Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-92/2023 06.12.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənov Məhəmməd Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Qazax rayon Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1993-cü ildə Qazax rayonu, Ağköynək kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, üçüncü dərəcəli əlil, Qazax rayonu, Ağköynək kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs təmiz çəkisi 0,874 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımış, Qazax rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 27 avqust 2023-cü il tarixdə saat 17:05-də Qazax şəhəri, N.Nərimanov yaşayış massivində yerləşən 1 nömrəli yaşayış binasının yaxınlığında saxlanılaraq Qazax şəhəri, Heydər Əliyev prospekti 165A ünvanında yerləşən rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və qeyd olunan ünvanda 27 avqust 2023-cü il tarixdə saat 18:10-dan saat 19:00-dək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,874 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, 26 avqust 2023-cü il tarixdə, günorta saatlarında Qazax şəhəri, N.Nərimanov yaşayış massivində yerləşən beşmərtəbəli yaşayış binasının qarşısı ilə piyada hərəkətdə olan zaman asfalt yolun kənarındakı səkidə 1 ədəd siqaret qutusu görüb qutunu açan zaman içərisində ağ rəngli kağız bükümdə metamfetamin olduğunu görmüş, psixotrop maddəni özü istifadə etmək üçün əynində olan boz rəngli idman şalvarının sağ yan cibində saxlamışdır. 27 avqust 2023-cü il tarixdə saat 17 radələrində o, Qazax şəhəri, Nəriman Nərimanov yaşayış massivində yerləşən 1 nömrəli binanın yaxınlığında dayanan zaman Qazax rayon polis şöbəsinin əməkdaşları onu saxlayıb Qazax rayon polis şöbəsinin inzibati binasına aparmışlar. Orada müdafiəçi ilə təmin edilmiş, videoçəkilişlə üzərində şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd ağ rəngli kağız bükümdə psixotrop maddə olan metamfetamin aşkar edilmişdir. Törətdiyi əməldən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, 27 avqust 2023-cü il tarixdə Qazax rayonu, Ağköynək kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib üzərində saxlaması barədə ona əməliyyat məlumatı daxil olmuş, əməliyyat məlumatının yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul etmiş və onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. Həmin gün, saat 17:05-də o, Şahid2 və Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs Qazax şəhəri, Nərinan Nərimanov yaşayış massivində yerləşən 1 nömrəli yaşayış binasının yaxınlığında saxlamış, ona özlərini təqdim edib qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib üzərində saxlamaqda şübhəli olduğunu bildirib polis şöbəsinə getməli olduğunu izah etmiş, Təqsirləndirilən şəxs Qazax rayon polis şöbəsinin inzibati binasına aparmışlar. Orada təhqiqatçı İlham Rəhimov tərəfindən Rəşad müdafiəçi ilə təmin edilmiş, onun və əməliyyat qrupunun digər üzvlərinin, müdafiəçi Rüfət Mahmudovun iştirakları ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs təklif etmişdir ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə varsa təqdim etsin. Rəşad əynindəki şalvarın sağ yan cibindən 1 ədəd ağ rəngli kağız büküm çıxardıb təqdim etmiş, bükümdəki kütlələrin metamfetamin olduğunu, evindən çıxıb siqaret almağa gedən zaman yolun kənarından tapıb şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs paltarları və bədən səthi yoxlanılmış, lakin üzərindən digər narkotik vasitə, psixotrop maddə aşkar edilməmişdir. Bundan sonra təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, o və digər iştirakçılar tanış olduqdan sonra protokolu imzalamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 digər Şahid1la oxşar məzmunlu ifadə verərək göstərilən halları bir daha təsdiq etmişdir Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının 28 avqust 2023-cü il tarixli, 16/855 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd ağ kağız bükümdə təmiz çəkisi 0,874 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr siyahısı”na daxildir. Qeyd: Metamfetaminin təmiz çəkisi 0,874 qram, tədqiqata sərf edildi 0,06 qram, qalıq 0,814 qram. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının 31 oktyabr 2023-cü il tarixli, 1788 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 17 oktyabr 2023-cü il tarixli, 665 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu XBT 10 (Psixi və davranış pzountularının beynəlxalq təsnifatının 10-cu baxış) F60.3 xəstəliyindən əziyyət çəkir. Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F60.3 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik nevrotik səviyyədə olması səbəbindən o, cinayət əməlini törədən zaman öz əməllərinin (hərəkət və hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə edə bilmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs hazırda tibbi xarakterli məcburi tədirlərə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar edilmir. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, 27 avqust 2023-cü il saat 18:10-dan saat 19:00-dək olan müddət ərzində Qazax rayon Polis Şöbəsinin inzibati binasında videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs oğlunun üzərində şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən1 (bir) ədəd ağ rəngli kağız bükümdə çəkisi 1,12 qram təşkil edən psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin kütləni yerdən tapıb özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Qazax rayon Polis Şöbəsindən əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,874 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini şəxsi istifadəsi üçün əldə etdiyi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Qazax rayon Psixiatriya Xəstəxanasının 04 oktyabr 2023-cü il tarixli, 1592 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs X2 narkoloji qeydiyyatda yoxdur, lakin xx.xx.2016-cı il tarixdən “Şəxsiyyətin emosional davamsız pozuntusu” diaqnozu ilə qeydiyyatdadır. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin 07 oktyabr 2023-cü il tarixli, 13194 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə xx.xx.2011-xx.xx.2011, xx.xx.2012-xx.xx.2012-ci il tarixlərdə həmin xəstəxanada “Şəxsiyyətin emosional davamsız (oyanıq) tipli pozuntusu, özünü kəsmələrlə” diaqnozu ilə stasionar müayinədə olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Qazax Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 27 avqust 2023-cü il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Qazax RİHB-nın Ağköynək kənd İƏD üzrə nümayəndəliyinin verdiyi xx.xx.2023-cü il tarixli, 5-58- 2-12-21/2-1029/2023 saylı arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Qazax rayonu Ağköynək kəndində pasport qeydiyyatında olmaqla yaşayır. Atası 1968-ci il təvəllüdlü X4, anası 1970-ci il təvəllüdlü X5 və qardaşı 1992-ci il təvəllüdlü X3 tərkibdə ailə üzvləri var, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 01 noyabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən barəsində həmin maddə ilə cinayət təqibinə xitam verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 27 may 1997-ci il tarixli, 25028 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs atası Təqsirləndirilən şəxs Azərbaycannın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmişdir və Azərbaycan Vətən müharibəsi Veteranları Birliyinin üzvüdür. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 28 aprel 1998-ci il tarixli, 012703 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs atası X4 müharibə veteranıdır. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası ƏƏSMN Tibbi-Sosial Ekspert Komissiyasında müayinəyə dair xx.xx.2017-ci il tarixli məlumatdan görünür ki, Təqsirləndirilən şəxs müddətsiz üçüncü dərəcəli əlildir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasının verdiyi 796/2012-ci il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il tarixdən xx.xx.2012-ci il tarixə qədər stasionar müayinədə olmuşdur. Diaqnoz: Şəxsiyyətin emosional davamsız (oyanıq) tipli pozuntusu özünü kəsmələrlə. Beləliklə məhkəmə, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmuu halında hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün etiraf edici ifadəsi ilə yanaşı, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, həmçinin məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını- CM-in 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, şəxsiyyətin emosional davamsız (oyanıq) tipli pozuntusu xəstəliyindən əziyyət çəkməsini, üçüncü dərəcəli əlilliyi olmasını, atasının müharibə veteranı olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə hesab edir ki, daha ciddi cəzanın–azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, daha ciddi cəzanın təyin edilməsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarı və CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəaları təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma aparıla bilmir. Çünki, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma tələb olunur, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Bundan başqa, cəza təyin edilərkən digər məsələlərlə yanaşı, təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Belə ki, təqsirləndirilən şəxsə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 03 ay 09 gün müddət, azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesabı ilə hesablanmaqla təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından 06 ay 18 gün çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Qazax rayonu, həmçinin, Ağstafa rayonu ərazi ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa, onun üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Qazax rayonu, həmçinin, Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, həmçinin üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulmalı, üçüncü dərəcəli əlilliyi olduğu üçün ona narkomaniyadan məcburi müalicə təyin edilməməli, narkoloji kabinetdə qeydiyyata alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan, Qazax RPŞ-nin anbarında saxlanılan 0,814 qram kustar üsulla hazırlanmış metamfetamin məhv edilməli, iş üzrə məhkəmə xərci-ekspertiza tədqiqatının dəyəri olan 30 manat 40 qəpik məbləğində pul ondan alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməli və hökmün icrası Qazax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 03 (üç) ay 09 (doqquz) gün müddət, azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesabı ilə hesablanmaqla təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından 06 (altı) ay 18 (on səkkiz) gün çıxılaraq onun üzərində 01 (bir) il 05 (beş) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılmaı cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan, Qazax RPŞ-nin anbarında saxlanılan 0,814 qram kustar üsulla hazırlanmış metamfetamin məhv edilsin. İş üzrə məhkəmə xərci- ekspertiza tədqiqatının dəyəri olan 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Hökmün icrası Qazax Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №1(023)-92/2023
Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-92/2023
06.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver