Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 1(023)-86/2025 04.02.2026 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Qazax rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1992-ci ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, himayəsində bir nəfər azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədibir seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaq zamanı müəyyən edilməmiş tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 01 (bir) ədəd sellofanda qızılı rəngli kağız bükümdə təmiz çəkisi 0,611 qram təşkil edən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə heroini əldə edib əynində olan idman şalvarının sağ yan cibində saxlamaqla daşımış, Qazax Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 14 avqust 2025-ci il tarixdə saat 12:36-da ünvan 2 ünvanın qarşısında saxlanılaraq, qeyd edilən tarixdə həmin ünvanda saat 12:36-dan 12:41-dək olan müddət ərzində fasiləsiz videoçəkiliş aparılmaqla onun üzərinə keçirilmiş baxış zamanı əynində olan idman şalvarının sağ yan cibində saxladığı 01 (bir) ədəd sellofanda qızılı rəngli kağız bükümdə təmiz çəkisi 0,611 qram təşkil edən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, X4 ilə 2015-ci ildə qeyri rəsmi olaraq ailə həyatı qurmuş, onların xx.xx.2016-ci il təvəllüdlü Ömər adlı oğlu olmuşdur. 2017-ci ildə İlahə ilə boşanmışdır. İlahə başqasına ərə getsə də oğlu Öməri özü ilə ər evinə aparmamışdır Hal hazırda oğlu Ömər, valideyinləri və qardaşları ilə ünvan 4 ünvanda yaşayırlar. Heç bir yerdə işləməmiş, təxminən 10 ildir ki, narkotik vasitə olan “ kakos”, yəni heroindən istifadə etmişdir. Təxminən 15 gün əvvəl iş tapmaq üçün Bakı şəhərinə getmiş və şəhərdə olan zaman mobil telefonunun “Tik-tok” sosial şəbəkəsində adını xatırlamadığı səhifənin ona “takip istəyi” atdığını görmüş, həmin şəxsin istəyini qəbul etdikdən sonra həmin səhifənin sahibi ona sosial şəbəkədə mesaj yazaraq hər növ narkotik vasitənin satışı ilə məşğul olduğunu, əgər lazım olsa sata biləcəyini bildirmişdir. Mobil telefonunda ona narkotik vasitə olan heroin satmaq təklifindən sonra öz şəxsi istifadəsi üçün narkomanlar arasında “kakos” adlanan narkotik vasitə, yəni heroin almaq istədiyini bildirmişdir. Həmin şəxs də ona “kakos” adlanan narkotik vasitənin bir bükümü 50 manat qiymətində olduğunu bildirmişdir. Həmin şəxsin təklifindən sonra sonuncunun ona dediyi xatılamadığı bank kartına Bakı şəhərindən “Milliön” aparatı vasitəsilə 50 manat göndərmişdir. Pulu göndərdikdən sonra həmin şəxs ona “Məkan” ataraq narkotik vasitə olan heroinin bükümünü gedib götürməyini bildirmişdir. O, da “Məkanda” göstərilən Abşeron rayon Xırdalan şəhəri ərazisində tanımadığı məhləyə gedib işıq dirəyinin birinin dibinə qoyulmuş siqaret qutusunun qızıılı rəngli kağızına bükülmüş “kakos” adlanan narkotik vasitəni götürmüş və həmin gün narkotik vasitənin bir qismini istifadə etmişdir. Bir neçə gün sonra iş tapa bilmədiyi üçün Bakı şəhərindən çıxıb Qazax şəhərinə gəlmişdir. 14 avqust 2025-ci il tarixdə səhər saat 12:36 radələrində yaşadığı evdən çıxıb Qazax şəhəri, Nizami küçəsində yerləşən çörək sexinə çörək almaq üçün gedən zaman bir neçə nəfər şəxs video çəkiliş vasitəsi ilə ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirərək onun şəxsiyyətini aydınlaşdırdıqdan sonra ona narkotik vasitə istifadə etməkdə, daşımaqda, saxlamaqda şübhəli olduğunu bildirmişlər. Bundan sonra ona əgər üzərində narkotik vasitə varsa təqdim etməyini təklif etmişlər. O, da üzərində olan idman şalvarının sağ yan cibində olan içərisində narkotik vasitə olan heroini könüllü olaraq polis əməkdaşlarına təqdim etmişlər. Onun təqdim etdiyi siqaret qutusunun qızılı rəngli kağızının içərisində olan kütləni təqdim etmiş və “ kakos”, yəni heroin olduğunu, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Əməlindən peşmandır. Ona aministiya aktının tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Qazax rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində, polis kapitan xüsusi rütbəsində xidmət edir. 14 avqust 2025-ci il tarixdə ünvan 5 ünvanda qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlaması və daşıması barədə Cinayət axtarışı bölməsinin rəisi, polis kapitanı Şahid1 məlumatı daxil olmuşdur. Qazax RPŞ-nin rəisinin əmrinə əsasən Təqsirləndirilən şəxs ətrafında keçiriləcək əməliyyat tədbirinin həyata keçirilməsi üçün əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun rəhbəri polis kapitanı Şahid1, digər üzvləri Qazax rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı X3, RPŞ-nin kriminalistik tədqiqatlar qrupunun baş inspektor-kriminalisti, polis mayoru Rahil Hüseynov, RPŞ-nin Cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 və Cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili, polis kiçik leytenant Şahid4 ibarət təşkil olunmuşdur. Əməliyyat qrupunun üzvləri CAB-ın rəisi, polis kapitanı Şahid1 tərəfindən Təqsirləndirilən şəxs ətrafında keçiriləcək əməliyyat-axtarış tədbirləri barədə təlimatlandırılmışdır. Bundan sonra daxil olmuş əməliyyat məlumatına əsasən 14 avqust 2025-ci il tarixdə təxminən saat 12 radələrində əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərini həyata keçirməyə başlanılmışdır. Əməliyyat qrupunun üzvləri ilə birlikdə xidməti avtomobillə Qazax şəhəri, Nizami küçəsi ilə hərəkətdə olarkən küçə ilə əvvəlcədən əməliyyat məlumatı əsasında xarici görünüşü onlara məlum olan Təqsirləndirilən şəxs piyada getdiyini görmüşlər. Polis mayoru Rahil Hüseynov tərəfindən “Panasonic” markalı videokamera vasitəsi ilə çəkiliş aparılmaqla 14 avqust 2025ci il tarixdə saat 12:36 dəqiqədə Təqsirləndirilən şəxs tərəflərindən saxlanılaraq özlərini Qazax RPŞ-in polis əməkdaşları kimi təqdim edərək Təqsirləndirilən şəxs şəxsiyyətini aydınlaşdırdıqdan sonra üzərində videoçəkilişlə baxış keçirmiş və ona hüquq və vəzifələrini izah edərək müdafiə hüququnu həyata keçirməsi üçün vəkil tutmaq, buna maddi imkanı olmadıqda dövlət hesabına müdafiəçi ilə təmin olunacağı bildirilmişdir. Daha sonra Təqsirləndirilən şəxs şübhənin mahiyyəti izah olunduqdan sonra üzərində saxlanılması qadağan olunmuş hər hansı bir narkotik vasitələr, psixotrop maddələr və ya onların prekursorları varsa təqdim etməsini tərəflərindən təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman şalvarının sağ cibindən bir ədəd şəffaf rəngli sellofonda olan qızılı rəngli bükümü təqdim etmişdir. Həmin büküm açıldıqda içərisindən tünd qəhvəyi rəngli, spesifik iyə malik, ilk baxışdan narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunmuşdur. Tərəflərindən sorğu sual zamanı Təqsirləndirilən şəxs həmin bükülünün özünə məxsus olmasını, bir müddət əvvəl Bakı şəhərindən tanımadığı şəxsdən almış və özü istifadə etmək üzərində saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə olan heroin içərisi boş olan zərfə qoyularaq üzəri möhürləndi və zərfin üzəri Təqsirləndirilən şəxs, müdafiəçisi tərəfindən və tərəfimizdən keçirilmiş əməliyyat tədbiri saat 12:41-də başa çatmışdır. Məhkəmə istintaqı zamanı şahid olan Şahid4 Şahid2 ilə eyni məzmunlu ifadə vermiş və onun göstərdiklərini bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan, məhkəmə-kimyəvi ekspertizasının 15 avqust 2025-ci il tarixli 16/709 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində ”Təqsirləndirilən şəxs aşkar edilmiş kağızla birlikdə çəkisi 0,75qram olan narkotik vasitə olan heroinə bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd sellofan bükümdə olan 1 (bir) ədəd qızılı kağız bükümdə təmiz çəkisi 0,611 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr”in siyahısına (1-ci siyahı) daxildir. Qeyd: Heroin təmiz çəkisi -0,611 qr. tədqiqata sərf edildi-0,05qr qalıq-0,561qr. Cinayət işinin materiallarında olan, məhkəmə narkoloji ekspertizasının 22 noyabr 2025-ci il tarixli, 1855 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Hal hazırda narkotik abstinensiya (narkotik maddələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. Cinayət işinin materiallarında olan, Azərbaycan Respublikası CPM-in 236, 242-247ci maddələrinin tələblərinə müvafiq qaydada keçirilməklə tərtib olunmuş “əməliyyat-axtarış tədbiri keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və götürmə aparılması” haqqında 14 avqust 2025-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs (istintaq hərəkəti aparılan zaman Azərbaycan Respublikası CPM-in 90-cı maddəsinə əsasən şübhəli şəxs qismində tutulmuş) Təqsirləndirilən şəxs iştirakı ilə əməliyyat-axtarış tədbiri keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim olunmuş əşyalara baxış keçirilən zaman onun üzərindən 01 (bir) ədəd şəffaf rəngli sellofon kəsiyinin içərisində olan 01 ədəd siqaret qutusunun qızılı rəngli kağız bükümündə təmiz çəkisi 0,611 qram təşkil edən qəhvəyi rəngli narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan, DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. X1 daxil olmuş 18 avqust 2025-ci il tarixli, 1438 nömrəli məktubundan görünür ki, Qazax şəhəri, Bakı küçəsi ev 257-də qeydiyyatda olan xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Qazax Psixiatriya xəstəxanasında psixoloji qeydiyyatda yoxdur. Lakin Təqsirləndirilən şəxs 2016-cı ildən “Narkomaniya” diaqnozu ilə xəstəxananın narkoloji kabinetində qeydiyyatdadır. Təqsirləndirilən şəxs 02 gün şübhəli şəxs qismində tutulmuşdur. Qazax rayon İcra Hakimiyyəti Başçısının Qazax Mənzil İstismar sahəsinin xx.xx.2025-ci il tarixli 5-58-13-17/2-549/2025 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 6 ünvanda qeydiyyatda olmaqla, ailə üzvü xx.xx.2016-cı il təvəllüdlü X5 ilə birlikdə yaşayır, yaşayış üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan, Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Amnistiya aktının tətbiq edilməklə barəsində olan cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Cinayət işinin materiallarında olan 23 noyabr 2025-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkibi olmadğından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilmişdir. Beləliklə məhkəmə, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, həmçinin məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Azərbaycan Respublikası CPM-nin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Amnistiya aktının 1ci hissəsinin 1.16-cı bəndinə əsasən öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər amnistiya tətbiq edilən şəxslərin dairəsinə aiddirlər. Həmin Amnistiya aktının 5 və 5.1-ci bəndlərinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Amnistiya aktının 19 və 19.5-ci bəndlərinə əsasən amnistiya Azərbaycan Respublikası Cinayət, Cinayət-Prosessual və Cəzaların İcrası məcəllələrinin tələblərinə uyğun olaraq bu Qərarın 2.12-ci və 2.13-cü bəndlərində, 3-cü və 5-ci hissələrində nəzərdə tutulan şəxslər barəsində məhkəmələr tərəfindən tətbiq edilir. Həmin Amnistiya aktının 24-cü bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs himayəsində bir nəfər yetkinlik yaşına çatmayan şəxs olduğundan, onun Azərbaycan Respublikasının Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Amnistiya aktının 1-ci hissəsinin 1.16-cı bəndinə əsasən amnistiya tətbiq edilən şəxslərin dairəsinə aid olmasını, həmin Amnistiya aktınının 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlərin Təqsirləndirilən şəxs tətbiq edilməməsini nəzərə alıb belə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə, cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Ona görə də, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Qazax rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 0.561qram olan narkotik vasitə heroin məhv edilməlidir. İşdə olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına köçürülməlidir. İş üzrə mülki iddia, xüsusi müsadirə olunmalı əmlak və məhkəmə xərcləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessua Məcəlləsinin 344-347, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Qazax rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 0.561qram olan narkotik vasitə heroin məhv edilsin. İş üzrə məhkəmə xərci-aparılmış ekspertiza tədqiqatının dəyəri olan 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №1(023)-86/2025
Qazax Rayon Məhkəməsi Qərar — İş №1(023)-86/2025
04.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver