Azərbaycan Respublikası adından HÖKM Qax rayonu İş № 1(024)-15/2025 24.04.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi, Dövlət ittihamçısı, Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə xx xxxxxxx 1998-ci il tarixdə Qax şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq, satış məqsədi olmadan 2024-cü ilin avqust ayının sonlarında dəqiq günü istintaqa məlum olmayan vaxtda Qax rayonu, Əlibəyli kəndi ərazisində yerləşən kolluq ərazidə qarşısına çıxmış yabanı halda bitmiş narkotik tərkibli çətənə bitki kolunun yarpaqlarını yığıb həmin yerdə sərib qurutmuş, bundan sonra qurutduğu narkotik vasitə olan qurudulmuş marixuananı 01 (bir) ədəd sellofan torbaya yığaraq Qax şəhərində yerləşən «Şəki» yolu adlanan ərazidəki dəmir körpünün altında gizlədərək saxlamış, daha sonra həmin 01 (bir) ədəd sellofan torbada saxladığı narkotik vasitə olan qurudulmuş marixuananı həmin yerdən götürüb başqa yerdə saxlamaq məqsədilə üzərində daşımış, 13 fevral 2025-ci il tarixdə, saat 00:10 radələrində Qax RPŞ-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Qax şəhəri, Azərbaycan prospektində saxlanılaraq Qax Rayon Polis Şöbəsinə gətirilmiş, onun üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkcənin sağ iç cibindən 01 (bir) ədəd sellofan torbada ümumi təmiz çəkisi 450 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, ayda 3-4 dəfə narkotik vasitə olan marixuana qəbul edir. Balıq tutmaq həvəskarı olduğundan 2024-cü ilin avqust ayının sonunda tarixini dəqiq xatırlmadığı vaxtı Qax rayonu, Əlibəyli kəndinin ərazisində yerləşən buğdalıq sahəsindən balıq tutmaq üçün qurd yığmağa gedəndə oradakı kolluq sahənin ətrafında yabanı halda bitmiş çətənə kolları görmüşdür. Əvvəllər də bir-neçə dəfə narkotik vasitə olan marixuanadan istifadə etdiyi üçün çətənə bitkisini tanımışdır. Həmin yabanı çətənə kollarından bir ədəd böyük kolun yarpaqlarını qoparmış və oradan axan çayın kənarına sərib qurutmuşdur. Daha sonra 2024-cü ilin avqust ayının sonunda gününü dəqiq xatırlamadığı vaxtı həmin yerə gəldikdə narkotik tərkibli çətənə bitki kolunun yarpaqlarının qurumasını görmüş və onları özü ilə oraya gətirdiyi göy rəngli sellofan torbanın içərisinə yığaraq Qax şəhərində yerləşən «Şəki» yolu adlanan ərazidəki dəmir körpünün altında gizlətmişdir. 2024cü ilin dekabr ayının sonunda sellofan torbadan bir dəfə istifadə edəcək qədər qurumuş marixuana götürmüş və heç kim olmayan yerdə istifadə etmişdir. 12 fevral 2025-ci il tarixdə, təxminən saat 23:00 radələrində Qax şəhərində yerləşən «Şəki» yolu adlanan əraziyə gedərək oradakı dəmir körpünün altında gizlətdiyi narkotik vasitədən istifadə etmişdir. Daha sonra həmin narkotik vasitəni həmin yerdən götürüb daha etibarlı yaxın bir yerdə gizlətməsini düşünmüş, həmin yerdən uzaqlaşaraq evə getmişdir. Növbəti günü 13 fevral 2025-ci il tarixdə həmin yerə getmiş, narkotik vasitəni sellofan torba ilə birlikdə götürərək Qax şəhəri, Azərbaycan prospekti ilə piyada üzü Qax şəhəri istiqamətində hərəkət etmişdir. İçərisində narkotik vasitə olan sellofan torbanı əynində olan qara rəngli gödəkcənin sağ iç cibinə qoymuşdur. 13 fevral 2025-ci il tarixdə, təxminən saat 00:10 radələrində Qax RPŞ-in əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və üzərində narkotik vasitəni qanunsuz gəzdirdiyinə görə şübhəli olduğunu və Qax RPŞ-nə gedərək üzərinə baxış keçirərək şöbəyə dəvət etmişlər. Polis şöbəsinin inzibati binasında vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə onun üzərində şəxsi axtarış keçirilmiş və ona üzərində olan əşyaları təqdim etməsi təklif edilmişdir. O da əynində olan qara rəngli qış gödəkcəsinin sağ iç cibindən içərisində narkotik vasitə olan həmin göy rəngli sellofan torbanı çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin narkotik vasitəni öz şəxsi istifadəsi üçün saxlamışdır. Hal-hazırda törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Qax X5 X1 baş məsləhətçisi vəzifəsində işləyir. Polis əməkdaşları onu Qax rayonu, Əlibəyli kəndi ərazisində yerləşən kolluq əraziyə baxış keçirilməsində aqronom kimi dəvət etmişdir. Həmin dəvəti qəbul etmişdir. Daha sonra polis əməkdaşları ilə birlikdə Qax rayonu, Əlibəyli kəndi ərazisində yerləşən kolluq əraziyə yollanmışdır. Həmin yerdə kolluq sahəyə baxış keçirmişdir. Baxış zamanı polis əməkdaşlarına həqiqətən də orada yabanı halda narkotik vasitə olan çətənə kollarının bitməsinin mümkün olduğunu demişdir. Bundan sonra bu barədə protokol yazıb iştirakçılara ucadan oxunmuş, heç bir şikayət və təklif daxil olmamış, özü və digər iştirakçılar protokola imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 13 fevral 2025-ci il tarixdə ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, üzərində narkotik vasitə olan qurudulmuş marixuana saxlaması bardə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunaraq onun cinayət başında yaxalanması məqdəsi ilə polis əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmış və qrup üzvlərinə tədbir zamanı şəraitdən asılı olaraq davranış qaydaları izah edilmişdir. Bundan sonra Qax RPŞ-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində 13 fevral 2025-ci il tarixdə, təxminən saat 00:10 radələrində Təqsirləndirilən şəxs Qax şəhəri ərazisində saxlanılaraq polis şöbəsinə dəvət olunmuşdur. Polis şöbəsində onun üzərində Qax rayon polis şöbəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı R.F.Bayramov tərəfindən şübhəli şəxs kimi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı video çəkilişdən istifadə edilməsi barədə Təqsirləndirilən şəxs xəbərdarlıq edilmiş, hüquq və vəzifələri ona izah edilmişdir, üzərində olan əşyaları təqdim etməyi bildirilmişdir. O da əynində olan qara rəngli gödəkcənin sağ iç cibindən göy rəngli sellofan torbanı çıxardıb təqdim etmişdir. Onun üzərində Qax rayon polis şöbəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı R.F.Bayramov tərəfindən əlavə olaraq şəxsi axtarış aparılmış, lakin üzərindən hər hansı başqa maddi sübut əhəmiyyətli əşya aşkar edilməmiş və götürülməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) ədəd göy rəngli sellofan torbanın içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Ondan aşkar olunan kütlənin nə olması soruşulmuşdur. Təqsirləndirilən şəxs həmin sellofan torbada olan kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, narkotik vasitə olan qurudulmuş marixuananı Qax rayonu, Əlibəyli kəndi ərazisində kolluq ərazidə yabanı halda bitmiş narkotik tərkibli çətənə bitki kollarının yarpaqlarını yığaraq qurutduğunu və üzərində daşıdığını demişdir. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X4 Bölməsinin 17/127 №li, 13 fevral 2025-ci il tarixli məhkəmə bioloji ekspertizası, «narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının güclü təsir edən və zəhərli maddələrin, dərman vasitələrinin tədqiqi» ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs üstündən aşkar olunan narkotik vasitəyə bənzər ümumi çəkisi 480 qram olan kütlə aşağıda adları qeyd olunan şəxslərin iştirakı ilə baxış keçirərkən qablaşdırıldı» yazısı, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd sellofan torbada, təmiz çəkisi 450.0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi-450.0 qram, tədqiqata sərf edildi-0.10 qram, qalıq-449.90 qram, İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Gəncə şəhəri, Narkoloji Dispanserin 266 №li, 19 fevral 2025-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 20 fevral 2025-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş bir ədəd DVD diskə köçürülmüş görüntülərdən görünür ki, xidməti otaqda şəxsi axtarış zamanı video çəkilişdən istifadə edilməsi barədə Təqsirləndirilən şəxs xəbərdarlıq edilmiş, hüquq və vəzifələri ona izah edilmişdir. Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməyi bildirilmişdir. O üzərindən, yəni ki, əynində olan qara rəngli gödəkcənin sağ iç cibindən 01 ədəd sellofan torbada narkotik vasitə olan qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Qax şəhər İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Qax şəhəri İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyə heç bir şikayət ərizəsi daxil olmamışdır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş təqsirləndirilən şəxsin etirafedici, şahid ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyləri, baxış keçirilən zaman çəkilmiş videogörüntü və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı reaksiyadır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs təqsirliyi Cinayət Prosessual Qanunvericiliklə müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmənin ittiham hökmü ilə cinayət işi mahiyyət üzrə həll edilir və hökmdə cinayət hadisəsinin baş verməsi, həmin hadisənin məhz təqsirləndirilən şəxs tərəfindən törədilməsi və ona cəza təyin edilməsi məsələləri öz əksini tapır. Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir. Cinayət əməli iki əlamətin-əməlin təqsirli və cəzalandırılması olması kimi əlamətlərini özündə əks etdirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, onun müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 02 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, qanunverici Cinayət Məcəlləsinin 59.1.1- 59.1.10-cu maddələrində cəzanın yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədinin özünün və cinayət əməlinin təhlükəliyini azaldan və cinayət tərkibindən kənara qalan müxtəlif hallardır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəza təyin olunarkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibətin göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara diqqət yetirilməlidir. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamın 1.1-ci maddəsinə əsasən həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətlərə baxılarkən ilk növbədə digər qətimkan tədbirlərinin seçilməsi mümkünlüyü araşdırılmalıdır. Həmin Sərəncamın 10.5-ci maddəsinə əsasən həbsə alternativ olan qətimkan tədbirinin tətbiq edilməsi hallarının genişləndirilməli, həbsin alternativ qətimkan tədbirləri ilə əvəz edilməsi qaydasının sadələşdirilməli, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi əsaslarının daha da məhdudlaşdırılmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 08 №li, 14 iyun 2024-cü il tarixli qərarın 7-ci bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin, habelə prekursorların qanunsuz hazırlanması dedikdəhəyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərdən, dərmanlardan, kimyəvi və digər maddələrdən istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının alınmasına (bilavasitə hazırlanmasına) qəsdən yönəldilmiş hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin istehsalı dedikdə, onların davamlı şəkildə qanunsuz hazırlanmasına qəsdən yönəlmiş hərəkətlər (xüsusi avadanlıqlardan istifadə etməklə, belə maddələrin bu məqsədlər üçün nəzərdə tutulmuş istehsalat sahəsində və qablaşdırılmış şəkildə hazırlanması), narkotik vasitələrin və psixotrop maddələrin emalı dedikdə isə onların saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə qəsdən yönəldilmiş hərəkətlər başa düşülməlidir. Cinayət işinin materiallarında olan 13 fevral 2025-ci il tarixli Təqsirləndirilən şəxs saxlanması barədə raportdan görünür ki, Təqsirləndirilən şəxs 13 fevral 2025-ci il tarixdə, saat 00:10 radələrində saxlanılaraq PŞ-nə gətirilmiş və gətirilmiş şəxslərin qeydiyyat jurnalında qeydiyyata alınmışdır (səh.,08). Cinayət işinin materiallarında olan 13 fevral 2025-ci il tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 fevral 2025-ci il tarixdə, saat 00:40 radələrində şübhəli şəxs qismində tutulmuşdur (səh.,11). Cinayət işinin materiallarında olan 14 fevral 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona ittiham elan edilmişdir (səh.,49). Təqsirləndirilən şəxs dindirilməsi 14 fevral 2025-ci il tarixdə, saat 10:50 radələrində başlamış, həmin tarixdə saat 11:30 radələrində bitmişdir (dindirmə protokolu) (səh.,56). Cinayət işinin materiallarında olan vəsatətin müdafiə edilməsində imtina olunması haqqında 14 fevral 2025-ci il tarixli Qax Rayon Prokurorunun qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə olunmasından imtina olunmuşdur (səh., 63). Cinayət işinin materiallarında olan 14 fevral 2025-ci il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən azad edilmiş və barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Qərarda qeyd olunmuşdur ki, qərarla 14 fevral 2025-ci il tarixdə, saat 18:50-də tanış olmuş və qərarın surətini almışdır. (səh., 66). Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, törətdiyi əməldən peşman olmasını, əvvəllər məhkum olunmamasını, onun müsbət xarakterizə olunmasını, onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkünlüyünü və işdə olan digər halları nəzərə alaraq, ona «azadlığın məhdudlaşdırılması» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşıdrılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşıdırlması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək. Həmin Məcəllənin 52-1.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həbsdə saxlandığı «02» (iki) gün azadlığın məhdudlaşdırılması cəzasının «04» (dörd) gününə bərabər tutulmaqla «04» (dörd) gün ona təyin olunmuş cəzadan çıxılmalı, cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrasının onun yaşayış yeri üzrə icra və probasiya şöbəsinə tapşırılmalı, onun üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək yəni, gecə saat 23:00-dan səhər saat 06:00-dək yaşadığı ünvan 3 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qax və Zaqatala rayonları ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanını icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 13 fevral 2025-ci il tarixdən, 14 fevral 2025-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu «02» (iki) gün (saatlarla hesablanmaqla) müddət nəzərə alınmalıdır. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Gəncə şəhəri, Narkoloji Dispanserin 266 №li, 19 fevral 2025-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs Addurahman oğlu narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs Addurahman oğlu barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Qax rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitə-bir ədəd zərfin içərisində 1 ədəd sellofan torbada çəkisi 449.90 qram qurudulmuş marixuana məhv edilməli, disk isə cinayət işinin materialları arasında saxlanılmalıdır. Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən müxətəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. İş üzrə 34.55 manat ekspertiza xərci Təqsirləndirilən şəxs Addurahman oğlundan tutulub AZ.MEM VÖEN **********, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırki cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, Təqsirləndirilən şəxs Addurahman oğlunun Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə zərurət yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 20 saata görə 120 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq onun hesabına köçürülsün (Hesablaşma hesabı: Azərbaycan Beynəlxalq Bankı Qax filialı, kod İBZAZ2X, Alan Bankın müxbir hesab AZ03NABZ********************, Alan müştərinin hesab nömrəsi AZ731BAZ********************). İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Addurahman oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Addurahman oğluna Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən «02» (iki) il «06» (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Addurahman oğlunun 13 fevral 2025-ci il tarixdən,14 fevral 2025-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu «02» (iki) gün (saatlarla hesablanmaqla) müddət nəzərə alınsın, həmin müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən «04» (dörd) gün hesablanaraq təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs Addurahman oğlunun üzərində qəti olaraq «02» (iki) il, «05» (beş) ay, «26» (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icra müddəti Təqsirləndirilən şəxs Addurahman oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın, hökmün icrası Təqsirləndirilən şəxs Addurahman oğlunun yaşayış yeri üzrə Qax rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs Addurahman oğlunun üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək yəni, gecə saat 23:00-dan səhər saat 06:00-dək yaşadığı Qax şəhəri, Məmmədli Məmmədov küçəsi, döngə 1, ev 5A ünvanını tərk etməmək, elektron nəzarəti vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qax və Zaqatala rayonları ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs Addurahman oğlu narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Qax rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitə-bir ədəd zərfin içərisində 1 ədəd sellofan torbada çəkisi 449.90 qram qurudulmuş marixuana məhv edilsin, disk isə cinayət işinin materialları arasında saxlanılsın. İş üzrə 34.55 manat ekspertiza xərci Təqsirləndirilən şəxs Addurahman oğlundan tutulub AZ.MEM VÖİN **********, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 20 saata görə 120 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq onun hesabına köçürülsün (Hesablaşma hesabı: Azərbaycan Beynəlxal Bankı Qax filialı, kod İBZAZ2X, Alan Bankın müxbir hesab AZ03NABZ********************, Alan müştərinin hesab nömrəsi AZ731BAZ********************). Təqsirləndirilən şəxs Addurahman oğlu barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(024)-15/2025
Qax Rayon Məhkəməsi Hökm — İş №1(024)-15/2025
24.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver