Məhkəmə qərarları › İş №1(024)-31/2024

Qax Rayon Məhkəməsi Qərar — İş №1(024)-31/2024

11.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 1(024)-31/2024 11.07.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi X1, Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.2008-ci ildə Qax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işsiz, Qax rayon məhkəməsinin 1(024)-51/2023 saylı xx.xx.2023-cü il tarixli hökmünə əsasən AR CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib CM-nin 62-ci maddəsi tətbiq edilməklə 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmiş, Qax şəhəri, S.Vurğun küçəsi, ev 2, mənzil 15-də qeydiyyatda olmaqla Qax şəhəri, C.Cabbarlı küçəsi, döngə 1, ev 2-də yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərərvurma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 28 aprel 2024-cü il tarixdə saat 23 radələrində Qax şəhəri, H.Əliyev parkının şəhər stadionu tərəfindən girişində tanışı Qax şəhər sakini Zərərçəkmiş şəxs ilə sonuncunun ona söyüş söyməsi üstündə aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs baş nahiyəsinə parkdakı çayçının həyətindən götürdüyü stulla bir dəfə qəsdən vuraraq ona təpə nahiyəsində bir ədəd əzilmiş-cırılmış yara ilə nəticələnən və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvuran bədən xəsarətləri yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 28 aprel 2024-cü il tarixdə saat 23 radələrində qohumu Şahid ilə Qax şəhəri, H.Əliyev parkından keçib Qax şəhəri, H.Əliyev prospektində yerləşən 24 marketə su almağa getmişlər. Marketdən su alıb çıxan zaman yolda tanışları Zərərçəkmiş şəxs görmüş, Azər həmin vaxtı sərxoş vəziyyətdə olmuşdur. Nurlanla Azərə kömək edib onu evinə aparmış, həmin vaxt H.Əliyev parkının şəhər stadionu tərəfindən girişinə çatan zaman Azər heç bir səbəb olmadan onu nalayiq ifadələrlə təhqir etməyə başlamışdır. Azərə söyüş söyməməsini, ona köməklik etdiyini dedikdə Azər yenə onu nalayiq ifadələrlə təhqir etmişdir. O da parkdakı kafenin həyətindəki stullardan birini götürüb Azərin başına bir dəfə vurmuşdur. Bu zaman Nurlan onları ayırmışıdır. Azəri vurduğu stulu parkdakı stulların arasına qoymuş, daha sonra çıxıb getmişlər. Hazırda əməlindən peşmançılıq hissi keçirir və zərərçəkmiş şəxslə barışmışdır. Zərəçəkmiş şəxsə dəymiş bütün ziyanı ödəmişdir. Zərəçəkmişin ondan hər hansı şikayət və tələbi yoxdur. Odur ki, barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 28 aprel 2024-cü il tarixdə saat 23 radələrində Qax şəhəri, H.Əliyev prospektində yerləşən 24 marketdən siqaret alıb çıxan zaman orada Nadiri və Nurlanı görmüşdür. O, həmin vaxt sərxoş vəziyyətdə olmuşdur. Nadirlə Nurlan onun qoluna girərək evinə qədər aparacaqlarını demişlər. Qax şəhəri, H.Əliyev parkının şəhər stadionu tərəfdən çıxışına çatan zaman Nadirlə aralarında mübahisə yaranmış, sərxoş olduğu üçün mübahisənin konkret olaraq nəyə görə olduğunu xatırlamır. Lakin Nadirin ona söyüş söyməməsini dediyini və ondan aralanıb gedən zaman arxadan bərk əşya ilə baş nahiyəsindən bir dəfə vurduğunu, Nadirə tərəf çevriləndə həmin əşyanın parkın həyətindəki çayçıda olan stul olduğunu gördüyünü xatırlayır. Hazırda təqsirləndirilən şəxsdən hər hansı şikayət və tələbi yoxdur və Təqsirləndirilən şəxs ilə barışmışdır. Təqsirləndirilən şəxs ona dəymiş bütün ziyanı ödəmişdir. Qeyd olunanlara əsasən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Şahid ifadəsində göstərdi ki, 28 aprel 2024-cü il tarixdə saat 23 radələrində o, qohumu Təqsirləndirilən şəxs ilə birlikdə Qax şəhəri, H.Əliyev parkından keçib Qax şəhəri, H.Əliyev prospektində yerləşən 24 marketə su almağa gedirdilər. Marketdən su alıb çıxan zaman yolda tanışları Zərərçəkmiş şəxs görmüşlər. Azər həmin vaxt sərxoş vəziyyətdə olmuş, o, Nadirlə Azərə kömək edib onu evinə aparmaq qərarına gəlmiş, Azəri köməkli evinə aparan zaman H.Əliyev parkının şəhər stadionu tərəfindən girişinə çatan zaman Azər heç bir səbəb olmadan Nadiri nalayiq ifadələrlə təhqir etməyə başlamış, Nadir həmin vaxt özünü saxlaya bilməmiş, Nadir parkdakı çayçının həyətindəki stullardan birini götürüb Azərin baş nahiyyəsindən bir dəfə vurmuşdur. Bundan sonra o, Nadiri aralaşdırmış, Nadir Azərə vurduğu stulu oradakı stulların arasına qoymuş, onlar oradan çıxıb getmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: «Cinayət işinin başlanması haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə ********* nömrəli cinayət işinin başlanması, icraata qəbul edilərək ibtidai istintaqın aparılması qərara alınmışdır. Məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 61 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs təpə nahiyyəsində bir ədəd əzilmiş-cırılmış yara bərk-küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, eləcə də yardım üçün xəstəxanaya müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2024-cü il tarixdə təpə nahiyyəsinə stulla vurma nəticəsində yarana bilərdi, dərəcəsinə görə, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Qax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 62-ci maddələrində nəzərədə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2024-cü il tarixdə isə cəzasını çəkib qurtarmışdır. Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu vardır. «Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmiş və qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud deyildir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilərək, barəsində olan cinayət təqibinə xitam verilməlidir. Cinayət Məcəlləsinin 73.2-ci maddəsində qeyd olunmuşdur ki, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət Prosessual Məcəllənin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ərizə təqdim edərək göstərdi ki, təqsirləndirilən şəxs ilə barışmışdır. Ondan hər hansı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan tam ödənilmişdir. Ona görə də cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ərizə təqdim edərək göstərdi ki, Zərərçəkmiş şəxs döymüşdür. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsdən üzür istəməyini və onunla barışmağını nəzərə alaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tətbiq olunmasını istisna edən hal müəyyən edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin əməli ilk dəfə törətmiş, əvvəllər həmin əmələ görə məhkum olunmamış və cinayət məsuliyyətindən və cəzadan azad olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, zərərçəkmişin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxslə barışması qəbul edilməli, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Cinayət Prosessual Məcəllənin 175.5-ci maddəsində göstərilmişdir ki, müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37, 39, 40, 43, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin. Barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş "yetkinlik yaşına çatmayanı nəzarət altına vermə" qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olnduğu andan 20 gün müddətində Qax Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim : Taleh Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar