Məhkəmə qərarları › İş №1(023)-90/2023

Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-90/2023

22.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-90/2023 22.11.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi, Məhkəmə iclas katibi Məhəmməd Məhərrəm oğlu Həsənovun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Qazax rayon Vəkil bürosunun vəkili X5 iştirakları ilə, xx xxxxxx 1990-cı ildə Qazax rayonu Yuxarı Salahlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, iki uşaq atası, əvvəllər məhkum olunmamış, Qazax rayonu Yuxarı Salahlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 01 sentyabr 2023-cü il tarixdə saat 21 radələrində Qazax rayonu, Yuxarı Salahlı kəndində yerləşən, əmisi X1 yaşadığı fərdi yaşayış evinin həyətində İsgəndər Alıyev ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində dava-dalaş zamanı sonuncunu qəsdən yumruqla vuraraq ona sol gözün konyuktiva qişasına qansızma, sol almacıq nahiyəsinin qançırı ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs İsgəndər Alıyev doğma əmisidir. X12 Qazax rayonu, Yuxarı Salahlı kəndində yaşadığı ev onlara məxsus evlə yanbayan, eyni həyətdə yerləşir və evlərinin ayrı giriş qapıları olsa da, həyətlərinin arasında hasar və ya çəpər yoxdur. Əmisi İsgəndərlə əvvəlcədən heç bir düşmənçilik və ya ədavət olmamışdır. Lakin, məlum hadisədən təxminən son bir ay müddətində münasibətləri pisləşmişdir. Münasibətlərinin pisləşməsinə səbəb isə əmisi İsgəndərin son zamanlarda onun və ailə üzvlərinin barəsində başqa şəxslərin, əsasən də qohumlarının yanında həqiqətə uyğun olmayan xoşagəlməz ifadələr işlətməsi olmuşdur. 01 sentyabr 2023-cü il tarixdə, saat 21 radələrində Qazax rayonu, Yuxarı Salahlı kəndində olduğu üçün digər əmisinin nəvəsi Məhəmmədlə birlikdə X12 təkbaşına yaşadığı evə getmiş, həyətə daxil olub əmisi İsgəndəri səsləyərək çölə çağırmış, İsgəndər həyətə çıxdıqda o, əmisinə öz iradını bildirərək hansı səbəbə başqa şəxslərin yanında onun, valideynlərinin və ayrıldığı arvadının barəsində xoşagəlməz ifadələr işlətdiyini soruşmuşdur. Bu vaxt əmisi ona kobud formada cavab verib çıxıb getməsini istəmiş, aralarında mübahisə yaranmış, o da əsəbləşərək yumruqla İsgəndərin sol sifət və sol göz nahiyələrinə 2-3 dəfə zərbə vurmuş, zərbələrin təsirindən əmisi müvazinəti itirərək sağ yanı üstə yerə yıxılmışdır. O, dərhal Məhəmmədlə birlikdə həyəti tərk edib darvazadan çölə çıxmışdır. Nə 28 avqust 2023-cü il tarixdə, nə də başqa bir zaman əmisi İsgəndərin evindən hər hansı bir məbləğdə pul və ya hər hansı bir əşya oğurlamamışdır. İsgəndərin evindən oğurluq hadisəsinin olub-olmaması barədə ümumiyyətlə məlumatı yoxdur. İsgəndər ona şər-böhtan atır. Hazırda əmisini vurduğu üçün əməlindən peşmandır. Əmisinin barışmaq üçün ondan istədiyi 500 manat pulu birdəfəyə ödəməyə imkanı yoxdur. İsgəndər Alıyevdən üzrxahlıq etmiş, lakin İsgəndər onun üzrxahlığını qəbul etməmişdir. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X4 ifadə verərək göstərmişdir ki, Qazax rayonu, Yuxarı Salahlı kəndində yerləşən fərdi yaşayış evində təkbaşına yaşayır, Təqsirləndirilən şəxs doğma qardaşı oğludur. Tofiq öz ailəsi ilə birlikdə Qazax rayonu, Yuxarı Salahlı kəndində onun qonşuluğunda yaşayır. Evləri eyni həyətdədir, evləri arasında hasar və ya çəpər yoxdur. Tofiqlə arasında hər hansı bir düşmənçilik və ya ədavət olmamışdır. Tofiq bir müddətdir ki, Bakı şəhərində yaşayır və bəzən kəndə gəlib gedir. 28 avqust 2023-cü il tarixdə saat 06:30 radələrində ot biçmək məqsədi ilə torpaq sahəsinə getmiş, gedərkən evin qapısını kilidləsə də, darvazanı açıq saxlamış, sahədə işləyən vaxt həmkəndlisi Şahid2 ona zəng edərək evinin açarını kiməsə verib-vermədiyini soruşmuş, o, heç kəsə açar vermədiyini demiş, Fikrət onun evinin qarşısından at arabası ilə keçən zaman qardaşı oğlu Tofiqin ona məxsus evin qapısının kilidini açmasını gördüyünü bildirmişdir. Bunu eşidən kimi evinə qayıtmış, evə çatdıqda qoyub getdiyi qaydada darvazanın açıq, evin qapısının isə kilidli olduğunu görmüş, evin qapısını açarla açıb içəri daxil olmuş və ətrafa göz gəzdirməyə başlamış, yataq otağındakı çarpayının yanında olan oturacaq stulunun üzərinə qoymuş olduğu şalvarının sağ yan cibindən beş ədəd yüzlük əskinazdan ibarət olan 500 manat məbləğində pulunun yerində olmadığını müəyyən etmiş, həmin pulu Tofiqin götürmüş olduğunu düşünmüş və Tofiqin evinə tərəf gedib onu səsləməyə başlamış, Tofiqin evdə olmadığını müəyyən etmiş, məcbur olub Bakı şəhərində yaşayan Tofiqin atasına- qardaşı Rəfailə zəng edərək özünün evdə olmadığı vaxt evin içərisindən 500 manat pulunun götürüldüyünü və həmin pulun götürülməsində Tofiqdən şübhələndiyini, buna səbəbin isə Tofiqi evin qapısını açan zaman həmkəndliləri Fikrətin gördüyünü bildirmişdir. 29 avqust 2023-cü il tarixdə Tofiq onun yaşadığı evə gəlmiş və hansı səbəbə pulunun götürülməsində ondan şübhələndiyini soruşmuş, həmkəndlisi Fikrətin onu evinin qapısını açan zaman gördüyünü Tofiq demiş, Tofiq bunu inkar etdikdə isə Fikrətə zəng edərək sonuncunu yaşadığı evə dəvət etmiş, evinə gələn Fikrət hər şeyi olduğu qaydada Tofiqin üzünə qarşı söyləmişdir. Buna baxmayaraq Tofiq yenidən hər şeyi inkar etmiş və bir qədər onunla söz mübahisəsi edərək guya şər-böhtan atdığı üçün onun barəsində polisə müraciət edəcəyini deyərək çıxıb getmişdir. 01 sentyabr 2023-cü il tarixdə saat 21 radələrində o, yaşadığı evdə olan zaman Tofiq gəlib onu səsləmiş, evinin həyətinə çıxdıqda Tofiqin sərxoş vəziyyətdə olduğunu hiss etmişdir. Tofiq ondan pul barəsində hansı düşüncədə olduğunu soruşduqda isə yenidən onun götürməsindən şübhələndiyini bildirmiş, Tofiq qarşılığında ona “çox sağol” deyərək çıxıb getmiş, bundan bir neçə dəqiqə sonra Tofiq yanında böyük qardaşı Məhəmmədin eyni adlı nəvəsi Məhəmmədlə birlikdə yenidən geriyə qayıtmış və evə daxil olan kimi hansı səbəbə onun barəsində yalan şayiələr yaydığını demiş, aralarında mübahisə yaranmış, mübahisə zamanı Tofiq gözləmədiyi anda onun sifət və sol göz nahiyyələrinə yumruqla arxa-arxaya bir neçə zərbə endirmiş, zərbələrin təsirindən o, müvazinətimi itirərək yerə yıxılmış, yanlarında olan Məhəmməd kömək edərək onu yıxıldığı yerdən ayağı qaldırmışdır. Tofiqin onu vurması barədə Qazax rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Tofiq 500 manatı vermədiyi üçün T. Alıyevlə barışmamış, üzrxahlığını qəbul etmir, ona cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, İsgəndər Alıyev onun babası Şahid1 qardaşı, Təqsirləndirilən şəxs isə babasının qardaşı oğludur. Hər ikisin evi onların qonşuluğunda yerləşir. 01 sentyabr 2023-cü il tarixdə saat 21 radələrində Qazax rayonu, Yuxarı Salahlı kəndində yaşadıqları evin qarşısında tək dayanan zaman Təqsirləndirilən şəxs çayxana tərəfdən gələrək onun yanından keçib yaşadığı evə getdiyini görmüş, Tofiqin arxasınca o da sonuncunun evinin həyətinə getmiş, orada Tofiq və İsgəndər mübahisə etmişlər. Mübahisə zamanı Tofiq yumruqla İsgəndəri arxa-arxaya bir neçə dəfə vurmuş, İsgəndər müvazinətini itirərək yerə yıxılmış, sonra Tofiq oradan çıxıb getmişdir. Tofiq İsgəndəri vuran zaman yanlarında yalnız özü olmuş və hadisəni təkcə o görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, X2 və onun qardaşının oğlu Təqsirləndirilən şəxs əvvəlcədən tanıyır. Hər iki şəxs onun həmkəndlisidir. İsgəndər Qazax rayonu, Yuxarı Salahlı kəndində yaşasa da, Tofiq bir neçə ildir ki, Bakı şəhərinə köçərək orada yaşayır. 28 avqust 2023-cü il tarixdə saat 07 radələrində özünə məxsus at arabası ilə ot biçmək məqsədi ilə kəndin içərisindən keçən yol ilə hərəkətdə olan zaman Təqsirləndirilən şəxs əmisi X1 yaşadığı evin qapısının qarşısında dayandığını görmüşdür. Bir qədər sonra İsgəndər ona zəng edərək gəlib onu özünə məxsus torpaq sahəsindən götürüb evinə aparmasını istəmiş, o, telefonda Tofiqi İsgəndərin evinin qarşısında gördüyünü sonuncuya demişdir. Bir qədər sonra İsgəndər yenidən zəng edərək onu yaşadığı evə çağırmış, İsgəndərin evinə getdikdə Tofiqin də orada olduğunu görmüş, İsgəndər ona evindən 500 manat pulunun götürüldüyünü, lakin, Tofiqin onun evinə gəldiyini inkar etdiyini, bu səbəbdən məsələni dəqiqləşdirmək və onu Tofiqlə üzləşdirmək üçün evə dəvət etdiyini bildirmiş, o, Tofiqin üzünə qarşı onu səhər saatlarında İsgəndərin evinin qarşısında dayandığını gördüyünü demişdir. Buna baxmayaraq, Tofiq yenə hər şeyi inkar edərək ümumiyyətlə İsgəndərin evinə gəlmədiyini bildirmişdir. Daha sonra isə ona şər-böhtan atdıqlarını, ona görə də, onların barəsində polisə şikayət edəcəyini bildirərək çıxıb getmişdir. 01 sentyabr 2023-cü il tarixdə Tofiq və İsgəndərin mübahisə etdiklərini, mübahisə zamanı isə Tofiqin İsgəndəri vuraraq ona xəsarət yetirməsi ona sonradan məlum olmuşdur. 28 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs əmisi X1 evinin qapısını açmasının və ya evin içərisinə daxil olmasının şahidi olmamış, həmin tarixdə Tofiqi İsgəndərin evinin qapısının qarşısında dayanan vəziyyətdə görmüşdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən aşagıdakı sübutlarla təqsirləndirilən şəxsin cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetir. Belə ki, məhkəmə-tibb ekspertizasının 02 sentyabr 2023-cü il tarixli, 263 nömrəli rəyində göstərilmişdir ki, X1 bədənində müəyyən edilmiş xəsarətlər:-sol gözün konyuktiva qişasına qansızma, sol almacıq nahiyəsinin qançırı küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə döyülmə nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 02 sentyabr 2023-cü il tarixli protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs əmisi X2 vuraraq ona xəsarət yetirdiyi yer sonuncunun yaşadığı fərdi yaşayış evinin həyətidir. Qazax rayon Polis Şöbəsindən əməliyyat tapşırığına verilmiş cavabda göstərilmişdir ki, xx.xx.2007-ci il təvəllüdlü Şahid1 01 sentyabr 2023-cü il tarixdə saat 21 radələrində Qazax rayonu, Yuxarı Salahlı kəndində yerləşən fərdi yaşayış evində Təqsirləndirilən şəxs və İsgəndər Alıyev arasında yaranmış mübahisənin və dava-dalaşın şahidi olmuşdur. Təqsirləndirilən şəxs və İsgəndər Alıyev arasında baş vermiş mübahisə və dava-dalaş zamanı kənar şəxslər oraya toplaşmamışdır. Azərbaycan Respublikası DİN BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Qazax rayon Psixiatriya Xəstəxanasının 02 oktyabr 2023-cü il tarixli, 1578 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Qazax rayon Psixiatriya Xəstəxanasında psixoloji qeydiyyatda yoxdur. Qazax RİHB-nın Yuxarı Salahlı kənd İƏD üzrə nümayəndəliyinin verdiyi 29 sentyabr 2023-cü il tarixli, 5-58-21-12-21/2-604/2023 saylı arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Qazax rayonu Yuxarı Salahlı kəndində pasport-təsərrüfat qeydiyyatında olmasına baxmayaraq Bakı şəhərində yaşayır. Atası 1958-ci il təvəllüdlü X7, anası 1963-cü il təvəllüdlü X6, arvadı 1994-cü il təvəllüdlü X8, oğlu 2012-ci il təvəllüdlü X9 və 2022-ci il təvəllüdlü X13 tərkibdə ailə üzvləri var. Sübutların qiymətləndirilməsi haqqında 06 oktyabr 2023-cü il tarixli qərardan müəyyən olunur ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsinin tərkib əlamətləri olmadığı üçün barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən həmin maddə ilə cinayət təqibinə xitam verilmiş, Təqsirləndirilən şəxs yaşadığı evdən 500 manat məbləğində nağd pulunun oğurlanması ilə bağlı göstərmiş olduğu xüsusatla əlqədar material ayrılmışdır. Beləliklə məhkəmə, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün etiraf edici ifadəsi ilə yanaşı, məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin və şahidin ifadələri, həmçinin məhkəməistintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hal, həmçinin onun cinayət məsuliyyətindən azad edilmələri üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq böyük ictimai təhülkə törətməyən cinayət törətməsini, səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, iki azyaşlı uşağının olmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını - CM-in 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında 5 növ cəza, yəni cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan islah işləri növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə hesab edir ki, daha ciddi cəzanın–azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, daha ciddi cəzanın təyin edilməsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarı və CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəaları təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma aparıla bilmir. Çünki, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma tələb olunur, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Cəza təyin edilərkən digər məsələlərlə yanaşı, təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Belə ki, təqsirləndirilən şəxsə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və islah işləri növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə islah işləri növündə cəza təyin edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs islah işləri cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmalar aparıldığı vaxtdan hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı və hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə olunmalıdır. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 383-385 maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmalar aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən:Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar