Azərbaycan Respublikası adından HÖKM Qax rayonu İş № 1(024)-34/2025 04.09.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi, Dövlət ittihamçısı, Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə xx xxxxx 2007-ci il tarixdə Qax şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş-Turaclı Əmir Nəriman oğlunun Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq satış məqsədi olmadan 2024-cü ilin oktyabr ayının əvvəllərində Qax rayonu, Qıpçaq kəndi yaxınlığında yerləşən meşəlik sahədən yabanı halda bitmiş narkotik tərkibli çətənə bitki kollarını qırıb quruması üçün həmin ərazidə yerləşən otlaq sahədə saxlamış, bundan sonra həmin narkotik tərkibli çətənə bitki kollarını qurutduqdan sonra əldə etdiyi çətənə bitkisindən kustar üsullu hazırlanmış qurudulmuş marixuananı ağ sellofan torbaya yığaraq Qax şəhərində yerləşən rayon idman məktəbinin ərazisində olan yarım tikili binanın hasarının üstündə gizlətmiş və bir hissəsini də üzərində saxlamaqla daşımış,13 aprel 2025-ci il tarixdə, saat 22:00 radələrində Qax RPŞ-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qax rayonu, Ağyazı kəndi ərazisində saxlanılaraq Qax RPŞ-nə gətirilmiş, orada üzərinə keçirilən şəxsi axtarış keçirilən zaman boz rəngli cins şalvarının sol yan cibindən ağ rəngdə sellofan torbaya bükülmüş xeyli miqdarda, ümumi təmiz çəkisi 18.95 qram narkotik vasitə olan çətənə bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana, həmçinin 13 aprel 2025-ci il tarixdə özünün iştirakı ilə narkotik vasitəni saxladığı yerə, yəni Qax şəhəri, İ.Dağıstanlı küçəsində yerləşən Qax idman məktəbin ərazisində olan yarım tikili binanın hasarının üstünə keçirilən baxış zamanı oradan xeyli miqdarda, ümumi təmiz çəkisi 128.44 qram narkotik vasitə olan çətənə bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2024-cü ilin oktyabr ayının əvvəli Qax rayonu, Qıpçaq kəndində yaşayan dostugildən qayıdan zaman Qax rayonu, Qıpçaq kəndinin ərazisində yerləşən meşə zolağının yolunun kənarı ilə piyada gedən zamanı ora yolun ətrafında yabanı halda bitmiş çətənə kolları görmüşdür. Əvvəllər də bir neçə dəfə narkotik vasitə olan marixuanadan istifadə etdiyindən görən kimi onun çətənə bitkisi olduğunu anlamışdır. Həmin yabanı çətənə kollarından bir hissənin yığmağı və onları qurutmağı düşünmüşdür. Çətənə kollarından bir ədəd böyük kolu qoparmış və orada boş otlaq sahədə qurutmuşdur. Həmin yabanı çətənə kolunu ağ rəngli sellofan torbanın içərisinə yığaraq Qax şəhərində yerləşən Qax rayon idman məktəbinin ərazisində olan yarım tikili binanın hasarının üstündə gizlətmişdir. 2025-ci ilin mart ayının sonunda narkotik vasitəni sellofan torbadan bir dəfə istifadə etmək üçün narkotik vasitəni götürmüş və orada heç kim olmayan yerdə narkotik vasitədən istifadə etmişdir. 13 aprel 2025-ci il tarixdə, saat 21:00 radələrində Qax şəhərində yerləşən Qax rayon idman məktəbinin ərazisində olan yarımtikili binanın hasarının üstündə gizlətdiyi narkotik vasitədən istifadə etmək üçün götürməyə getmişdir. Həmin sellofan torbanın içərisində olan narkotik vasitənin bir hissəsini başqa bir ağ rəngdə olan torbaya yığaraq oradan uzaqlaşmışdır. 13 aprel 2025-ci il tarixdə, saat 22:00 radələrində Qax rayonu, Ağyazı kəndinin yolu ilə piyada Əyri çaya balıq tutmaq üçün gedən zaman Qax RPŞ-in polis əməkdaşları onun yanına yaxınlaşaraq özlərini təqdim etmiş, ona narkotik vasitənin qanunsuz gəzdirdiyinə görə şübhəli olduğunu bildirmiş və Qax RPŞ-nə gedərək üzərinə şəxsi axtarış keçirəcəklərini demişlər. Polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış keçirilmiş, ona üzərində olan əşyaları təqdim etməyi təklif edilmişdir. Əynində olan boz rəngli cins şalvarının sol yan cibindən həmin ağ rəngli sellofan torbada olan bükümdə narkotik vasitə marixuananı polis əməkdaşlarına təqdim etmiş və onu özü istifadə etmək üçün üstündə gəzdirdiyini bildirmişdir. Video çəkiliş zamanı əlavə olaraq Qax şəhərində yerləşən Qax rayon idman məktəbinin ərazisində olan yarımtikili binanın hasarının üstündə narkotik vasitəni saxlamışdır. Bundan sonra polis əməkdaşları ilə birgə Qax şəhərində yerləşən Qax rayon idman məktəbinin ərazisində baxış keçirmək üçün getmişdir. Baxış zamanı Qax şəhərində yerləşən Qax rayon idman məktəbinin ərazisində olan yarım tikili binanın hasarının üstündə olan ağ rəngli sellofan torbada olan gizlətdiyi narkotik vasitəni polis əməkdaşlarına təqdim etmişdir. Hal-hazırda törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 13 aprel 2025-ci il tarixdə Qax şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuana istifadəçisi olması, mütəmadi olaraq üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunaraq onun cinayət başında yaxalanması məqsədi ilə polis əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmış və qrup üzvlərinə tədbir zamanı şəraitdən asılı olaraq davranış qaydaları izah edilmişdir. Bundan sonra daxil olmuş əməliyyat məlumatının yoxlanılması, Qax şəhər sakini Təqsirləndirilən şəxs cinayət başında yaxalanması və cinayət əməlinin ifşa olunması istiqamətində əməliyyat tədbirlərini davam etdirmişlər.13 aprel 2025-ci il tarixdə, saat 22:00 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs yaşadığı Qax rayonu, Ağyazı kəndi yaxınlığında saxlanılaraq Qax RPŞ-nə gətirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirməzdən əvvəl onun hüquqlarının müdafiə edilməsi məqdsədi ilə təhqiqatçı tərəfindən vəkil dəvət edilmişdir. Daha sonra vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sol yan cibindən ağ rəngdə sellofan torbaya bükülmüş vəziyyətdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmişdir. Həmin sellofan torbanın içərisinə baxarkən orada kəskin iyli, quru halda narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər yaşıl kütlə aşkar edilmişdir. Sonra şəxsi axtarış zamanı zamanı əynində olan ağ rəngli isti qış gödəkcənin sol yan cibindən iki ədəd ağ rəngdə olan salfet büküm aşkar olunmuşdur. Sonra şəxsi axtarış zamanı başqa əşya aşkar edilməmiş və götürülməmişdir. Təqsirləndirilən şəxs üstündən aşkar olunan iki ədəd ağ rəngə olan salfet bükümü ona geriyə qaytarılmışdır. Təqsirləndirilən şəxs həmin kütlənin qurudulmuş marixuana olduğunu və bunu Qax rayonu, Qıpçaq kəndinin ərazisində yerləşən meşə zolağına gedən yolun kənarında yabanı halda bitmiş bitkilərdən yığaraq əldə etdiyini bildirmişdir. Məqsədi isə şəxsi istifadə olmuşdur. Bundan sonra həmin yaşıl rəngli kəskin spesifik iyə malik, qurudulmuş marixuanaya bənzər kütlə ağ rəngli sellofan torba ilə birlikdə «Kinlee»markalı elektron tərəzi vasitəsilə çəkilmişdir. Ümumilikdə 21.60 qram təşkil etmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı Qax şəhərində yerləşən Qax rayon idman məktəbinin ərazisində olan yarım tikili binanın kənarında narkotik vasitə olan marixuana saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı və vermiş olduğu izahatında Qax şəhəri İ.Dağıstanlı küçəsində yerləşən Qax rayon idman məktəbinin ərazisində olan yarım tikili binanın hasarında gözlətdiyi narkotik vasitə olan marixuana saxladığını bildirməsi ilə bağlı həmin əraziyə gələrək oraya baxış keçirilmişdir. Baxış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs baxış keçirilməsinə və video çəkiliş aparılmasına heç bir etirazı olmadığını bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Qax şəhəri, İ.Dağıstanlı küçəsində yerləşən Qax rayon idman məktəbinin ərazisində olan yarım tikili binanın hasarında narkotik vasitəni gizlətdiyi yerə gəlmişdir. Həmin yerə baxış keçirməyə başlamışdır. Baxış zamanı Təqsirləndirilən şəxs idman məktəbinin ərazisində olan yarım tikili binanın hasarının üstündən ağ rəngli sellofon torbanı oradan çıxartmış və onlara təqdim etmişdir. Həmin sellofan torbanın içərisinə baxarkən orada kəskin iyli, quru halda narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər yaşıl kütlə aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X3 Bölməsinin 17/285 №li, 14 aprel 2025-ci il tarixli məhkəmə bioloji ekspertizası, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman vasitələrinin tədqiqi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 21.60 qram narkotik vasitə marixuana aşkar olundu» yazısı, digər yazılar, adlar və imzalar olan bir ədəd kağız paketin içərisindəki bir ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi-18.95 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində yapışdırılmıq kağızda «Təqsirləndirilən şəxs təqdim etdiyi 0.155 kq.narkotik vasitəyə bənzər kütlə tərəfimizdən aşkar olundu.» yazısı, adlar və imzalar olan bir ədəd yaşıl rəngli sellofan torbanını içərisindəki təmiz çəkisi-128.44 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş marxuanalar tərkibinə görə eynidirlər. Marixuananın təmiz çəkisi-147.39 qram, tədqiqata sərf edildi-0.10 qram (hər obyektdən 0.05 qram), qalıq-147.29 qram. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Gəncə şəhəri, Narkoloji Dispanserin 665 №li, 23 aprel 2025-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdəm epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 24 aprel 2025-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. . Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı bir ədəd DVD diskə köçürülmüş iki ədəd görüntüdən görünür ki, xidməti otaqda şəxsi axtarış zamanı video çəkilişdən istifadə edilməsi barədə Təqsirləndirilən şəxs xəbərdarlıq edilmiş, hüquq və vəzifələri ona izah edilmişdir. Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməyi bildirilmiş, Təqsirləndirilən şəxs əvvəlcə əynində olan boz rəngli cins şalvarının sol yan cibindən ağ rəngdə sellofan torbaya bükülmüş xeyli miqdarda, çətənə bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana aşkar edilmişdir. Digər faylda olan görüntüdən görünür ki,Təqsirləndirilən şəxs Qax şəhəri, İ.Dağıstanlı küçəsində yerləşən Qax idman məktəbin ərazisində olan yarım tikili binanın hasarının üstünə keçirilən baxış zamanı oradan xeyli miqdarda, ümumi təmiz çəkisi çətənə bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən-satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, təqsirləndirilən şəxsin etirafedici, şahid ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyləri, baxış keçirilən zaman çəkilmiş video görüntülər və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı reaksiyadır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs təqsirliyi Cinayət Prosessual Qanunvericiliklə müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmənin ittiham hökmü ilə cinayət işi mahiyyət üzrə həll edilir və hökmdə cinayət hadisəsinin baş verməsi, həmin hadisənin məhz təqsirləndirilən şəxs tərəfindən törədilməsi və ona cəza təyin edilməsi məsələləri öz əksini tapır. Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir. Cinayət əməli iki əlamətin-əməlin təqsirli və cəzalandırılması olması kimi əlamətlərini özündə əks etdirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən-satış məqsədi olmadan qanunsuz olaraq satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımabir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 02 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, qanunverici Cinayət Məcəlləsinin 59.1.1- 59.1.10-cu maddələrində cəzanın yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədinin özünün və cinayət əməlinin təhlükəliyini azaldan və cinayət tərkibindən kənara qalan müxtəlif hallardır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəza təyin olunarkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibətin göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara diqqət yetirilməlidir. Penitensiarsahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamın 1.1-ci maddəsinə əsasən həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətlərə baxılarkən ilk növbədə digər qətimkan tədbirlərinin seçilməsi mümkünlüyü araşdırılmalıdır. Həmin Sərəncamın 10.5-ci maddəsinə əsasən həbsə alternativ olan qətimkan tədbirinin tətbiq edilməsi hallarının genişləndirilməli, həbsin alternativ qətimkan tədbirləri ilə əvəz edilməsi qaydasının sadələşdirilməli, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi əsaslarının daha da məhdudlaşdırılmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 08 №li, 14 iyun 2024-cü il tarixli qərarın 7-ci bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin, habelə prekursorların qanunsuz hazırlanması dedikdəhəyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərdən, dərmanlardan, kimyəvi və digər maddələrdən istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının alınmasına (bilavasitə hazırlanmasına) qəsdən yönəldilmiş hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin istehsalı dedikdə, onların davamlı şəkildə qanunsuz hazırlanmasına qəsdən yönəlmiş hərəkətlər (xüsusi avadanlıqlardan istifadə etməklə, belə maddələrin bu məqsədlər üçün nəzərdə tutulmuş istehsalat sahəsində və qablaşdırılmış şəkildə hazırlanması), narkotik vasitələrin və psixotrop maddələrin emalı dedikdə isə onların saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə qəsdən yönəldilmiş hərəkətlər başa düşülməlidir. Cinayət işinin materiallarında olan 13 aprel 2025-ci il tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 aprel 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (səh.,10). Cinayət işinin materiallarında olan 15 aprel 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona ittiham elan edilmişdir (səh.,53). Təqsirləndirilən şəxs dindirilməsi 15 aprel 2025-ci il tarixdə, saat 09:30 radələrində başlamış, həmin tarixdə saat 10:05 radələrində bitmişdir (səh., 61). Qax Rayon Məhkəməsinin 4(024)11/2025 №li, 15 aprel 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbirinin seçilməsi barədə vəsatət təmin edilməmişdir. Cinayət işinin materiallarında olan 15 aprel 2025-ci il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir (səh., 82). Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, törətdiyi əməldən peşman olmasını, əvvəllər məhkum olunmamasını, müsbət xarakterizə olunmasını, onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkünlüyünü və işdə olan digər halları nəzərə alaraq, ona «azadlığın məhdudlaşdırılması» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşıdrılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşıdırlması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək. Həmin Məcəllənin 52-1.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həbsdə saxlandığı «02» (iki) gün azadlığın məhdudlaşdırılması cəzasının «04» (dörd) gününə bərabər tutulmaqla «04» (dörd) gün ona təyin olunmuş cəzadan çıxılmalı, cəzanın icra müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası onun yaşayış yeri üzrə icra və probasiya şöbəsinə tapşırılmalı, onun üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək yəni, gecə saat 23:00-dan səhər saat 07:00-dək yaşadığı ünvan 2 ünvanı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qax rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanını icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 13 aprel 2025-ci il tarixdən, 15 aprel 2025-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu «02» (iki) gün (saatlarla hesablanmaqla) müddət nəzərə alınmalıdır. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Gəncə şəhəri, Narkoloji Dispanserin 665 №li, 23 aprel 2025-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdəm epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Qax rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış bir ədəd zərfdə ümumi təmiz çəkisi-18.90 qram və bir ədəd zərfdə ümumi təmiz çəkisi 128.39 qram olan qurudulmuş marixuana məhv edilməli, iki ədəd disk isə cinayət işinin materialları arasında saxlanılmalıdır. Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən müxətəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. İş üzrə 34.55 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖİN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırki cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə zərurət yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 15 saata görə 165 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq onun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Azərbaycan Beynəlxalq Bankı Qax filialı, kod İBAZAZ2X, Alan Bankın müxbir hesab AZ03NABZ********************, Alan müştərinin hesab nömrəsi AZ11İBAZ********************). İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən «02» (iki) il, «06» (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 13 aprel 2025-ci il tarixdən, 15 aprel 2025-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu «02» (iki) gün (saatlarla hesablanmaqla) müddət nəzərə alınsın, həmin müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən «04» (dörd) gün hesablanaraq təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq «02» (iki) il, «05» (beş) ay, «26» (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icra müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Qax rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək yəni, gecə saat 23:00-dan səhər saat 07:00-dək yaşadığı ünvan 3 ünvanı tərk etməmək, elektron nəzarəti vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qax rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerin dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Qax rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış bir ədəd zərfdə ümumi təmiz çəkisi-18.90 qram və bir ədəd zərfdə ümumi təmiz çəkisi 128.39 qram olan qurudulmuş marixuana məhv edilsin, iki ədəd disk isə cinayət işinin materialları arasında saxlanılsın. İş üzrə 34.55 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖİN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 15 saata görə 165 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq onun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Azərbaycan Beynəlxalq Bankı Qax filialı, kod İBAZAZ2X, Alan Bankın müxbir hesab AZ03NABZ********************, Alan müştərinin hesab nömrəsi AZ11İBAZ********************). Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(024)-34/2025
Qax Rayon Məhkəməsi Hökm — İş №1(024)-34/2025
04.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver