Məhkəmə qərarları › İş №1(024)-14/2025

Qax Rayon Məhkəməsi Qərar — İş №1(024)-14/2025

06.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 1(024)-14/2025 06.03.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Xüsusi ittihamçı X3, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X4 iştirakı ilə 11 avqust 1976-cı il tarixdə Qax rayonunda doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, əvəllər məhkum olunmamış, Qax İngiloy kəndində yaşayan-X4 barəsində Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Xüsusi ittihamçı X5 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, Qax rayonu, Qaxingiloy kəndində doğulmuş, X6 tərəfindən 2024-cü ilin sentyabr ayında özünə məxsus «Facebook» sosial şəbəkəsində yaymış olduğu böhtan və təhqir xarakterli məlumatlarla bağı onun barəsində Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət təqibinin başlanması, sonuncunun eyni maddələr üzrə cinayət məsuliyyətinə cəlb olunması və barəsində ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında X5 ərizəsini onunla əsaslandırmışdır ki, Qax rayonu, Qaxıngıloy kəndində qeydiyyatda olan və yaşayan N.Ş.Nəzirl özünün «Facebook» səhifəsində 2024-cü ilin sentyabr ayında onun barəsində həqiqəti əks etdirməyən yalan, böhtan və təhqir kimi ifadələr işlətmişdir. Bunu onlarla insan oxumuş və bilər bilməz rəylər yazmışlar. N.Ş.Nəzirli onun fəaliyyətinə, şəxsiyyətinə, şərəf və ləyaqətinə, həqiqətə uyğun olmayan təhqiramiz sözlərlə və böhtanlarla hər kəsin də görə və oxuya biləcəyi şəkildə onu təhqir etmiş, yalan informasiyalar yerləşdirmişdir. Haqqında həqiqətə uyğun olmayan yazışmaya görə mənəvi sarsıntı keçirdərək, rüsvay olmuş, onu tanıyanlar həmin böhtanların həqiqət olmasına inana bilərlər. Buda ona qarşı çox böyük haqsızlıqdır. Bu baxımdan da məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. N.Ş.Nəzirli onun barəsində yalan olduğunu bilə-bilə, onun ləyaqətini ləkələyən, nüfuzdan salan, təhqir və böhtan xarakterli məlumatları sosial şəbəkələrdə yaymaqla, onun cəmiyyətdə, dostlarının əhatəsində şərəf və ləyaqətini alçaltmış sahibkarlıq sahəsində nüfuzdan salaraq işgüzar nüfuzuna xələl yetirmişdir. Onun barəsində N.Ş.Nəzirli tərəfindən yayılmış böhtan və təhqir xarakterli məlumatlar aşağıdakılardan ibarətdir: onun Afrika qapılarının satdığı, Belarus qapısı göstərib axırda qorillanın ağzından çıxmış zay qapılar çatdırdığı, qapı istəyənlər həmin mağazaya yönünüzü belə çevirməyin deyə ifadə işlətməsi eyni zamanda onu fırıldaqçı adlandırması, onu nağıl danışan kimi tanıtması və ən nəhayət işlədiyi obyektlə bağlı ironiyalı və təhdid edici formada pole çudes yuvasının axırına çıxacam kimi ifadə işlətməsi ona qarşı təhqir və böhtan dolu məlumatların yayılmış hesab edilməlidir. Məhkəmədən şikayətin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında X6 şikayəti qəbul etməyərək şikayətin əsassız olduğunu bildirərək, şikayətin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cinayət Prosessual Məcəlləsinin 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. 302.1. Aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4.cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7.şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 302.1.8. şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. Həmin Məcəllənin 302.2-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: 302.2.1. bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.2. bu Məcəllənin 302.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.3. bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. Həmin Məcəllənin 37.2-ci maddəsinin tələbinə görə xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma-min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə, 147.2. ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma-iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə, 148 təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma-min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı reaksiyadır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və subyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Xüsusi ittiham qaydasında həyata keçirilən cinayət təqibi dedikdə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində birbaşa ziyan vurulmuş zərərçəkmiş şəxsin şikayəti əsasında Cinayət Məcəlləsinin 147, 148, 165.1, 166.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət təqibi başa düşülür. Xüsusi ittiham qaydasında şikayətə baxılması zamanı məhkəmə müşavirə otağına gedənədək zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda cinayət təqibinə xitam verilir. Cinayət Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Həmin Məcəllənin 74.4-cü maddəsinə əsasən cinayətin törədildiyi yeri müəyyən etmək mümkün olmadıqda, cinayət işi həmin işin məhkəməyədək icraatının başa çatdığı yer üzrə fəaliyyət göstərən məhkəməyə aiddir. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» 3 saylı, 21 fevral 2014-cü il tarixli qərarından görünür ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmunu Cinayət Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrin tələblərinə uyğun olub-olmaması yoxlanılır. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədkidə, habelə Cinayət Prosessual Məcəlləsinin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqqında əsaslandırılmış qərar qəbul edir. İnsanın şərəfi, ləyaqəti və nüfuzu hüququn ən ali bəşəri dəyərlərindən hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının (bundan sonra Konstitusiyanın) 46-cı maddəsində, Birləşmiş Millətlər Təşkilatının 10 dekabr 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və 16 dekabr 1966-cı il tarixli «Mülki və siyasi hüquqlar haqqında» Beynəlxalq Paktda, «İnsan Hüquqlarının və X2 haqqında» Avropa Konvensiyasında (bundan sonra Konvensiyada) təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququ ilə əlaqədar olaraq qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. İnsanın şərəfi, ləyaqəti və nüfuzu birbiri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfındən müdafıə olunur. Konstitusiya fıkir və söz, məlumat və yaradıcılıq azadlıqlarını həyata keçirərkən hər kəsdən qanunlara riayət etməsini və başqalarının hüquqlarına hörmətlə yanaşmasını tələb edir. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Xüsusi ittiham qaydasında şikayətlər üzrə işlərə baxarkən hər kəsin toxunulmazlığının, şərəf və ləyaqətinin, habelə Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş digər hüquqlarının məhkəmə müdafiəsinin təmin edilməsi üçün qanunvericiliyin tələblərinə əməl etməlidirlər. Cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Xüsusi ittiham qaydasında şikayətlər əsasında işlərə baxılarkən yayılmış məlumatların təhqir və ya tənqid xarakterli olmasına, onların xüsusi ittihamçının şəxsi və ya ictimai həyatına, siyasi fəaliyyətinə müdaxilə olub-olmamasına diqqət yetirilməlidir. Nəzərə alınmalıdır ki, Avropa Məhkəməsinin presedent hüququna görə, ifadə azadlığının həyata keçirilməsi özündə məsuliyyət və öhdəlikləri ehtiva edir, Konvensiyanın 10-cu maddəsi ilə jurnalistlərə verilən təminat isə onunla şərtlənir ki, onlar jurnalist etikasına müvafiq olaraq düzgün və etibarlı məlumatı təqdim etmək məqsədilə vicdanla fəaliyyət göstərsinlər (Radio Frans və digərləri Fransaya qarşı, §37). Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Şikayəti nəzərdən keçirərkən müəyyən oldu ki, şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş tam və dolğun, şikayətin verildiyi tarix (il, ay və gün) və yer müəyyən edilməmiş və göstərilməmişdir. Xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti Cinayət Prosussual Məcəlləsinin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) təhqir və böhtan xarakterli məlumatı yaymış şəxs özünü bəlli etmədikdə, belə məlumatlar anonim şəkildə yayılmış məlumatlar hesab edilir, onların yayılması ilə bağlı xüsusi ittiham qaydasında verilmiş şikayət isə-CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olmayan şikayət kimi qiymətləndirilir. Belə hallarda məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar qəbul edir. Xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Məhkəmə iclasında müəyyən edilmiş hallara, iş materiallarına, tərəflərin çıxışına hüquqi qiymət verərək məhkəmə hesab edir ki, xüsusi ittihamçı X3 xüsusi ittiham qaydasında Qax rayonu, Qaxingiloy kəndində doğulmuş, X6 tərəfindən 2024-cü ilin sentyabr ayında özünə məxsus «Facebook» sosial şəbəkəsində yaymış olduğu böhtan və təhqir xarakterli məlumatlarla bağı N.Ş.Nəzirli barəsində Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət təqibinin başlanması, onun eyni maddələr üzrə cinayət məsuliyyətinə cəlb olunması və barəsində ittiham hökmü çıxarılmasını barədə xüsusi ittiham qaydasında şikayət Cinayət Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrin tələblərinə uyğun olmadığına görə məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 293, 299, 300, 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Xüsusi ittihamçı X3 xüsusi ittiham qaydasında Qax rayonu, Qaxingiloy kəndində doğulmuş, X6 tərəfindən 2024-cü ilin sentyabr ayında özünə məxsus «Facebook» sosial şəbəkəsində yaymış olduğu böhtan və təhqir xarakterli məlumatlarla bağı N.Ş.Nəzirli barəsində Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət təqibinin başlanması, onun eyni maddələr üzrə cinayət məsuliyyətinə cəlb olunması və barəsində ittiham hökmü çıxarılmasını barədə xüsusi ittiham qaydasında şikayət Cinayət Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrin tələblərinə uyğun olmadığına görə məhkəmənin icraatına qəbul edilməsindən imtina olunsun. Qərarın surəti xüsusi ittiham qaydasında şikayət vermiş şəxsə və barəsində xüsusi ittiham qaydacında şikayət verilmiş şəxsə göndərilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərardan həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar