Məhkəmə qərarları › İş №1(024)-30/2024

Qax Rayon Məhkəməsi Qərar — İş №1(024)-30/2024

01.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 1(024)-30/2024 01.08.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi (məsləhətçi) Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən İİİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, müdafiəçisi Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə Şəki rayonu Cumakənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Şəki rayonu Cumakənd kəndində qeydiyyatda olmaqla Şəki rayonu Cumakənd kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərərvurma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 21 aprel 2024-cü il tarixdə, saat 01:00 radələrində sərxoş vəziyyətdə Qax rayonu, Ağyazı kəndi ərazisindən keçən “Aqropark” yolunda Zərərçəkmiş şəxs ilə aralarında qohumu Şahid4 Zərərçəkmiş şəxs olan borcunu qaytarmaması səbəbilə baş vermiş dava-dalaş zamanı əlində olan 1 litrlik boş araq şüşəsi ilə Zərərçəkmiş şəxs sol sifət nahiyəsindən 1 dəfə və bədəninin müxtəlif nahiyələrindən bir neçə dəfə qəsdən vuraraq sonuncuya sol gicgahında 1 (bir) ədəd, döş qəfəsində 2 (iki) ədəd, sol körpücük nahiyəsində 1 (bir) ədəd sıyrıqlar xəsarətləri ilə nəticələnən sağlamlığa zərər vurmayan və sol qaş nahiyəsində 1 (bir) ədəd əzilmiş-cırılmış yara, sol göz ətrafında şişkinlik, hematoma xəsarətləri ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran bədən xəsarətləri yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 21 aprel 2024-cü il tarixdə dostu Raminlə “Fındıq bağı” adlanan kafedə yemək yeyib spirtli içki qəbul etmişlır. Yeyib içdikdən sonra dostu Raminin maşını ilə (hər ikisi içkili olduğu üçün maşını Raminin yeznəsi Zəkəriyyə idarə edirdi) onun işlədiyi və yaşadığı Qax rayonu, Qaçqaçay kəndi ərazisində yerləşən fermaya çatmağa az qalmış yeznəsi Dato ona zəng edərək harada olduğunu soruşmuş, o da fermaya çatmasına az qaldığını bildirmiş, Dato da onlara fermaya gəldiyini, onunla işinin olduğunu demişdir. Evə çatdıqda Datonun kənarda dayanaraq telefonla danışdığını görmüşdür. Datodan nə baş verdiyini soruşduqda Dato Zərərçəkmiş şəxs 1200 manat borcunun olduğunu, Fəridin həmin pulu qaytarmaq üçün ona 2 saat vaxt verdiyini demişdir. O bundan sonra Fəridə zəng edərək pulu sabah səhər verməsini təklif etmiş, Fərid isə Datonun pulun qaytarılması üçün 2 saat vaxtının olmasını demişdir. Datodan Fəridin pulunu verməmiş niyə gəldiyini soruşduqda Dato Fəridin onun arvadına, yəni özünün bacısına söz atmaq istədiyini və bunu sübut edəcək səs yazılarının olduğunu demişdir. O, təkrar Fəridə zəng edərək nə üçün belə hərəkət etdiyini soruşduqda Fərid inkar etmiş, o isə səs yazılarının olduğunu demişdir. Həmin vaxtı Fəridə görüşmək istədiyini bildirdikdə, Fərid onu Qax rayonu Ağyazı kəndi ərazisinə dəvət etmişdir. O Dato ilə birlikdə Raminin avtomobilinə əyləşərək həmin yerə getmişlər. Maşından düşdükdə Fərid telefonda ucadan danışanın kim olduğunu sorşmuş, o, əsəbi olduğu üçün Fəridlə telefonla ucadan danışmış, ona görə də həmin şəxsin özünün olduğunu demişdir. Fərid onun qolundan tutmuş və kənara çəkmişdir. O bundan sonra nə baş verdiyini dəqiq xatırlamır. O, Raminin qışqırdığını, qulağından qan gəldiyini və onlarla söhbət etməyə gələnlərin qaçdığını görmüşdür. Bundan sonra Ramin DİN-nin 102 zəng xidməti mərkəzinə zəng edərək dava düşdüyü barədə məlumat vermişdir. Onun əlində araq şüşəsi olmamışdır. Şüşənin haradan olmasını bilmir. Ağdam, Tərtər Suqovuşan və Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub. İki xəstəlik kağızı vardır. Maştağada və Şəki psixiatriya mərkəzində müalicə almışdır. Təqsirini etiraf edir. Hazırda əməlindən peşmançılıq hissi keçirir və zərərçəkmiş şəxslə barışmışdır. Zərəçəkmiş şəxsə dəymiş bütün ziyanı ödəmişdir. Zərəçəkmişin ondan hər hansı şikayət və tələbi yoxdur. Odur ki, barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o hadisənin baş verdiyi günü, tarixi, eləcə də hadisəni tam olaraq xatırlamır. Onun Həsənin kürəkəni olan Dato ilə aralarında borc məsələsi vardır. Həsənlə buna görə aralarında mübahisə yaranmışdır. Hadisə gecə saat 1-2 arasında baş vermişdir. Həsənin onu nə ilə vurduğunu görməmişdir. Ətrafdakıların dediyinə görə ona vuran şəxs Həsən olmuşdur. Ətrafda kənar şəxslər olmamış, ancaq onlarla birlikdə söhbət etməyə gələn 4-5 nəfər tanış uşaqlar olmuşdur. Hadisəni tam təfərrüatı ilə xatırlamır. Çünki onun sinir xəstəliyi vardır, əsəbiləşəndə baş verənləri xatırlamır. Onun psixoloji problemi vardır. Buna dair sənədi də vardır. Hazırda təqsirləndirilən şəxsdən hər hansı şikayət və tələbi yoxdur, onunla barışmışdır. Qeyd olunanlara əsasən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərdi ki, o Zərərçəkmiş şəxs işçisi olmuşdur. Belə ki, Fəridin heyvanlarına çobanlıq etmiş, anlaşılmazlıq olduğu üçün işdən çıxmışd, lakin Fəridə 1200 manat borcu qalmışdır. Fərid 21 aprel 2024-cü il tarixdə ona zəng edərək borcunu qaytarması üçün gecə saat 1-ə qədər vaxt vermişdir. O da qaynı Həsəngilə getmişdir. Həsən Fəridə zəng edərək məsələni sülh yolu ilə həll etməsini təklif etmişdir. Fərid də onları Ağyazı kəndi ərazisinə dəvət etmişdir. Onlar Fəridin yanına gəlmiş, qaynı Həsən Fəridlə görüşəndə Fərid onun qolundan tutub özünə tərəf çəkmiş və vurmuşdur. Həsənin əlində heç bir əşya olmamışdır. O hadisəni uzaqdan seyr etmiş, qorxduğu üçün yaxına getməmişdir. Həmin vaxt Ramin onları ayırmış, Raminin qulağının qanadığını sonradan görmüşdür. Məhkəmə iclasında şahid X1 ifadəsində göstərdi ki, o Təqsirləndirilən şəxsla uzaq qohumdur. xx.xx.2024-cü ildə Həsənlə Ramin kafedə oturub yeyib içmişlər. Oradan çıxaraq Həsəngilə getmişlər. Həmin vaxtı Həsəngilə Dato gəlmişdir. Dato Həsənə səsyazı dinlətmişdir. Dato 1200 manat pulun qaytarılması üçün Fəridin ona 2 saat vaxt verildiyini demişdir. Həsənlə Fərid telefonla danışdıqdan sonra X13 yoluna çağırmışdır. X14 qolundan tutmuş və onlar dalaşmışlar. O, kənarda dayanmış, Ramin isə Həsənlə Fəridi ayırmağa getmişdir. Həsənin əlində heç bir əşya olmamışdır. O hadisəni uzaqdan seyr etmiş, qorxduğu üçün yaxına getməmişdir. Həmin vaxtı Ramin onları ayırmışdır. Ramin qulağından xəsarət almışdır. Fəridgil 3 nəfər olmuş, Həsənin üstünə iki nəfər düşmüşlər. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, Həsən onun döyüş yoldaşıdır. xx.xx.2024-cü ildə kürəkəni Zəkəriyyə və Həsənlə birlikdə kafedə oturub yeyib içmişlər. Həsəngilə gedən zaman Həsənin yeznəsi Dato gəlmişdir. Fərid Datoya borcunun qaytarılması üçün 2 saat vaxt vermişdir. Həsən Fəridə kartını girov qoymağı təklif etmək üçün zəng etmişdir. Çünki gecə saat 3-4 radələrində 1200 manat pulu tapmaq asan deyil. Fərid onlara Ağyazı kəndinin yoluna gəlməsini demiş, o içkili olduğu üçün avtomobili Zəkəriyyə idarə etmişdir. Avtomobillə həmin yerə çatdıqdan sonra Həsən Fəridlə salamlaşmış, bu zaman Fərid Həsəni qolundan tutub kənara çəkmişdir. Həmin vaxt o Həsənlə Fəridi ayırmaq üçün araya girmiş, onun qulağına yumruq dəymiş, lakin kimin vurduğunu görməmişdir. Daha sonra DİNnin 102 qaynar xətt mərkəzinə zəng etmişdir. Həsənin əlində şüşə olmamışdır. Oraya dava etmək məqsədi ilə yox, kartlarını girov qoymaq üçün getmişlər. Çünki gecə vaxtı 1200 manat pulu tapmaq qeyri-mümkün idi. Fikirləşmişlər ki, Datonun borcunu ödəmək üçün pul tapdıqdan sonra kartları geri götürərlər. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərdi ki, hadisə gecə saat 12-1 radələrində baş vermişdir. Hadisənin baş vermə tarixini isə xatırlamır. O, hadisə baş verən yerə Zərərçəkmiş şəxsla birlikdə getmiş, kənarda dayanmış, hava qaranlıq olduğu üçün dalaşanları və kimin kimə vurmasını görməmişdir. Sadəcə dalaşanları ayıran zaman qulağından xəsarət almışdır. Sonradan ona dava edən şəxsin Təqsirləndirilən şəxs olduğunu demişlər. Həmin vaxtı orada kənar şəxs olmamışdır. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərdi ki, o Zərərçəkmiş şəxs qonşusudur. Hadisə gecə saat 12-1 radələrində baş vermişdir. O. həmin vaxt sərxoş olduğu üçün hadisəni dəqiq xatırlamır. O, kənarda dayanmış, sonra isə dalaşanları ayırmışdır. Dalaşanlar Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs olmuşdur. Fəridin xəsarət aldığını sonradan görmüşdür. Həsənin Fəridi nə ilə vurmasını görməmişdir. Hadisənin baş vermə tarixini xatırlamır. O, da hadisə yerinə Fərid Şahmurovla birlikdə getmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: «Cinayət işinin başlanması haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi üzrə ********* nömrəli cinayət işi icraata qəbul edilərək ibtidai istintaqın aparılması qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” PHŞnin Qax Rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli 48 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər-sol qaş nahiyəsində 1 (bir) ədəd əzilmiş-cırılmış yara, sol göz ətrafında şişkinlik, hematoma, sol gicgahında 1 (bir) ədəd, döş qəfəsində 2 (iki) ədəd, sol körpücük nahiyəsində 1 (bir) ədəd sıyrıqlar-bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, eləcə də, yardım üçün Qax RMX PHŞ-na daxil olduğu vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2024-cü il tarixdə törənməsi mümkündür, sol qaşında və söl göz ətrafında aşkar edilmiş xəsarətlər şüşə butulka ilə vurmaqla, sol gicgahında, döş qəfəsində və sol körpücük nahiyəsində aşkar edilmiş xəsarətlər isə hər hansı bir bərk küt əşyanın təsirindən əmələ gələ bilərdilər, dərəcəsinə görə sol qaşında və sol göz ətrafında aşkar edilmiş xəsarətlər birlikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir, sol gicgahında, döş qəfəsində və sol körpücük nahiyəsində aşkar edilmiş xəsarətlər isə birlikdə və ayrı-ayrılıqda sağlamlığa ZƏRƏR VURMAYAN xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” PHŞnin Qax Rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli 47 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində aşkar olunan xəsarətlər sağ gözaltı nahiyyədə 1 ədəd qançır-bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə insan bədəninin hissələrinin (əl, ayaq, və s) təsirindən törənməsi mümkündür, sağlamlığa ZƏRƏR VURMAYAN xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” PHŞnin Qax Rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli 46 saylı rəyindən görünür ki, Şahid1 bədənində aşkar olunan xəsarətlər sol qulağında 1(bir) ədəd sıyrıq - bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə insan bədəninin müxtəlif hissələrinin (əl, ayaq, və s) təsirindən törənməsi mümkündür, sağlamlığa ZƏRƏR VURMAYAN xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” PHŞnin Qax Rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli 45 saylı rəyindən görünür ki, Şahid2 bədənində aşkar olunan xəsarətlər sol qulaq nahiyyəsində 1(bir) ədəd kəsilmiş yara - kəsici kənara malik alətin kəsməsi təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə törənməsi mümkündür, sağlamlığa ZƏRƏR VURMAYAN xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ X8 Şöbəsinin ambulator məhkəmə psixiatrik ekspertizasının 07 may 2024-cü il tarixli, 310 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs POSTRAVMATİK STRESS POZUNTUSU XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F43.1 xəstəliyindən əziyyət çəkir. Təqsirləndirilən şəxs POSTRAVMATİK STRESS POZUNTUSU XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F43.1 xəstəliyindən əziyyət çəkməsinə baxmayaraq həmin xəstəlik əlamətləri az ifadəli olması səbəbindən o, öz hərəkətlərinə cavab vermək, onlara rəhbərlik etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-in 21.1 -ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs POSTRAVMATİK STRESS POZUNTUSU XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F43.1 xəstəliyindən əziyyət çəkməsinə baxmayaraq həmin xəstəlik əlamətləri az ifadəli olması səbəbindən o, hal-hazırdada öz hərəkətlərinə cavab vermək, yaxud onlara rəhbərlik etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən ANLAQLİ olmuşdur. “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 aprel 2024-cü il tarixdə saat 20:00-da şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs 23 aprel 2024-cü il tarixdə MSYdən azad olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. № İ-29371 saylı Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli 250 s nömrəli sərəncamına əsasən Vətən müharibəsi iştirakçısı medalı ilə təltif edilmişdir. № İ-8994 saylı Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli 2720 saylı sərəncamına əsasən Suqovuşanın azad olunmasina görə medalı ilə təltif edilmişdir. 21 aprel 2024-cü il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, hadisə yeri Qax rayonu, Ağyazı kəndi ərazisindən keçən “Aqropark” yoludur. Baxış zamanı Zərərçəkmiş şəxs hadisənin baş verdiyi yeri əyani şəkildə göstərmiş və hadisə yerindən 1 ədəd litrlik boş araq şüşəsi qırılmış vəziyyətdə aşkar olunaraq qablaşdırılıb götürülmüşdür. 21 aprel 2024-cü il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, hadisə yeri Qax rayonu, Ağyazı kəndi ərazisindən keçən “Aqropark” yoludur. Baxış zamanı Təqsirləndirilən şəxs hadisənin baş verdiyi yeri əyani şəkildə göstərmişdir. Maddi sübut kimi tanınma haqqında 25 aprel 2024-cü il tarixli qərardan görünür ki, maddi sübut kimi tanınmış 01 ədəd zərfdə olan qırılmış vəziyyətdə olan 1 litrlik araq şüşəsi saxlanılması üçün Qax rayon polis şöbəsinin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Şəki ŞİHB-nın Cumakənd kəndindəki nümayəndəsinin verdiyi xx.xx.2024-cü il tarixli 110 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şəki rayonu Cumakənd kəndində, qeydiyyatda olmaqla, Qax rayonu ərazisində yaşayır. Şəki ŞİHB-nın Cumakənd kəndindəki nümayəndəsinin verdiyi xx.xx.2024-cü il tarixli 111 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi onun özündən, arvadı X2, oğlu X4, qızı X3 və oğlu X6 ibarətdir. Şəki ŞİHB-nın Cumakənd kəndindəki nümayəndəsinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. «Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmiş və qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud deyildir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilərək, barəsində olan cinayət təqibinə xitam verilməlidir. Cinayət Məcəlləsinin 73.2-ci maddəsində qeyd olunmuşdur ki, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət Prosessual Məcəllənin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ərizə təqdim edərək göstərdi ki, təqsirləndirilən şəxs ilə barışmışdır. Ondan hər hansı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan tam ödənilmişdir. Ona görə də cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ərizə təqdim edərək göstərdi ki, Zərərçəkmiş şəxs döymüşdür. Təqsirini etiraf edir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsdən üzür istəməyini və onunla barışmağını nəzərə alaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tətbiq olunmasını istisna edən hal müəyyən edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin əməli ilk dəfə törətmiş, əvvəllər həmin əmələ görə məhkum olunmamış və cinayət məsuliyyətindən və cəzadan azad olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, zərərçəkmişin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxslə barışması qəbul edilməli, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Cinayət Prosessual Məcəllənin 175.5-ci maddəsində göstərilmişdir ki, müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut olan və Qax rayon polis şöbəsində maddi sübutların saxlanılması otağında saxlanılan 01 ədəd zərfdə olan qırılmış vəziyyətdə olan 1 litrlik araq şüşəsi hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37, 39, 40, 43, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin. Barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan və Qax rayon polis şöbəsində maddi sübutların saxlanılması otağında saxlanılan 01 ədəd zərfdə olan qırılmış vəziyyətdə olan 1 litrlik araq şüşəsi hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilsin. Qərardan elan olnduğu andan 20 gün müddətində Qax Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Taleh Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar