanı tam ödəmişdir, zərərçəkmiş şəxs onunla barışmışdır. Himayəsində azyaşlı uşaqların olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. İş üzrə zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, o, ailə üzvləri ilə birlikdə Qazax şəhəri, H.Arif küçəsi, 2 nömrəli binanın 2-ci mənzilində (Hərbi şəhərcikdə) yaşayır və Qazax rayonu, Canallı kənd tam orta məktəbində müəllimə vəzifəsində işləyir. Yaşadığı binanın həyətində olan hində toyuq, xoruz və hind quşları saxlayır. 31 oktyabr 2022-ci il tarixdə axşam hind quşları, xoruz və toyuqlarını hinə salıb qapısını açarla bağlamış, ətrafda heç kəsi görməmiş və yaşadığı mənzilə getmişdir. 01 noyabr 2022-ci il tarixdə səhər saat 07 radələrində ev quşlarını hindən çıxarıb yemləmək üçün hinə getmiş, yaxınlaşanda hinin qapısının açıq olduğunu, hindən ona məxsus 4 ədəd hind quşları 1 illik, hər birinin təmiz ət çəkisi 2,5 kq, dəyəri isə 30 manat olan, 6 ədəd toyuqlar 2 illik, hər birinin təmiz ət çəkisi 1 kq, dəyəri isə 10 manat və 7 ədəd xoruzlar 2 illik, hər biririn təmiz ət çəkisi 1,5 kq, dəyəri isə 15 manat olan, ümumilikdə 264 manat dəyərində ev quşlarının oğurlandığunu müəyyən etmişdir. Ona məxsus oğurlanmış 4 ədəd hind quşları erkək cinsli, tünd-qara rəngli idilər, 6 ədəd toyuqlar tünd və qızartdaq rəngli idilər və 7 ədəd xoruzlar da tünd və qızartdaq rəngli olmuşlar, ev quşlarının hamısı yerli cins olmaqla heç birinin xüsusi əlamətləri olmamışdır. Hadisə ilə əlaqədar o, 102 xidmətinə məlumat vermiş və Qazax RPŞ-nə ərizə ilə müraciət etmişdir. Polis işçiləri tərəfindən həmin oğurluğu etmiş şəxs müəyyən edilmiş, həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs onun hinindən oğurladığı ev quşlarını müxtəlif şəxslərə satmışdır. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmiş və üzr istəmişdir. Bununla əlaqədar onun Təqsirləndirilən şəxs qarşı heç bir tələbi yoxdur. Zərərçəkmiş şəxs teleqramla məhkəməyə müraciət edərək məhkəmə iclasında iştirak edə bilmədiyini və təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onlar qonşudurlar, heç bir ədavəti və düşmənçiliyi yoxdur. 2022-ci ilin noyabr ayında axşam saatlarında yaşadığı evdə olan zaman evin qapısı döyülmüş, arvadı X2 qapını açmaq üçün getmiş, sonra Surayə evə qayıdaraq Təqsirləndirilən şəxs ucuz qiymətə toyuq satdığını bildirmiş və ondan pul istəmiş, o, arvadına 22 manat pul vermiş, Sürayə Həbibdən 6 ədəd toyuq alıb gətirmiş, toyuqları kəsib yemişlər. Sonradan polis işçilərindən ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs həmin toyuqları xx.xx.2022-ci il tarixdə Qazax şəhəri, H.Arif küçəsi, bina 2, mənzil 2-də (Hərbi şəhərcikdə) yaşayan Zərərçəkmiş şəxs Sərhəd qızının hinindən oğurlayıb onlara satmışdır. Təqsirləndirilən şəxs oğurluq etməsi barədə polislərdən eşitmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onlar qohumdurlar. Onun Təqsirləndirilən şəxsla heç bir ədavəti və düşmənçiliyi yoxdur. xx.xx.2022-ci il tarixdə yaşadığı evdə olan zaman Təqsirləndirilən şəxs əlində bir ədəd hind toyuğu onun yaşadığı evə gəlmiş və satmaq istədiyini bildirmişdir. Həbibdən əlindəki hind quşunun oğurluq olub olmaması barədə soruşmuş, Həbib and içərək həmin hind quşunu öz evlərindən gətirdiyini, özlərinə məxsus olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs inanmış və tünd qara rəngli hind quşunu 20 manata almışdır. Həmin gündən bir neçə gün sonra iki nəfər polis əməkdaşı onların yaşadığı evə gələrək Həbibin satmış olduğu hind quşunun oğurluq olduğunu, Həbibin onu başqasına məxsus hinsən oğurladığını demişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 digər Şahid3 ilə oxşar məzmunlu ifadə verərək göstərilən halları bir daha təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Onların heç bir ədavəti və düşmənçiliyi yoxdur. xx.xx.2022ci il tarixdə saat 16 radələrində o, yaşadığı evdə olan zaman Təqsirləndirilən şəxs əlində 2 ədəd hind quşu onun yaşadığı evə gəlmiş, həmin 2 ədəd hind quşlarını satmaq istədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs əlindəki hind quşlarının oğurluq olub olmaması barədə soruşmuş, Həbib həmin hind quşlarının özünə məxsus olduğunu bildirmişdir. O, Həbibə inanmış və bir ədəd hind quşunu almaq üçün Həbibə 16 manat pul təklif etmişdir. Onlar razılaşmış, o, 16 manat pulu Həbibə verərək 1 ədəd hind quşunu Həbibdən almış, hind quşu çox arıq olduğundan evində saxlayıb qulluq etmişdir. Bir neçə gün sonra polis əməkdaşları gələrək Habilin ona satdığı hind quşunun Zərərçəkmiş şəxs hinindən oğurlayıb ona satdığını bildirmişlər. O, həmin hind quşunu polis işçilərinə təhvil vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. 2022-ci ilin noyabr ayının əvvəllərində günorta saatlarında yaşadığı evdə atasının yas mərasimi keçirilən zaman Təqsirləndirilən şəxs onu küçəyə çağırıb əlində olan ağ rəngli hörmə zənbildə 2 ədəd qara rəngli hind toyuqlarını göstərib özunə məxsus olduğunu və ehtiyacı olduğu üçün hər birini 15 manata satmaq istədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs 30 manat verib hind toyuqlarını alaraq evinin hininə atmışdır. Bir müddət keçdikdən sonra onun bir ədədini kəsərək bişirib yemişlər. Digər hind toyuğunu isə hində saxlamışlar. Bir neçə gün sonra polis əməkdaşları gələrək ona bildirmişlər ki, Təqsirləndirilən şəxs ona satdığı hind toyuqlarını oğurlamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Sərhəd qızı onun anasıdır. Qazax şəhəri H.Arif küçəsi, bina 9, mənzil 2-də yaşayır. Həmin evin arxasında toyuq hinləri var. Təqsirləndirilən şəxs tanıyır. 2022-ci ilin noyabr ayının əvvəllərində anası bildirmişdir ki, 01 noyabr 2022-ci il tarixdə səhər saat 07 radələrində hind quşlarını və toyuq-cücələri hindən çıxarıb yemləmək üçün hinə getmiş, bu zaman hinin qapısının açıq olduğunu, qıfılın bağlı vəziyətdə olduğunu, qıfılın çərçivəyə bərkidilmiş hissəsinin açıq olduğunu, qıfılın bağlı vəziyyətdə olduğunu, qıfılın çərçivəyə bərkidilmiş hissəsinin açıldığını görmüşdür. Hindən 4 ədəd hind quşu, 6 ədəd toyuq və 7 ədəd xoruxun oğurlandığını müəyyən etmişdir. Buna görə də həmin vaxt anası DİN-nin 102 xidmətinə məlumat vermişdir. Polis əməkdaşları tərəfindən onların hinindən oğurluq edən şəxs müəyyən edilmiş, həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Hazırda anasına dəymiş ziyan ödənilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən məhkəmə-əmtəəşunaslıq ekspertizasının 12 may 2023-cü il tarixli, 9/1847 nömrəli rəyindən görünür ki, Ekspertiza təyini haqqında qərarda göstərilən ev quşlarının 2022-ci ilin noyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən edilir: -1 illik hər birinin təmiz ət çəkisi 2,5 kq olan 04 ədəd hind toyugu-120,00 manat (4 ədəd x 30 manat); -2 illik hər birinin təmiz ət çəkisi 1,5 kq olan 07 ədəd xoruz-140,00 manat (7 ədəd x 20 manat); -2 illik hər birinin təmiz ət çəkisi 1 kq olan 06 ədəd hind toyugu-72,00 manat (6 ədəd x 12 manat). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ambulator Məhkəmə-psixatrik ekspertizasının 15 avqust 2023-cü il tarixli, 504 nömrəli rəyində qeyd edilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal hazırda emosional davamsız şəxsiyyət pozuntusu, özünükəsmələrlə XTB 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F60.3 müəyyən edilir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz hərəkətlərini ölçüb bicmək iqtidarında olmuş və hal hazırda öz hərəkətlərini ölçüb bicmək və idarə etmək istidarındadır. Onun psixi inkişafında gerilik əlamətləri müşahidə edilmir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədər zaman ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu, özünükəsmələrlə XTB 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F60.3 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətlərinin az ifadəliyi və kompensasiya (yaxşılaşma) mərhələsində olması səbəbindən onun hal hazırda məcburi müalicəyə ehtiyacı yoxdur və anlaqlığı istisna etməyən psixi pozntdan əziyyət çəkmir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 21.1 və və 22-ci maddələrinin təsiri altına düşmür. Cinayət işinin materiallarından görünür ki, Şahid2 1 ədəd hind toyuğu, həmçinin Şahid5 1 ədəd hind toyuğu, həmçinin digər hind toyuğuna görə ödənilmiş 15 manat pul iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən protokol tərtib edilərək götürülmüş, həmin 2 ədəd hind toyuğuna görə 15 manat pul iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanması üçün zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs Sərhəd qızının oğlu Şahid6 təhvil verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 01 noyabr 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Qazax şəhəri, H.Arif küçəsi 2 nömrəli yaşayış binasının arxa hissəsində yerləşir. Həmin yerdə Zərərçəkmiş şəxs Sərhəd qızına məxsus hin taxta materialdandır, giriş qapısının asma qıfılının çərçivəyə bərkidilmiş dəmir hissəsi açıq asma qıfıl isə bağlı vəziyyətdədir. Zərərçəkmiş şəxs bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə səhər tezdən hinin qapısını açmaq üçün yaxınlaşmış və hinin qapısının açıq olduğunu və hindən 4 ədəd hind toyuğu, 7 ədəd xoruz və 6 ədəd toyuğun oğurlandığını müəyyən etmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2022-ci il tarixli, 1529 nömrəli əməliyyat tapşırığının cavabında göstərilmişdir ki, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs Sərhəd qızının yaşadığı binanın arxasındakı hinindən 4 ədəd hind toyuğu, 7 ədəd xoruz və 6 ədəd toyuğu Qazax şəhəri, Ə.Seyidov küçəsi, ev 6-da yaşayan xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs tərəfindən oğurlanması müəyyən edilmişdir. Qazax rayon Psixiatriya Xəstəxanasının 23 iyun 2023-cü il tarixli, 1086 nömrəli cavab məktubunda göstərilmişdir ki, Qazax şəhəri, Əhməd Seyidov küçəsi, ev 6-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Qazax rayon Psixiatriya Xəstəxanasında narkoloji qeydiyyatda yoxdur, lakin xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi xəstəxanada stasionar müalicədə olmuşdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən və Qazax Rayon Məhkəməsinin 05 avqust 2015-ci il tarixli hökmdən görünür ki, Təqsirləndirilən şəxs Qazax Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 3000 manat cərimə cəzasına məhkum edilmiş, Qazax Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə ona təyin edilmiş cərimə cəzası aylıq qazancından dövlət nəfinə 20 faiz tutulmaqla 01 il 06 ay müddətə islah işləri cəzası ilə əvəz edilmiş, 28 iyun 2016-cı ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli amnistiya qərarının 1.5-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Qazax Rayon İcra Hakimiyyəti Başçısının Qazax şəhər İƏD üzrə nümayəndəliyinin verdiyi xx.xx.2023-cü il tarixli, 5-58-1-12-21/2-1040/2023 saylı arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Beləliklə məhkəmə, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün etiraf edici ifadəsi ilə yanaşı, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, həmçinin məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hal, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını - CM-in 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olaraq törətdiyi əməli etiraf etməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, səhhətində problemlər olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında 3 növ cəza, yəni cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə hesab edir ki, daha ciddi cəzanın–azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün əsaslar yoxdur. Cərimə cəzasının təyin edilməsi isə onun vəziyyətini ağırlaşdırır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, daha ciddi cəzanın təyin edilməsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarı və CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəaları təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma aparıla bilmir. Çünki, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma tələb olunur, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Bundan başqa, cəza təyin edilərkən digər məsələlərlə yanaşı, təyin ediləcək cəzanın təqsirləndirilən şəxssin ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Təqsirləndirilən şəxsin ailəsinin yeganə qazanc gətirən şəxsi olması nəzərə alındıqda, onun azadlıqdan məhrum edilməsi və ya cərimə cəzasının təyin edilməsi ailəsinin həyat şəraitinə çox mənfi təsir etmiş olar. Təqsirləndirilən şəxsə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun yaşayış yerini saat 23:00dan saat 07:00-dək və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa, onun üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, həmçinin üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübutlar olan, Zərərçəkmiş şəxs qaytarılmış 02 ədəd hind toyuğu və 15 manat məbləğində pul K. Məmmədovanın istifadəsində saxlanılmalı, məhkəmə xərcləri-aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 50 manat məbləğində pul ondan alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ**********00 00003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməli, hökmün icrası Qazax Rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar olan, Zərərçəkmiş şəxs qaytarılmış 02 ədəd hind toyuğu və 15 manat məbləğində pul Zərərçəkmiş şəxs istifadəsində saxlanılsın. İş üzrə məhkəmə xərci- ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ**********00 00003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Hökmün icrası Qazax Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən:Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar