Məhkəmə qərarları › İş №1(024)-25/2023

Qax Rayon Məhkəməsi Hökm — İş №1(024)-25/2023

20.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qax rayonu İş № 1(024)-25/2023 20.04.2023 QAX RAYON MƏHKƏMƏSİ saat 12:30-da Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs:Təqsirləndirilən şəxs–xx.xx.1986-cı ildə Gürcüstan Respublikası Tbilisi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Zaqatala rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(033)-26/2022 saylı hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il, 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını çəkməmiş və məhkumluğu ödənilməmiş, Zaqatala şəhəri, Sevil Qazıyeva küçəsi, ev 55-də qeydiyyatda olmaqla hazırda Şəki PM-nin İstintaq Təcridxanasında saxlanılan, barəsində Qax rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq satış məqsədi olmadan narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs qəsdən 16 yanvar 2023-cü il tarixdə X1 50 (əlli) manata satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,692 qram narkotik vasitə olan heroini Vüqar Osmanovdan mobil telefon vasitəsilə danışıb razılaşaraq almış, 17 yanvar 2023-cü il tarixdə X1 aldığı 0,692 qram narkotik vasitə olan heroini Qax rayonu, Əlibəyli kəndində yerləşən Vüqar Osmanovun yaşadığı evin ətrafında olan hasarın yanından əldə edərək üzərində saxlayaraq daşımış, 17 yanvar 2023-cü il tarixdə, saat 21 radələrində Qax RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Qax rayonu, Əlibəyli kəndi ərazisində saxlanılaraq Qax Rayon Polis Şöbəsinə gətirilmiş, onun üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli şalvarın sol yan cibindən 1 (bir) ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 0,692 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bununla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs özünü CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 7-8 ildir ki, narkotik vasitə olan heroindən istifadə edir. 16 yanvar 2023-cü il tarixdə tanışı X2 mobil nömrəsinə zəng edərək narkotik vasitə olan heroin təşkil etməsini xahiş etmiş, Vüqar ona heroin təşkil edəcəyini vəd etmiş və əvəzində 65 (altmış beş) manat pul alacağını demişdir. Vüqara həmin məbləğdə pulunun olmadığını, ilkin olaraq 20 manat, qalan məbləği isə sonradan verməyi xahiş etmişdir. Vüqar onunla razılaşaraq pulu kartına göndərməsini demişdir. O da 20 manat pulu Vüqara məxsus olan “Leobank” kart hesabına göndərmişdir. Narkotik vasitə olan heroini 17 yanvar 2023-cü il tarixdə Vüqarın yaşadığı Qax rayonu, Əlibəyli kəndində yerləşən evi tərəfdən götürməsi ilə bağlı Vüqarla razılaşmışdır. 17 yanvar 2023-cü il tarixdə səhər saatlarında Vüqara zəng etmiş, lakin, Vüqar telefona cavab verməmişdir. Ona görə də, Vüqarın yaşadığı Qax rayonu Əlibəyli kəndində yerləşən evinə getməyi qərara almışdır. O, dostu Turala zəng edərək onu Əlibəyli kəndinə aparmasını xahiş etmiş, lakin Tural avtomobildə yanacağın olmadığını dedikdə yanacaq alacağını, qalan pulunu isə sonra verəcəyini demiş, Tural da razılaşmışdır. Bundan sonra Turala məxsus avtomobillə Qax rayonu, Əlibəyli kəndində Vüqarın yaşadığı evə getmiş, avtomobildən düşüb Turala gözləməsini demiş, əvvəllər də olduğu kimi Vüqar narkotik vasitə olan heroini evin qarşısında olan hasarın yanına qoyduğu yerə baxmış, orada siqaret qutusunun olduğunu görərək qutunu götürmüş, içərisinə baxdıqda qutuda sellofan bükülüdə narkotik vasitə olan heroinin olduğuna əmin olduqdan sonra avtomobilə əyləşərək geri qayıtmışlar. Qax rayonu, Əlibəyli kəndi ərazisində polis əməkdaşları Turalın avtomobilini saxlamış və onları polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində onun üzərinə baxış keçirmək istədiklərini bildirmişlər. Baxışdan əvvəl ona təklif olunmuşdur ki, üstündə qanunsuz əşya və ya narkotik vasitə varsa özü könüllü təqdim etsin. O, üzərində narkotik vasitə olmadığını bildirsə də, üstünə baxış keçirilməsinə razılıq vermişdir. Üstünə baxış keçirilən zaman üstündən 01 (bir) ədəd sellofan bükümdə narkotik vasitə olan heroin aşkarlanaraq götürülmüşdür. Narkotik vasitəni öz istifadəsi üçün almış və satmaq niyyəti olmamışdır. Hazırda əməlindən çox peşman olmuşdur. Əməlindən peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş şahid X3 ifadəsində göstərdi ki, Qax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 17 yanvar 2023-cü il tarixdə Zaqatala şəhər sakini məhkum olunmuş Elşad adlı şəxsin üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması və istifadə etməsi barədə məlumat daxil olmuş, dərhal əməliyyat tədbiri hazırlanmışdır. Digər polis əməkdaşları ilə birlikdə həmin gün Qax rayonunun Əlibəyli kəndi ərazisinə gedərək kəndin girişində “FORD” markalı **-BZ-*** nömrəli avtomobilə yaxınlaşmış və özlərini təqdim edərək avtomobilin sürücüsünü və yanında əyləşən sərnişini polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində avtomobilin sərnişini Elşad adlı şəxsin üstünə baxış keçirmək istədiklərini demişlər. Polis şöbəsinə 2 nəfər hal şahidi dəvət edilərək onlara hüquq və vəzifələri izah edilmişdir. Əvvəlcədən Elşad adlı şəxsə təklif olunmuşdur ki, üstündə narkotik vasitə və ya hər hansı bir qeyri-qanuni əşya varsa onları könüllü təqdim etsin. Elşad əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 (bir) ədəd sellofan bükülünü çıxararaq onlara təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin 1 (bir) ədəd sellofan bükümün içərisində narkotik vasitə olan heroin olduğunu, onu Qax rayonu, Əlibəyli kəndində Vüqar adlı şəxsdən istifadə etmək məqsədi ilə aldığını demişdir. Onun həmin narkotik vasitəni satmaq məqsədi olması əməliyyat yolu ilə müəyyən edilməmişdir. Elşadın üzərindən aşkarlanan narkotik vasitə olan heroinə bənzər kütlə tərəzidə çəkilmiş, 0.8 qram olmuş, qablaşdırılmış və 108 saylı möhürlə möhürlənmişdir. Bu barədə protokol tərtib edildikdən sonra əməliyyat tədbiri iştirakçıları tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qax RPŞ-nin əməkdaşları X5 ifadələrində şahid Fuad Adıgözəlovun ifadəsində göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cinayət əməli onun özünün etirafedici ifadəsi, şahidlərin ifadələri ilə yanaşı, işdə olan ekspertiza rəyləri, protokollarla və digər sübutlarla da tam sübuta yetirilmişdir. İşin 174-cü vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin verdiyi ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 194 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin 62-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 bölməsinin verdiyi məhkəmə ballistik ekspertizasının xx.xx.2023-cü il tarixli 17/68 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs şəxsi axtarışla götürülən 01 (bir) ədəd heroinə bənzər büküm.” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi-0,692 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir. (1-ci siyahı). Tədqiqatdan sonra heroininqalığı 0.642 qramdır. İşin 61-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə ekspertiza xərci 69.10 manatdır. İşin 30-32-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş xx.xx.2023-cü il tarixli “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında” protokoldan görünür ki, Qax RPŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs əynindəki qara rəhgli şalvarın sol yan cibindən 01 (bir) ədəd sellofan bükülüdə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Həmin narkotik vasitə çəkildikdə ümumi təmiz çəkisi 0.8 qram olmuş və kütlə qablaşdırılıb götürülmüşdür. İşin 18-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 yanvar 2021-ci il tarixdə saat 21:55-də tutulmuşdur. İşin 110-114-cü vərəqələrində olan Qax rayon məhkəməsinin 19 yanvar 2023-cü il tarixli 4(024)-05/2023 saylı “Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə” qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli 17 yanvar 2021-ci il tarixdə saat 21:55-dən hesablanmaqla 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. İşin 143-144-cü vərəqələrində olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş müstəntiqin “maddi sübut kimi tanınma” haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üstündən aşkarlanmış 0,692 qram narkotik vasitə olan heroin saxlanılması üçün Qax RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmiş, 01 (bir) ədəd DVD diski maddi sübut kimi tanınmışdır. İşin 207-217-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Müstəntiqin xx.xx.2023-cü tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, 23 yanvar 2023-cü il tarixli qərarla maddi sübut kimi tanınmış 0,692 qram narkotik vasitə olan heroin saxlanılması üçün Qax RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmiş, 01 (bir) ədəd DVD diski maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İşin 172-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Zaqatala RİH-nin Zaqatala şəhər İƏD-nin veridyi xx.xx.2023-cü il tarixli 231 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Zaqatala şəhəri, Sevil Qazıyeva küçəsi, ev 35-də qeydiyyatdadır. İşin 173-cü vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Zaqatala RİH-nin Zaqatala şəhər İƏD-nin veridyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin 152-153-cü vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİ idarəsinin verdiyi xx.xx.20232cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Zaqatala rayon məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2010-cu ildə Suraxanı rayon məhkəməsinin qərarı ilə çəkilməmiş qalan cəzası azadlığın məhdudlaşdırılması ilə əvəz edilmişdir. xx.xx.2011-ci ildə Gədəbəy rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə AR-sı CM-yə dəyişiklilər edilməsi haqqında xx.xx.2011-ci il tarixli qanuna əsasən cərimə cəzasına məhkum olunmuş və cəriməni tam ödəmişdir. Bundan başqa, o, Zaqatala rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşin 179-187-ci vərəqələrində olan Zaqatala rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(033)-26/20263 saylı hökmünün təsdiq olunmuş surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Zaqatala rayon icra və probasiya şöbəsnin verdiyi 20 aprel 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Zaqatala rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(033)-26/20263 saylı hökmünə əsasən ona təyin edilmiş 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 7 ay 7 gününü çəkmiş və cəzasının 1 il 10 ay 19 günü çəkilməmiş qalmışdır. Məhkəmə, məhkəmə iclasında toplanmış sübutların toplusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsüf edilmişdir. O, həmin maddənin sanksiyası həddində təqsirli bilinib cəzalandırılmalıdır. Bundan əlavə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 3-cü bəndinə görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Həmin Qərarın 4-cü bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, ona düzgün olaraq CM-in 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi, onun barəsində CM-in 62 və ya 70-ci maddəsinin tətbiq olunması üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də işdə cəzanı ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddələri ilə onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs cəzasını çəkmədən və məhkumluğu ödənilmədən yenidən cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Lakin CM-nin 18.4.1 və 18.4.4-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlərə və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residiv kimi nəzərə alınmır. Belə olan halda Təqsirləndirilən şəxs 16 yanvar 2023-cü ildə yenidən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti qəsdən törətməsi cinayətin residivi kimi qiymətləndirilməməlidir. Məhkəmə yuxarıda göstərilən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin olunmasını, Zaqatala rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş və onun tərəfindən çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasının bir gününə iki gün hesabı ilə hesablanmaqla, CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmasını məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli onun tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılmalı, ona CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Qax rayon polis şöbəsində saxlanılan, 1 ədəd sellofan torbada qalıq təmiz çəkisi 0.642 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilməli, 01 ədəd “DVD” diski cinayət işini materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə olan ümumilikdə 69 (altmış doqquz) manat 10 (on) qəpik məbləğində ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347,349, 351, 353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Zaqatala rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş və onun tərəfindən çəkilməmiş 01 (bir) il 10(on) ay 19 (on doqquz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1 maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasının bir gününə iki gün hesabı ilə hesablanaraq üzərində 11 (on bir) ay 09 (doqquz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın və Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə Zöhrab Atakişiyevin üzərində qəti olaraq 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Azərbaycan Respublikası CMnin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə ümumilikdə 69 (altmış doqquz) manat 10 (on) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinin müvafiq hesabına keçirilsin. İş üzrə maddi sübut kimi 1 ədəd sellofan torbada qalıq təmiz çəkisi 0.642 qram olan narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilsin və 01 ədəd “DVD” diski cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum aldığı vaxtdan) 20 (iyirmi) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilmədikdə, elan edildiyi andan (həbsdə olan məhkum aldığı vaxtdan) 20 (iyirmi) gün keçdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar