Məhkəmə qərarları › İş №1(023)-95/2025

Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-95/2025

11.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-95/2025 11.02.2026 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Qəhrəmanova Mehin Asıf qızının katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçiləri- Müdafiəçi1 və Müdafiəçi2, X1 iştirakları ilə, xx xxxxxx 2005-ci ildə Almaniya Federativ Respublikasının Bautzen şəhərində anadan olmuş, Almaniya Federativ Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, subay, Almaniya Federativ Respublikasının Bautzen şəhərində qeydiyyatında olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs məkəməyə verilmişdir ondan ötrü o, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda qəsdən qanunsuz olaraq keçmişdir. Belə ki, o, heç bir işlə məşğul olmaması səbəbindən valideynləri ilə aralarında yaranmış narazılıq nəticəsində yaşadığı evi tərk etmək məqsədilə 29 oktyabr 2025-ci il tarixdə avtobusla Bolqarıstan Respublikasının Sofiya şəhərinə, oradan yük maşını ilə Türkiyə Respublikasının İstanbul şəhərinə, İstanbul–Tiflis aviareysi ilə isə Gürcüstana getmiş, daha sonra mobil telefonunda mövcud olan xəritədən istifadə etməklə bir neçə gün piyada hərəkət edərək Gürcüstan–Azərbaycan sərhəd keçid məntəqəsinə yaxınlaşmış, orada xidmət aparan polis əməkdaşlarından Azərbaycan Respublikasının quru sərhədlərinin bağlı olması barədə məlumat aldıqdan sonra qanunsuz yolla Azərbaycan Respublikasının ərazisinə keçmək qərarına gəlmiş və həmin məqsədlə dağlıq ərazilər boyunca hərəkətini davam etdirərək 10 noyabr 2025-ci il tarixdə, saat 19 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarətburaxılış məntəqələrindən kənarda, yəni “Qazax” X2 Qazax rayonu, 2-ci Şıxlı kəndi ərazisində yerləşən 1-ci sərhəd zastavasının 1-ci sərhəd döyüş məntəqəsinin xidməti ərazisindən qəsdən və qanunsuz olaraq Gürcüstandan Azərbaycan Respublikası istiqamətində keçmişdir. Məhkəmə istintaqı zamanı tərcüməçinin iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx xxxxxx 2005-ci ildə ildə Almaniya Federativ Respublikasının Bautzen şəhərində anadan olmuşdur. Subaydır, əvvəllər fermada mexanik işləmişdir, hazırda işsizdir. Ailəsi ilə birlikdə (atası, anası və yaşda ondan balaca iki qardaşı) Almaniya Federativ Respublikasının Bautzen şəhərinin Jiedlitz kəndində yaşayır. Atası və anası Bautzen şəhərinin Jiedlitz kəndində yerləşən özlərinə məxsus restoranda işləyirlər. O işləmədiyi üçün tez-tez atası ilə aralarında mübahisələr olurdu. Sonuncu dəfə atası ona işləmədiyi halda evi etməyini demişdir. O həm atası ilə mübahisə etdiyi üçün həm də Türkiyə, Gürcüstan, Azərbaycan, Nepal və digər başqa ölkələri gəzmək, gürcüstanlı sevdiyi qızı görmək üçün xx.xx.2025-ci il tarixdə avtobusla bilet alaraq Almaniya Federativ Respublikasının Münhen şəhərindən Bolqarıstan Respublikasının Sofiya şəhərinə getmişdir. Orada bir gün meşədə qaldıqdan sonra yolda tanımadığı yük avtomobilinə yaxınlaşıb Türkiyə Respubliksına aparmağını xahiş etmişdir. Həmin yük avtomobili ilə bir gün yol getdikdən sonra Türkiyə Respublikasının Çorlu şəhərinə çatmış, həmin şəhərdə də yolda avtostop edəndən sonra İstanbul şəhərinə getmişdir. xx.xx.2025-ci il tarixdə İstanbul - Tiflis aviareysi ilə bilet alaraq Tiflis şəhərinə gəlmiş, üç gün Tiflis şəhərini gəzib küçədə qalmışdır. Oradakı insanlardan və mobil telefonda olan xəritədən istifadə edərək piyada Gürcüstan Azərbaycan sərhədinə yola düşərək iki gün yol gəldikdən sonra Gürcüstan Azərbaycan sərhəd keçid mənrtəqəsinə yaxınlaşmışdır. Orada olan polis əməkdaşları ona Azərbaycan Respublikasına keçmək mümkün olmadığını bildirmişlər. O, daha sonra dağlıq ərazilərlə Azərbaycan Respublikası istiqamətində yolunu davam etdirmiş, təxminən 10-12 saat yol getdikdən sonra adını bilmədiyi Azərbaycan kəndinə çatmışdır. Qarşısıa çıxan şəxsdən yemək və gecə qalmaq üçün yer soruşmuşdur. Qısa müddətdən sonra sərhədçilər tərəfindən saxlanılmışdır. O, ilk dəfə belə hərəkətə yol verdiyini və törətdiyi cinayət əməlindən peşman olduğunu və barəsində yüngül cəza tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Dövlət Sərhət Xidməti Sərhəd Nəzarətinin “Qırmızı Körpü” X5 əməliyyat-axtarış işləri üzrə müavini Şahid1 Çərkəz oğlu ifadəsində bildirmişdir ki, 10 noyabr 2025-ci il tarixdə saat 18:35 radələrində qabaqlayıcı əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatda Qazax rayonu, İkinci Şıxlı kəndi ərazisində şübhəli şəxsin olması qeyd olunmuşdur. Bu barədə aidiyyəti üzrə məruzə etdikdən sonra o və “Qırmızı Körpü” X5 əməliyyat-müvəkkili baş leytenant Şahid2 ilə birlikdə həmin əraziyə getmişlər. Qeyd olunan əraziyə çatanda şəxsin piyada hərəkətini müşahidə edilmiş və dərhal həmin şəxsə yaxınlaşıb saxlamışlar. Saxlanılan şəxs özünü Almaniya Federativ Respublikası vətəndaşı Təqsirləndirilən şəxs kimi təqdim etdi. İlk önçə xarici ölkə vətəndaşı olduğu üçün pasportunu istədik. Pasporta baxış keçirilərkən Azərbaycan Respublikasına buraxılış möhürü və qeydiyyat sənədi olmadığını aşkar etdik. O, ölkə ərazisinə qanunsuz daxil olduğuna sübhə doğurduğu üçün “Qırmızı Körpü” X6 gətirdik. Təqsirləndirilən şəxs daha sonra xx.xx.2025-ci il tarixdə Sərhəd Qoşunlarının “Qazax” X2 hərbi qulluqçularına təhvil verilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 Çərkəz oğlu ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində bildirdikləri xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan Dövlət Sərhəd Xidmətinin “Qazax” X2 komandiri general-mayor Misir Əliyevin xx.xx.2025-ci il tarixli, 3-38-33/2-16/4396/25 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 10 noyabr 2025-ci tarixdə, saat 19:00 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni “Qazax” X2 2-ci Şıxlı kəndi ərazisində yerləşən 1-ci sərhəd zastavasının 1-ci sərhəd döyüş məntəqəsinin xidməti ərazisindən qəsdən, qanunsuz olaraq Gürcüstandan Azərbaycan Respublikası istiqamətində keçdiyi üçün saxlanılmışdır. Cinayət işinin materiallarında olan 13 noyabr 2025-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Arxivuçotu idarəsində heç bir məlumat yoxdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İnterpolun Milli Mərkəzi Bürosundan daxil olmuş xx.xx.2025-ci il tarixli məktubunda xx.xx.2005-ci il təvəllüdlü Almaniya Federativ Respublikası vətəndaşı Təqsirləndirilən şəxs beynəlxalq axtarışda olması barədə İnterpolun “e-ASF” avtomatlaşdırılmış axtarış sistemində məlumat yoxdur. Cinayət işinin materiallarında olan Dövlət Sərhəd Xidmətinin Əməliyyat-Axtarış Baş İdarəsindən daxil olmuş məktubdan görünür ki, Almaniya Federativ Respublikası vətəndaşı Təqsirləndirilən şəxs qaçaqmalçılıqla məşğul olması və digər hüquqazidd hərəkətləri barədə ƏABİ-də məlumatlar mövcud deyildir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Səbail rayon məhkəməsinin 13 noyabr 2025-ci il tarixli, 4(009)-630/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 10 noyabr 2025-ci il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünun etirafedici ifadəsi, şahid ifadələri və məhkəmə iclasında araşdırılmış digər materiallarla tam təsdiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir və o, qeyd edilən maddə ilə təqsirli bilinərək cəzalandırılmaldır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini və ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsəsinə görə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə— min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 318.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Həmin Məcəllənin 52.1-1-ci maddəsinə əsasən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilmiş şəxsin Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkməsinin əvvəli 10 noyabr 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalı, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 175, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 10 noyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Məhkumluğu ödənilənədək və ya götürülənədək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılsın. Hökm elan olunduğu (həbsdə olan şəxsə verildiyi) andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar