Məhkəmə qərarları › İş №1(024)-24/2024

Qax Rayon Məhkəməsi Hökm — İş №1(024)-24/2024

18.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qax rayonu İş № 1(024)-24/2024 18.04.2024 QAX RAYON MƏHKƏMƏSİ saat 9:50-də Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs X5 və onun müdafiəçisi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, Cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs: X5-xx.xx.1983-cü ildə Qax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, Qax şəhəri, Natəvan küçəsi, ev 22-də pasport qeydiyyatında olan və orada yaşayan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs X5 29 mart 2024-cü il tarixdə, saat 10 radələrində heç bir əsaslı səbəb olmadan ictimai yerdə, yəni, Qax şəhəri, Vaqif Eyvazov küçəsində yolun kənarında ictimai qaydanı kobudcasına pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək, həmçinin, cəmiyyətdə insanlar arasında bərqərar olunmuş birgə yaşayış və davranış qaydaları normalarına saymazlıq göstərərək, Qax rayonu Zərnə kənd sakini Zərərçəkmiş şəxs idarə etdiyi “Vaz-21099” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili arxaya verən zamanı həmin avtomobilin ona məxsus olan “VAZ-21099” markalı, **- DT-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsinə ehtiyatsızlıqdan dəyməsinə görə Zərərçəkmiş şəxs ünvanına qarşı ucadan nalayiq söyüşlər söyərək, onun idarə etdiyi “Vaz-21099” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilinin sol arxa “stop” nişanına qəsdən 1 (bir) dəfə təpik ilə vuraraq onu sındırmış, daha sonra xuliqanlıq hərəkətlərini davam etdirərək Zərərçəkmiş şəxs yaxınlaşıb ona qarşı yenidən nalayiq ifadələr işlədərək dodaq nahiyəsinə bir dəfə və döş qəfəsinə iki dəfə qəsdən yumruqla vurub onu yerə yıxaraq zor tətbiq etməklə sonuncuya alt dodağının iç sətində 1 (bir) ədəd qansızma, döş qəfəsində 1 (bir) ədəd qançır xəsarətlərindən ibarət dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə və sonuncuya məxsus “VAZ-21099” markalı **-BE- *** dövlət qeydiyyat nişanlı avtomobilə 35 (otuz beş) manat məbləğində maddi ziyan vurmaqla qərəzli xuliqanlıq cinayətini törətmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs X5 özünü ona elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərdi ki, özünə məxsus “Vaz-21099” markalı **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2024-cü il tarixdə saat 10 radələrində özünə məxsus olan “VAZ-21099” markalı avtomobili Qax şəhəri H.Əliyev prospekti ilə Vaqif Eyvazov küçəsinin kəsişməsində saxlamışdır. Həmin vaxt orada taksi fəaliyyəti ilə məşğul olan əvvəllər tanıdığı Zərərçəkmiş şəxs özünə məxsus olan “Vaz-21099” markalı avtomobili saxlamaq üçün arxaya verən zamanı idarə etdiyi avtomobilin arxa hissəsi onun avtomobilinin qabaq hissəsində yerləşən dövlət qeydiyyat nişanına dəyərək həmin nişanı zədələmişdir. Bundan sonra Xalislə mübahisə etmiş, əsəbiləşdiyi üçün ona məxsus olan “Vaz-21099” markalı avtomobilin sol arxa “stop” nişanına təpik ilə vuraraq sındırmış və Xalisin dodağına bir dəfə və sinəsinə iki dəfə yumruq vuraraq yerə yıxmışdır. Xalis xəsarət almış, ətrafda olan tanımadığı şəxslər onları ayırmışlar. Hadisə təxminən 15 dəqiqə davam etmişdir. Hadisədən sonra Zərərçəkmiş şəxs üzr istəyərək onunla barışmışdır. Xalis də onu bağışlamışdır. Hərəkətindən peşman olmasını, zərərçəkmiş şəxsdən üzr istəyərək onunla barışdığını nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, “VAZ-21099” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qax rayonun ərazisində taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2024-cü il tarixdə saat 10 radələrində özünə məxsus olan “VAZ-21099” markalı avtomobillə Qax şəhəri H.Əliyev prospekti ilə Vaqif Eyvazov küçəsinin kəsişməsində arxaya hərəkət edən zaman orada dayanmış “VAZ-21099” markalı **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi ilə toqquşmuşdur. Avtomobildən düşən zamanı “VAZ-21099” markalı **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Yaqub Şıxamirov ona yaxınlaşaraq onun ünvanına nalayiq ifadələr işlətdiyini, sonra Yaqub Şıxamirov idarə etdiyi avtomobilin sol arxa “stop” nişanına təpiklə vuraraq həmin nışanı sındırmışdır. Yaqub daha sonra onun yanına yaxınlaşaraq heç bir səbəb bildirmədən dodaq nahiyəsinə bir dəfə yumruqla, sinəsinə isə iki dəfə yumruqla vuraraq yerə yıxmışdır. Hadisə 10-15 dəqiqə davam etmiş, hadisə yerinə çoxlu sayda insanlar toplaşmışdır. Hadisədən sonra Yaqub Şıxamirov ondan üzr istəmiş, o da Yaqubu bağışlayaraq onunla barışmışdır. Yaqub Şıxamirovdan heç bir şikayəti yoxdur. Ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Qax şəhəri Vaqif Eyvazov küçəsində balıq satışı ilə məşğul olan zaman, Qax rayon sakinləri Yaqub və Xalis adlı şəxslərin bir-biriləri ilə uca səslə mübahisə etdiklərini görmüşdür. Belə ki, Yaqub Xalisə məxsus olan avtomobilin sol arxa “stop” nişanını təpiklə sındırmış, daha sonra yumruqla Xalisin dodaq və sinəsinə vuraraq onu yerə yıxmışdır. Dava zamanı Yaqub Xalisin ünvanına nalayiq sözlər demişdir. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Qax şəhəri Vaqif Eyvazov küçəsində yerləşən çay evlərinin birində çay içən zaman təxminən 50-70 metr aralıda taksi avtomobillərinin dayandığı ərazidən səs-küy gəldiyini eşidərək çölə çıxmış, həmin vaxtı orada əvvəllər tanıdığı taksi sürücüsü Yaqubun Xalisə yumruq vurduğunu görmüşdür. Həmin şəxslərə yaxınlaşan zaman orada olan Pərviz adlı şəxs onları ayırmışdır. O, Xalisin yanına yaxınlaşaraq nə baş verdiyini soruşmuş, Xalis Yaqubun ona məxsus olan avtomobilin sol arxa “stop” nişanını sındırdığını və onun dodağına və sinəsinə yumruqla vuraraq xəsarət yetirdiyini demişdir. Daha sonra Qax RPŞ-nin əməkdaşları gəlmişdir. Hadisə təxminən 10 dəqiqə davam etmişdir. Cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs X3 cinayət əməli məhkəmədə özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, işdə olan digər sübutlarla da tam təsdiqini tapmışdır. İşin 11-12-ci vərəqələrində olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 39 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs alt dodağının iç sətində 1 (bir) ədəd qansızma, döş qəfəsində 1 (bir) ədəd qançır-bərk küt əşyanın(əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə insanın bədəninin hissələrinin (əl və s.) təsirindən törənməsi mümkündür, dərəcəsinə görə sağlamlığa “ZƏRƏR VURMAYAN” xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət olduğu qeyd olunmuşdur. İşin 7-8-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “baxış keçrilməsi haqqında” protokoldan görünür ki, X5 29 mart 2024-cü il tarixdə, saat 10 radələrində Qax şəhəri, Vaqif Eyvazov küçəsində yolun kənarında Zərərçəkmiş şəxs idarə etdiyi “Vaz-21099” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili arxaya verən zamanı həmin avtomobilin ona məxsus olan “VAZ-21099” markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsinə ehtiyatsızlıqdan dəyməsinə görə Zərərçəkmiş şəxs ünvanına qarşı ucadan nalayiq söyüşlər söyərək, onun idarə etdiyi “Vaz-21099” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilinin sol arxa “stop” nişanına qəsdən 1 (bir) dəfə təpik ilə vuraraq onu sındırmış, daha sonra Zərərçəkmiş şəxs yaxınlaşıb ona qarşı yenidən nalayiq ifadələr işlədərək dodaq nahiyəsinə bir dəfə və döş qəfəsinə iki dəfə qəsdən yumruq ilə vurub onu yerə yıxaraq ona xəsarət yetirmişdir. İşin 60-61-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikası DİN BƏSİİ İdarəsinin verdiyi xx.xx.2024cü il tarixli tələbnamədən görünür ki, X5 əvvəllər məhkum olunmamışdır. İşin 57-ci vərəqəsində olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Qax RİHB-nın Qax şəhər İƏD-si üzrə nümayəndəsinin verdiyi arayışdan görünür ki, X1 şəhəri, X.Natəvan küçəsi, ev 22-də qeydiyyatda olmaqla Qax şəhəri C.Əhmədzadə küçəsində yerləşən evdə yaşayır və onun ailə tərkibi onun özündən, arvadı Şıxamirova Gülnar Şahid qızı, qızları X6. X7 və oğlu X2 ibarətdir. İşin 58-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Qax RİHB-nın Qax şəhər İƏD-si üzrə nümayəndəsinin verdiyi xasiyyətnamədən görünür ki, X5 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş doğum haqqında şəhadətnamələrdən görünür ki, X6 xx.xx.2007-ci, X7 isə xx.xx.2009-cu, X8 xx.xx.2012-ci ildə doğulmuşdur. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o X5 ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, məhkəmə iclasında toplanmış sübutların toplusuna qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs X3 Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirilmişdir. Cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs X3 ittiham olunduğu və təqsirli bilindiyi xuliqanlıq cinayətinin nəzərdə tutulduğu CM-in 221-ci maddəsinin mənasına görə xuliqanlıq zamanı təqsirkarın hərəkətləri müəyyən səbəbə və şəxsi motivlərə görə konkret şəxsə qarşı deyil, hadisə ilə ümumiyyətlə əlaqəsi olmayan şəxslərə, topluma, cəmiyyətə qarşı yönəlir və təqsirkarın niyyəti ondan ibarət olur ki, qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini göstərsin. Lovğalıq, özünəmüştəbehlik, ictimai maraqlara və hakim əxlaqa laqeydlik xuliqanın tipik əlamətləri, xuliqanlıq niyyətinin xarakterik cizgiləridir. Elə bu mövqedən yanaşsaq, deyə bilərik ki, hadisənin ümumi mənzərəsi və cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs X3 davranışı və niyyəti barədə məhkəmədə dindirilmiş şəxslərin ifadələrində göstərilənlər birmənalı olaraq onu deməyə əsas verir ki, cinayət hadisəsi cəmiyyətə hörmətsizlik, ictimai dəyərlərə biganəlik motivləri ilə baş vermişdir. Yəni cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs insanlar arasında uzun müddətdən bəri bərqərar olmuş və mövcud olan etik-davranış qaydalarını pozmaqla, ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik və etinasızlıq nümayiş etdirməklə heç bir əsaslı səbəb olmadan mübahisə edərək zərərçəkmiş şəxsə zor tətbiq etməklə xuliqanlıq etmişdir. Eyni mövqe B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında da nümayiş etdirilmişdir. Belə ki, burada göstərilir ki, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, vətəndaşlar üzərində zor tətbiq edilməsi və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi xuliqanlıq hadisəsini xarakterizə edən əlamətlərdir. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər-təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirinin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgə yaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər-təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydada əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı üzvünün qanuni mənafelərinə toxunan hərəkətlərdir. Cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs X3 cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün tövsüf edilmişdir. O, həmin maddənin sanksiyası həddində təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs X4 cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzər alır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs X3 zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-nin 59.1.12-ci, himayəsində 1 (bir) azyaşlı övladının olmasını CM-nin 59.1.4-cü, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, əməlindən səmimi peşman olmasını, himayəsində 2 (iki) yetkinlik yaşına çatmayan uşağının olmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. X3 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs X5 barəsində cəzanın növü və həddini müəyyən edərkən məhkəmə cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunacaq cəzanın cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Yaqub Şıxamirovun təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs X5 ona təyin edilmiş cərimə məbləğini hökm qanuni qüvvəsini aldığı gündən 01 (bir) aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəməlidir. Sadələşdirilmiş icraat materiallarından görünür ki, cinayət qanunu ilə nəzərdə tutulan əməli törədən şəxs X3 barəsində qətimkan tədbiri seçilməmişdir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs barəsində CM-nin 62 və ya 70-ci maddəsinin tətbiq olunması üçün əsas görmür. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi : Cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs X5 Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1000 (bir min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs X5 ona təyin edilmiş cərimə məbləğini hökm qanuni qüvvəsini aldığı gündən 01 (bir) aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəsin. Hökmün icrası cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs X3 yaşayış yeri üzrə Qax rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qax rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilmədikdə, elan edildiyi andan 20 (iyirmi) gün keçdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar