Azərbaycan Respublikası adından HÖKM Qax rayonu İş № 1(024)-13/2024 04.04.2024 QAX RAYON MƏHKƏMƏSİ saat: 12:30-da Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi mülki iddiaçı Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs-xx.xx.1991-ci ildə Şəki rayonu Baş Şabalıd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, Şəki rayonu Baş Şabalıd kəndində pasport qeydiyyatında olmaqla, orada yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş. Onun Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Təqsirləndirilən şəxs zərərçəkmiş hüquqi şəxsə məxsus əmlakı gizli yolla talayaraq oğurluq cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs qəsdən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə 04 sentyabr 2023-cü il tarixdə, saat 11:00 radələrində Zərərçəkmiş şəxs şirkətinin Qax şəhəri, Heydər Əliyev prospekti 81A ünvanında yerləşən filialına müştəri kimi daxil olaraq, əvvəlcə satışda olan elektrik əşyalarına baxmış, daha sonra orada olan satıcının digər müştərilərə diqqətini ayırmasından istifadə edib telefonların satışı üçün yerləşdirilən açıq vitrindən 1 ədəd dəyəri 1399,99 (bir min üç yüz doxsan doqquz manat doxsan doqquz qəpik) manat olan “XİAOMİ 12X” markalı mobil telefonu gizli yolla talayaraq zərəçəkmiş Zərərçəkmiş şəxs-yə ümumilikdə 1399,99 (bir min üç yüz doxsan doqquz manat doxsan doqquz qəpik) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 04 sentyabr 2023-cü il tarixdə Qax rayonu, Ləkit kəndində yaşayan xalası Tahirə Yusifovanı görməyə gəlmişdir. Həmin günü evə qayıtdığı üçün Qax rayonu, Ləkit kəndindən avtobusla Qax şəhərinə gəlmiş, Qax şəhəri, Heydər Əliyev prospekti ilə hərəkət edərkən qarşısına çıxan “Soliton” adlı telefon mağazasını görərək telefon oğurlamaq qərarına gəlmişdir. Telefonu olmadığından vitrində olan telefonlara baxmış və 1 (bir) ədəd XİAOMİ 12X modelli telefon xoşuna gəlmişdir. Satıcının başının qarışmasından istifadə edib ilk növbədə telefonun arxasında olan təhlükəsizlik naqilini ayırıb yenidən telefonu yerinə qoymuş, daha sonra mağazada olan digər əşyalara baxaraq satıcının başının qarışmasını gözləmiş, bir müddət sonra mağazada başqa müştərilər olduğundan satıcının başının qarışdığını görərək yenidən həmin mobil telefon olan yerə qayıdıb vitrində olan təhlükəsizlik naqilini əvvəlcədən ayırdığı 1 (bir) ədəd XİAOMİ 12X modelli telefonu vitrindən oğurlayaraq cibinə qoymuşdur. Bundan sonra mağazanı tərk etmişdir. Daha sonra isə Qax rayon polis şöbəsinə dəvət edilmiş və orada oğurluq etdiyini etiraf etmişdir. Oğruladığı moblil telefonu zərərçəkmiş şəxsə geri qaytarmışdır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi mülki iddiaçı Nümayəndə ifadəsində göstərdi ki, rəsmi olaraq Soliton LTD şirkətinin Qax rayon filialında nəzarətçi vəzifəsində işləyir. Mağazada ondan başqa 3 işçi vardır. Hadisə baş verən günü, yəni 04 sentyabr 2023-cü il tarixdə saat 11 radələrində texniki işlərlə bağlı mağazada olmamış, işçilərdən Şahid işdə olmuşdur. 05 sentyabr 2023cü il tarixdə səhər saatlarında mağazada olan zaman vitrində olan bir ədəd XİAOMİ 12X modelli telefonun olmadığı müəyyən olunmuş, kameralara baxış keçirən zaman 04 sentyabr 2023-cü il tarixdə mağazada işçilərdən yalnız Esmira olduğu müddətdə saat 11 radələrində bir nəfər müştərinin telefonun arxasındakı təhlükəsizlik naqilini ayırıb telefonu yerinə qoymasını, daha sonra həmin şəxsin yenidən başqa texnikalara baxaraq naqilini ayırdığı telefona yaxınlaşıb həmin telefonu, yəni XİAOMİ 12X modelli dəyəri 1400 manatlıq telefonu oğurlayaraq mağazadan çıxıb getməsini müşahidə etmişlər. Bundan sonra polisə şikayət etmişlər. XİAOMİ 12X markalı mobil telefon Bakı şəhərindən şirkətin özü tərəfindən göndərilmiş, telefonun qiyməti isə şirkətin göndərdiyi qaimədə qeyd olunmuşdur. Həmin qaimə məhkəməyə təqdim olunmuşdur. Təqsirləndirilən şəxs telefonu geri qaytarsa da telefon istifadə edilmiş və bir-neçə yerdən zədələnmişdir. Məhkəmədən Təqsirləndirilən şəxs qanuni cəza verilməsini və mülki iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Şahid ifadəsində göstərdi ki, o Soliton LTD şirkətinin Qax rayon filialında kredit mütəxəssisi vəzifəsində işləyir. Mağazanın rəhbəri Nümayəndədur. 04 sentyabr 2023-cü il tarixdə, təxminən saat 11 radələrində işdə olmuşdur. 05 sentyabr 2023-cü il tarixdə səhər saatlarında mağazada olan zaman vitrində olan bir ədəd XİAOMİ 12X modelli telefonun olmadığı müəyyən olunmuş, kameralara baxış keçirən zaman 04 sentyabr 2023-cü il tarixdə mağazada işçilərdən yalnız özünün olduğu müddətdə saat 11 radələrində bir nəfər müştərinin vitrində olan telefonlara baxmasını, arxasındakı təhlükəsizlik naqilini ayırıb telefonu yerinə qoymasını, daha sonra isə başqa əşyalara baxaraq naqilini ayırdığı telefona yaxınlaşıb XİAOMİ 12X modelli dəyəri 1400 manatlıq telefonu oğurlayaraq mağazadan çıxıb getməsini müşahidə etmişlər. Hadisə baş verən günü başqa müştərilərlə məşğul olmuş, müştərinin telefonu oğurladığını görməmişdir. İşin 5-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş 05 sentyabr 2023-cü il tarixli əşyanın könüllü təqdim edilməsi barədə protokoldan görünür ki, Nümayəndə işlədiyi telefon mağazasından oğurlanan 01 (bir) ədəd XİAOMİ 12X markalı mobil telefonun qutusuna baxış keçirilmiş və baxış keçirilərkən XİAOMİ 12X markalı mobil telefonun İMEİ 1 kodunun **********717 nömrəli olması və İMEİ 2 kodunun **********122725 nömrəli olması müəyyən olunmuşdur. İşin 42-45-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş götürmə aparılması barədə protokoldan görünür ki, 20 sentyabr 2023-cü il tarixli götürmə aparılması haqqında qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 sentyabr 2023-cü il tarixdə, saat 11:00 radələrində Soliton LTD şirkətinin Qax rayon filialına daxil olaraq vitrində olan 01 (bir) ədəd oğurladığı XİAOMİ 12X markalı mobil telefonu təqdim etmiş və həmin XİAOMİ 12X markalı mobil telefon ondan maddi sübut kimi götürülmüşdür. İşin 5-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş video görüntünün könüllü təqdim edilməsi zamanı baxış keçirilməsi və götürülmə haqqında protokoldan görünür ki, Nümayəndə tanımadığı şəxsin 04 sentyabr 2023-cü il tarixdə, saat 11:00 radələrində onun işlətdiyi Soliton LTD şirkətinin Qax rayon filialına müştəri kimi daxil olaraq telefonların satışı üçün yerləşdirilən vitrindən 1 ədəd dəyəri 1400 (min dörd yüz) manat olan XİAOMİ 12X markalı mobil telefonu oğurlaması ilə əlaqədar olaraq qeydə alınmış video müşahidə kamerasının görüntülərini təqdim etmiş, həmin görüntülərə baxış keçirilmiş və baxış zamanı 1 nəfər şəxsin filiala daxil olaraq vitrində olan telefonlara baxması, həmin vaxtı mağazada 1 nəfər xanım satıcının olması, həmin şəxsin vitrində olan telefonun birinin arxasındakı naqilini telefondan ayırıb yenidən yerinə qoyması, daha sonra mağazada gəzməsi, mağazada olan satıcı xanımın digər müştərilərlə maraqlanmasını, yenidən həmin şəxsin vitrində olan telefonlara yaxınlaşıb əvvəlcədən elektrik naqilini ayırdığı telefonu oğurlayıb əynindəki şalvarın sağ yan cibinə qoyması, daha sonra mağazanı tərk etməsi öz əksini tapmışdır. İşin 137-140-cı vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X2 29 noyabr 2023-cü il tarixli, 184 nömrəli rəyindən görünür ki, ekspert komissiyası cinayət işi materiallarını, həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin, hal-hazırkı stasionar məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sualları aşağıdakı kimi cavablandırır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs “Yüngül kəmağılllıq” formasında əqli gerilik müəyyən edilir. Kəmağıllıq uşaqlıqdan yaranan və ömür boyu davam edən psixi patalogiyadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham edilən cinayət əməlini törədərkən o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Lakin, Təqsirləndirilən şəxs aşkarlanan yüngül kəmağıllıq cinayət hadisəsini törətdiyi dövrdə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarından məhrum etmişdir. Buna görə də anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür. Hal-hazırki psixi vəziyyətinə görə Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İşin 143-cü vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs şirkətinin Qax filialına məxsus Təqsirləndirilən şəxs oğurladığı 1 ədəd XİAOMİ 12 X markalı mobil telefon maddi sübut hesab edilmiş və filialın nümayəndəsi Nümayəndə geri qaytarılmışdır. İşin 144-cü vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Zərərçəkmiş şəxs şirkətinin Qax filialının nümayəndəsi Nümayəndə tərəfindən imzalanmış qəbzdən görünür ki, o Təqsirləndirilən şəxs oğurladığı 1 ədəd XİAOMİ 12 X markalı mobil telefonu istintaq orqanından təhvil almışdır. İşin 85-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş cinayət işi materiallarına əlavə edilmiş Şəki RMX-dan daxil olmuş 02 oktyabr 2023-cü il tarixli, 18-1-71/2-755/2023 nömrəli məktubdan görünür ki, Şəki RMX-dan daxil olmuş 02 oktyabr 2023-cü il tarixli, 18-1-71/2-755/2023 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Poliklinika şöbəsinin Narkologiya və Psixiatriya kabinetinə müraciət etməmiş və qeydiyyatda yoxdur. İşin 102-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 13 oktyabr 2023-cü il tarixli 9/7554 saylı məhkəməəmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, 13 oktyabr 2023-cü il tarixli, 9/7554 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 01 ədəd istifadədə olmuş, “Xiaomi” markalı, “2112123G” model mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması nəzərə alınmaqla 2023-cü ilin sentyabr ayına olan orta bazar qiyməti təxminən 1200, 00 manat müəyyən olunur. İşin 101-ci vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə ekspertiza xərcləri 50 (əlli) manat təşkil edir. İşin 86-cı vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Şəki ŞİHB-nın Baş Göynük kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi 09 oktyabr 2023-cü il tarixli 1157 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şəki rayonu Baş Göynük kəndində yaşayır. İşin 87-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Şəki ŞİHB-nın Baş Göynük kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin 80-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİ İdarəsinin verdiyi xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, məhkəmə iclasında toplanmış sübutların toplusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.1-ci maddəsində nəzərdə tutuan cinayət əməlini törətməsi sübuta yetirilmişdir. Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamanın yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakının gizli talanmasına görə Cinayət Məcəlləsinin 177.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarının 1-ci bəndinə görə məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin Qərarın 19-cu bəndində göstərilir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəməsini CM-nin 59.1.14-cü, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, ilk dəfə az ağır cinayət törətməsini CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzа təyin edərkən ona hаnsı növ cəzаnın təyin оlunmаsı məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah оlunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi mаddənin sаnksiyаsında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzа təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hаllаrını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Şəki rayonunun ərazi hüdudlarını tərk etməmək, eləcə də Şəki rayonu Baş Göynük kəndində yerləşən yaşayış evini gecə vaxtı saat 22:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəkməli, hökmün icrası Təqsirləndirilən şəxs yaşayş yeri üzrə Şəki rayonu üzrə icra və probasiya şöbəsinə həvalə edilməli, cəzasının əvvəli icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkаn tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. İş üzrə olan 50 (əlli) manat məbləğində ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. İş üzrə maddi sübut olan 01 ədəd “Xiaomi 12X” markalı mobil telefon zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə geri qaytarılması nəzərə alınmalı və Təqsirləndirilən şəxs Soliton LTD şirkətinin Qax rayon filialından telefon oğurlaması ilə bağlı kamera görüntülərini əks etdirən 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxanılmalıdır. Məhkəmə mülki iddia ilə bağlı qeyd edir ki hər bir şəxs iddia tələbi ilə məhkəməyə müraciət etdikdə, tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. İddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, iddia edənin üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsinin «Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Sübutetmə yükü üzərinə düşən mülki iddiaçı Nümayəndə tərəfindən 01 ədəd “Xiaomi 12X” markalı mobil telefona dəymiş ziyanla bağlı məhkəməyə hər hansı əsaslı və mötəbər sübut təqdim edilməmişdir. Əksinə işin araşdırılan həqiqi halları və işdə olan digər sübutlarla müəyyən edildi ki, 01 ədəd “Xiaomi 12X” markalı mobil telefon mülki iddiaçıya geri qaytarılmışdır. Ona görə də mülki iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 89.2-ci maddəsinə əsasən Mülki iddiaçı qismində tanınma haqqında qərar təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən qəbul edilir. İddia ərizəsi verdiyi anda şəxsin mülki iddiaçı qismində tanınmasına əsaslar kifayət deyilsə, həmin qərar kifayət qədər əsaslar müəyyən edilən kimi dərhal qəbul olunur. Həmin Məcəllənin 179.1-ci maddəsinə əsasən Cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: Həmin Məcəllənin 181.1.1-ci maddəsinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda. Həmin Məcəllənin 181.1.2-ci maddəsinə əsasən ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Həmin Məcəllənin 183.1-ci maddəsinə əsasən Cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Yuxarıda qeyd edilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 356-358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə gün ərzində yaşadığı Şəki rayonunun ərazi hüdudlarını tərk etməmək, eləcə də yaşayış yeri olan Şəki rayonu Baş Göynük kəndində yerləşən yaşayış evini saat 22:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzasının əvvəli icra və probasiya orqanında qeydiyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinə tapşırılsın. İş üzrə olan 50 (əlli) manat məbləğində ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin müvafiq hesabına köçürülsün. İş üzrə maddi sübut olan 01 ədəd “Xiaomi 12X” markalı mobil telefon zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə geri qaytarılması nəzərə alınsın və Təqsirləndirilən şəxs Soliton LTD şirkətinin Qax rayon filialından telefon oğurlaması ilə bağlı kamera görüntülərini əks etdirən 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxanılsın. İş üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs-nin Qax rayon filialının adminstratoru Nümayəndə Təqsirləndirilən şəxs qarşı “Soliton LTD-nin Qax filialına dəymiş 1399.99 manat vəsaitin təqsirkar Təqsirləndirilən şəxs və ya onun qəyyumu olan atası Şakir Ququşovdan alınıb filiala verilməsi tələbi”nə dair mülki iddiası təmin edilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən göstərilən müddətdə аpellyаsiyа şikаyəti və ya prоtesti verilmədikdə, həmin müddət bаşа çаtdığı vаxtdаn sоnrаkı gün hökm qаnuni qüvvəyə minir. Hakim: Malik Qarayev
Məhkəmə qərarları › İş №1(024)-13/2024
Qax Rayon Məhkəməsi Hökm — İş №1(024)-13/2024
04.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver