Məhkəmə qərarları › İş №1(023)-94/2025

Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-94/2025

09.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-94/2025 09.02.2026 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qəhrəmanova Mehin Asəf qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Qazax Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 2003-cü ildə Ağstafa rayonu, Xətai kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta ixtisas təhsilli, işsiz, məhkum olunmamış, Ağstafa rayonu, Xətai kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.4 və 178.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs, etibardan sui-istifadə edib aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə 2025-ci ilin iyul ayında “Clash of Clans” adlı çoxoyunçulu onlayn strategiya oyunu vasitəsilə tanış olduğu Ağcabədi rayonu, Qiyamadınlı kənd sakini, xx xxxx 2008-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan şəxs - Zərərçəkmiş şəxs2 üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyəti olmadığı halda onunla evlənəcəyi barədə yalan vəd verməklə yanaşı guya ki, özlərinə məxsus olan evlərindən biri satıldıqdan sonra özü üçün yeni ev alınacağı və evləndikdən sonra həmin evdə yaşayacaqlarını ehtiva edən həqiqətəuyğun olmayan və təhrif olunmuş məlumatlar verib inandıraraq, sonuncuda özünə qarşı etibar və sevgi hissi yaranmasına nail olduqdan sonra, bununla əlaqədar hər hansı bir addım atmaq, yəni, ailə üzvləri ilə tanış etmək və evlilik üçün müvafiq səlahiyyətli qurumlara müraciət etmək niyyəti olmadığı halda həmin məqsəd üçün 22 sentyabr 2025-ci il tarixdə Ağcabədi şəhəri, Heydər Əliyev prospekti 124 nömrəli ünvanda yerləşən Ağcabədi rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında yerləşən istirahət parkında Zərərçəkmiş şəxs2 ilə görüşüb evlilik addımlarını sürətləndirmək üçün öz anasına göstərmək adı ilə ondan 1 ədəd 14 qram çəkidə, 583 əyarlı (rus), 1645.84 manat dəyərində qızıl boyunbağını, 1 ədəd 7 qram çəkidə, 583 əyarlı (rus), 822.92 manat dəyərində qızıl boyunbağını, 1 ədəd 4 qram çəkidə, 583 əyarlı (rus), 470.24 manat dəyərində qızıl üzüyü, 1 ədəd 2 qram çəkidə, 583 əyarlı (rus), 235.12 manat dəyərində qızıl üzüyü, 1 ədəd 2 qram çəkidə, 583 əyarlı (rus), 235.12 manat dəyərində qızıl üzüyü və 1 ədəd 1 qram çəkidə, 583 əyarlı (rus), 117.56 manat dəyərində qızıl üzüyü almış, bundan sonra isə vədinə əməl etməyib aldatmaqla həmin qızıl-zinət əşyalarını ələ keçirərək Zərərçəkmiş şəxs2 ümumilikdə 3,526.80 manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin xeyli miqdarda əmlakını talama məqsədilə 01 oktyabr 2025-ci il tarixdə saat 09:47-də bir neçə gün əvvəl masadar kimi işə qəbul olduğu Qazax rayonu, Ağköynək kəndində yerləşən ictimai iaşə obyekti hesab olunan “Səda” adlı yeməkxanada olan zaman həmin yeməkxananın sahibi Zərərçəkmiş şəxs1 məxsus olan 1 ədəd 583 əyarlı (rus) 48 qram çəkidə olan “Mac Time” əmtəə nişanlı qızıl qol saatının masanın üzərində nəzarətsiz qalmasını görüb oğurlamaq qərarına gəldikdən sonra ətrafda heç kimin olmamasından istifadə etməklə həmin masaya yaxınlaşaraq sonuncuya məxsus olan həmin qızıl qol saatını gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 6,054.72 manat, yəni, xeyli miqdarda ziyan vurmaqla təkrar oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, internetdə təşkil olunan onlayn qumar oyunlarından istifadə edir. Bu da onun işləyərək qazandığı bütün pulun onlayn qumar oyunlarına getməsinə və maddi cəhətdən çəkinlik çəkməsinə səbəb olmuşdur. Ağcabədi rayon sakini Zərərçəkmiş şəxs2 əvvəlcədən tanıyır. Aysellə “Clash of Clans” adlı internet oyunu vasitəsilə tanış olmuşdur. Həmin oyunda tanış olduqdan sonra “Snapchat” adlı sosial şəbəkəsi vasitəsilə danışmışlar. Bir müddət sonra isə Ayselin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəni ondan alaraq “WhatsApp” ani mesajlaşma tətbiqi vasitəsilə əlaqə saxlamağa başlamışlar. Bir müddət mobil telefon vasitəsilə əlaqə saxladıqdan sonra üzbəüz görüşmək qərarına gəlmişlər və 2025-ci ilin iyul ayının xatırlamadığı günündə Aysellə Bakı şəhərində “Xalqlar dostluğu” metrostansiyasının yaxınlığında yerləşən, adını bilmədiyi istirahət parkında üzbəüz görüşüb söhbət etmişdir. Parkda əyləşib təxminən 30 dəqiqə müddətində söhbət etdikdən sonra sağollaşıb getmişlər. Daha sonra pula ehtiyacı olduğu üçün Ayselin saflığından və ona qarşı inamından istifadə edib maddi gəlir əldə etmək qərarına gəlmiş və yalandan onunla evlənmək niyyətində olduğunu bildirmişdir. Bu məqsədlə də, Aysellə telefon danışığı zamanı ondan özünə məxsus qızıl-zinət əşyalarının olub-olmamasını soruşmuşdur. Aysel isə Ağcabədi rayonunda kənddə yerləşən evlərində özünə məxsus olan qızıl boyunbağılarının və qızıl üzüklərinin olduğunu demişdir. Aysel ondan qızılları hansı səbəbə soruşduğunu maraqlandıqda o, həmin qızılları aparıb anasına göstərərək guya qızılları onunla evlənmək üçün özümün aldığımı demək və bu yolla anasından evlilikləri üçün razılıq almaq niyyətində olduğunu bildirmişdir. Aysel də onun bu sözümə inanmış və qızılları anasına göstərməsi üçün ona verəcəyinə razılıq vermişdir. Əvvəlcədən razılaşdıqları qaydada o, 22 sentyabr 2025-ci il tarixdə Ağcabədi rayonuna getmiş və həmin gün günorta saatlarında Aysellə Ağcabədi rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında yerləşən istirahət parkında görüşmüşdür. Görüş zamanı Aysel evdən gətirdiyi özünə məxsus olan 2 ədəd qızıl boyunbağını və 4 ədəd qızıl üzüyü ona vermişdir. O isə qızılları götürüb anasına göstərdikdən sonra qısa müddətdə geriyə qaytaracağını bildirmişdir. Daha sonra onlar sağollaşmışlar və Aysel çıxıb getmişdir. O isə vaxt itirmədən həmin gün Ağcabədi rayon mərkəzi bazarında yerləşən qızıl alqı-satqısı ilə məşğul olan mağazaya 2 ədəd qızıl boyunbağını və 4 ədəd qızıl üzüyü 2050 (iki min əlli) manat qarşılığında satmışdır. Daha sonra Bakı şəhərinə getmiş və həmin pulun çox hissəsini onlayn qumar oyunlarında xərcləmişdir. Geriyə qalan hissəsini isə şəxsi ehtiyacları üçün sərf etmişdir. Aysel ondan qızılları istədikdə isə qızılları anasına göstərdikdən sonra evdə mübahisə etdiyini, bu səbəbdən də, evdən küsüb çıxdığımı, evdən gedərkən qızılları evdə unutduğunu, ona görə də, qızılları götürüb ona qaytara bilmədiyini demişdir. Aysel bir müddət onun bu yalanına inansa da, sonradan onun barəsində şikayət edəcəyini deməyə başlamışdır. O isə ilk öncə Ayselin polisə şikayət edəcəyinə ehtimal verməmişdir. Daha sonra o, qızılları ehtiyacı olduğu üçün satdığını Ayselə etiraf etmiş və qızılın pulunu ona qaytaracağına söz vermişdir. Aysel isə onunla mübahisə edərək pul yox, həmin qızılları qaytarmasını istəmişdir. Mübahisə etdikləri üçün bir müddət danışmamışlar. Bir neçə gün sonra isə Aysel ona zəng edərək barışmaq və onu görmək istədiyini deyib onu Ağcabədiyə dəvət etmişdir. O da Ayseli görmək üçün Ağcabədi rayonuna getmişdir. Ağcabədidə Ayselin təhsil aldığı kollecin qarşısına çatdıqda isə polis əməkdaşları ona yaxınlaşaraq Ayselin onun barəsində şikayət ərizəsi ilə polis şöbəsinə müraciət etdiyini və onlarla birlikdə polis şöbəsinə getməli olduğunu izah etmişlər. O da buna etiraz bildirmədən polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gedərək izahatında törətdiyi əməli etiraf etmişdir. O, qızılları Acabədi rayonunda satdığı mağazanı xatırlamır. Bundan başqa, bildirir ki, 10 oktyabr 2025-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmamışdan əvvəl Ağstafa rayonu, Xətai kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşasa da, bir müddət həm işsizlik, həm də ki, onlayn qumar oyunlarına aludəçiliyinə görə atasının onu evdən qovması ucbatından Bakı şəhərində kirayəçi kimi yaşamaqla müxtəlif günəmuzd işlərlə məşğul olmuşdur. Lakin, Bakı şəhərində də maddi rifah üçün münasib iş tapa bilmədiyindən 2025-ci ilin sentyabr ayının sonlarında rayona qayıtmaq barədə qərar vermişdir. Odur ki, iş axtarması ilə bağlı Qazax rayonu, Ağköynək kəndi ərazisində yerləşən “Səda” adlı yeməkxananın sahibi, qonşu kənddə yaşayan Zərərçəkmiş şəxs1 oğlu Sarı Mahmudovla əlaqə saxlayaraq iş axtardığını və ona münasib iş olduğu halda köməklik etməsini xahiş etmişdir. Sarı isə atasına məxsus olan həmin yeməkxanada masadara ehtiyac olduğunu, həmin yeməkxanada masadar kimi işləyibişləyə bilməyəcəyini soruşduqda o, maddi vəziyyəti çətin olduğundan, onlayn qumar oyunları oynamağa pul vəsaiti tapa bilmədiyindən, həmçinin, yaşamağa yeri olmadığından düşünmədən razılıq vermişdir. Sarı da bu barədə atası Zərərçəkmiş şəxs1 ilə danışdıqda sonra ona məlumat verəcəyini demiş, daha sonra isə atasının da razı olmasını bildirmişdir. Bundan sonra isə səhv etmirsə ya 25 sentyabr 2025-ci il tarixdə, ya da ki, 26 sentyabr 2025-ci il tarixdə birbaşa Qazax rayonu, Ağköynək kəndi ərazisində yerləşən “Səda” adlı yeməkxanaya gedərək orada Zərərçəkmiş şəxs1la şərtlər barədə söhbət etdikdən sonra hər gün səhər 09:00-da yeməkxanaya gəlib, saat 23:00-da isə yeməkxanadan çıxmaq şərti ilə gündəlik 15 manat əmək haqqı müqabilində həmin yeməkxanada masadar kimi işə başlamışdır. Xülasə, təxminən 4-5 gün eyni qaydada işlədikdən sonra yəni hər gün səhər 09:00-da yeməkxanaya gəlib gecə 23:00-da isə oradan çıxıb Qazax şəhəri ərazisində parklarda, küçələrdə müxtəlif yerlərdə gecələmişdir. 01 oktyabr 2025-ci il tarixdə də eyni qaydada saat 09 radələrində yeməkxanaya gəlib masaları səliqəyə salmağa və bəzi işləri görməyə başlamışdır. Təxminən 1 saat sonra isə yeməkxananın sahibi Zərərçəkmiş şəxs1 yeməklərin hazırlanmasına nəzarət etmək üçün mətbəxə keçdikdən sonra o, yeməkxananın salonunda Zərərçəkmiş şəxs1 əyləşdiyi masanın üzərində 1 ədəd qızıl qol saatının olmasının şahidi olmuşdur. Həmin qızıl qol saatını bir neçə gündür Zərərçəkmiş şəxs1 qolunda gördüyündən ona məxsus olmasını bilmişdir. Qeyd etdiyi qızıl qol saatını gördükdən sonra isə maddi sıxıntılarımdan xilas olmaq, həm də ki, onlayn qumar oyunları oynamaq üçün oğurlamaq qərarına gəlmişdir. Sadəcə ətrafda heç kimin olmamasına əmin olmaq və şübhəyə səbəb olmamaq üçün masaya dərhal yaxınlaşmayaraq yeməkxananın başqa otağına keçmişdir. Bir neçə dəqiqə keçdikdən sonra isə yeməkxananın salonunda heç kimin olmamasını, Zərərçəkmiş şəxs1 və onun oğlu Sarı Mahmudovun başqa işlərlə məşğul olmasını görüb ehmalla qızıl qol saatının qoyulduğu masaya yaxınlaşıb Zərərçəkmiş şəxs1 məxsus olan həmin qızıl qol saatını oğurlayıb dərhal yeməkxanadan uzaqlaşmışdır. Bundan sonra isə onlar ona həm zəng edib, həm də ismarış yazsalar da cavab verməmişdir. Yeməkxanadan tamamilə uzaqlaşdıqdan sonra magistral yola çıxaraq marşrut avtobusu vasitəsilə Qazax şəhərinə gələrək “Universam” adlı mağazada həmin saatı 5750 (beş min yeddi yüz əlli) manat müqabilində adını bilmədiyi kişi cinsindən olan şəxsə satmışdır. Bundan sonra isə oradan birbaşa Qazax şəhər avtovağzalına gedərək marşurut avtobusu ilə Bakı şəhərinə getmişdir. Bakı şəhərində isə 550 manat müqabilində Nəsimi rayonu 28 may küçəsində kirayə ev tutmuş və demək olar ki, oğurladığı qızıl qol saatının satışından əldə etdiyi pul vəsaitinin əksər hissəsini onlayn qumar oyunları üzrə öz hesabına köçürüb oynamış və heç bir uduş əldə etmədən uduzmuşdur. Təxminən 1 həftə Bakı şəhərində qeyd etdiyi ünvanda yaşadıqdan sonra şəxsi münasibətdə olduğu Ağcabədi rayon sakini Zərərçəkmiş şəxs2 onunla mobil telefon vasitəsilə əlaqə saxlayaraq darıxdığını və onu görmək istədiyini bildirdiyindən o da Ayselə inanaraq görüşüb söhbət etmək üçün Ağcabədi rayonuna yola düşmüşdür. Orada isə Zərərçəkmiş şəxs2 məxsus olan qızıl-zinət əşyalarını ələ keçirməsi səbəbi ilə saxlanılaraq Ağcabədi Rayon Polis Şöbəsinə aparılaraq izahat vermişdir. Daha sonra isə Zərərçəkmiş şəxs1 məxsus olan qızıl qol saatını oğurlaması ilə bağlı aparılan araşdırmaya görə Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarına təhvil verilmişdir. Törətdiyi cinayət əməlinə görə peşmandır. O, həmçinin bildirmişdir ki, Zərərçəkmiş şəxs2 ələ keçirdiyi qızıl-zinət əşyalarını Ağcabədi rayonunda satdığı şəxs təxminən 30-35 yaşlı, kök bədənli, alın hissəsində saçları seyrək olan, kişi cinsinə mənsub olan şəxs olmuş və həmin şəxsə qızıl-zinət əşyalarının oğurluq olması barədə məlumat vermədiyini, qızıllarını özünə məxsus olduğunu demişdir. Zərərçəkmiş şəxs1 məxsus qızıl qol saatı ətrafda heç kimin olmamasına tam əmin olduqdan sonra oğurlamışdır. Odur ki, heç kim onu görməmiş və hadisənin şahidi olmamışdır. Oğurladığı qızıl qol saatını sataraq əldə etdiyi 5750 manat pul vəsaitinin 550 manatını dəqiq olaraq Bakı şəhəri Nəsimi rayonu 28 may küçəsində kirayə ev tutan zaman kirayə haqqı kimi ödəmişdir. Qalan pul vəsaitinin çox hissəsini isə onlayn qumar oyunlarına sərf etmişdir. Daha doğrusu “1Win” qumar oyunu tətbiqində olan şəxsi hesabıma köçürüb oyunlarda iştirak etmiş və pul vəsatinin çox hissəsini uduzmuşdur. Həmin pul vəsaitindən isə cəmi 660 manat qalmışdır ki, həmin pul vəsaitini də Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təhvil alınmışdır. Oğurladığı qızıl qol saatını “Universam” adlı mağazada satan zaman alıcıya həmin qol saatının oğurluq yolu ilə əldə edilməsi ilə bağlı məlumat hər hansı məlumat vermədiyini, qızıl qol saatının özünə məxsus olduğunu və maddi çətinliklə əlaqədar satmaq istədiyini bildirmişdir. Həmin şəxsin qızıl qol saatını oğurluq yolu ilə əldə etməsi barədə heç bir məlumatı olmamışdır. Zərərçəkmiş şəxs1 məxsus olan qızıl qol saatını oğurlamaqdan və Ağcabədi rayon sakini Zərərçəkmiş şəxs2 məxsus olan qızıl-zinət əşyalarını ələ keçirməkdən başqa heç bir cinayət əməli törətməmişdir. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 vurmuş olduğu zərəri tam ödəmiş və üzrxahlıq etmişdir. Oğurluq etdiyi üçün əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, zərərçəkmiş şəxslər yəni X8 və Zərərçəkmiş şəxs1 dəymiş ziyanı tamamilə ödəmiş, həmin şəxslərlə barışmışdır. Zərərçəkmiş şəxslərin onun barəsində heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə bəraətverici əsaslar olmadan barəsində cinayət təqibinə xitam verilməsinə etiraz etmir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Ağstafa rayonu, Qaçaq Kərəm kəndində yaşayır. Fərdi sakibkarlıq fəaliyyəti ilə məşğul olaraq maddi qazanc əldə edir. Belə ki, Qazax rayonu, Ağköynək kəndində yerləşən və özümə məxsus olan “Səda” adlı yeməkxana vardır. Həmin yeməkxanada əvvəllər atası fəaliyyət göstərsə də, təxminən 4-5 ildir ki, oğlu Sarının köməkliyi ilə özü işlədir. Bir neçə gün əvvəl yaşadıqları kəndin qonşuluğunda yerləşən Ağstafa rayonu, Xətai kəndində yaşayan X1 oğlu Sarının vasitəsilə ona ismarıc göndərərək işə ehtiyacının olduğunu və onların yeməkxanasında işləmək istədiyini bildirmişdir. O da ofisianta (masadar) ehtiyacları olduğu üçün və atasını tanıdığı üçün gəlib yeməkxanada işə başlamasına razılıq vermişdir. Təqribən 25 və ya 26 sentyabr 2025-ci il tarixdə Mirqara yeməxanada işə başlamışdır. O hər gün üçün Mirqaraya 15 manat zəhmət haqqı vermişdir. 5-6 gün müddətində Mirqara yeməkxanada normal qaydada işləmişdir. 01 oktyabr 2025-ci il tarixdə saat 09 radələrində yeməkxanada müştəri olmayan zaman o, kabablıq ətləri hazırlamaq üçün yeməkxananın manqal yerləşən hissəsinə getmişdir. Getməmişdən qabaq isə çirklənməsin deyə qolundakı 1 ədəd 583 əyar 48 qram çəkidə “Mac Time” markalı qızıl qol saatını çıxarıb yazı işlərini apardığı stolun üzərinə qoymuşdur. Həmin vaxt yeməkxanada ondan başqa oğlu Sarı və Mirqara olmuşdur. Onlar da öz işləri ilə məşğul olmuşlar. Təxminən 20-25 dəqiqə müddətində işlərini yekunlaşdırdıqdan sonra stolun yanına qayıtdıqda saatın qoyduğu yerdə olmadığını müəyyən etmişdir. Həmin vaxt yeməkxanada olan oğlu Sarını çağıraraq saatını maraqlandıqda Sarı heç bir məlumatının olmadığını bildirmişdir. Ona görə də, o, Sarıdan dərhal yeməkxanada quraşdırılmış müşahidə kameralarının qeydə aldığı videogörüntüləri açmasını istəmişdir. Sarı videogörüntüləri açdıqda Mirqaranın saat 09:47də ətrafda hər hansı bir şəxsin olmamasından istifadə edərək ona məxsus olan qızıl qol saatını gizli şəkildə stolun üzərindən oğurlayaraq yeməkxanadan çıxıb qaçaraq uzaqlaşdığını müəyyən etmişlər. Bundan sonra o, vaxt itirmədən DİN-in 102 xidmətinə zəng etmiş və şikayət ərizəsi ilə Qazax rayon Polis Şöbəsinə müraciət etmişdir. Daha sonra Mirqaranın qol saatını oğurladıqdan sonra onu aparıb Qazax şəhərində yerləşən “Universam” adlı ticarət mərkəzində qızıl alqı-satqısı ilə məşğul olan Şahid 5750 (beş min yeddi yüz əlli) manat qarşılığında satdığı ona məlum olmuşdur. Həmin saat “Mac Time” markalı olub 583 əyar Rusiya qızılı olmuşdur. 48 qram çəkisi olmuşdur. Saatın hər bir hissəsi qızıldan olmuşdur. Bundan əlavə, saatın bəzi yerlərində kiçik ölçülü cızıqlar olmuşdur. Qazax RPŞ-nin Təhqiqat bölməsinə izahat verən zaman oğurluq hadisəsinin yeni baş verməsi ilə əlaqədar olaraq həyəcanlı və təşviş içərisində olduğu üçün saatın dəqiq çəkisi unudaraq yanlış, yəni 42 qram olduğunu bildirmişdir. Lakin, daha sonra saatın dəqiq çəkisinin 48 qram olduğunu xatırlamışdır. Həmin saatı təxminən 7-8 ay əvvəl Gəncə şəhərində yerləşən qızıl zinət əşyaları mağazasından 5300 (beş min üç yüz) manat qarşılığında almışdır. Onun tərəfindən təqdim edilmiş diskdə olan videogörüntülərdə hadisənin baş verdiyi tarix “xx.xx.2025-ci il saat 09:47” kimi görünsə də, oğurluq hadisəsi xx.xx.2025-ci il tarixdə saat 09:47-də baş vermişdir. Belə ki, o, hadisə baş verən kimi 01 oktyabr 2025-ci il tarixdə DİN-in 102 xidmətinə müraciət etmişdir. Lakin, müşahidə kamerasının tarixi səhvən 1 gün irəli tarixi, yəni xx.xx.2025-ci il tarixi göstərir. Videogörüntüdəki saat isə düzdür. Oğurluq hadisəsi baş verən zaman yeməkxanada Mirqara, oğlu Sarı və özü olmuşdur. Ümumiyyətlə onlardan başqa hər hansı şəxs olmamışdır. Mirqaranın hadisəni törətdiyi yerdə isə heç kəs olmamışdır. Hazırda təqsirləndirilən şəxsdən şikayətçi olmadığını ona dəymiş ziyanın tam olaraq ödənildiyini bildirmiş, bununla bağlı notariat ofisində rəsmi olaraq ərizə vermiş və həmin ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmə istintaqında qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, Ağcabədi rayonu, Qiyamadınlı kəndində atası Qanuni nümayəndə, anası X4 və qardaşı X7 ilə birlikdə yaşayır. X2 3-cü kurs tələbəsidir. Ağstafa rayonu, Xətai kənd sakini Təqsirləndirilən şəxs əvvəlcədən tanıyır. Mirqara ilə 2025-ci ilin iyul ayının xatırlamadığı tarixində “Clash of Clans” adlı internet oyunu vasitəsilə tanış olmuşdur. Belə ki, o, həmin oyunda olan zaman Mirqara ona yazaraq onunla tanış olmaq istədiyini bildirmişdir. O, ilk öncə rədd cavabı versə də, Mirqara əl çəkməyərək davamlı olaraq ona yazmağa davam etmişdir. Daha sonra o məcbur olub Mirqara ilə “Snapchat” adlı mesajlaşma tətbiqi vasitəsilə yazışmağa başlamışdır. Lakin, yenə Mirqaraya güvənməyərək mobil nömrəsini ona verməmişdir. 1 ay müddətində “Snapchat” vasitəsilə yazışdıqdan sonra o, Mirqaraya inanıb və güvənib ***-***-**-** saylı mobil nömrəsini ona vermişdir. Həmin vaxtdan sonra biz “WhatsApp” ani mesajlaşma tətbiqi vasitəsilə əlaqə saxlamağa başlamışlar. Daha sonra “Tik-Tok” sosial şəbəkəsində adını xatırlamadığı bir profil açaraq ortaq şəkildə istifadə etməyə başlamışlar. Həmin profil sonralar münasibətlər pisləşəndən sonra Mirqara tərəfindən silinmişdir. 2025-ci il ilin avqust ayında o, Bakı şəhəri, Nizami rayonu, “Xalqlar dostluğu” metrosunun yaxınlığında yerləşən istirahət parkında ilk dəfə üzbəüz görüşüb söhbət etdik. Qeyd edim ki, onlar həmin vaxta kimi bir-birlərini yalnız mobil telefon vasitəsilə videogörüntülü danışan zaman görmüşlər. Aralarındakı söhbətlər zamanı Mirqara onunla fikrinin ciddi olduğunu, belə ki, onunla evlənmək niyyətində olduğunu demişdir. Müddət keçdikcə o, Mirqaraya inanmağa başlamışdır. Mobil telefon vasitəsilə əlaqə saxlayan zaman Mirqara onunla evlənmək istəməsi barədə anasına məlumat verdiyini, özlərinə məxsus olan evlərindən birini satdıqlarını, əllərində 70000 (yetmiş min) manat pul olduğunu və həmin pulla anasının ona qızıl-zinət əşyaları almaq niyyətində olduğunu bildirmişdir. Daha sonra isə ondan qızıl-zinət əşyalarının olub-olmadığını soruşmuşdur. O olduğunu dedikdə isə Mirqara həmin qızıl-zinət əşyalarını müvəqqəti olaraq ona verməsini, belə ki, həmin qızıl-zinət əşyalarını aparıb anasına göstərərək özünün evlənmək məqsədi ilə aldığını bildirəcəyi təqdirdə anasının onların evliliyinə razılıq verəcəyini bildirmişdir. O da inanaraq ona razılıq verdikdə ondan qızılların fotoşəkilini çəkib anasına göstərmək məqsədi ilə ona göndərməsini istəmişdir. O da atasının bir neçə il əvvəl Rusiya Federasiyasında olan zaman ona aldığı 2 ədəd qızıl boyunbağının və 4 ədəd qızıl üzüyün fotoşəkilini çəkib “WhatsApp” vasitəsilə Mirqaraya göndərmişdir. Mirqara ondan fotoşəkili guya qızılların fotoşəkilini qızıl-zinət əşyalarının alqı-satqısı mağazasında çəkilmiş kimi çəkib atmasını istəmişdir. O da Mirqaranın istəyi qaydada çəkib atmışdır. Daha sonra Mirqara qızılları götürmək üçün Ağcabədi rayonuna gələcəyini bildirmişdir. 22 sentyabr 2025-ci il tarixdə o, Ağcabədi rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında yerləşən istirahət parkında Mirqara ilə üzbəüz görüşmüş və ailə üzvlərinə əvvəlcədən məlumat vermədən evdən götürüb gətirdiyi, özünə məxsus olan 2 ədəd qızıl boyunbağı və 4 ədəd qızıl üzüyü aparıb anasına göstərməsi üçün Mirqaraya vermişdir. Mirqara qızılları götürdükdən sonra anasına göstərib qısa müddət ərzində geriyə qaytaracağını bildirmişdir. Lakin, aradan bir neçə gün keçməsinə baxmayaraq o, Mirqaranın qızıllarını geriyə qaytarmadığını görüb ondan hansı səbəbə qaytarmadığını soruşmuşdur. Mirqara isə qızılları anasına göstərdikdən sonra başqa bir məsələ ilə bağlı valideynləri ilə dava etdiyini, bu səbəbdən də, evdən küsüb getdiyini, çöllərdə yatdığını, evdən çıxan zaman isə qızılları evdə unutduğunu və küsülü olduğu üçün qızılları götürmək məqsədi ilə evə qayıda bilmədiyini bildirmişdir. O isə Mirqaradan bir yolunu tapıb gedib qızıllarımı götürməsini tələb etmişdir. Lakin, daha sonra aradan bir neçə gün də keçməsinə baxmayaraq o, Mirqaranın qızıllarını qaytarmadığını görüb ona barəsində polisə şikayət edəcəyini bildirmişdir. Mirqara isə “unutma haa məndə birlikdə çəkdirdiyimiz şəkillərin var” demişdir. O isə onların adi qaydada parkda çəkdirdikləri fotoşəkilləri valideynlərinin görməsindən ehtiyyat etdiyi üçün əvvəlcə onun barəsində şikayət etməmişdir. Daha sonra telefon danışığı zamanı yeməkxanada ofisiant işlədiyini bildirmiş və bir neçə dəfə videogörüntülü danışıq zamanı kafeni ona göstərmişdir. Həmin kafedə işləyən zaman Mirqara bir dəfə ondan hər hansı bir saatın qızıl olub-ola bilməyəcəyini soruşmuşdur. O da Mirqaraya qızıl saatların da olmasının mümkünlüyünü bildirmişdir. 06 oktyabr 2025-ci il tarixdə isə o, Mirqaranın qızıllarımı qaytarmadığını görüb Ağcabədi rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. O ilk öncə Mirqaraya onun barəsində şikayət ərizəsi verdiyini bildirsə də, daha sonra ona bu barədə zarafat etdiyini demişdir. 10 oktyabr 2025-ci il tarixdə isə aralarındakı söhbət zamanı Mirqara onu gəlib götürərək valideynlərinin yanına aparmaq istədiyini demişdir. O da Mirqara könüllü gəlsin və polis əməkdaşları da onu saxlasın deyə etiraz etməyərək gəlməsini istəmişdir. 10 oktyabr 2025-ci il tarixdə isə Mirqara Ağcabədi rayonuna gələn kimi o, bu barədə polis əməkdaşlarına məlumat vermiş və polis əməkdaşları onu saxlamışlar. Mirqara izahatında onu aldadarıq ələ keçirdiyi 2 ədəd qızıl boyunbağını və 4 ədəd qızıl üzüyü ondan götürdükdən sonra aparıb Ağcabədi rayonunda yerləşən qızıl-zinət mağazalarından birinə 2050 (iki min əlli) manat qarşılığında sataraq daha sonra pulu da xərclədiyini etiraf etmişdir. Mirqaranın daha sonra işlədiyi yeməkxanadan qızıl saat oğurlaması və barəsində Qazax rayon Polis Şöbəsində araşdırma aparılması isə ona sonradan məlum olmuşdur. O, həmçinin bildirmişdir ki, həmin 2 ədəd qızıl boyunbağını və 4 ədəd qızıl üzüyü atası Qanuni nümayəndə bir neçə il əvvəl Rusiya Federasiyasında olan zaman milli valyuta ilə ümumilikdə 3500 (üç min beş yüz) manat qarşılığında almışdır. Həmin qızıllar 583 əyar olmaqla Rus qızılıdır. Boyunbağıların çəkisi 14 qram və 7 qram, üzüklərin çəkisi isə 4 qram, 2 qram, 2 qram, 1 qram, ümumilikdə 30 qram olmuşdur. O, həmin qızıl boyunbağıların və üzüklərin fotoşəkilini istintaqa təqdim edə bilər. Belə ki, o, qızılların fotoşəkilini Mirqaraya çəkib atmış və həmin vaxtdan mobil telefonunda qalmışdır. Atası həmin qızılları ona aldığı üçün onların dəqiq xüsusiyyətləri barədə atası daha yaxşı bilər. O, qızılları Mirqaraya 22 sentyabr 2025-ci il tarixdə vermişdir. İlkin izahat zamanı o, həmin tarixi dəqiq xatırlaya bilməmişdir. Lakin, daha sonra düşündükdə qızılları həftənin birinci günü verdiyini xatırlamışdır. Bundan başqa, o, həmin qızıl boyunbağıları və qızıl üzükləri ona tanınmaya təqdim olunacağı təqdirdə tanıya bilər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Qazax rayonu, Çaylı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq maddi qazanc əldə edir. Belə ki, təxminən 14-15 ildir ki, Qazax şəhərində yerləşən “Universam” adlı ticarət mərkəzində qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olur. 01 oktabr 2025-ci il tarixdə təxminən saat 10 radələrində işdə olan zaman əvvəlcədən tanımadığı gənc yaşda bir nəfər şəxs ona yaxınlaşaraq cibindən bir ədəd qol saatı çıxararaq həmin saatın qızıl olduğunu və onu satmaq istədiyini bildirmişdir. O, həmin qol saatına diqqət yetirdikdə “Mac Time” markalı, 583 əyarlı Rusiya qızılı olduğunu müəyyən etmişdir. O, qol saatının kimə məxsus olduğunu soruşduqda həmin şəxs özünə məxsus olduğunu bildirmişdir. O, qol saatının həmin şəxsə məxsus olmasına inandıqdan sonra onu almaq qərarına gəlmiş və həmin şəxsə hal-hazırda həmin əyarda olan qızılın bir qramının 120 (bir yüz iyirmi) manat olduğunu demişdir. Həmin şəxs də saatı qramı 120 manatdan ona satmağa razılıq vermişdir. Bundan sonra o, həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənədi tələb etmişdir. Həmin şəxs cibindən şəxsiyyət vəsiqəsini çıxarıb ona təqdim etdikdə o, həmin şəxsin xx.xx.2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişdir. Bundan sonra o, həmin qızıl saatı elektron tərəzi vasitəsilə çəkmiş və çəkisinin 48 qram olduğunu dəqiqləşdirmişdir. Bundan sonra o, özünə məxsus olan “qızıl və brilliantların alqı-satqı kitabı”nda həmin qızıl saatın qeydiyyatını aparmış və Təqsirləndirilən şəxs ümumilikdə 5750 (beş min yeddi yüz əlli) manat nağd pul vermişdir. Həmin pulu götürdükdən sonra çıxıb getmişdir. 02 oktyabr 2025-ci il tarixdə günorta saatlarında işdə olan zaman Qazax rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşaraq hər hansı bir şəxsin ona qızıl qol saatı satıb satmadığını soruşmuşlar. O isə 01 oktyabr 2025-ci il tarixdə əvvəlcədən tanımadığı Təqsirləndirilən şəxs adında bir nəfər şəxsin ona “Mac Time” markalı qızıl qol saatı gətirib satdığını bildirmişdir. Daha sonra o, həmin qol saatını, Təqsirləndirilən şəxs aid olan şəxsiyyət vəsiqəsinin surətini və qol saatını alması ilə əlaqədar qeydiyyat apardığı kitabın vərəqlərinin surətlərini polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları həmin qızıl qol saatının oğurluq olduğunu və əslində Zərərçəkmiş şəxs1 adlı şəxsə məxsus olduğunu bildirmişlər. O, həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs ona satdığı qızıl qol saatının oğurluq olması barədə əvvəlcədən hər hansı bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs həmin saatın özünə məxsus olduğunu dediyi üçün ona inanmışdır. 02 oktyabr 2025-ci il tarixdə Qazax RPŞ-nin Təhqiqat bölməsinə verdiyi ilkin izahatında qızıl qol saatının çəkisinin 47,8 qram olduğunu bildirsə də, həmin qol saatının çəkisi 48 qram olmuşdur. O, qeydiyyat kitabında düzgün olaraq 48 qram qeyd etsə də, izahatında qeyri-ixtiyari olaraq səhvən çəkisinin 47,8 qram olduğunu bildirmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 10 oktyabr 2025-ci il tarixli, 370 nömrəli rəyində göstərilmişdir ki, ekspert tədqiqatına təqdim olunan istismara məruz qalmış 1 ədəd 583 əyar (Rus) 48 qram çəkidə “Mac Time” markalı qızıl qol saatının nəzəri hesablama yolu ilə 01 oktyabr 2025-ci il tarixə olan pərakəndə (sərbəst) satış qiyməti – 6,054.72 manat olaraq müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 21 oktyabr 2025-ci il tarixli 390 nömrəli rəyində göstərilmişdir ki, aparılmış tədqiqatlar nəticəsində, ekspert tədqiqatına təqdim olunmayan istismara məruz qalmış 1 ədəd 14 qram çəkidə 583 əyar qızıl boyunbağının nəzəri hesablama yolu ilə 22 sentyabr 2025-ci il tarixə olan qiyməti 1645.84 manat, 1 ədəd 7 qram çəkidə 583 əyar qızıl boyunbağının qiyməti 822.92 qram, 1 ədəd 4 qram çəkidə 583 əyar qızıl üzüyün qiyməti 470.24 manat, 1 ədəd 2 qram çəkidə 583 əyar qızıl üzüyün 235.12 manat, 1 ədəd 2 qram çəkidə 583 əyar qızıl üzüyün 235.12 manat, 1 ədəd 1 qram çəkidə 583 əyar qızıl üzüyün 117.56 manat, ümumilikdə isə 3,526.80 manat olaraq müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan 01 oktyabr 2025-ci il tarixli hadisə yerinə baxış keçirilməsi protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus olan qızıl qol saatının oğurlanması faktı üzrə hadisə yeri Qazax rayonu, Ağköynək kəndində yerləşən “Səda” adlı yeməkxananın əsas salonudur. Tərtib edilmiş protokola fotocədvəl əlavə edilmişdir. Cinayət işinin materiallarında olan 01 oktyabr 2025-ci il tarixli “diskin təqdim edilməsi və götürülməsi” protokolundan görünür ki, ərizəçi Zərərçəkmiş şəxs1, özünə məxsus olan “Səda” adlı yeməkxanada masanın üzərindən 1 ədəd qızıl qol saatının oğurlanması hadisəsinin həmin yeməkxananın müşahidə kameraları vasitəsilə qeydə alınmış videogörüntüsünün köçürüldüyü 1 ədəd DVD diski Qazax RPŞ-də polis əməkdaşlarına təqdim etmişdir. Buna dair Qazax RPŞ-in Təhqiqat bölməsinin təhqiqatçısı, polis leytenantı İman Məsiyev tərəfindən protokol tərtib olunmuş, həmin disk müvafiq qaydada götürülmüşdür. Cinayət işinin materiallarında olan 02 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Şahid 1 ədəd 48 qram çəkidə “Mac Time” markalı qızıl qol saatını və həmin qızıl qol saatını 01 oktyabr 2025-ci il tarixdə Təqsirləndirilən şəxs 5750 manat qarşılığında aldığını təsdiq edən “qızıl və briliantların alqı-satqı kitabı”nın surəti çıxarılmış 2 ədəd vərəqini, həmçinin Təqsirləndirilən şəxs qızıl qol saatını ona satarkən təqdim etdiyi şəxsiyyət vəsiqəsinin surətini təhqiqata təqdim etmişdir. Buna dair Qazax RPŞ-in Təhqiqat bölməsinin təhqiqatçısı, polis leytenantı İman Məsiyev tərəfindən protokol tərtib olunmuş, Şahid qızıl qol saatını təqdim edərkən çəkilmiş fotoşəkillər protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan 11 oktyabr 2025-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Qazax rayonu, Ağköynək kəndi ərazisində yerləşən “Səda” adlı yeməkxanada baş vermiş oğurluq hadisəsinin həmin yeməkxananın müşahidə kamerası vasitəsilə qeydə alınmış videogörüntüsünü özündə əks etdirən 01 (bir) ədəd DVD diskə Zərərçəkmiş şəxs1 iştirakı ilə baxış keçirilmiş, baxış zamanı 01 ədəd DVD disk «DELL» markalı kompüterin disk yerinə yerləşdirildi, diski açan zaman içərisində “VİD- 20251002-WA0098” adlı bir ədəd video faylın olduğu müəyyən edilmiş, həmin video fayla daxil olduqda 09 saniyəlik videogörüntü, videogörüntünün mobil telefon vasitəsilə komputer monitorundan çəkildiyi və həmin monitorun yuxarı hissəsində xx/xx/2025 09:47:02 rəqəmlərinin yazıldığı aşkar edilmişdir. Video görüntüyə baxılan zaman bir nəfər kişi cinsindən olan şəxsin masanın üzərindən 1 ədəd predmeti götürərək oradan uzaqlaşdığı və ətrafda həmin şəxsdən başqa hər hansı digər bir şəxsin olmadığı müşahidə olunmuşdur. Baxış zamanı videogörüntünün monitorda saat 09:47:02-dən 09:47:11-dək davam etdiyi müəyyən olunmuşdur. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 qeyd olunan videogörüntüdəki şəxsin Təqsirləndirilən şəxs olduğunu və Təqsirləndirilən şəxs stolun üzərindən oğurladığı predmetin ona məxsus olan 1 ədəd “Mac Time” markalı qızıl qol saatı olduğunu bildirmişdir. Cinayət işinin materiallarında olan Ağcabədi rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli 60/2-29582/25 nömrəli məktubdan görünür ki, Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs 2025-ci ilin iyul ayında sosial şəbəkə vasitəsilə Ağcabədi rayonu, Qiyamadınlı kəndində yaşayan yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 ilə tanış olub onunla ailə həyatı quracağını vəd verərək aldatma yolu ilə xx.xx.2025-ci il tarixdə Ağcabədi rayon İcra Hakimiyyəti binasının qarşısındakı istirahət parkında ələ keçirdiyi sonuncuya məxsus olan ümumilikdə 3500 manat dəyərində 2 ədəd qızıl boyunbağı və 4 ədəd qızıl üzüyü satdığını şəxsi müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan Qazax rayon Polis Şöbəsindən əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs Ağcabədi rayon sakini Zərərçəkmiş şəxs2 dələduzluq yolu ilə ələ keçirdiyi qızıl-zinət əşyalarını satdığı şəxs və ya şəxslərin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Lakin, Təqsirləndirilən şəxs göstərilən cinayət əməllərini təkbaşına törətdiyi və cinayət əməllərini törədərkən ona hər hansı bir şəxsin kömək etmədiyi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Qazax Rayon Məhkəməsinin 4(023)-54/2025 nömrəli, 12 oktyabr 2025-ci il tarixli, qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 10 oktyabr 2025-ci il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Qazax Rayon Məhkəməsinin 4(023)-57/2025 nömrəli, 01 noyabr 2025-ci il tarixli, qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs2 nümayəndəsi olan atası Qanuni nümayəndə iştirakı ilə verdiyi ərizənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tamamilə ödənildiyi üçün Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan Qanuni nümayəndə Qazax Rayon Məhkəməsinə ünvanladığı Bakı şəhəri 21 saylı Notariat ofisinin Xüsusi notariusu X5 **********896 nömrəli ilə, xx.xx.2026-cı il tarixdə təsdiq etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət, tələb və iddiası yoxdur. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs2 Qazax Rayon Məhkəməsinə ünvanladığı Bakı şəhəri 21 saylı Notariat ofisinin Xüsusi notariusu X5 **********596 nömrəli ilə, xx.xx.2026-cı il tarixdə təsdiq etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət, tələb və iddiası yoxdur. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs1 Qazax Rayon Məhkəməsinə ünvanladığı Ağstafa rayon notariat ofisinin Xüsusi notariusu X6 **********347 nömrəli ilə, xx.xx.2026-cı il tarixdə təsdiq etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət, tələb və iddiası yoxdur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətsədə sonradan Zərərçəkmiş şəxs2 ilə barışmış və ona dəymiş ziyanı tamamilə ödədiyi üçün, həmin əməlinə görə cinayət məsuliyyətindən azad edilərək, barəsində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 15 mart 2022ci il qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 16.3-cü maddəsinə əsasən, əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. Maddədə cinayət məsuliyyətindən azad olunmuş şəxs dedikdə, təkrarlığın yaranması üçün şəxsin əvvəlki cinayətə görə cinayət məsuliyyətindən azad edilməməsi, o cümlədən cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməməsi tələb olunur. Hər bir halda təkrarlığın olub-olmamasının qiymətləndirilməsi üçün məhz ayrıca olaraq birinci əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçib-keçməməsi və müvafiq olaraq şəxsin cinayət məsuliyyətindən azad edilib-edilməməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinə görə cinayət məsuliyyətindən azad edilərək barəsində həmin əmələ münasibətdə cinayət təqibinə xitam verildiyindən, sonrakı törətdiyi CM-nin 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməli təkrar cinayət əlamətinin yaranması üçün hüquqi əsas ola bilməz. Yuxarıda göstərilən Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə cinayətin təkrarçılıq əlamətinin mövcud olmasına görə şəxs əvvəlki əməlinə görə cinayət məsuliyyətindən azad edilməməlidir. Hazırki halda isə təqsirləndirilən şəxs əvvəlki əməlinə görə cinayət məsuliyyətindən azad edilmişdir. Bu səbəbdən ittihamda tövsifedici əlamət kimi göstərilmiş CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulan təkrar törədilmə halı öz hüquqi əsasını itirmişdir. Ona görədə ittihamda göstərilən CM-nin 177.2.2-ci maddəsi ittihamdan xaric edilməlidir. Beləliklə məhkəmə, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin CM-nin 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması özünün etiraf edici ifadəsi ilə yanaşı, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, həmçinin məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hal, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, ilk dəfə az ağır cinayət törətməsini, zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. İş üzrə onun cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama xeyli miqdarda ziyan vurmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-in 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında cəza siyasətinin hümanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Belə ki, təqsirləndirilən şəxsə istinad olunan Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasına alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən onun həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu müddət təyin ediləcək cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun yaşayış yerini saat 23:30-dan saat 07:00-dək və yaşadığı Ağstafa rayonu, həmçinin Qazax rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa, onun üzərinə yaşayış yerini saat 23:30-dan saat 07:00-dək və yaşadığı Ağstafa rayonu, həmçinin Qazax rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, həmçinin üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulmalı, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli və hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan, 1 ədəd 48 qram çəkidə 583 əyar “Mac Time” markalı qızıl qol saatı sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalı, məhkəmə xərcləri-aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 350 (üç yüz əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq X3 MMC-nin hesabına keçirilməli, hökmün icrası Ağstafa Rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 04 (dörd) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 21 (iyirmi bir) gün müddət və ev dustaqlığında olduğu 03 (üç) ay 08 (səkkiz) gün müddət, ümumilikdə 03 ay 29 gün müddət olmaqla həbsdə saxlanmanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesabı ilə hesablanmaqla ona təyin edilmiş 02 (iki) il 04 (dörd) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün çıxılaraq onun üzərində 01 (bir) il 08 (səkkiz) ay (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:30-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:30-dan saat 07:00-dək və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan, 1 ədəd 48 qram çəkidə 583 əyar “Mac Time” markalı qızıl qol saatı sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə xərci ekspertiza tədqiqatlarının dəyəri olan 350 (üç yüz əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq X3 MMC-nin hesabına keçirilsin. Hökmün icrası Ağstafa Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar