Məhkəmə qərarları › İş №1(024)-32/2024

Qax Rayon Məhkəməsi Hökm — İş №1(024)-32/2024

22.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qax rayonu İş № 1(024)-32/2024 22.08.2024 QAX RAYON MƏHKƏMƏSİ saat 16:40-da Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi (məsləhətçi) Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, Cinayət qanunu ilə nəzərdə tutulan əməli törədən şəxs Təqsirləndirilən şəxs, müdafiəçisi Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1997-ci ildə Şəki şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Şəki şəhəri, Olimpiya məhəlləsi, ev 11 ünvanında yaşayan. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Cinayət qanunun ilə nəzərdə tutulan əməli törədən şəxs Təqsirləndirilən şəxs 16 may 2024cü il tarixdə, saat 22 radələrində ictimai yerdə, yəni Qax rayonu, Qaşqaçay kəndinin ərazisində yerləşən "Fındıqlıq" adlanan kafedə alkoqol sərxoşluğu vəziyyətində heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini başqa şəxsin şəxsiyətinin fövqündə qoymaqla, nalayiq söyüşlər söyərək, ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinadsızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərərək Şahid1 ilə heç bir əsaslı səbəb olmadan mübahisə etmiş, kafenin içərisində əyləşdiyi kabinetin giriş qapısının şüşəsinə yumruqla vuraraq və kafedən çölə çıxaraq kafenin həyətində əlində olan pivə bakalını yerə ataraq sındırmış, daha sonra öz hərəkətlərini davam etdirib kafenin həyətində olan stola yumruqla bir neçə dəfə vurub sındırmaqla və kafenin divarına yumruq ilə vuraraq zədələməklə özgənin əmlakının 200 (iki yüz) manat dəyərində zədələnməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq cinayətini törətmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulan əməli törədən şəxs Təqsirləndirilən şəxs qeyd edilən əməldə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, uzun müddətdir ki, Qax rayonu Qaşqaçay kəndi ərazisində yerləşən “Fındıqlıq” adlı kafeyə hərdənbir gələrək yeyib-içirlər. Hadisə baş verən gün, yəni 16 may 2024-cü il tarixdə Şəki şəhərində dostları ilə birlikdə yeyibiçmişlər. Bundan sonra birlikdə Qax rayonuna, “Fındıqlıq” adlı kafeyə gəlmiş və pivə sifariş vermişlər. Həmin kafedə onun keçmiş sevgilisi olan Səhəngiz işləyir. Spirtli içki qəbul etdiyi üçün sərxoş olmuş, Səhəngizi qısqandığı üçün ucadan nalayiq sözlər demiş, kafenin giriş qapısının şüşəsini yumruqla vuraraq sındırmış və pivə bakalını qırmışdır. Bundan sonra mətbəxə keçmiş və əlindən xəsarət aldığı üçün kafedə işləyən qadın onun yarasını sarımışdır. Kafedə olan plastmas masanı isə o sındırmamışdır. Hazırda əməlindən peşmandır. Hadisədən sonra Zərərçəkmiş şəxsla barışaraq ona dəymiş maddi ziyanı ödəmiş və onunla barışmışdır. Odur ki, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o Qax rayonu Qaşqaçay kəndi ərazisində yerləşən Fındıqlıq adlı kafeni işlədir. Təqsirləndirilən şəxs 10 ildir ki, kafenin müştərisi kimi tanıyır və həmin müddət ərzində bir dəfə də olsun Fəridin səsinin ucadan çıxdığını eşitməmişdir. Hadisə baş verən gün, yəni 16 may 2024-cü il tarixdə Bakı şəhərində olmuş, axşam kafenin işçisi olan Bədrəddin ona zəng edərək Fəridin kafedə hay-küy saldığını və giriş qapsınını şüşəsini, masanı və pivə bakalını sındırdığını bildirmişdir. O, kafeni bağlamasını və müştəri qəbul etməməsini demişdir. Bundan sonra həmin gecə Bakı şəhərindən Qax rayonuna qayıtmış və səhəri gün hadisə barədə Qax RPŞ-nə məlumat vermişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona dəyən maddi ziyan ödənilmişdir və ondan heç bir şikayət və tələbi yoxdur. Odur ki, iş üzrə qanuni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o Qax rayonu Qaşqaçay kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs məxsus “Fındıqlıq” adlı kafedə qabyuyan işləyir. Hadisə baş verən günə qədər Təqsirləndirilən şəxs tanımamışdır. Həmin gün Fərid sərxoş olmuş, hay-küy salmış və kafenin giriş qapısının şüşəsini yumruqla vurub qırmışdır. Fəridin əlindən qan axdığı üçün o mətbəxdə dəsmalla Fəridin əlini sarımışdır. Hadisənin nə üstündə baş verdiyini bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təxminən on ilə yaxındır ki, Təqsirləndirilən şəxsla dostluq edir. 16 may 2024-cü il tarixdə, axşam saatlarında dostu Fəridlə Qax rayonu Qaşqaçay kəndi ərazisində yerləşən “Fındıqlıq” adlı kafedə pivə və çay içməyə gəlmişlər. O sürücü olmuşdur. Fərid sərxoş olduğu üçün kafedə hay-küy salmış, kafenin giriş qapsının şüşəsini və pivə bakalını sındırmışdır. Lakin kafedə olan masanı sındırmamışdır. Fəridin əli kəsilmişdir. Daha sonra kafeni tərk etmiş, oradan Qax rayon Mərkəzi xəstəxanasına, sonra isə Qax RPŞ-nə getmişlər. Polis şöbəsində onların izahatı alındıqdan sonra buraxmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o Qax rayonu Qaşqaçay kəndi adlanan ərazidə yerləşən Zərərçəkmiş şəxs işlətdiyi “Fındıqlıq” adlı kafedə aşbaz işləyir. xx.xx.2024-cü il tarixdə saat 22 radələrində kafenin müştərilərindən olan Fərid adlı şəxs 3 nəfər şəxslə kafeyə gəlmiş və kabinetdə oturaraq sifariş etmişlər. Həmin gün kafenin sahibi Elçin Bakı şəhərində olmuşdur. Ofisiant Leyla adlı xanım onların hərəsinə bir bakal pivə aparmış, bundan sonra Fərid ucadan nalayiq ifadələr işlətmişdir. Leyla həmin masaya pivəni verdikdən sonra ona evə getməli olduğunu deyərək kafeni tərk etmişdir. Fərid isə hərəkətlərini davam etdirərək, oturduğu kabinetin giriş qapısının şüşəsinə yumruqla vuraraq sındırmış, sağ əlindən qan gəlməyə başlamışdır. Daha sonra Fərid kabineti tərk edib, nalayiq ifadələr işlədərək əlində olan pivə bakalını yerə ataraq bakalı sındırmış və kafedə olan masanı bir-neçə dəfə yumruqla vuraraq sındırmış, yenidən binaya daxil olaraq divara 4-5 dəfə yumruqla vuraraq divarı yararsız hala salmışdır. Fəridin əli kəsildiyi üçün mətbəxdə qabyuyan işləyən Leyla onun əlini dəsmalla sarımışdır. Fərid yoldaşları ilə kafeni tərk etmiş və o bu barədə kafenin sahibi Elçinə məlumat vermiş, Elçin isə kafeni bağlayaraq müştəri qəbul etməmələrini bildirmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Şahid4 (məhkəməyədək sadələşdirilmiş icraat materialında X2 qeyd olunub) gəlməmiş, məhkəməyə teleqram göndərərək səhhəti ilə əlaqədar məhkəmə iclasına gələ bilməyəcəyini, hadisə ilə bağlı heç nə görmədiyini hadisə baş verdikdə orada olmadığını göstərərək onun məhkəməyə çağırılmamasını xahiş etmişdir. Bu səbəbdən məhkəmə iclasında Şahid4 ibtidai araşdırma zamanı verdiyi ifadəsi elan olunmuşdur. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid4 ibtidai araşdırma zamanı verdiyi ifadəsində göstərmişdir ki, yuxarıda göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs Qax RPŞ-nə verdiyi ərizə ilə tanış olmuşdur. Mahiyyəti üzrə bildirir ki, Təqsirləndirilən şəxs ilə əvvəllər bir-birini sevmişlər. Son 4 ay olar ki, ayırlmışlar. Təqsirləndirilən şəxsla ayrıldıqdan sonra Qax rayonu Qaşqaçay kəndinin ərazisində yerləşən və Zərərçəkmiş şəxs məxsus “Findıqlıq” adlı kafedə 4 ay olar ki, ofisiant işləyir. Kafenin sahibi Elçin ona gündəlik 20 manat əmək haqqı verir. İş saatı hər gündə saat 13:00-dan 23:00-a qədərdir. xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs Bakı şəhərinə getdiyi üçün kafeyə o və orada işləyən aşbaz Bədrəddin adlı şəxs nəzarət etmişlər. xx.xx.2024-cü il tarixdə həmişəki kimi kafeyə işə gəlmiş, həmin tarixdə saat 22 radələrində kafedə olduğu müddətdə Təqsirləndirilən şəxs dostları ilə birlikdə oraya gəlmişlər. Onlar kafedə kabinetlərin birində əyləşmiş, o, Fəridgilin oturduğu masaya yaxınlaşaraq sifarişlərini qəbul etmişdir. Sonra onların hərəsinə bir bakal pivə vermişdir. Fəridə pivəni verdikdən sonra, Fərid ona kafedə nə üçün işlədiyini deyərək mübahisə etməyə başlamışdır. Fərid onunla mübahisə edən zamanı ona cavab verməyərək onun oturduğu kabinetdən çölə çıxmışdır. O, çölə çıxdıqdan sonra Fəridin oturduğu kabinetin içərisində uca səslə naməlum ünvana nalayiq ifadələr işlətdiyini eşitmişdir. Daha sonra kafenin aşbazı Bədrəddinin yanına yaxınlaşmış və ona evə getməli olduğunu demişdir. O, kafeni tərk edən zaman Bədrəddinə saat 23-də kafeni bağlamasını demişdir. Kimsə nəsə istəsə kafe bağlandığı üçün heç nə vermədiklərini demişdir. Bunları Bədrəddinə deyərək kafeni tərk edərək Şəki şəhərinə yaşadığı evə taksi ilə getmişdir. Təqsirləndirilən şəxs kafedə nəyisə sındırdığını görməmişdir. O, evə çatdıqda sonra mobil telefonla Bədrəddinlə əlaqə saxlamış, Bədrəddin Fəridin orada kabinetin giriş qapısının şüşəsini, bir ədəd pivə bakalını və masanı sındırdığını, daha sonra isə kafenin binasına daxil olub, divara yumruqla vuraraq yararsız vəziyyətə saldığını bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirlmiş icraat işi açılması və icraata qəbul edilməsi haqqında” 18 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə HK-1/270 nömrəli material üzrə məhkəməyədək sadələşdirilmiş icraat işi açılmışdır. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizələrindən görünür ki, hər iki şəxs baş vermiş hadisə ilə bağlı araşdırmanın məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqatın aparılmasına etirazlar etməmişlər. “Baxış keçirilmə haqqında” 17 may 2024-cü il tarixli protokoldan görünür ki, Qax rayonu, Qaşqaçay kəndinin ərazisində yerləşən “Fındıqlıq” adlanan kafenin içərisində Təqsirləndirilən şəxs oturduğu kabinetin giriş qapısının şüşəsinin və 1 ədəd pivə bakalının sındırılması, kafenin həyətində olan bir ədəd masanın qırılması və kafenin içərisindəki binanın divarında yumruq zərbələrinin izləri müəyyən olunmuşdur. Qax rayon İstehsal-İstehlak Kooperativinin verdiyi xx.xx.2024-cü il tarixli c-115 nömrəli məktubdan görünür ki, 2024-cü ilin may ayı üçün 1 ədəd pəncərə şüşəsinin orta bazar qiyməti 20 manat, 1 ədəd pivə bakalının orta bazar qiyməti 10 manat, 1 ədəd alçipanın orta bazar qiyməti 30 manat və 1 ədəd plastmas materialdan olan stolun orta bazar qiyməti 140 manat təşkil edir. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi PHŞ Şəki RMX PHŞ-nin verdiyi 27 may 2024-cü il tarixli 18-1-71/2-792/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Şəki rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin poliklinika şöbəsinin Narkologiya və Psixiatriya kabinetlərinə müraciət etməmiş və qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində təqsirli bilinib 1500 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə hökm dəyişdirilərək CM-nin 177.2.1, 177.2.2 və 177.2.3 və 69.4cü maddəsinə əsasən 300 manat cərimə cəzası təyin edilmişdir. xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla barışmış, zərərçəkmiş şəxsə vurulmuş ziyan tam ödənilmiş və onun cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsdən hər hansı şikayəti və tələbi yoxdur. Cinayət-Prosessual Məcəllənin 144 və 145.1-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə məhkəməyədək sadələşdirilmiş icraat materialına cinayət qanununu ilə nəzərdə tutulan əməli törətmiş şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində göstərilmişdir ki, xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsinin 221.1-ci maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi sübut edilir. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarının 1-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-cimaddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2 və 44.2.4-cü maddələrində göstərilmişdir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə cinayət qanununu ilə nəzərdə tutulan əməli törədən şəxs Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 221.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törədən şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törədən şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulan əməli törədən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini Cinayət Məcəlləsinin 59.1.13-cü, törətdiyi əməli etiraf edib əməlindən səmimi peşman olmasını isə Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulan əməli törədən şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, həmin əmələ görə cəzasını yüngülləşdirən halların olmasını və əmələ görə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olar. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. İş materialları ilə müəyyən olundu ki, Təqsirləndirilən şəxs Şəki şəhəri, Olimpiya məhəlləsi, ev 11 ünvanında yaşayır. Məhkəmə diqqətə çatdırır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulan əməli törədən şəxs Təqsirləndirilən şəxs üzərinə Şəki şəhəri, Olimpiya məhəlləsi, ev 11 ünvanında yerləşən yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək və yaşadığı Şəki rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəməyədək sadələşdirilmiş icraat materialından görünür ki, Təqsirləndirilən şəxs barəsində hər hansı bir qətimkan tədbiri seçilməmişdir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə təqsirli bilinsin və ona 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Şəki şəhəri, Olimpiya məhəlləsi, ev 11 ünvanında yerləşən yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək və yaşadığı Şəki rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Qax rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim : Taleh Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar