Məhkəmə qərarları › İş №1(024)-29/2025

Qax Rayon Məhkəməsi Hökm — İş №1(024)-29/2025

15.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qax rayonu İş № 1(024)-29/2025 15.05.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi, Dövlət ittihamçısı-Dövlət ittihamçısı, Fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxx 1985-ci il tarixdə Qax şəhərində doğulmuş, subay, Azərbaycan Respubikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, heç yerdə işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan - Əhmədov Samir Afər oğlunun Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialanı açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs 10 aprel 2025-ci il tarixdə, saat 11:00 radələrində Qax rayonu, Ağçay kəndi ərazisində yerləşən avtomobil yolunun kənarında tanışı Zərərçəkmiş şəxs ona kredit şəklində satdığı «İnfinix HOT 30» markalı mobil telefonun nasaz vəziyyətdə olması səbəbilə Zərərçəkmiş şəxs ilə sözlə mübahisə etmiş, daha sonra aralarında şəxsi münasibətlər zəminində baş vermiş dava-dalaş zamanı Zərərçəkmiş şəxs-alın nahiyəsinə bir neçə dəfə yumruq ilə qəsdən vuraraq onun alın nahiyəsində şişkinlik və hematoma (dərialtı qan yığımı) xəsarətləri ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa «yüngül» zərər vurma əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi elan olunmuş ittiham üzrə özünü özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Turala məxsus telefon mağazasından 2024-cü ilin iyun ayında 450 manata bir il müddətinə özü üçün «İnfinix Hot 30» markalı mobil telefonu kreditlə almış, hər ay 38 manat məbləğində kredit ödənişini həyata keçirmişdir. Telefonu aldıqdan 2 ay sonra telefonda nasazlıq yaranmışdır. Tural telefonu ona satan zaman bir il zəmanət verildiyini dediyi üçün «İnfinix Hot 30» markalı mobil telefonu Turalın işlətdiyi mağazaya aparaq telefonda nasazliq olduğunu və işləmədiyini bildirmişdir. Tural telefonu servisə göndərmiş, bir ay sonra servis telefonu geri qaytarmışdır. Telefonu təhvil alan zamanı Tural ona telefonun işlək vəziyyətdə olduğunu bildirmiş, bir müddət sonra telefonda yenidən nasazlıq yaranmışdır. Telefon işləmədiyi üçün yenidən Turalın işlətdiyi mağazaya gətirərək ona təhvil vermiş, 15 gün sonra mağazaya gedərək telefonu götürmüşdür. Telefonu təhvil alan zaman Tural ona telefonun işlək vəziyyətdə olduğunu demiş, ancaq bir müddət sonra telefon yenidən düzgün işləməmiş və sönməyə başlamışdır. Yenidən telefonu Turalın işlətdiyi mağazaya apararaq ona təhvil vermiş, bir neçə gün sonra Turalın mağazasında işləyən satıcı onunla əlaqə saxlayaraq telefonun işlək vəziyyətdə olduğunu və telefonu oradan götürməyini bildirmişdir. Tural mağazasından telefonu götürərək evə aparmışdır. Ancaq həmin müddətdən bu günə kimi Turaldan aldığı «İnfinix HOT 30» markalı mobil telefon nasaz vəziyyətdədir. Bu səbəbdən 2024-cü ilin noyabr ayından bu günə kimi telefona ödədiyi krediti ödəməmişdir. Bununla bağlı Turala və onun işçilərinə məlumat vermişdir. təxminən bir aydır ki, telefonun kreditini ödəmədiyi üçün Turala məxsus mağazadan istifadəsində olan mobil nömrənin «WhatsApp» bildiriş mesajları gələrək telefon krediti ödəmədiyi halda borclu kimi onu məhkəmə verəcəkləri qeyd olunmuşdur. 10 aprel 2025-ci il tarixdə, saat 11:00 radələrində Qax şəhəri, H.Əliyev prospektində yerləşən Turala məxsus mobil telefon mağazasına gedərək krediti ödəmədiyi barədə bildirişlər gəldiyini demişdir. Həmçinin Turala telefon nasaz vəziyyətdə olduğu üçün krediti ödəmədiyini demişdir. Tural ona Qax rayonu, Ağçay kəndinin ərazisini gedərək orada söhbət etmələrini demiş, özünə məxsus olan avtomobillə Turalın idarə etdiyi avtomobilin arxası ilə getmiş, Ağçay kəndinin ərazisinə çatdıqdan sonra Tural aldığı mobil telefonun kreditini ödəmədiyi üçün Tural onunla mübahisə edərək onun ünvanına nalayiq ifadələr işlətmişdir. Ona görə də, Turala əsəbiləşərək və ona cavab verərək onun ünvanına nalayiq ifadələr işlətmiş, sonra Turalın alın nahiyəsinə iki dəfə yumruq ilə vuraraq xəsarət yetirmişdir. Daha sonra idarə etdiyi avtomobilə əyləşərək oradan uzaqlaşmışdır. Hal-hazırda törətdiyi əməldən peşmandır. Məhkəmədən onun bağışlanmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Qax şəhərində, H.Əliyev prospektində «Nar» rəsmi dilerin telefon mağazasını işlədir. Həmin mağazada müxtəlif növdə mobil telefonların nağd və kredit şəkildə satışı ilə məşğul olur. 2024-cü ilin may ayında Qax rayonu sakini Təqsirləndirilən şəxs mağazaya gələrək «İnfinix HOT 30» markalı mobil telefonu kreditə almaq istədiyini bildirmiş, Samirə «İnfinix HOT 30» markalı mobil telefonu 450 manata kreditə satmışdır. Telefonu bir il müddətinə Samir kreditlə hər ayda 37 manat 50 qəpik ödəmək şərti ilə satmış, onu kredit şərtləri ilə onu tanış etmişdir. Samir lazımi sənədlərə imza edərək telefonu almışdır. Samir telefonu aldıqdan sonra hər ayda vaxtı vaxtında telefonun kreditini ödəməyə başlamış, 2024cü ilin oktyabr ayında mağazaya yaxınlaşaraq telefonda nasazlıq olduğunu və düzgün işləmədiyini deyərək ona təhvil vermişdir. Telefonu servisə yollamış, bir müddətdən sonra telefon servisdən qayıtmış və Samirə telefonu təhvil vermişdir. Həmin vaxtı Samiri servis tərəfindən telefonu tərtib olunan aktla bağlı tanış etmiş, Samir telefonu ondan təhvil alan zamanı telefon işlək vəziyyətdə olmuşdur. Samir telefonu ondan təhvil alarkən və aktla tanış olan zamanı heç bir etirazı olmadığını bildirmişdir. 2024-cü ilin noyabr ayında Samir yenidən mağazaya yaxınlaşaraq telefonun nasaz olduğunu və servis tərəfindən telefon bərpa olunmadığını bildirmiş, mağazada həmin telefonu Samirin iştirakı ilə yoxlamış və ona telefon qaydasında işlədiyini, servis tərəfindən telefon bərpa olunduğunu demişdir. Samir telefonu götürərək mağazanı tərk etmiş, həmin tarixdən bu günə kimi kredit borcunu ödəməmişdir. Samir krediti ödəmədiyi üçün telefona olan kredit borcunu ödəsin deyə 07 aprel 2025-ci il tarixdə onun yaşadığı ünvana rəsmi olaraq bildiriş yollamış, həmçinin 09 aprel 2025-ci il tarixdə «WhatsApp» vasitəsi ilə Samirə istifadəsində olan «***-***-**-**» saylı mobil nömrənin «WhatsApp»ına bildiriş mesajı yollamış, telefona olan kredit borcunu ödəmədiyi halda Samirə borclu kimi məhkəməyə veriləcək deyə həmin bildiriş mesajında qeyd olunmuşdur. 10 aprel 2025-ci il tarixdə, saat 11:00 radələrində Qax şəhəri, H.Əliyev prospektində yerləşən işlətdiyi telefon mağazasına Samir gəlmiş, mağazanın içərisində onunla mübahisə etmək istəmiş, Samiri mağazadan çölə çıxardaraq mağazanın qarşısında onunla söhbət etməyə çalışmışdır. Lakin Samir mağazanın qarşısında onunla mübahisə edərək ona istifadə olunan telefon satdığını və hansı səbəbə görə onu məhkəməyə verdiyini demişdir. O, da Samirə ona təzə qutuda olan və heç bir problemi olmayan telefonu satıldığını, ona satdıqları telefon işlək vəziyyətdə olduğunu demişdir. Həmin telefon Samirin dediyinə görə nasaz vəziyyətdə olduğu üçün servisə göndərilmiş, servis tərəfindən telefonda hər hansı bir nasazlığı aşkar olunmamışdır. Telefon işlək vəziyyətdə olduğu üçün Samir telefona olan kredit borcunu ödəməli olduğu izah etməyə çalışmışdır. Lakin Samir onun sözlərinə məhəl qoymayaraq onunla mübahisə etməyə davam etmiş, onun qolundan tutaraq və qolunu dartaraq özü ilə getməyini istəmişdir. Samirə qolundan tutmamasını demiş, Samir yenidən onunla mübahisəni davam etdirərək ona özü ilə getməli olduğunu bildirmişdir. Sonra Samir özünə məxsus olan avtomobilə doğru gedərək avtomobilinə əyləşməsini demiş, Samirə onun avtomobilə əyləşməyəcəyini dedikdə o öz avtomobilinə əyləşərək onun dalınca gəlməsini ona demişdir. Samir özünə məxsus olan avtomobili idarə edərək Qax rayonu, Ağçay kəndi istiqamətinə getmiş, o da özünə məxsus avtomobillə onun arxasınca getmişdir. Ağçay kəndinin ərazisində yolun kənarında Samir idarə etdiyi avtomobili saxlayaraq avtomobildən düşmüş, o da Samirin yanına getmişdir. Həmin vaxtı Samir onun üzərinə gələrək onun ünvanına nalayiq ifadələr işlədərək alın nahiyəsinə iki dəfə yumruqla vuraraq xəsarət yetirmişdir. Daha sonra Samir idarə etdiyi avtomobilə əyləşərək və ona telefona olan borcunu yəni krediti ödəməyəcəyini deyərək yanından uzaqlaşmışdır.Hal-hazırda şikayətçidir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 22 aprel 2025-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş 21 aprel 2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Qax rayon İHB-ın Qax şəhər İƏD-si nümayəndəliyə heç bir şikayət ərizəsi daxil olmamışdır. İş üzrə keçirilmiş və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X1 Sabunçu rayon şöbəsi tərəfindən verilmiş 33 №li, 11 aprel 2025-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər-alın nahiyəsində şişkinlik və hematoma (dərialtı qan yığımı)-bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 10 aprel 2025-ci il tarixdə alın nahiyəsinə yumruqla vurmaqla əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasənsağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma-cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxsin özünün etirafedici, zərərçəkmiş şəxsin ifadələri, ekspertiza rəyi, iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli təhqiqat orqanı tərəfindən Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, himayəsində yetkinlik yaşına çatmayan uşağın olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən-sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma-min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə təbiq olunur və bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədəuyğunluğu cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzasını təyin etməyi mümkün edir. Bu nəticəyə gələn zaman məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (böyük ictimai təhlükə törətməyən cinayət), təqsirkarın şəxsiyyətini, əməlindən səmimi peşman olmasını, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs islah işləri cəzası təyin edilməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, törətdiyi əməldən peşman olmasını və işdə olan digər halları nəzərə alaraq, ona «islah işləri» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 43.1-ci maddəsinə əsasən ictimai işlər, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə cəza növləri yalnız əsas cəza kimi tətbiq edilir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Cinayət Məcəlləsinin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən islah işlərinə məhkum olmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 15 saata görə 165 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq onun hesabına köçürülməlidir. (Hesablaşma hesabı: Azərbaycan Beynəlxalq Bankı Qax filialı, kod İBAZAZ2X, Alan Bankın müxbir hesab AZ03NABZ********************, Alan müştərinin hesab nömrəsi AZ11İBAZ********************). İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən aylıq qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla «06» (altı) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəksin. Cəzasının başlanğıcı Təqsirləndirilən şəxs qazancından tutulmaların aparıldığı gündən hesablansın. Hökmün icrası Qax rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 15 saata görə 165 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq onun hesabına köçürülsün. (Hesablaşma hesabı: Azərbaycan Beynəlxalq Bankı Qax filialı, kod İBAZAZ2X, Alan Bankın müxbir hesab AZ03NABZ********************, Alan müştərinin hesab nömrəsi AZ11İBAZ********************). Hökmdən, elan olunduğu andan 20 gün müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar