Azərbaycan Respublikası adından HÖKM Qax rayonu İş № 1(024)-24/2025 24.04.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi, Dövlət ittihamçısı-Dövlət ittihamçısı, Fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 1991-ci il tarixdə Ağcabədi şəhərində doğulmuş, subay, Azərbaycan Respubikasının vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, heç yerdə işləməyən, ünvan 1 ünvanda daimi qeydiyyatda olan faktiki ünvan 2kbərova Günel Natiq qızının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialanı açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs 09 mart 2025-ci il tarixdə, saat 14:00 radələrində ictimai yer hesab edilən Qax şəhəri, H.Əliyev prospektində yerləşən «İncim» adlanan gözəllik salonunun içərisində və qarşısında cəmiyyətdə insanlar arasında bərqərar olunmuş birgə yaşayış və davranış qaydaları normalarına saymamazlıq göstərərək, ictimai qaydanı kobudcasına pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək həmin salonda müştəri kimi əyləşən Qax şəhər sakini Zərərçəkmiş şəxs Hacıəhmədovanının əri Şahid1lə münasibəti olmasını bəhanə edərək Zərərçəkmiş şəxs qarşı ucadan nalayiq və şəxsiyyəti alçaldan ifadələr işlətmiş, bundan sonra ilk öncə qəsdən yumruqla iki dəfə baş nahiyəsinə vurmuş, daha sonra qəsdən saçından yonaraq dartıb bir neçə tükünü qopartmaqla fiziki ağrı verərək təpə nahiyəsində şişkinlik, ənsə nahiyəsində-nöqtəvari qansızmalar ilə müşaiyət olunan sağlamlığa zərərvurmayan bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi elan olunmuş ittiham üzrə özünü özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər ailə quraraq boşanmış, birinci evliliyindən iki övladı var. Yaşarla ikinci dəfə faktiki olaraq evlənmişdir, rəsmi nikahı yoxdur. Yaşarla birgə evlilyindən uşağı vardır. Bir neçə ay bundan əvvəl əri Yaşarın Qax şəhər sakini Venera adlı qadınla münasibəti olduğunu öyrənmiş və dəfələrlə Veneraya və əri Yaşara bu münasibətə son qoymasını demişdir. Güc-bəla ilə onları ayırmışdır. Yaşarın Venera ilə başqa telefon və başqa nömrə ilə yazışdığını, danışdığını müəyyən etmiş və bu barədə əri Yaşara dedikdə o etdiklərini etiraf etmiş və ondan üzr istəmişdir. Həmçinin Venera ona zəng edərək onu bıçaqlayacağmı və əri Yaşarı əlindən alacağını demişdir. 09 mart 2025-ci il tarixə, saat 14:00 radələrində əri Yaşarla onun avtomobili ilə Qax şəhərində gəzərkən H.Əliyev prospektində yerləşən gözəllik salonunun qarşısında Veneranın maşınını görmüşdür. Yaşara maşını saxlamasını desə də o maşını saxlamamışdır. İşıqforda məcburi dayandığı üçün maşından düşüb həmin salona girmişdir. Bu zaman oturub növbə gözləyən Veneranın üstünə hücum çəkib başına iki dəfə yumruqla vuraraq saçından tutub yolaraq çölə dartaraq çöldə də döymək istəsə də onu çölə darta bilməmiş, özü çölə çıxmışdır. Veneranın saçı əlinə gəlmişdir. Saçı yerə atıb onu döyməyə davam etmək üçün yenidən içəriyə girmək istəyəndə Venera qapını bağlamışdır. Həmin vaxtı qapını açıb içəriyə girmək üçün nə qədər qapını zorlasa da qapı açılmamışdır. Bu zaman onun ünvanına nalayiq söyüşlər söyməyə davam etmiş və onu çölə davaya çağırmışdır. Hal-hazırda törətdiyi əməldən peşmandır. Məhkəmədən onun bağışlanmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, bir neçə ay bundan əvvəl adını sonradan öyrəndiyi Yaşar adlı şəxs onun arxasınca düşdüyü üçün qohumu Əntiqə və qaynanası Tovuza bu barədə demişdir. Əntiqə isə həmin şəxsi taparaq onunla söhbət edib bir daha narahat etməməsini demişdir. 09 mart 2025ci il tarixdə, saat 14:00 radələrində Əntiqə ilə birlikdə Qax şəhəri, H.Əliyev prospektində yerləşən gözəllik salonuna Sevda adlı saç ustasına saçını kəsdirməyə getmişdir. İçəridə oturmuş Əntiqə isə işi olduğu üçün çıxıb getmişdir. Növbə gözləyən zaman anidən içəriyə girən bir nəfər qadın onun ünvanına nalayiq ifadələr işlədərək arxadan saçından tutub başına iki dəfə zərbə vurmağa başlamışdır. Bu zaman həmin şəxsin Günel olduğunu görmüş və saçından tutub yolaraq onu dartıb çölə çıxartmağa çalışmışdır. Lakin zorla canını onun əlindən qurtarmış və qapını bağlayıb Günelin təkrar içəriyə girməsinin qarşısını almaq üçün arxasında dayanmışdır. Günel qapının qarşısında dayanıb qapını zorlayıb onun ünvanına nalayiq söyüşlər söyməyə davam etmişdir. Bu zaman oraya gələn Günelin əri Yaşar onu zorla dartıb oradan uzaqlaşdırmışdır. Hal-hazırda şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, Venera onun uzaq qohumudur. Venara bir neçə ay bundan əvvəl adını sonradan öyrəndiyi Yaşar adlı şəxsin onun arxasınca düşdüyünü ona və qaynanası Tovuza demişdir. O, Yaşarı taparaq onunla söhbət edib bir daha Venaranı narahat etməməsini demişdir. Bir neçə gün əvvəl da Günel əlində bıçaqla Venaranın evinə gəlmiş və bu zaman orada qonşu Zülfüqar onun qarşısını kəsmişdir və Venaragilə getməyə qoymamışdır. 09 mart 2025-ci il tarixdə, saat 14:00 radələrində Venara ilə birlikdə Qax şəhəri, H.Əliyev prospektində yerləşən Gözəllik salonuna Sevda adlı saç ustasının yanına Venaranın saçın kəsdirməyə getmiş, o işi olduğu üçün çıxıb getmişdir. Təxminən 30-40 dəqiqə sonra geri qayıdanda Yaşarın arvadı Günelin salona gəldiyini, Veneranı salonda döyüb, söyüb təhqir edib getdiyini öyrənmişdir. Bunu öyrəndikdən sonra o Veneranın adı ilə 102 xidmətinə şikayət etmiş və daha sonra birlikdə polisə getmiş, Venera polisə şikayət ərizəsi yazmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 09 mart 2025-ci il tarixdə, saat 14:00 radələrində ictimai yer hesab edilən Qax şəhəri, H.Əliyev prospektində yerləşən «İncim» adlanan gözəllik salonunun içərisində Zərərçəkmiş şəxs ilə mübahisə etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş təhqiqat dövründə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, bir neçə gündür ki, Qax şəhəri, H.Əliyev prospektində yerləşən «İncim» Gözəllik salonunda qadın bərbəri işləyir. Venera adlı qadını əvvəlcədən tanıyır. Onunla heç bir münasibəti yoxdur. Ona hücum çəkən digər qadını isə tanımır. Onunla heç bir tanışlığı və münasibəti yoxdur. 09 mart 2025-ci il tarixdə, saat 14:00 radələrində o iş yerində idi. Bu zaman içəriyə Venera adlı müştəri girmiş, növbə olduğu üçün gözləməyə başlamışdır. Aradan bir neçə dəqiqə keçdikdən sonra içəriyə bir nəfər hündür boylu sarıyanız qadın girmişdir. Həmin qadın girən kimi Venaranın üzərinə hücum çəkib yumruqla başına iki dəfə vurub saçından yolub çölə dartmağa çalışdı və etdiyi hərəkət alınmayıb özü çölə çıxmışdır. Bu zaman Venera tez ayağa durub qapını bağlamışdır. Həmin qadın qapının arxasında dayanıb qapını zorlayıb açmağa çalışmış, lakin qapı bağlı olduğu üçün onu aça bilməmişdir. Təxminən bir dəqiqə vaxt ərzində o çıxıb getməmiş və onu oradan əri gəlib aparmışdı. Daha sonra eşitmişdir ki, müştəri Veneranı döyən qadın Günel adlı şəxs olmuşdur. Hadisə Gözəllik salonunun içərisində baş vermişdir, həmin vaxtı orada qadın bərbərləri Aysel, Nərmin, lazeroloq Şəhla və tanımadığı növbə gözləyən müştərilər olmuşdur. Hadisə bir neçə dəqiqə davam etmişdir. Salonunun içərisində Günel söyüş söydüyünü eşitməmişdir. Salonunun çölündə qapının qarşısında küçədə olarkən Günel nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş təhqiqat dövründə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o Qax şəhəri, H.Əliyev prospektində yerləşən «İncim» Gözəllik salonunda qadın bərbəri işləyirə. Venera adlı qadını müştəri kimi tanıyır. Başqa heç bir münasibəti yoxdur. Ona hücum çəkən digər qadını isə tanımır. Onunla heç bir tanışlığı və münasibəti yoxdur. 09 mart 2025-ci il tarixdə, saat 14:00 radələrində o iş yerində idi. Bu zaman içəriyə müştərilər girib çıxmışlar. Həmin vaxtı kimin girib kimin çıxdığına fikir verməmişdir. Müştəri ilə məşğul idi. Bu zaman içəriyə bir nəfər hündür boylu sarıyanız qadın girmiş, Venera adlı müştərinin üzərinə hücum çəkib başına yumruqla iki dəfə vurub saçından yolub çölə dartmağa çalışmış və etdiyi hərəkət alınmadığı üçün özü çölə çıxmışdır. Venera tez ayağa durub qapını bağlamışdır. Həmin qadın qapının arxasında dayanıb qapını zorlayıb açmağa çalışmışdır. Lakin qapı bağlı olduğu üçün onu aça bilməmişdir. Təxminən bir dəqiqəyə vaxt ərzində o çıxıb getməmiş və onu oradan bir kişi gəlib aparmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş təhqiqat dövründə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Qax şəhəri, H.Əliyev prospektində yerləşən «İncim» Gözəllik salonunda qadın bərbəri işləyir. Venera adlı qadını müştəri kimi tanıyır. Başqa heç bir münasibəti yoxdur. Ona hücum çəkən digər qadını isə tanımır. Onunla heç bir tanışlığı və münasibəti yoxdur. 09 mart 2025-ci il tarixdə, saat 14:00 radələrində iş yerində olmuş, həmin vaxtı Venera adlı müştəri də içəri girib növbə gözləmişdir. Bir qədər keçdikdən sonra içəriyə bir nəfər hündür boylu sarıyanız qadın girmiş, Venara adlı müştərinin üzərinə hücum çəkib yumruqla başına iki dəfə vurub saçından yolub çölə dartmağa çalışmış və etdiyi hərəkət alınmadığı üçün özü çölə çıxmışdır. Venera həmin vaxtı tez ayağa durub qapını bağladı. Həmin qadın qapının arxasında dayanıb qapını zorlayıb açmağa çalışdı. Lakin qapı bağlı olduğu üçün onu aça bilmədi. Təxminən bir dəqiqəyə vaxt ərzində o çıxıb getmədi və onu oradan bir nəfər kişi gəlib apardı. Daha sonra eşitmişdir ki, Venera adlı müştərini döyən qadın Günel adlı şəxs olmuşdur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X1 İdarəsi tərəfindən 18 mart 2025-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə əməlinə Qax Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli qərarına əsasən 08 noyabr Zəfər Günü münasibətilə Amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarına əsasən Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən xitam verilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş arayışdan görünür ki, Qax rayon İHB-ın Qax şəhər İƏD-si nümayəndəliyə heç bir şikayət ərizəsi daxil olmamışdır. İş üzrə keçirilmiş və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X4 Sabunçu rayon şöbəsi tərəfindən verilmiş 24 №li, 10 mart 2025-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində təpə nahiyəsində şişkinlik, ənsə nahiyəsində nöqtəvari qansızmalar-bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə yəni 09 mart 2025-ci il tarixdə təpə nahiyəsindəki şişkinlik yumruqla vurmaqla, ənsə nahiyəsindəki nöqtəvbari qansızmalar isə saçlarından tutub dartmaqla əmələ gələ bilərdilər, birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasənxuliqanlıq-yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər-törətmə cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş təqsirləndirilən şəxsin özünün etirafedici, zərərçəkmiş şəxs, şahid ifadələri, ekspertiza rəyi, iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli təhqiqat orqanı tərəfindən Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən-xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər-min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə təbiq olunur və bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədəuyğunluğu cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzasını təyin etməyi mümkün edir. Bu nəticəyə gələn zaman məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (böyük ictimai təhlükə törətməyən cinayət), təqsirkarın şəxsiyyətini, əməlindən səmimi peşman olmasını, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs islah işləri cəzası təyin edilməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, törətdiyi əməldən peşman olmasını və işdə olan digər halları nəzərə alaraq, ona «islah işləri» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 43.1-ci maddəsinə əsasən ictimai işlər, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə cəza növləri yalnız əsas cəza kimi tətbiq edilir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Cinayət Məcəlləsinin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən islah işlərinə məhkum olmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 20 saata görə 120 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq onun hesabına köçürülsün (Hesablaşma hesabı: Azərbaycan Beynəlxal Bankı Qax filialı, kod İBZAZ2X, Alan Bankın müxbir hesab AZ03NABZ********************, Alan müştərinin hesab nömrəsi AZ731BAZ********************). İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən aylıq qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəksin. Cəzasının başlanğıcı Təqsirləndirilən şəxs qazancından tutulmaların aparıldığı gündən hesablansın. Hökmün icrası Qax rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(024)-24/2025
Qax Rayon Məhkəməsi Hökm — İş №1(024)-24/2025
24.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver