Məhkəmə qərarları › İş №1(023)-96/2023

Qazax Rayon Məhkəməsi Qərar — İş №1(023)-96/2023

06.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 1(023)-96/2023 06.12.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənov Məhəmməd Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Qazax rayon Vəkil bürosunun Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci ildə Qazax rayonu, İkinci Şıxlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, FHN-nin Qazax rayon X1 hissəsində sürücü işləyən, əvvəllər məhkum olunmamış, Qazax rayonu, İkinci Şıxlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədibir seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Qazax rayonu, Birinci Şıxlı kəndi ərazisində yerləşən “Lalə” şadlıq sarayında qonşusu Zərərçəkmiş şəxs ilə birlikdə toy məclisində iştirak etdikdən sonra birlikdə saat 16 radələrində yaşadıqları Qazax rayonu, İkinci Şıxlı kəndindəki evlərinə gedərkən yuxarıda qeyd olunan şadlıq sarayının yaxınlığında aralarında pul mübahisəsinə görə yaranmış şəxsi münasibətlər zəmnində sonuncunun üz nahiyyəsinə qəsdən yumruqla vuraraq sol gözün alt və üst səthində hematomalı qançırlar, sol gözün ağlı qişasında qansızma ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid edilən xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Fövqəladə Hallar Nazirliyinin Qazax rayon X1 Hissəsində sürücü işləyir, zərərçəkmiş Zərərçəkmiş şəxs həmkəndlisidir, münasibətləri hər zaman yaxşı olmuş, aralarında düşmənçilik, ədavəti olmamışdır. xx.xx.2023-cü il tarixdə onunla qonşuluqda yaşayan X2 rayonu, Birinci Şıxlı kəndi ərazisində yerləşən “Lalə” şadlıq sarayında qızına toy şənliyi keçirmiş, onu və həmkəndlisi Sadiqi də həmin toy məclisinə dəvət etmişdir. Toyda olan zaman spirtli içki qəbul edərək sərxoş vəziyyətdə olmuşdur. Sadiq mağazaya gedəcəyini ona bildirmiş, bu zaman o, Sadiqdən siqaret və pivə almağını istəmiş, bunun üçün Sadiqə 20 manat pul vermiş, Sadiq pulu götürüb mağazaya getmiş, mağazadan gəldikdə Sadiq ona aldığı siqareti vermiş, mağazadan aldığı pivələrdən birini Sadiq özü, digərini isə o içmiş, stolda əyləşdikləri zaman Sadiqə verdiyi 20 manat puldan qalıq qalan 2 manat məbləğində pulu Sadiq ona qaytarmış, o, Sadiqə həmin məbləğin az olduğunu bildirərək bu barədə irad tutmuş və aralarında mübahisə yaranmışdır. Həmin gün, saat 16 radələrində Sadiq ilə birlikdə masadan qalxaraq evə getmək üçün şadlıq sarayını tərk etmişlər, şadlıq sarayının yaxınlığında, yolun kənarında piyada hərəkətdə olan zaman pul barədə söz mübahisələri yenidən başlamış, mübahisə zamanı Sadiqi yumruqla bir dəfə vurmuşdur. Hadisə baş verən zaman yanlarında başqa şəxs olmamışdır. Sonradan əməlindən peşman olmuş, Zərərçəkmiş şəxs üzrxahlıq etmiş, ona dəymiş ziyanı tam ödəmiş və sonuncu onunla barışmışdır. Barəsində olan cinayət işinə xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, "xxxx" MMC-də fəhlə işləyir, Təqsirləndirilən şəxs onun həmkəndlisidir, münasibətləri yaxşı olmuşdur. xx.xx.2023-cü il tarixdə Qazax rayonu, Birinci Şıxlı kəndi ərazisində yerləşən “Lalə” şadlıq sarayında toyda iştirak etmiş, Sədi də toyda olmuş, özü orada spirtli içki qəbul etmiş, siqareti bitdiyindən mağazaya getmək qərarına gəlmiş, elə həmin vaxt Sədidən mağazadan nəyəsə ehtiyacı olub-olmamasını soruşduqda Sədi 20 manat məbləğində pulu ona verib siqaret və pivə almağını xahiş etmiş, o, pulu Sədidən götürüb mağazaya getmiş, 02 ədəd siqaret və 02 ədəd pivə alaraq yenidən Sədigilin yanına gedərək onlarla bir stolda əyləşmişdir. Aldığı pivələrdən birini həmin vaxt içmiş, digəri isə stolun üzərində qalmış, mağazadan qalan qalıq pulu da Sədiyə qaytarmışdır. Həmin gün, saat 16 radələrində Sədi ilə birlikdə masadan qalxaraq evə getmək üçün şadlıq sarayını tərk etmişlər, bayırda, şadlıq sarayının yaxınlığında Sədi onun qaytardığı qalıq pulun az olduğunu bildirmiş, bu səbəbdən aralarında söz mübahisəsi yaranmış, bu vaxt Sədi onun üz nahiyəsindən bir dəfə yumruqla zərbə vurmuşdur. Hazırda Təqsirləndirilən şəxs ondan üzrxahlıq etmiş, ona dəymiş ziyanı tam ödəmiş, o da Təqsirləndirilən şəxslə barışmışdır. Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən məhkəmətibb ekspertizasının 07 avqust 2023-cü il tarixli 331 nömrəli rəyində qeyd olunmuşdur ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər- sol gözün alt və üst hissəsində hematomalı qançırlar, sol gözün ağlı qişasına qansızma küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə yumruqla vurma nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Fövqəladə Hallar Nazirliyinin DYMX-nin Qazax rayon X1 hissəsindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci ildən FHN-nin DYMX-nin Qazax rayon X1 Hissəsində sürücü vəzifəsində xidmət edir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən DİN BƏSİİdən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 29 oktyabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət işi başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs tərəfindən təqdim edilən ərizədən görünür ki, Təqsirləndirilən şəxslə barışmış, heç bir şikayəti və tələbi yoxdur, onunla barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir və təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilən ərizədən görünür ki, Zərərçəkmiş şəxsla barışmışdır, zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi yoxdur, barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsi və zərərçəkmiş şəxsin ifadəsi, həmçinin işdə olan təkzib olunmaz digər obyektiv dəlillərlə və iş materialları ilə tam sübuta yetirilir, onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrini dinləyib, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin ərizələrini nəzərdən keçirib, habelə iş materiallarındakı sənədləri araşdırıb hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli, o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə cinayət məsuliyyətindən azad edilmə əsasları ilə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40, 43, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar