Azərbaycan Respublikası adından HÖKM Qax rayonu İş № 1(024)-34/2024 02.08.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi (məsləhətçi) Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçisi Müdafiəçi, Zərərçəkmiş şəxslər X4 iştirakları ilə, xx.xx.1977-ci ildə Qax rayonu, Sarıbaş kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qax rayonu, Cəlayir kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs qəsdən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 21 mart 2024-cü il tarixdə saat 01:30 radələrində Qax rayonu, Cəlayir kənd sakini X3 yaşadığı evin həyətində yerləşən saxlanc sahəsi olan tikiliyə giriş qapısıdan qanunsuz daxil olaraq oradan bir ədəd dəyəri 230 manat olan “Strim 26” markalı sürətlər qutusu 21 olan velosipedi gizli yolla talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 230 (iki yüz otuz) manat miqdarında maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa o, qəsdən, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 21 mart 2024-cü il tarixdə saat 02:00 radələrində Qax rayonu, Cəlayir kənd sakini X4 yaşadığı evin həyətində yerləşən saxlanc sahəsi olan tövləyə qapıdan qanunsuz daxil olaraq oradan bir baş dəyəri 200 manat olan quzunu gizli yolla talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 200 (iki yüz) manat miqdarında maddi ziyan vurmaqla təkrarən oğurluq cinayətini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 20 mart 2024-cü il tarixdə saat 21 radələrində yaşadığı evdə olan zaman maddi imkanı zəif olduğundan oğurluq etmək qərarına gəlmiş və həmin günü gecə saat 01 radələrində qonşuluqda yaşayan həmkəndlisi Babək adlı şəxsin yaşadığı evin həyətinə daxil olmuşdur. Babəkgilə tez-tez gedib gəldiyindən onun velosipedi həyətindəki tikilidə saxladığını bildiyi üçün tikilinin qapısını açıb içəri daxil olmuş və divara söykənmiş olan 1 ədəd velosipedi götürüb həyəti tərk etmişdir. Bundan sonra həmin velosipedlə qonşusu Nicatın tövləsindən qoyun oğurlamağa getmişdir. Nicatgilin tövləsinin arxa tərəfi meşəyə çıxdığından oradan tövləyə daxil olub bir baş 3 aylıq diri çəkisi təxminən 20 kq olan quzunu götürüb oranı tərk etmiş və həmin heyvanı satmaq üçün oğurladığı velosipedlə birlikdə Şəki rayonu, Cumakənd kəndinə getmiş, səhər saat təxminən 09 radələrində kənddə tanımadığı şəxsə quzunu 120 manata, velosipedi isə başqa bir tanımadığı şəxsə 20 manata satmışdır. Daha sonra satdığı heyvanın və velosipedin pulu ilə Şəki şəhərinə getmiş, orada yeyib-içdikdən sonra yaşadığı Qax rayonu, Cəlayir kəndinə qayıtmışdır. Bundan başqa 24 mart 2024-cü il tarixdə saat 23 radələrində çaxır oğurlmaq qərarına gəlmiş, həmkəndlisi Əlibalanın çaxırı olduğunu bildiyi üçün qonşusu Samirin həyətindən Əlibalagilin həyətinə daxil olaraq köhnə tikilinin açıq qapısından içəri daxil olub 1,5 litrlik qabda çaxır, 2 ədəd 2 litrlik qablarda 4 litr benzin və 300 qram olan balaca araq götürüb oranı tərk etmiş və evə gəlmişdir. Arağı və çaxırı evdə içmiş, benzini isə ayaqyoluna atmışdır. Hazırda zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəmiş və etdiyi əməldən peşmançılıq hissi keçirir. Odur ki, bu kimi halların nəzərə alınmaqla ədalətli hökm çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X9 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs onun qonşusudur. Təqsirləndirilən şəxs 20 mart 2024-cü il tarixdə ona məxsus evin həyətində yerləşən tövlədən bir baş 3 aylıq çəkisi təxminən 20 kq olan xırdabuynuzlu heyvanı - quzunu oğurlamışdır. Oğurluq nəticəsində ona 200 manat maddi ziyan dəymişdir. Ramin hazırda ona dəymiş maddi ziyanı tam olaraq ödəmişdir və təqsirləndirilən şəxsdən hər hansı şikayət və tələbi yoxdur. Odur ki, ona yüngül cəza verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X7 iştirak etdiyi məhkəmə iclasında ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs onun qonşusudur. 20 mart 2024-cü il tarixdə ona məxsus evin həyətində yerləşən tikilidən “Strim 26” markalı velosiped oğurlanmış, polis tərəfindən həmin velosipedin qonşusu Təqsirləndirilən şəxs tərəfindən oğulanması müəyyən edilmişdir. Oğurluq nəticəsində ona 230 manat məbləğində maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir və təqsirləndirilən şəxsdən hər hansı şikayət və tələbi yoxdur. Odur ki, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən zaman Qax RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ifadəsində göstərdi ki, 28 mart 2024-cü il tarixdə keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində Qax rayonu, Cəlayir kənd sakini X6 məxsus tövlədən 1 baş quzunu, Şahid1 məxsus həyətyanı sahədə yerləşən tikilidən 4 litrlik benzin, 1.5 litrlik qabda çaxırı və 300 qr arağı və X5 məxsus fərdi yaşayış evindən 1 ədəd velosipedi oğurlamış şəxsin-Qax rayonu, Cəlayir kənd sakini Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Bundan sonra şəxs polis şöbəsinə dəvət olunmuş və onunla aparılan ilkin əməliyyat yönümlü söhbətlər zamanı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini etiraf etmişdir. Təqsirləndirilən şəxs şöbənin istintaq qrupuna təqdim edilmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmaqla təsdiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində yaşadığı evin həyətində tikilinin olduğunu, həmin tikiliyə benzin, araq, turşu və s. yığdığını, 23 mart 2024-cü il tarixdə saat 22 radələrində həyətdə işlərini qurtardıqdan sonra evə keçdiyini, evdə biraz televizora baxdıqdan sonra yorğun olduğundan tez yatdığını, 24 mart 2024-cü il tarixdə səhər saat 09 radələrində həyətə düşüb oradakı tikiliyə daxil olan zaman tikilinin qapısının açıq olduğunu gördüyünü, içəriyə daxil olub ətrafa baxan zaman içərinin dağınıq olduğunu, içəridən naməlum şəxs və ya şəxslər tərəfindən 1,5 litrlik qabda ev üsulu ilə düzəldilmiş çaxırın, 2 ədəd 2 litrlik qablarda 4 litr 92 markalı benzinin və 300 qram olan balaca ağ rəngdə olan “Banketnaya” markalı arağın oğurlandığını gördüyünü, bundan sonra isə baş vermiş hadisə barədə polis şöbəsinə şikayət etdiyini, daha sonra polis şöbəsində ona məxsus evin həyətində yerləşən tikilidən oğurluq etmiş şəxsin həmkəndlisi Təqsirləndirilən şəxs olduğunu öyrəndiyini, Qax RİİK alınmış məktubla və orada göstərilən qiymətlərlə razı olduğunu, oğurlanmış əmlakların qiyməti səhv hesabladığını, dəymiş ziyanın ümumilikdə 15,5 manat təşkil etdiyini göstərmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: «Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. «Əməlin tövsifi haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlləri və cinayət işi üzrə icraat Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3cü maddəsindən həmin məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. «Hadisə yerinə baxış keçirilməsi barədə» xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə gecə saat 02 radələrində həmkəndlisi Qax rayonu, Cəlayir kənd sakini X4 yaşadığı evin həyətində yerləşən tövlənin qapısından daxil olaraq oradan bir baş quzunu oğurlamışdır. «Hadisə yerinə baxış keçirilməsi barədə» xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə həmkəndlisi Qax rayonu, Cəlayir kəndində X3 yaşadığı evin həyətində yerləşən tikilinin giriş qapısıdan daxil olaraq orda olan bir ədəd “Strim 26” markalı, sürətlər qutusu 21 olan velosipedi oğurlamışdır. «Şübhəli şəxsin ifadəsinin yerində yoxlanması haqqında» xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Qax rayonu, Cəlayir kənd sakini X4 yaşadığı evin həyətində yerləşən tövlənin qapısından daxil olaraq oradan bir baş quzunu və Qax rayonu, Cəlayir kəndində X3 yaşadığı evin həyətində yerləşən tikilinin giriş qapısıdan daxil olaraq oradan bir ədəd “Strim 26” markalı, sürətlər qutusu 21 olan velosipedi oğurladığı yeri və şəraiti göstərmişdir. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 mart 2024-cü il tarixdə saat 19:00-da tutulmuşdur. Qax rayon məhkəməsinin 30 mart 2024-cü il tarixli 4(024)-15/2024 saylı “Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi barədə” qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət təmin edilməmiş və şəxs xx.xx.2024-cü il tarixdə saat 12:45-də məhkəmə zalında dərhal həbsdən azad edilmişdir. “Təqsirləndirilən şəxs haqqında qətimkan tədbirinin seçilməsi barədə” qərardan görünür ki, 30 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2004-cü il tarixli, 9/2617 saylı ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən tədqiqat obyektlərinin 2024-cü ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 430,00 manat müəyyən olunur. O cümlədən: -1 baş 3 aylıq diri çəkisi 20 kq olan erkək quzu-200,00 manat - 1 ədəd yeni “Strim 26” modelli, sürətlər qutusu 21 olan velosiped-230,00 manat Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2024cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində məlumat aşkar olunmamışdır. Qax RMX-nın xx.xx.2024-cü il tarixli 18-1-50/2-311/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Qax RMX-nın narkoloji və ruhi əsəb xəstəlikləri üzrə kabinetlərində dispanser qeydiyyatında yoxdur. Qax RİHB-nın Sarıbaş kənd İƏDÜN-nin verdiyi xx.xx.2024-cü il tarixli 83 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Qax rayonu Cəlayir kəndində yaşayır, onun ailə tərkibi anası X2, arvadı X10, oğlu X11 və qızı X1 ibarətdir. Qax RİHB-nın Sarıbaş kənd İƏDÜN-nin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunur. «Sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, iş üzrə əməl Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə yenidən ittiham elan edilmiş, barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, təqsirləndirilən şəxsin əməlində CM-nin 157-ci maddəsinin tərkibi olmadığından həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmiş, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbirin görülməsi üçün qərarın surəti Qax RPŞ-nin İTB-nə göndərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, ekspert rəyi, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsində göstərilmişdir ki, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi sübut edilir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli, 01 nömrəli Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2 və 44.2.4-cü maddələrində göstərilmişdir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.2 və 177.2.3-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edib, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini CM-nin 59.1.12-ci, zərərçəkmiş şəxslərə vurduğu ziyanı tam ödəməsini CM-nin 59.1.13cü, əməlindən səmimi peşman olmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi oğurluq cinayətlərinin xarakterini, həmin əməllərə görə cəzasını yüngülləşdirən halların olmasını, həmin əmələ görə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olar. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 28 mart 2024-cü il tarixdən 30 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulub saxlanıldığı 02 (iki ) gün müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə diqqətə çatdırır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Qax rayonu Cəlayir kəndində yerləşən yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək və yaşadığı Qax rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə qətimkan tədbiri ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 28 mart 2024-cü il tarixdən 30 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulub saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Qax rayonu Cəlayir kəndində yerləşən yaşayış yerini saat 23:00-dan saat növbəti gün 07:00-dək və yaşadığı Qax rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Qax rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Taleh Kərimov
Məhkəmə qərarları › İş №1(024)-34/2024
Qax Rayon Məhkəməsi Hökm — İş №1(024)-34/2024
02.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver