Məhkəmə qərarları › İş №1(023)-99/2023

Qazax Rayon Məhkəməsi Qərar — İş №1(023)-99/2023

04.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 1(023)-99/2023 04.12.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi, Məhkəmə iclas katibi Məhəmməd Məhərrəm oğlu Həsənovun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Qazax Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 2001-ci ildə Qazax rayonu Hüseynbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsili, işsiz, əvvəllər məhkum olunmamış, Qazax rayonu Hüseynbəyli kəndində qeydiyyatda olmaqla orada yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində Qazax rayonu, Hüseynbəyli kəndində yerləşən, Zərərçəkmiş şəxs məxsus pay torpaq sahəsində Zərərçəkmiş şəxslə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı ağac parçası ilə Zərərçəkmiş şəxs sol qol nahiyyəsinə bir neçə dəfə vuraraq sonuncuya sol saidin yuxarı 1/3-nin arxa səthinin tikişə ehtiyacı olan əzilmiş-cızılmış yarası ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti, bundan başqa, sağ saidin orta 1/3-nin bayır səthinin qançırı ilə nəticələnən, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, hal-hazırda rəsmi və ya qeyri rəsmi olaraq heç bir yerdə işləmir. Lakin pul müqabilində müxtəlif yerlərdə fəhləlik edərək özünə maddi qazanc əldə edir. Zərərçəkmiş şəxs onun həmkəndlisidir. Onun Yadigar ilə əvəllər heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. Onun Qazax rayonu Hüseynbəylli kənd ərazisində yerləşən pay torpaq sahəsi ilə Zərərçəkmiş şəxsa məxsus torpaq sahəsi bitişikdir. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində atı torpaq sahəsinə otlaması üçün aparmış, at bir gün müddətinə yəni xx.xx.2023-cü il tarixədək orada qaldıqdan sonra saat 13 radələrində əraziyə gedərək atını yaşadığı evə aparmışdır. Həmin gün, saat 17 radələrində yaşadığı evdə olan zaman Yadigar zəng edərək atının ona məxsus torpaq sahəsinə keçdiyini, orada olan üzüm ağacının bir neçə ədədini sındırdığını deyib onun ünvanına nalayiq ifadələr işlədərək torpaq sahəsinə gəlməsini istəmiş, o da at arabası ilə Yadigarın olduğu torpaq sahəsinə getmiş, saat 17:30 radələrində Yadigarın yanına çatmış, Yadigar onu görər-görməz ünvanına yenidən nalayiq ifadələr işlətməyə başlamış və üzərinə gəlmiş, o, at arabasında olan ağac parçasını götürmüş və Yadigarın onu döyməsindən qorxub ağac parcası ilə Yadigarın sol qol nahiyyəsinə bir neçə dəfə vurmuş, mübahisə zamanı ətraf ərazidə heyvan otaran həmkəndliləri Asif və Nicat onların dava etdiyini görüb yanlarına gəlmiş və onları ayırmışdır. Sonradan törətdiyi əməlindən peşman olmuş, Zərərçəkmiş şəxs üzr istəmiş, ona vurduğu ziyanı ödəmiş, Zərərçəkmiş şəxs də onu bağışlamışdır. Barəsində olan işə xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Qazax rayonu, Hüseynbəyli kəndində yaşayır, Az.Ros.Bentanit MMC-də növbə rəisi işləyir. Təqsirləndirilən şəxs onun həmkəndlisidir və sonuncu ilə əvəllər heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. Onun Qazax rayonu, Hüseynbəyli kənd ərazisində pay torpaq sahəsi var və həmin torpaq sahəsində üzümçülüklə məşğul olur. Sarvan bir neçə dəfə özünə məxsus atı ondan xəbərsiz ona məxsus torpaq sahəsinə saldığı üçün at bir neçə ədəd üzüm ağaclarını sındırmışdır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində torpaq sahəsinə nəzarət etmək üçün getmiş və yenə də bir neçə üzüm ağacının sınmış vəziyyətdə olduğunu görmüş, Sarvanın mobil telefonuna zəng etmiş və hadisə ilə bağlı sonuncu ilə söz mübahisəsi etmiş, əsəbi olduğundan Sarvanın ünvanına təhqiredici ifadə işlətmiş, sonuncuya torpaq sahəsində onu gözlədiyini demişdir. Sarvan telefon danışığından təxminən 30 dəqiqə sonra özünə məxsus at arabası ilə onun olduğu əraziyə gəlmiş, orada Sarvanla atın üzüm ağaclarını sındırması üstündə mübahisə olmuş Sarvan at arabasında olan ağac parçasını götürərək onun sol qoluna bir neçə zərbə vurmuş, bu vaxt ətraf ərazidə mal-qara otaran Asif, Sərdar və Nicat yanlarına gələrək onları ayırmışlar. Sonradan Təqsirləndirilən şəxs ondan üzr istəmiş, ona dəymiş maddi ziyanı tamamilə ödəmiş, o da Təqsirləndirilən şəxsla barışmışdır, sonuncudan şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsində olan işə xitam verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilən ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır. Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur, ona dəymiş ziyan tam olaraq ödənilmişdir, Təqsirləndirilən şəxs barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilən ərizədən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmış və Zərərçəkmiş şəxs ondan heç bir şikayəti və tələbi yoxdur. Ona görə də barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 357 nömrəli ekspert rəyindən məlum olmuşdur ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər:-Sol saidin yuxarı 1/3-nin arxa səthinin tikişə ehtiyacı olan əzilmişcızılmış yarası küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Həmçinin sağ saidin orta 1/3-nin bayır səthinin qançırı isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Qazax RİHB-nın Hüseynbəyli kənd İƏD-si üzrə nümayəndəliyinin verdiyi 06 noyabr 2023-cü il tarixli, 5-58-14-12-21/2-874/2023 saylı arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Qazax rayonu Hüseynbəyli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. X1, X2 və X5 tərkibdə ailə üzvləri vardır. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsi və zərərçəkmiş şəxsin ifadəsi, həmçinin işdə olan təkzib olunmaz digər obyektiv dəlillərlə və iş materialları ilə tam sübuta yetirilir, onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrini dinləyib, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin ərizələrini nəzərdən keçirib, habelə iş materiallarındakı sənədləri araşdırıb hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə cinayət məsuliyyətindən azad edilmə əsasları ilə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətə Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən:Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar