Azərbaycan Respublikası adından HÖKM Qax rayonu İş № 1(024)-20/2025 05.06.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxx 1998-ci il tarixdə Qax şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, heç bir yerdə işləməyən, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmuş, Qax rayonu, Almalı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs tanışı Qax rayonu, Ləkit kənd sakini X2 ilə birlikdə qəsdən tamah niyyəti ilə radələrində qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşib cinayət əlaqəsinə girərək, 08 dekabr 2024-cü il tarixə keçən gecə saat 02:00 radələrində Qax rayonu, Ləkit kəndində yerləşən həmin kənd sakini Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinə pəncərədən qanunsuz olaraq daxil olaraq evin zirzəmisində olan bir ədəd 50 manat dəyərində «Kress» markalı drel, bir ədəd 250 manat dəyərində «Boch» markalı GBH 2-26 DRE Professional, 800 BT modellidir perforatorı, bir ədəd 75 manat dəyərində «Makita» markalı 5704 R modeli taxta kəsən mişarı, gizli yolla talayaraq zərərçəkmiş şəxsə 375 manat miqdarında maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Qax rayonu, Ləkit kənd sakini Məmməd adlı şəxsi uzun müddətdir tanıyır. 2024-cü ilin dekabr ayının əvvəlləri Məmməd xəstə olduğu üçün ona baş çəkməyə getmişdir. Məmmədgilə gedən zamanı onun yaşadığı kənddə iki mərtəbəli yeni tikilmiş evi görmüşdür. Həmin evin ətrafında gəzmiş və evdə yaşayış olmadığına əmin olmuşdur. Evə daxil olaraq oradan oğurluq etmək istəmişdir. Bununla bağlı Məmmədə də demişdir. Məmməddə onunla razılaşmışdır. 07 dekabr 2024-cü il tarixdən 08 dekabr 2024cü il tarixə keçən gecə, saat 02:00 radələrində Məmməd ilə birlikdə həmin yaşayış olmayan evin qarşısına gəlmişdir. Özü evin həyətinə daxil olmuş Məmməd isə həmin evin qarşısında yəni küçədə gəlib gedən olsa ona xəbər verməsi üçün dayanmışdır. Evin həyətinə daxil olaraq iki mərtəbəli evə doğru getmişdir. Evinin girişinin çöl qapısının yanındakı sağdakı plastik pəncərəni əli ilə itələyərək açmışdır. Sonra pəncərədən evə daxil olmuşdur. Evin içərisindəki otaqları gəzmişdir. Otaqların birində tikinti üçün istifadə olunan bir ədəd drel, bir ədəd perforator, bir ədəd taxta kəsən mişar, üç ədəd topa şəkilində ayrı ayrılıqda olan elektrik kabellərinin olduğunu görmüşdür. Həmin əşyaları oğurlamağa qərara gəlmişdir. Əşyaları orada olan ağ polietilen torbanın içərisinə yığmışdır. Ağ polietilen torbanı evin pəncərəsindən çölə evin həyətə çıxartmışdır. Daha sonra evin həyətinin giriş qapısının arxasına ağ polietilen torba ilə yaxınlamış qonşuluqdan səs gəldiyini eşitmişdir. Qonşuluqda səs gəldiyi üçün həmin ağ polietilen torbanın evin həyətinin giriş qapısının yanında qoyaraq Məmməddə tutulacaqlarını bildirərək oradan uzaqlaşmışdır. Piyada kəndin aşağısına düşmüş və oradan tanımadığı yol avtomobili ilə Qax şəhərinə getmişdir. Sonradan ona məlum olmuşdur ki, özü getdikdən sonra tanışı Məmməd həmin evin həyətindən bir ədəd drel, bir ədəd perforator və bir ədəd taxta kəsən mişar götürərək yaşadığı evə aparmışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza verimləsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Qax rayonu, Ləkit kəndində 2 mərtəbəli ev tikmişdir. Lakin həmin ev tam təmir işləri görülmədiyi üçün orada yaşamır və həmin evdə yaşayış yoxdur. Özü ailəsi ilə birlikdə Ləkit kəndində digər evdə yaşayır. Həmin iki mərtəbəli evdə yaşayış olmadığı üçün ayda bir-iki dəfə oraya gedərək evin həyətinə və evə nəzarət edir. Sonuncu dəfə həmin evə 06 dekabr 2024-cü il tarixdə günorta saatlarında gedərək nəzarət etmişdir. Həmin vaxt evin içərisində hər şey öz yerində olmuşdur. 06 dekabr 2024-cü tarixdən sonra 03 yanvar 2025-ci il tarixə kimi işləri olduğuna görə həmin evə getməmiş və oraya nəzarət edə bilməmişdir. 03 yanvar 2025-ci il tarixdə səhər saatlarında Qax rayonu, Ləkit kəndində yerləşən özünə məxsus olan iki mərtəbəli fərdi yaşayış evinə getmişdir. Evin həyətinin giriş qapısının arxasında yəni evin həyətində üç ədəd topa şəkilində olan ayrı ayrılıqda «Aktel», «Vatan Kablo», «Yıldız» markalı hər birinin uzunluğu 50 metr olan elektrik naqillərinin olduğunu aşkar etmişdir. Sonra evə doğru getmişdir. Evin giriş qapısının sağında yerləşən pəncərənin açıq vəziyyətdə olduğunu görmüşdür. Daha sonra evin giriş qapısını açar ilə açaraq evə daxil olmuşdur. Evin içərisində olan otaqların birində özünə məxsus olan tikinti üçün aldığı və işlək vəziyyətdə olan bir ədəd «Kress» markalı drel, bir ədəd «Bosch» markalı perforator, bir ədəd «Makita» markalı taxta kəsən mişar və üç ədəd topa şəkilində olan ayrı ayrılıqda «Aktel», «Vatan Kablo», «Yıldız» markalı hər birinin uzunluğu 50 metr olan elektrik naqillərinin oğurlandığını aşkar etmişdir. Hal-hazırda onun heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Qax RPŞ-in CAB-də əməliyat müvəkkili vəzifəsində xidmət edir. Vəzifəsi cinayətkarlığa, həmçinin narkotik vasitələrin, psixotrop maddələrin və prekusorların qanunsuz olaraq dövriyyəsinə qarşı mübarizə aparmaqdan ibarətdir. 07 yanvar 2025-ci il tarixdə keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində Qax rayonu, Ləkit kənd sakini Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evindən bir ədəd «Kress» markalı drel, bir ədəd «Bosch» markalı perforator, bir ədəd «Makita» markalı taxta kəsən mişar, bir top 50 metr uzunluğunda «Aktel» markalı elektrik kabeli, bir top 50 metr uzunluğunda «Vatan Kablo» markalı elektrik kabeli, bir top 50 metr uzunluğunda «Yıldız» markalı elektrik kabelini oğurlamış şəxsin- Qax rayonu, Almalı kənd sakini M.R.Veysəli və Ləkit kənd sakini M.A.Cavadov olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət olunmuş və onunla aparılan ilkin əməliyyat yönümlü söhbətlər zamanı o, törətdiyi cinayət əməlini etiraf etmişdir. Daha sonra Təqsirləndirilən şəxs şöbənin təhqiqat qrupuna təqdim olunmuşdur. X2 isə Qax RMX-da xəstəliyi ilə əlaqədar müalicə aldığından onun TQ-na təqdim olunması mümkün olmamışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X4 Bölməsinin 9/469 №li, 19 fevral 2025-ci il tarixli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, analoji mallara müvafiq olaraq ekspertiza təyini haqqında qərarda və təqdim edilmiş məktubda göstərilən məlumatlara əsasən 04 adda malların 2024-cü ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 700 manat təşkil edir. Digər bir ədəd «Makita» markalı, 5704 R model, 2024-cü ilin sentyabr ayında təzə olaraq alınmış 03 ay istifadə olunmuş taxta kəsən mişarın satışına və qiymətinə dair məlumat əldə etmək mümkün olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. İş üzrə keçirilmiş və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin B.Ə.S.İ.İ tərəfindən doldurulmuş tələbnamədən və Qax Rayon Məhkəməsinin 1(024)06/2023 №li, 26 yanvar 2022-ci il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, «03» (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs 03 dekabr 2022-ci il tarixdən 26 yanvar 2023-cü il tarixə kimi həbsdə saxlandığı «01» (bir) ay, «23» (iyirmi üç) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən «01» (bir) günə, «02» (iki) gün hesablanmaqla «03» (üç) ay, «16» (altı) gün müddət təyin olunmuş cəzadan çıxılmış və üzərində «02» (iki) il, «08» (səkkiz) ay, «14» (on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. 28 aprel 2023-cü ilə Qax Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş hissəsi «01» (bir) il, «05» (beş) ay azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, 18 aprel 2024-cü ildə Suraxanı Rayon Məhkəməsinin qərarı ilə «05» (beş) ay, «11» (on bir) gün vaxtından əvvəl şərti azad olunmuşdur. 27 sentyabr 2024-cü ildə cəza müddəti başa çatmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınmır:18.4.1. böyük ictimai təhlükə törətməyən cinayətlər; 18.4.2. yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər; 18.4.3. bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar;18.4.4. azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar. Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsi yalnız azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaların yaratmış olduğu məhkumluğu nəzərdə tutur. Göründüyü kimi Təqsirləndirilən şəxs əməlində məhkumluğu ödənilməsi belə halhazırki vəziyyətdə onun əməlində cinayətin residivi halları yoxdur. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən-oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs, şahid ifadələri və cinayət işinin materiallarında olan iş üçün əhəmiyyətli sübutlarla tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı reaksiyadır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs təqsirliyi Cinayət Prosessual Qanunvericiliklə müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmənin ittiham hökmü ilə cinayət işi mahiyyət üzrə həll edilir və hökmdə cinayət hadisəsinin baş verməsi, həmin hadisənin məhz təqsirləndirilən şəxs tərəfindən törədilməsi və ona cəza təyin edilməsi məsələləri öz əksini tapır. Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir. Cinayət əməli iki əlamətin-əməlin təqsirli və cəzalandırılması olması kimi əlamətlərini özündə əks etdirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3 maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş İ- 76482 №-li medalının vəsiqəsininn surətindən görünür ki, Təqsirləndirilən şəxs «Vətən Müharibəsi» iştirakçısı və 1-4543 №-li medalının vəsiqəsinin surətindən görünür ki, «Şuşanın azad olunmasına görə medalı» və 1-1094 №-li medalının vəsiqəsinin surətindən görünür ki, «Döyüşdə fərqlənməyə görə medalı» ilə təltif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin şikayət və tələbin olmamasını, onun 2-ci Qarabağ müharibəsi iştirakçısı olmasını, «Vətən Müharibəsi» iştirakçısı, «Şuşanın azad olunmasına görə» «Döyüşdə fərqlənməyə görə» medalları ilə təltif olunmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 02 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.10-cu maddələrində cəzanın yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədinin özünün və cinayət əməlinin təhlükəliyini azaldan və cinayət tərkibindən kənara qalan müxtəlif hallardır. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməyə görə-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Oğurluğa, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin 1 №li, 03 mart 2005-ci il tarixli Plenumunun qərarından görünür ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə alınmalıdır ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədi ilə, hüquqazidd, əvəssiz götürülməsi və bu əmlakını təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Cinayət işinin materiallarında olan 07 yanvar 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 yanvar 2025-ci il tarixdə, saat 21:19-radələrində şübhəli şəxs qismində tutulmuşdur (səh.,21). Cinayət işinin materiallarında olan 09 yanvar 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 09 yanvar 2025-ci il tarixdə Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşr və ona ittiham elan olunumşdur (səh.,61). Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin təmin olunmaması barədə Qax Rayon Məhkəməsinin 04(024)01/2025 №li, 09 yanvar 2025-ci il tarixli, qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbirinin seçilməsi barədə vəsatət təmin edilməmişdir (səh., 86). Cinayət işinin materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxsin şikayət və tələbin olmamasını, dəymiş ziyanın ödənilməsini, onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkünlüyünü və işdə olan digər halları nəzərə alaraq, ona «azadlığın məhdudlaşdırılması» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Qax rayonu, Almalı kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayır. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşıdrılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşıdırlması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52- 1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək. Həmin Məcəllənin 52-1.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həbsdə saxlandığı «02» (iki) gün azadlığın məhdudlaşdırılması cəzasının «04» (dörd) gününə bərabər tutulmaqla «04» (dörd) gün ona təyin olunmuş cəzadan çıxılmalı, cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrasının onun yaşayış yeri üzrə icra və probasiya şöbəsinə tapşırılmalı, onun üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək yəni, gecə saat 23:00-dan səhər saat 07:00-dək yaşadığı Qax rayonu, Almalı kəndində yaşadığı ünvanı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək Qax rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanını icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 07 yanvar 2025-ci il tarixdən, 09 yanvar 2025-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu «02» (iki) gün (saatlarla hesablanmaqla) müddət nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən müxətəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. İş üzrə 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırki cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə zərurət yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut hesab edilən bir ədəd «Kress» markalı drel, bir ədəd «Bosch» markalı GBH 2-26 DRE Professional, 800 BT modellidir perforatorı, bir ədəd «Makita» markalı 5704 R modeli taxta kəsən mişarın sahibinə qaytarılması nəzərə alınmalıdır. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 20 saata görə 220 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq onun hesabına köçürülməlidir. (Hesablaşma hesabı: Azərbaycan Beynəlxalq Bankı Qax filialı, kod İBZAZ2X, Alan Bankın müxbir hesab AZ03NABZ********************, Alan müştərinin hesab nömrəsi AZ731BAZ********************). İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən «02» (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 07 yanvar 2025-ci il tarixdən, 09 yanvar 2025-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu «02» (iki) gün (saatlarla hesablanmaqla) müddət nəzərə alınsın, həmin müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən «04» (dörd) gün hesablanaraq təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq «01» (bir) il, «11» (on bir) ay, «26» (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icra müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Qax rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək yəni, gecə saat 23:00-dan səhər saat 07:00-dək yaşadığı Qax rayonu, Almalı kəndində yaşadığı ünvanı tərk etməmək, elektron nəzarəti vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qax rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. İş üzrə maddi sübut hesab edilən bir ədəd «Kress» markalı drel, bir ədəd «Bosch» markalı GBH 2-26 DRE Professional, 800 BT modellidir perforatorı, bir ədəd «Makita» markalı 5704 R modeli taxta kəsən mişarın sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 20 saata görə 220 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq onun hesabına köçürülsün (Hesablaşma hesabı: Azərbaycan Beynəlxalq Bankı Qax filialı, kod İBZAZ2X, Alan Bankın müxbir hesab AZ03NABZ********************, Alan müştərinin hesab nömrəsi AZ731BAZ********************) Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(024)-20/2025
Qax Rayon Məhkəməsi Hökm — İş №1(024)-20/2025
05.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver