Məhkəmə qərarları › İş №1(023)-91/2023

Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-91/2023

06.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-91/2023 06.12.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənov Məhəmməd Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Qazax Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1984-cü ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, işsiz, Sədərək rayonu, Dəmirçi kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs o, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda Azərbaycan Respublikasından Gürcüstana keçmişdir. Belə ki, Gözəlov X2 qanunsuz yolla getmək məqsədi ilə 21 avqust 2023-cü ildə saat 03 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin “Qazax” X1 Qazax rayonunun 2-ci Şıxlı kəndi ərazisində yerləşən xidməti ərazisindən qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasından Gürcüstana keçmiş, 01 sentyabr 2023-cü il tarixdə saat 18:25-də Naxçıvan Muxtar Respublikası Sədərək rayonu ərazisində yerləşən “Sədərək” sərhəd nəzarət şöbəsindən rəsmi qaydada Türkiyə Respublikasından Azərbaycan Respublikasına gəldikdən sonra saxlanılmışdır. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və göstərmişdir ki, 2005-ci ildə işləmək məqsədi ilə Türkiyə Respublikasının İstanbul şəhərinə getmiş, 2008-ci ildə İstanbul şəhərində Azərbaycan Respublikasının vətəndaşı Əfsanə İsmayılzadə ilə qeyrirəsmi nikaha daxil olmuşlar, iki uşaqları var və ailə üzvləri hazırda İstanbul şəhərində yaşayırlar. 2022-ci ilin noyabr ayında İstanbul şəhərində polislər tərəfindən saxlanılmış, 18 noyabr 2022-ci ildə Türkiyə Respublikasının ərazisindən çıxarılmaqla İstanbul-Bakı aviareysi ilə Azərbaycan Respublikasına geri qaytarılmış, Naxçıvan MR-ın Sədərək rayonunun Dəmirçi kəndinə- atasının yanına gedərək bir meddət onların yanında yaşamışdır. Arvadı və uşaqları İstanbul şəhərində yaşadıqları üçün onların yanına getmək istəmiş, bir neçə dəfə “Sədərək” sərhəd nəzarəti şöbəsindən dövlət sərhədini qanuni yolla keçib Türkiyə Respublikasına getmək istəsə də Türkiyə Respublikasının sərhədçiləri tərəfindən ölkəyə girişi qadağan olunduğundan dövlət sərhədindən buraxılmamış, Türkiyə Respublikasına qanuni şəkildə gedə bilməyəcəyini bildikdən sonra İstanbul şəhərində işləyərkən tanıdığı Nəsimi adlı şəxslə 16 avqust 2023-cü ildə “Whatsapp" vasitəsi ilə əlaqə saxlamış və Türkiyə Respublikasına getməsi üçün Nəsimidən kömək istəmiş, Nəsimi ona kömək edə biləcəyini bildirmiş, Türkiyə Respublikasına getmək üçün Bakı şəhərinə getməyini, Bakı-Tbilisi aviareysinə bilet alıb Gürcüstana, oradan isə qanunsuz yolla Türkiyə Respublikasına keçirə biləcəyini bildirmişdir. Bunun müabilində ondan 2000 ABŞ dolları istəmiş, o da o qədər pulunun olmadığını, ilk əvvəl 1000 ABŞ dolları verəcəyi, qalan hissəsini isə daha sonra verəcəyi ilə razılaşmışdır. 20 avqust 2023-cü ildə Bakı şəhərinə getmiş, Bakı şəhərində Bakı-Tbilisi aviareysinə bilet tapmadığı üçün yenidən “Whatsapp" vasitəsi ilə Nəsimi ilə əlaqə saxlamış, Nəsimiyə Gürcüstana getməyə aviareysə bilet olmadığını bildirmiş, Nəsimi ona Azərbaycan Respublikasından Gürcüstana qanunsuz yolla keçirə biləcəyini bildirərək ona Qazax rayonuna getməyini, Qazax rayonunun İkinci Şıxlı kəndi ərazisində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsinin yanından xatırlamadığı +3-lə başlayan Gürcüstana məxsus telefon nömrəsi ilə əlaqə saxlamağını demişdir. O, 20 avqust 2023-cü ildə, saat 22 radələrində Bakı-Qazax istiqamətində hərəkət edən avtomobillə Qazax rayonunun İkinci Şıxlı kəndinə getmiş, 21 avqust 2023-cü ildə saat 03 radələrində sərhəd yaxınlığında yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsinin yanına çatmış, orada “Whatsapp" vasitəsi ilə Nəsiminin ona verdiyi nömrə ilə əlaqə saxlamış, həmin şəxs ona “Whatsapp" vasitəsi ilə kordinat göndərərək ehtiyatla, heç kimə görsənmədən Gürcüstan istiqamətdə hərəkət etməyini bildirmiş, o deyilən istiqamət üzrə hərəkət edib Gürcüstan ərazisinə keçmiş, təxminən bir-iki saat piyada hərəkət etmiş, qarşısına asfalt yol çıxmış, “Whatsapp" vasitəsi ilə ona göndərilmiş məkana çatmış, oradan həmin nömrə ilə yenidən əlaqə saxlamış, telefonda danışdığı şəxs orada gözləməyini, TİR yük maşını ilə gəlib onu götürəcəyini bildirmiş, həmin şəxs təxminən 1 saat sonra onunla telefon əlaqəsi saxlamış, ona asfalt yolun kənarında durmağını demiş, 5 dəqiqə keçdikdən sonra qırmızı rəngli yük maşını onun yanında saxlamış, avtomobilə minməyini demiş, sürücü ilə söhbət etdikdən sonra sürücüyə 1000 ABŞ dolları vermiş, Gürcüstanla Türkiyə Respublikasının dövlət sərhədinə yaxınlaşanda sürücü ona TİR-ın qoşqusuna keçməyini bildirmiş, o da TİR qoşqusuna keçmiş, 23 aqvust 2023-cü ildə Gürcüstandan Türkiyə Respublikası istiqamətdə dövlət sərhədini TİR-ın qoşqusunda keçmiş, sürücü onu İğdır şəhərinin yaxınlığında yerləşən tanımadığı kənddə maşından düşürmüş, o İğdır şəhərinə gedib oradan İstanbul şəhərinə getmiş, 24 avqust 2023-cü ildə istanbul şəhərinə çatmış, 25 avqust 2023-cü ildə 23 radələrində İstanbul şəhərində metroda olarkən polislər tərəfindən saxlanılmış, yenidən oradan Azərbaycan Respublikasına göndərilmişdir. Hazırda əməlindən peşmandır, məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahidlər Sədərək” Sərhəd Nəzarət şöbəsinin baş nəzarətçisi Şahid1 və Sədərək” Sərhəd Nəzarət şöbəsinin nəzarətçisi Şahid2 teleqramla məhkəməyə müraciət edərək xidməti zərurətlə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiklərini və ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq etdiklərini bildirmişlər. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki DSX “Sədərək” Sərhəd Nəzarət şöbəsinin baş nəzarətçisi işləyir. 01 sentyabr 2023-cü il tarixdə saat 09:00-dan 02 sentyabr 2023-cü il tarixdə saat 09:00-dək “Növbə başçısı” sərhəd naryadı xidmətinə təyin olunmuş, xidmətdə olduğu zaman 01 sentyabr 2023-cü il tarixdə saat 18 radələrində Türkiyə Respublikasından Azərbaycan Respublikası istiqamətində hərəkət edən piyadaların “giriş” xəttində “sənədlərin yoxlanışı” sərhəd naryadı xidmətində olan gizir Şahid2 Türkiyə Respublikasından Azərbaycan Respublikası istiqamətində piyada hərəkət edən Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs təqdim etdiyi AA******* nömrəli “Şəxsiyyət vəsiqəsi”ni dövlət sərhədindən buraxılması üçün rəsmiləşdirilən zaman İAMASda “sərhəd keçmə əlaqələrin pozuntusu” verdiyi üçün və vətəndaşın ölkədən çıxışının müəyyən edilmədiyi barədə ona məruzə etmiş, dərhal gizir Şahid2 xidmət apardığı sənədlərin yoxlanışı kabinasına yaxınlaşmış, vətəndaş Təqsirləndirilən şəxs təqdim etdiyi AA******* nömrəli “Şəxsiyyət vəsiqəsi”ni bir daha İAMAS-da yoxlayaraq “Sərhəd keçmə əlaqələrin pozuntusu” verdiyini dəqiqləşdirdikdən sonra bu barədə aidiyyəti üzrə məruzə etmiş, daha sonra Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs 01 sentyabr 2023-cü il saat 18:25-də saxlanılmışdır. İş üzrə şahid qismində dindirlimiş Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, o digər Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “Sədərək” Sərhəd Nəzarət şöbəsinin rəisi mayor Kamil Rzayevin raportundan görünür ki, 01 sentyabr 2023-cü il tarixdə saat 18:25-də Türkiyə Respublikasından Azərbaycan Respublikasına gələn, Azərbaycan Respublikası vətəndaşı 1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs pasport nəzarətinə təqdim etdiyi AA******* nömrəli şəxsiyyət vəsiqəsi İAMAS-da “sərhədkeçmə əlaqələrinin pozuntusu” verdiyi üçün sərhəd naryadı tərəfindən saxlanılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş İAMASdan edilmiş çıxarışdan görünür ki, Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs 20 avqust 2023-cü ildə C02098628 nömrəli pasportu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçmiş və bir daha Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən Azərbaycan Respublikasından rəsmi qaydada çıxış etməmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə 01 gün inzibati qaydada tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyəti Dəmirçi kənd İƏD üzrə nümayəndəliyin verdiyi 22 sentyabr 2023-cü il tarixli, 1334 saylı arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 318.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o, CM-nin 318.1-ci maddəsi ilə təqsirli bilinməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hal, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, səmimi peşman olub törətdiyi əməli etiraf etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-in 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə işin hallarını nəzərə alaraq təqsirləndirilən şəxsə CM-in 318.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzası təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cərimə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən onun tutulduğu 01 gün müddət nəzərə alınaraq təyin olunmuş cərimə cəzası yüngülləşdirilməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və hökmün icrası Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli əmlak yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.1 maddəsi ilə təqsirli bilinərək 2000 (iki min) manat miqdarda cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 01 (bir) gün müddət nəzərə alınaraq ona təyin olunmuş cərimə cəzası yüngülləşdirilib 1900 (bir min doqquz yüz) manata endirilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra və Probasiya Şöbəsinə şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar